Məhkəmə qərarları › İş №2-1(103)-1517/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1517/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1517/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" MMC və "xxxx" ASC inzibati iş üzrə 3-cü şəxslər qismində cəlb edilməklə “sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-283/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2014-cü il tarixli 520 saylı sərəncamının və ayrıc aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" İKB ASC yeni borclu "xxxx" MMC, üçüncü şəxs "xxxx" MMC və ilkin borclu A.Ə.Ömərovdan ibarət dördlükdə 04.11.2013-cü il tarixdə borcun köçürülmməsi və hüququn güzəşti haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə şərtlərinə əsasən ilkin borclu hazırki müqavilənin 1.2-ci bəndində qeyd olunan zamin olduğu Kredit müqavilələri üzrə 7.793.587(yeddi milyon yeddi yüz doxsan üç min beş yüz səksən yeddi) manat əsas borc olmaqla cəmi 11.000.000 (on bir milyon) manat məbləğində borcun yeni borcluya köçürülməsini həyata keçirir, yeni borclu isə əsas borcun ona köçürülməsi, yəni kreditor qarşısında əsas öhdəliyin ödənilməsini öhdəsinə götürür və bunun müqabilində üçüncü tərəf Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış Yasamal rayonu, Hüseyn Cavid prospekti 558-566-cı məhəllə ünvanından yerləşən 1,6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5-ci, 6-cı, 7-ci və 8-ci blokları (Ələsgər Ələkbərov küçəsinnə baxan) üzrə və binaların yerləşdiyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarından yeni borclunun xeyrinə imtina etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndi üzrə Nikoyl İKB ASC ilə X7 arasında bağlanmış 2830(G) saylı,, 25.11.2010-cu il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X6 arasında bağlanmış 2288(G) saylı, 04.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999500 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X8 arasında bağlanmış 2400(G) saylı, 03.03.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999307 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X2 arasında bağlanmış 2829 (G) saylı, 21.12.2010-cu il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə 1.399.186 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X9 arasında bağlanmış 2289(G) saylı, 26.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə 1.448.994 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; "xxxx" MMC arasında bağlanmış 1856/1175/03 saylı, 11.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə 808.878 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X4 arasında bağlanmış 2724(G) saylı, 30.08.2010-cu il tarixli kreit müqaviləsi üzrə 689.172 manat məbləğində əsas kredit borcu və ona hesablanan faziərin tələb hüququndan, cəmi 7.793.587 manat əsas borc və ona hesablanmış faiz və cərimələrin ilkin borclarından alınmasından imtina edir. 04.11.2013-cü il tarixli müqavilə üzrə öhdəliklər heç bir bəndində cavabdeh yeni borclu "xxxx" MMC tərəfindən əməl edilməmişdir. Bunun nəticəsi olaraq üçüncü şəxs "xxxx" MMC müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən məhkəmə çəkişmələrinə məruz qalaraq nəticədə müəssisəyə inzibati qərarlar, inzibati cərimələr və hətta cinayət məsuliyyəti tətbiq edilmişdir. Nəticədə "xxxx" MMC-yə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Tərəflər kreditor "xxxx" İKB ASC cavabdeh yeni borclu "xxxx" MMC və digər tərəflər arasında 04.11.2013-cü il tarixdə müqavilə imzalanan zaman tərəflərin niyyəti təmiz olmamışdır. Ona görə ki, müqavilə üzrə üçüncü şəxs "xxxx" MMC üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Ancaq "xxxx" MMC və digər tərəf iddiaçı "xxxx" İKB ASC əlaqəyə girərək vəziyyətdən sui-istifadə etməklə iddiaçı "xxxx" MMC-dən sənədləri qəbul etdikdən sonra xəbəri olmadan Bakı ŞİH müraciət edərək 29 oktyabr 2014-cü il tarixdə 520 saylı sərəncamı və ayrıc aktını alaraq öz məqsədləri üçün istifadə etmişlər. Daha sonra iddiaçı "xxxx" İKB ASC cavabdeh "xxxx" MMC 04.11.2013-cü il tarixli müqavilənin 2.3.5-ci bəndində göstərilən (yaşayış kompleksi üzrə hüquqlar yeni borcalanın adına tam rəsmiləşdirilib başa çatdıqdan sonra bü müqavilənin 1.2-ci bəndində sadalanan kredit müqavilələrinin təminatı olan obyektləri ilkin borcalanın xeyrinə ipoteka və girov yüklüyündən azad etmək) öhdəliyi bu günədək icra etməmişlər. Ancaq bunun əksi olaraq götürdükləri əmlakları bankda yüklü edərək öz çirkin niyyətlərini həyata keçirmişlər. Müqavilənin icrasının edilməməsi ilə əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Bütün xəbərdarlıqlara baxmayaraq, cavabdeh "xxxx" MMC müqavilə üzrə üçüncü şəxsə heç bir cavab verməmişdir. Belə olan halda 04.11.2013-cü il tarixli müqavilə üzrə üçüncü şəxs "xxxx" MMC-nin günahı üzündən deyil, cavabdeh "xxxx" MMC-nin günahı üzündən icra olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-302/2020-ci il tarixli, 04 mart 2020-ci il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-283/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin sərəncamın verilməsindən “Üçüncü şəxs” İddiaçı MMC-nin xəbəri olmamışdır. Ona görə ki, “Yeni Borclu” "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, “borcun köçürülməsi və hüququn güzəşti haqqında” 04.11.2013-cü il tarixli müqavilənin şərtlərinə uyğun olaraq 1100000-00 manat pul ayrılmalı və həmin müqavilənin 6.8-ci bəndinə uyğun olaraq girovda və ipotekada olan yüklü əmlaklar yüklükdən azad edilməli olduğu halda, əksinə “Kreditor” "xxxx" İKB ASC kredit müqavilələri üzrə ipoteka və girov qoyan şəxsləri aldatmaqla yuxarıda göstərilən yüklü əmlakların yüklükdən azad olunmasına dair məktublar vermiş, lakin çox təəssüflər olsun ki, həmin məktubların əslini aidiyyatı orqanlara göndərməmişlər. Beləliklə əmlaklar yüklükdən azad olmadan, bank idarə heyyətinin sabiq sədri Xamaza ölkədən qaçmışdır. Bundan sonra məlum olur ki, ünvan 2 ünvanında yerləşən 1,6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5-ci, 6-cı,7-ci, 8-ci blokları (Ələsgər Ələkbərov küçəsinə baxan) üzrə (Yaşayış kompleksi) və binların yerləşəcəyi torpaq sahəsi üzrə İddiaçı MMC-yə məxsus icarədə olan torpaq sahəsinə sərəncam alaraq lahiyələndirmə işlərini aparıblar. Hal-hazırda torpağın icarəsi “Üçüncü şəxs" İddiaçı MMC üzərindədir. Bundan əlavə Bakı ŞİHB tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli sərəncamına dəyşiklik edildiyi halda ilkin sərəncam sahibi yəni "xxxx" MMC məlumatlandırılmalı və yeni qəbul edilmiş sərəncam, ayrıc aktı ilə bir nüsxə ilkin sərəncam sahibi olan “Üçüncü şəxs” İddiaçı MMC verilməli olduğu halda verilməmişdir. İşin həlli üçün ən önəmli olan hal “Kreditor” "xxxx" İKB ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun qaytarılması və tələbin girov predmetinə yönəldilməsi və həmin iş üzrə müstəqqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" İKB ASC və "xxxx" MMC-yə qarşı “müqavilələrin” ləğv edilməsi, girov müqavilələrinə xitam verilməsi və girov qoyulmuş əmlakların yüklükdən azad edilməsi tələbinə dair qəbul edilmiş məhkəmənin qəbul etdiyi qətnamə və qərarından aydın görünür ki, iş üzrə iddiaçı "xxxx" MMC-nin iş üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilən sərəncam və ayrıc aktın mövcudluğundan xəbərləri olmamışdır. (1 saylı Bakı İnzibati- İqtisadi Məhkəmənin 12.06.2017-ci il tarixli 2-2(81)- 226/2017 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 15.11.2017-ci il tarixli 2-2(103)-649/2017 saylı və Ali Məhkəmənin 13.06.2018-ci il tarixli 2-2(102)-221/2018 saylı qərarı). Yuxarıda göstərilən məhkəmə aktlarından da aydın görünür ki, "xxxx" MMC-nin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2014-cü il tarixli 520 saylı sərəncamının və ayrıc-aktının mövcudluğundan xəbərləri olmamışdır. Belə olan halda Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-283/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş mahiyyət üzrə baxışa təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddiaçının tələbi iki hissədən ibarətdir: 1)Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2014-cü il tarixli 520 nömrəli sərəncamının ləğvi, 2) ayrıc aktının ləğvi. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad olunan İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Birinci instansiya məhkəməməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilən sərəncam 2014-ci il tarixə aiddir və iddiaçının həmin tarixdən sərəncamın mövcudluğundan xəbəri olmuş, hətta sərəncamın qəbul edilməsi ilə bağlı razılıq vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 04.11.2013cü il tarixli 04/11 (MMC-nin təsisçisi X7 tərəfindən imzalanmış) və 05/11 saylı (MMCnindirektoru X9 tərəfindən imzalanmış) Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış razılıq məktublarından aydın görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin bir hissəsinin 3-cü şəxsə verilməsinə etiraz etməmiş və hazırda mübahisələndirilən sərəncam da sırf həmin razılıq məktublarında qeyd edilən sahədə 3-cü şəxsin istifadəsinə verilmişdir. İddiaçı isə iddia tələbində 3-cü şəxs "xxxx" MMC tərəfindən müqavilə öhdəliklərinin pozulduğunu iddia edərək sərəncamın ləğvini tələb edir. Bu hal özü də onu göstərir ki, iddiaçı sərəncam barədə vaxtilə məlumatlı olmuş, lakin müqavilə öhdəlikləri icra edilmədiyindən hazırda sərəncamın ləğvini xahiş edir. İddiaçı həmin sərəncamı mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. İddia tələbinin ikinci hissəsinə-ayrıc aktının ləğv edilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, həmin aktın inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan “akt” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyildir. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-283/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar