Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1517/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10145/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyində işlədiyi 16.07.1982-ci ildən 02.03.1989-cu il tarixədək olan müddətin ümumi sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilərək pensiya hüququ yarandığı vaxtdan hesablanıb ödənilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1187/2021 saylı, 16.08.2021-ci il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı Regional Ərazi Filialının cavabdehlər sırasından çıxarılaraq onun iştirakına xitam verilməsi xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı 1 saylı “Asan Xidmət” Mərkəzinə müraciətinə əsasən verdiyi 11 mart 2021-ci il tarixli BA-G0947-2021 saylı arxiv arayışında qeyd edilən, 26.07.1982-ci ildən 02.03.1989-cu il tarixədək N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyində işlədiyim illər və aylar üzrə mövcud əmək haqqı cədvəlləri üzrə aldığım əmək haqqı, işə qəbul və işdən azad edilmə əmrləri haqqında arxiv arayışı üzrə iş stajı əmək pensiyası təyini üçün ümumi sosial sığorta stajıma daxil etməmiş və həmin iş stajımın əmək kitabçasında qeyd edilmədiyi əsası ilə mənə əmək pensiyası təyinindən imtina etmişdir. Lakin Bakı İstehsalat-Trikotaj Birliyin arxivə təhvil verdiyi sənədlər sırasında 26.07.1982-ci ildən 01.01.1984-cü il tarixədək olan müddət üçün aylar üzrə əmək haqqı qeyd edilməmişdir. Onun 25 ildən çox ümumi iş stajı mövcuddur. Lakin cavabdeh orqan onun ümumi iş stajının 25 ildən az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 10.01.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsaslar mövcud olmamışdır. Bundan başqa, iddiaçının 1982-1986-ci illərdə N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyində işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında aşkar olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-10145/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə, Dövlət Arixivinin Bakı filialı tərəfindən təqdim olunmuş arayış əsasında müəyyən olunur ki, iddiaçı 1982-1989-cu illəri əhatə edən dövrlərdə N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyində işləmişdir. Sözügedən illər iddiaçının sığorta stajına daxil edilməlidir. (06 il 07 ay 08 gün). Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçı tərəfindən əmək stajının təsdiq edilməsi barədə 01.09.2000-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçası və 11 mart 2021-ci il tarixli № BA- 00947-2021 nömrəli arxiv arayışı təqdim edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən 11 mart 2021-ci il tarixli № BA-00947-2021 nömrəli arxiv arayışı təqdim edilmişdir. Əmək kitabçasından görünür ki, İddiaçı 26.07.1982-ci il tarixdən 02.03.1989-cu il tarixədək “Bakı İstehsalat-Trikotaj Birliyi”ndə işlədiyini iddia etdiyi dövrlər arxiv arayışında qeyd olunmasına baxmayaraq, həmin illər əmək kitabçasında öz əksini tapmamışdır.İddiaçı sığorta stajı İsmayıllı rayonunun Qubaxəlilli kənd orta məktəbində 20 il 4 ay təşkil edir ki, bu da qanunvericiliklə nəzərdə tutulan 25 il sığorta stajı tələbindən azdır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19481,12 manat olmaqla qanunveririclikdə nəzərdə tutulmuş fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmasına baxmayaraq kifayət qədər sığorta stajı, o cümlədən pensiya kapitalı olmadığı üçün ona yaşa görə pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına və apellyasiya şikayətinə etiraza uyğun izahat verərək bildirdi ki, iddiaçı keçmiş N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinlə 26.07.1982-ci ildən 02.03.1989-cu ilədək fasiləsiz olaraq 7 il 5 aydan çox işləmişdir və Bakı İstehsalat-Trikotaj Birliyi tərəfindən arxivə təhvil verilmiş əmrlər kitablarında onun işə qəbul və işdən azad olunma əmrləri öz əksini tapmışdır. Lakin Bakı İstehsalat-Trikotaj Birliyin arxivə təhvil verdiyi sənədlər sırasında 26.07.1982-ci ildən 01.01.1984-cü il tarixədək olan müddət üçün aylar üzrə əmək haqqı qeyd edilməsə də, Birliyin 01.01.1984-cü ildən 02.03.1989-cu ilədək olan dövr üçün arxivdə saxlanılan əmək haqqı sənədlərində iddiaçıya hesablanmış əmək haqqı barədə məlumatlar mövcuddur, bu halda arxivdə saxlanılan rəsmi sənədlərlə ən azı iddiaçının 5 il 2 ay 1 gün müddəti üçün həm işləməyi, həm də əmək haqqı qazanmaqla həmin əmək haqqından sosial tutulmaları aparılması təsdiq olunur. Bu da iddiaçının sosial sığorta stajımın 25 ildə 5 aydan çox olmasını təsdiq edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Onun əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının ümumi iş stajının 20 il 04 ay 10 gün olması müəyyən olunur. Cavabdeh iddiaçının 26.07.1982-ci il tarixdən 02.03.1989-cu il tarixədək “Bakı İstehsalat-Trikotaj Birliyi”ndə işlədiyini dövrlərin əmək kitabçasında qeyd olunmadığını əsas gətirərək, onun pensiya təyin olunması barədə ərizəsinin icrasından 09.05.2021-ci il tarixli **********5 nömrəli məktubla imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 62 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (62 yaş); - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Hazırki iddia üzrə iddiaçı ona yaşa görə əmək pensiyasının 10.01.2021-ci il tarixdən təyin edilməsini xahiş edir. İş materiallarından göründüyü kimi, iddiaçı həmin tarixə zəruri olan pensiya yaşına çatmasa da, o, İ dərəcə əlillə qulluq etdiyindən, onun yaşa görə pensiya hüququnun yaranması üçün yaş həddi 5 il azaldılmaqla müəyyən olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının İ dərəcəli əlilə qulluq etməsi cavabdehin imtina məktubunda da öz əksini tapmışdır. Odur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olduğundan və İ dərəcəli əlilə qulluq etdiyindən, onun “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri baxımından yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşdan yaranır. Bundan başqa, iddiaçının 26.07.1982-ci il tarixdən 02.03.1989-cu il tarixədək N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyində işlədiyi dövr ona məxsus əmək kitabçasında öz əksini tapmasa da, Dövlət Arixivinin Bakı filialı tərəfindən təqdim olunmuş arxiv arayışında öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının 26.07.1982-ci il tarixdən 02.03.1989-cu il tarixədək N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyində işləməsinin onun əmək kitabçasında qeyd olunmaması ilə bağlı bildirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. İş materiallarında olan Dövlət Arixivinin Bakı filialının məktubuna əsasən N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət.Orucova (Seyidova) Fakizə Qurban qızının 26.07.1982-ci il tarixdən 02.03.1989-cu il tarixədək 3-cü dərəcəli qəlibləyici vəzifəsində işlədiyi və 1984-1989-cu illərdə əmək haqqı cədvəllərində əmək haqqı hesablanması müəyyən olunmuşdur. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının 26.07.1982-ci il tarixdən 02.03.1989-cu il tarixədək N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyində işlədiyi və həmin dövr çərçivəsində cəmi 6 il 8 ay əmək haqqı almasına dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin “iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19481,12 manat olmaqla qanunveririclikdə nəzərdə tutulmuş fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi” dəlili ilə razılaşmayaraq qeyd edir ki, 01.01.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 10 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10145/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1517/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1517/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver