Məhkəmə qərarları › İş №2-1(103)-1516/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1516/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1516/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (oğlu) X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1472/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2008-ci il tarixdən 57 (əlli yeddi) yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya dayandırıldıqdan sonra indiyədək ödənilməmiş pensiya qalığının tam ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunnması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə “...2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)3639/2014 saylı qərarına əsasən ona xx.xx.2008-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci ildən orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdir. Həmin qərar qanuni qüvvəsin almış və icra edilməsi uçun Fondun Suraxanı rayon şöbəsinə göndərilmişdir. Qəbul edilmiş məhkəmə qərarı əsasında ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası təyin edilmiş və 7 (yeddi) il ərzində dayandırlmadan müvafiq pensiya ödənişləri edilməyə başlanmış, lakin bir müddət sonra pensiya ödənişləri dayandırılmışdır. Cavabdeh dayandırılmanın səbəbinə iddiaçının müvafiq müraciətinə ünvanladığı 7 iyul 2021-ci il tparixli cavab məktubunda belə cavab vermşdir ki, “ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiya təyinatı aparılarkən nəzərə alınmış xüsusatlar pensiya təminatı sahəsində müvafiq qanunvericiliyin şərtləri daxilində araşdırılmış, aşkar edilmiş hallar uzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalları olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara huquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.” Ona təyin edilən pensiyanın dayandırılması ehtimallara deyil faktlara əsaslanmalıdır. İddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarı əsasında təyin edildiyini qeyd edərək hesab edir ki, cavabdeh tərəfindən onun pensiyasının dayandırılması qanunsuzdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1472/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2008-ci il tarixdən 57 (əlli yeddi) yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və xx.xx.2020-ci il tarixindən dayandırılmış əmək pensiyasının bərpa edilməsi və pensiya dayandırıldıqdan sonra bərpa olunan dövrədək ödənilməmiş pensiya qalığının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməinin qərarı əsassızdır. 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)3639/2014 saylı qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, xx.xx.2008-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci ildən orta aylıq əmək haqqı nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-in Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Qərarın birinci sətrində “xx.xx.2008-ci il tarixdən (57 yaş)” sonrakı sətrində isə “2004-2005ci ildən” sözləri yazılmışdır ki, bu da qərarın icrasını qeyri-mümkün edir. Həmin qərardan apellyasiya şikayəti verilməmişdir. Məhkəmədə vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq güzəştli arayışın alınması təmin edilməmiş, məhkəmə baxışı formal olaraq keçirilmiş ümumi mülahizələr əsasında qərar qəbul edilmişdir. Beləliklə güzəştli şərtlərələ pensiya hüququ olmadan məhkəmə qərarı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində iddiaçıya əsassız olaraq 49.441,92 manat təşkil etmişdir. Bununla əlaqədar vaxtilə təyin edilmiş güzəştli şərtlərlə pensiya ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmaqla, Filial tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən ona 424,32 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Qebəybəyov onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İddiaçının iddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə və işə əlavə olunmuş digər sənədlərə əsasən müəyyən olunur ki, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məhkəmənin qanuni qüvvəsini almış qərarına əsasən təyin olunmuşdur. Belə ki, işə əlavə olunmuş 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)3639/2014 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərələ yaşa görə pensiya təyin olunması tələbinə dair iddia ərizəsi təmin edilərək, ona xx.xx.2008-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci ildən orta aylıq əmək haqqı nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdehin apellyasiya şikayətindən isə göründüyü kimi, 2 saylı Bakı İnzibatı- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)3639/2014 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş, lakin sonradan araşdırma nəticəsində qərarda göstərilən iddiaçının güzəştli staja malik olması ilə bağlı hallarla razılaşmayaraq pensiya ödənişi dayandırılmışdır. Konkret halda, iddiaçı cavabdehə qarşı dayandırılmış əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləği qalığının tam ödənilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təyin olunmuş pensiya ödənişinin cavabdeh tərəfindən dayandırılmasına görə, yenidən həmin iş üzrə “dayandırılmış əmək pensiyasının bərpa olunması barədə” məhkəmədə qaldırılan iddianın inzibati məhkəmə icraatı mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Eyni zamanda həmin Məcəllənini 1.2-ci maddəsi baxımından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdeh onun üçün məcburi olan qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibatı Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2- 1(82)3639/2014 saylı qərarının icrasını dayandırmışdır. İPM-in 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Eyni zamanda, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) də Avropa Məhkəməsi Qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Qanunvericiliyin qeyd olunan tələblərindən də həmçinin göründüyü kimi, məhkəmənin qanuni qüvvəsini almış qərarı icra sənədi sayılır, icra sənədinin icrasına nəzarəti isə həmin işə baxan məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında 10 saylı 19 noyabr 2021-ci il tarixli qeyd edilmişdir ki, “...İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir.... Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir...” Qeyd olunanlar onu deməyə əsas verir ki, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibatı Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)3639/2014 saylı qərarının icrasına nəzarəti həyata keçirmək həmin işə baxan məhkəmənin səlahiyyətidir və həmin iş üzrə icrada yaranan istənilən məsələyə də, ayrıca iddia icraatı çərçivəsində yox, məhz həmin işin davamı olaraq icra qaydasında baxılmalıdır. Bu baxımdan, iddiaçının hazırkı iddia ərizəsinin əsaslandırılmış iddia kimi qəbul olunması mümkün deyildir. Başqa sözlə, hazırkı iddianın mümkünlük şərtləri ödənilmir. İPM-in 35.1-ci maddəsinin tələbindən isə görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənasından da göründüyü kimi, inzibati icraat qaydasında baxılmalı olan iddia növünə uyğun gəldiyi əsaslandırılayan iddianın inzibati məhkəmə icraatı mümkün sayılmır. Əks halda, məhkəmə, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, hazırkı iddianın inzibati məhkəmə icraatını qeyri-mümkün edən hallara diqqət yetirilməmiş, başqa sözlə, iddianın mümkünlük şərtləri öz təsdiqini tapmadığı halda, işə mahiyyəti üzrə işə baxılaraq iddianın təmin olunması barədə prosessual qanunvericiliyin tələblərini pozulması ilə qərar qəbul olunmuşdur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1472/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2- 1(82)3639/2014 saylı qərarı ilə ona təyin olunmuş əmək pensiyasının davamlı icrasının təmin olunması üçün həmin icra sənədinin icrası qaydasında müvafiq ərizə (şikayət) ilə həmin qərarı qəbul etmiş hakimə (məhkəməyə) müraciət edə bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1472/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar