Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1517/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8673/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1057405.99 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 208.59 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 100.13 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 1057405.99 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021ci il tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1057405.99 manat, Dövlət Sosial Müdafiə Fonduna 208.59 manat və İşsizlikdən sığorta fonduna 100.13 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8673/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8673/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilib iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ərizəsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüququna aid edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi də bu hüququndan istifadə edərək Cavabdeh MMC-nin dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsi ilə ona verilmiş hüquqi imkandan istifadə edərək xx.xx.2021-ci il tarixli **********8 nömrəli “əmlakın siyahıya alınması haqqında” qərar qəbul edərək vergi ödəyicisinə məxsus əmlakların siyahıya alınması tədbirini həyata keçirmişdir. Əmlakın siyahıya alınması prosesinin nəticəsi olaraq Cavabdeh MMC-yə (VÖEN: **********) məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 72 A ünvanında yerləşən hər birinin sahəsi 600 kv.m, qiyməti 1.365.000 manat olan 2 ədəd qeyri-yaşayış sahəsi siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********8 nömrəli protokol tərtib edilmişdir. Əmlakın siyahıya alınması ilə bağlı bütün sənədlər hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmışdır. Lakin məhkəmə iddianı mümkünsüz sayaraq vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi ilə ona verilmiş hüququn realizəsini mümkünsüz etmişdir. Məhkəmənin sözügedən qərardadı Vergi Məcəlləsinin 89.1-ci və 90.1-ci maddəsinin tələblərinin icra edilməsinin nəticəsi olaraq siyahıya alınmış əmlakın satılmasını mümkünsüz etmiş, əmlakın siyahıya alınması haqqında sənədlərin cavabdeh tərəfindən imzalanması və əmlakın ona məxsusluğunu qəbul etməsini nəzərə almamışdır. Vergi Məcəlləsinin əmlakın siyahıya alınmasını nəzərdə tutan normalarında siyahıya alınmış əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı müddəa yoxdur. Belə olan halda da sərəncamla protokolda qeyd olunmuş ünvanda Cavabdeh MMC tərəfindən tikintisi həyata keçirilmiş binanın qeyri-yaşayış sahəsinin siyahıya alınmasında pozuntuya yol verilməmişdir. Məhkəmə qərardadında qeyd edir ki, belə olan halda iddiaçı inzibati orqan tərəfindən hansı əmlakın siyahıya alınmasından söhbət gedə bilməz. Lakin məhkəmə “Əmlakın siyahıya alınması haqqında” protokolda qeyd olunanları, eyni zamanda həmin protokolun cavabdeh tərəfindən imzalanmasını, “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” aktla siyahıya alınmış əmlakın Cavabdeh MMC-yə müvəqqəti saxlanmaya verilməsini görməzdən gəlmiş, iddianı mümkün sayılmaması barədə qərardadını əsaslandırmaq üçün siyahıya alınma prosesinin həyata keçirilmədiyini qeyd etmişdir. Məhkəmə qərardadında həmçinin qeyd edir ki, iddia uğurlu olsa belə, yuxarıda qeyd edilən səbəblərdən məhkəmə qərarı icrasız qalacaqdı. Yəni iddia təmin olunsa belə, siyahıya alınmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakın faktiki olaraq da satışını təşkil etmək mümkün olmayacaqdır. Lakin məhkəmə kifayət qədər araşdırma aparmamış, vəzifəsi olduğu halda zəruri sübutlar toplamamışdır. Belə ki, məhkəmə ancaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 2 ünvanında yerləşən binada (blok C və Blok D) Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaka dair çıxarış barədə məlumatı istəməklə kifayətlənmişdir. Halbuki məhkəmə araşdırma aparmalı, Cəmiyyətin həmin ərazidə tikintiyə icazəsi, müvafiq sərəncam, torpaq üzərində mülkiyyət və yaxud istifadə hüququnun olub-olmaması barədə şübhələri var idisə, bunu müvafiq sorğular verməklə aradan qaldırmalı idi. Siyahıya alınmış əmlakın hələ tikintisi başa çatmayan tikintisinin hissəsini nəzərə alınsa, qeyd olunan əmlakın dövlət reyestrində qeydiyyata alınmaması normaldır və məhkəmənin buna istinad edərək iddianı mümkün saymaması əsassız olmuşdur. Məhkəmə iddiaya mahiyyəti üzrə baxdığı halda yekunda iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin qərardadına diqqət yetirdikdə görmək olur ki, məhkəmə qərardadda işə mahiyyəti üzrə baxmışdır. Belə olan halda da iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilə bilməzdi. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər, iddiaçı xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğu nəzərə alınaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 8673/2023 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.057.405,99 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 208,59 və işsizlikdən sığorta fonduna ödənilməmiş 100,13 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.365.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, “iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli Əmlakın siyahıya alınması haqqında qərarla siyahıya alınmış əmlak Cavabdeh MMC-nin adına dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən əmlakın siyahıya alınması barədə qərar qəbul edilən zaman siyahıya alınmış əmlakın, istər siyahıya alınan zaman istərsə də, məhkəmədə iddia qaldırılan zaman cavabdehin mülkiyyətində olmadığı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı inzibati orqan tərəfindən hər hansı əmlakın siyahıya alınmasından söhbət gedə bilməz. Belə ki, qeyd edildiyi kimi iddiaçı tərəfindən cavabdehə məxsus hesab edilən, lakin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakın siyahıya alınması həyata keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd edilənlər nəzərə alındıqda məhkəmə göstərilən halı inzibati orqanın əmlakı siyahıya almadan məhkəmədə iddia qaldırılması kimi qiymətləndirir. Belə olan halda da real olaraq inzibati mübahisədən də söhbət gedə bilməz. Göründüyü kimi tərəflər arasında əvvəlcədən inzibati mübahisə mövcud olmamış və buna baxmayaraq, iddiaçı heç bir araşdırma aparmadan məhkəmədə iddia qaldırmışdır”. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia uğurlu olsa belə yuxarıda qeyd edilən səbəblərdən məhkəmə qərarı icrasız olaraq qalacqdı. Yəni, iddia təmin olunsa belə, siyahıya alınmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakın faktiki olaraq da satışını təşkil etmək mümkün olmayacaqdır. Halbukı, yuxarıda qeyd olunanlardan və işin materiallarından da göründüyü kimi iddiaçı inzibati orqan tərəfindən cavabdehə məxsus hesab etdiyi əmlakın siyahıya alınması faktiki olaraq həyata keçirilmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin əmlakın satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara istinad etməklə iddianın mümkünsüz sayılması barədə gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tərəflər arasında inzibati mübahisənin mövcud olmadığını qeyd etməklə haqlı olmamışdır. Belə ki, işin materiallarında iddiaçı inzibati orqanın cavabdehə məxsus olduğunu hesab etdiyi əmlakın siyahıya alınması haqqında qərarı var. Həmin qərar isə inzibati aktdır. Əmlakın cavabdehə faktiki olaraq (hüquqi cəhətdən) məxsus olub-olmamasından asılı olmayaraq, qeyd olunan qərarın mövcudluğu tərəflər arasında inzibati münasibətlərin mövcud olmaması barədə nəticəyə gəlməyə əsas vermir. İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadında göstərilən hallar məhkəmənin işin mahiyyətinə toxunduğunu, iddianın mahiyyəti üzrə həlli istiqamətində hərəkətlər etdiyini göstərir. İddianın mümkünlüyü onun mahiyyəti üzrə baxılmasından əvvəl yoxlanılmalı olduğundan və birinci instansiya məhkəməsi iddianın mahiyyəti ilə bağlı əsaslandırma etdiyindən gəldiyi nəticə işin hallarına uyğun deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-8673/2023 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1517/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1517/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver