Məhkəmə qərarları › İş №2-1(103)-1517/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1517/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1517/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cаvаbdеh Təhsildə X2rşı “diplom üzrə verilən ixtisasının tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4363/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin 25 iyun 2016-cı il tarixli, **********141 nömrəli diplom üzrə verilən ixtisasının tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetində “hüquqşünaslıq” ixtisası üzrə təhsil almış, xx.xx.2016-cı il tarixdə ona diplom verilmişdir. Diplom üzrə ixtisasının tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsə də, 06 iyul 2018-ci il tarixli məktubla rus dilini yaxşı bilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubu poçt vasitəsilə ona xx.xx.2018-ci il tarixdə təqdim olunmuşdur. Diploma təhsil aldığı dövrdə imtahanlardan aldığı qiymət cədvəli əlavə olunmuşdur. Diplom Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən apostil möhürü ilə təsdiqlənmişdir. İmtinanı əsassız hesab etdiyi üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 42-ci, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü, 29-cu maddələrinə, İPM-in 2.2.2-ci, 45-ci, 46-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 4.2-ci bəndinə istinad edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində öz əksini tapmışdır. Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Ekspert rəyindən göründüyü kimi, komissiya iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Təhsil qanunvericiliyinin müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: (Qanunun 11.1-ci maddəsi) təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və barəbər imkanlı olmasını təmin etmək, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axımında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilənlərdən göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə Komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ. 1.2 maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi və Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, onun (iddiaçının) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq RF Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçının adına verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunan Konvensiyanın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini, spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi araşdırma, analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətlərinə malikdir. Sonda iddianın rədd edilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4363/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya Rusiya Federasiyanın Mahaçqala şəhərində yerləşən Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 22 iyul 2016-cı il tarixli, 100505 ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1701/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçının təhsil haqqında diplomun ölkə ərazisində tanınması və bu barədə müvafiq şəhadətnamənin verilməsinə dair ərizəsinə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yenidən baxılması üçün 3 (üç) ay müddət təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-19/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-19/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /məruzəçi və sədrlik edən/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4363/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1641/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-19/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1517/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı, 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müddəalarına uyğun dəyərləndirib, müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddətin təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli qərardadının icrası məqsədi ilə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, 100505 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edildiyini, tanınma haqqında elektron şəhadətnamənin ərizəçinin şəxsi kabineti vasitəsi ilə ona təqdim olunduğunu bildirmiş, bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tanınma haqqında elektron şəhadətnamənin ərizəçinin şəxsi kabineti vasitəsi ilə ona təqdim olunduğundan, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin 25 iyun 2016-cı il tarixli, **********141 nömrəli diplom üzrə verilən ixtisasının tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1517/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı, 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müddəalarına uyğun dəyərləndirib, müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə məlumat verməsi qərara alınmışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 02 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli qərardadının icrası məqsədi ilə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, 100505 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edildiyini, tanınma haqqında elektron şəhadətnamənin ərizəçinin şəxsi kabineti vasitəsi ilə ona təqdim olunduğu bildirilmiş və nəzərə alınması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilməsi təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cаvаbdеh Təhsildə X2rşı “diplom üzrə verilən ixtisasının tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar