Məhkəmə qərarları › İş №2-1(103)-1518/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1518/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1518/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayət inə 26-29 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ona xx.xx.2015-cı il tarixdə yaşa görə əmək pensiya təyin edilmiş və bu təyinatın qanuni əsası ondan ibarət olmuşdur ki, iddiaçının oğlu X2 anadagəlmə psixi pozuntusu var, ona ikici qrup əllik təyin edilmişdir. Ona iddiaçı baxmış və bununla belə oğlunu müəyyən yaşa çatdırdıqdan sonra ailə üzvlərinə həvalə edərək əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Sonradan ona pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin müraciətinə müsbət cavab verilməmiş və pensiya təyin edilməsindən imtina edilmişdir. Bu əsasla məhkəməyə müraciət etmiş və iddiasının təmin edilməsinə dair qərar çıxarılmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçun göndərilmiş və həmin tarixdən iddiaçıya pensiya ödənilməyə başlanılmışdır. Lakin ötən il, daha doğrusu xx.xx.2020-ci il tarixdə ona təyin edilmiş pensiyanın dayandırılması barədə qərar qəbul edilmişdir. Bunun hansı əsasla edildiyi ona məlum deyil. Lakin bu qərar əsassızdır. İddiaçının oğlunun sağlamlıq vəziyyəti hər-hansı mübahisənin predmetı deyil və bu fakt birmənalı öz təsdiqini tapır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə ona xəstə uşağa baxmaqla bağlı pensiya almaq hüququna malik olduğundan bu hüququndan istifadə etməmişdir. Pensiya alınması üçün zəruri şərtlər ödənilmişdir. Lakin butun bunlara baxmayaraq, pensiyanın ödənilməsindən imtina edilməsi qanunsuz olmuşdur. İddiaçıya məlumdur ki, bir sıra vətəndaşlara əsassız olaraq pensiya təyin edilməsi müəyyən edilmişdir. Bununla bağlı çoxsaylı müraciətlərinə bir müddət ümumiyyətlə cavab verilməmiş, daha sonra təkrarən müraciətinə cavabdeh 29 iyun 2021-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, əmək pensiyası hüququnun müəyyən edilməsi üçün zəruri sənədlərin idarəyə təqdim edilməsi tövsiyə edilmişdir. Həmçinin DSMF tərəfindən əvvəlki cavaba istinad edilmişdir. Cavabdehin müraciətə cavab məktubu pensiyanın bərpasından imtina kımı qiymətləndirilməlidir. Belə ki, pensiya təyinatı zamanı zəruri sənədlər pensiya təyin edən orqana təqdim edilmişdir. Onun adına qovluq mövcuddur və hər hansı konkret sənədə istinad edilmədiyindən, ümumi formada sənədlərin təqdim edilməsi barədə tələb əsassızdır. Artıq xeyli müddətdir ki, qanuni əsaslarla təyin edilmiş pensiyanın verilməsinin dayandırılması barədə qəbul edilmiş qərar iddiaçının hüquqlarının əsassız pozulmasına səbəb olur, cavabdeh orqan isə iddiaçının müraciəti üzrə zəruri tədbirlər görmür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiyanın hesablanıb ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “İddiaçı xx.xx.2015ci il tarixdən təyin edilmiş ömürlük yaşa görə əmək pensiyasının dayandırıldıgı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və bu müddət ərzində ödənilməyən pensiya ödənişinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” məzmunda icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı inzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir. Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********1 nömrəli və xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubları ilə ərizəçinin müraciətinə cavab olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3cü maddəsinə əsasən bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halların yaranması səbəbindən təyin edilmiş əmək pensiyasının dayandırılmışdır. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Zəmanət” şirkətində işlədiyini iddia edir. Füzuli rayonu üzrə dövlət vergi müfəttişliyinin “Vergi ödəyicisinə identifikasiya nömrəsi verilməsi haqqında bildiriş”ə əsasən “Zəmanət” şirkətinə xx.xx.1999-cu il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Eyni zamanda iş materiallarından da göründüyü kimi “Zəmanət” şirkəti tərəfindən xx.xx.2003-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə uçota alınması ilə bağlı ərizə ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Mülki Məcəllənin 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə, hüquqi şəxslərin dövlət qeydiyyatının və reyestrinin həyata keçirilməsi əsaslarını müəyyən edən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona xx.xx.2015-ci il tarixdən təyin edilmiş ömürlük yaşa görə əmək pensiyasının dayandırıldıgı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və bu müddət ərzində ödənilməyən pensiya ödənişinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişinin dayandırılması ilə baglı hərəkəti qanunsuz olmuşdur. Belə ki, iddiaçının pensiya hüququnun yaranması məhkəmə qərarı ilə təsdiq edilmişdir. Qərarın icrası qanunverciliyin tələblərinə əsasən fiziki və hüquqi şəxslər üçün, o cümlədən, cavabdeh üçün məcburi xarakter daşıdıgından qanuni olaraq həmin vaxt səlahiyyətli olan pensiya təyinatı orqanı tərəfindən icra edilmişdir. Lakin məhkəmə qərarında göstərilən əsaslarla iddiaçıya pensiya təyin edilsə də, sonradan cavabdeh qurum məhkəmə qərarının icrasından yayınmışdır. Belə olan halda cavabdehin hərəkətləri qanunsuz xarakter daşımışdır. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, məhkəmənin hazırlıq icraatı zamanı iddiaçıya təyin edilmiş pensiyanın nə vaxtdan dayandırılması, bu barədə ayrıca inzibati aktın (qərarın) qəbul edilib-edilmədiyi barədə məlumat verilməsi, belə qərarın qəbul edildiyi təqdirdə onun məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqanın nümayəndəsinə suallar verilsə də, cavabdeh bu sualları cavablandıra bilməmişdir. Cavabdehin iddiaçının müraciətinə baxılaraq ünvanlanmış ********** nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunun məzmunundan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, Qanunun 37.8.3-cü maddəsinə əsasən pensiya ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. İddiaçıya əmək pensiyası ödənişinin dayandırılması haqqında hər-hansı qərar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016ci il tarixli 2-1(82)-1702/2016 saylı qərarından görünür ki, iddia təmin edilərək İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək “Zəmanət” şirkətinin ünvan 2 ünvanda yerləşən avtoservisində aşbaz peşəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, sağlamlıq imkanı məhdud uşağa baxması ilə əlaqədar İddiaçı 55 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan iddiaçıya aid 061801 saylı pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 2093 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan cavabdehin iddiaçının müraciətinə baxılaraq ünvanlanmış ********** nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda dayandırılır. Qeyd olunan maddənin tələblərinə əsasən pensiya ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq növə görə əmək pensiyası hüququnun müəyyən edilməsi üçün zəruri sənədlərin əsillərini araşdırılmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməyi tövsiyə olunur. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiyanın 125 və 127-ci maddələrinin mahiyyətinə görə, həmin təminatlar tək hər bir şəxsin məhkəməyə müraciət etmək və işinə baxılması hüquqlarının təmin olunması ilə məhdudlaşmır, həm də işinə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyi, faktlar və qanun əsasında baxılmasını, o cümlədən qəbul olunmuş qərarın qanunla müəyyən olunmuş hədlər çərçivəsində icrasını tələb edir. Effektiv və real ədalət mühakiməsinin əsas şərtlərindən biri məhkəmə qərarlarının icra olunması ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə icraatı qaydasında qəbul olunmuş qərarın icrası nəinki hər bir məhkəmə araşdırmasının ayrılmaz, mühüm hissəsidir, həm də fiziki və hüquqi şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiə olunmasının təminatıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə «məhkəmə araşdırması»nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). Qeyd edilənlərdən də göründüyü kimi istər daxili, istərsə də beynəlxalq qanunvericilik məhkəmə qərarının hər hansı üzrlü səbəb olmadan icra edilməməsini qadağan etmiş, məhkəmə qərarlarının icrasını məhkəmə icraatının tərkib hissəsi kimi qəbul etməklə qanuni qüvvəyə minmiş və icra edilməmiş məhkəmə qərarının xəyali hüquqa çevrildiyi vurğulanmışdır. İşin hallarından məlum olur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016ci il tarixli 2-1(82)-1702/2016 saylı qərarına əsasən iddiaçının iddiası təmin edilərək ona “Zəmanət” şirkətinin ünvan 2 ünvanda yerləşən avtoservisində aşbaz peşəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, sağlamlıq imkanı məhdud uşağa baxması ilə əlaqədar İddiaçı 55 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə qərarı icra olunaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 2093 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiya ödənişi xx.xx.2021-ci il tarixdən iddiaçıya məlum olmayan səbəbdən dayandırılmışdır. İddiaçı pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Göründüyü kimi iddiaçıya məhkəmə qərarı ilə xx.xx.2015-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, həmin qərarın yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi isə iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunan qərar icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının icrası məcburi şərt kimi müəyyən edilmişdir. Cavabdeh isə xx.xx.2015-cı il tarixdən icra edilən məhkəmə qərarının icrasını heç bir əsaslı səbəb gətirmədən dayandırmaqla iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar