Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1518/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-4701/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli “Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti”nin Beynəlxalq Münasibətlər ixtisası magistr pilləsi diplomunun tanınması və nostrifikasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetindən əldə edilmiş magistr diplomunun Azərbaycan Respublikasında tanınması məqsədilə lazımi sənədləri hazırlayaraq 29.1.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh magistr diplomunun tanınmasından 11 fevral 2021-ci il tarixli elektron bildirişlə imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti yarandığı gündən etibarən İsveçrə Konfederasiyasının Cenevrə Kantonu tərəfindən beynəlxalq münasibətlər və diplomatiya sahəsində təhsil verən ali məktəb kimi tanınır. Qeyd olunan bakalavr diplomu Cenevrədə notarial qaydada təsdiq edilmiş və Cenevrə Kantonu səlahiyyətli orqanı tərəfindən apostillə təsdiqlənmişdir. Universitet İsveçrə Konfederasiyasının “EduQua” sertifikatına sahibdir. “EduQua” İsveçrə Hökuməti tərəfindən tanınan və dəstəklənən akkreditasiya orqanıdır və sertifikat İsveçrədəki dövlət və özəl təhsil müəssisələri üçün tələb olunan ən qabaqcıl keyfiyyət təsdiqi sənədi sayılır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin adı İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almadığından, iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı hesab edilir. İddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın, habelə Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən sözügedən təhsil müəssisəsinin qanunsuz fəaliyyət göstərməsi (akkreditasiyadan keçməməsi) məlum olmuşdur. Belə ki, İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında sözügedən ali təhsil müəssisəsinin adına rast gəlinməmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə və İPM-in 73.3-cü maddəsinə əsaslanaraq, iddianın təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) xx.xx.2021-ci il tarixli, 2- 1(112)- 4701/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən verilmiş 28.7.2020-ci il tarixli magistr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyinə, bununla da həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş magistr diplomunun mötəbərliyinə şübhə edərsə, o bununla bağlı tədbir görməli və zəruri sübutları toplamalı idi. Cavabdeh ondan asılı olan heç bir hərəkəti yerinə yetirmədən, yalnız “sayt məlumatları” ilə kifayətlənməklə «İnzibati icraat haqqında» AR Qanununun 19.2-ci maddəsində müəyyən edilmiş sübutetmə yükünü daşımaqdan yayınmış və məsələnin əksinin sübuta yetirilməsinin iddiaçının üzərinə qoyulmasına cəhd göstərmişdir. Cavabdehin dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli, 2003-cü il 13 may tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli magistr diplomu üzrə aldığı ixtisasın tanınması məqsədilə 29 yanvar 2021-ci tarixdə Təhsildə X8nə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi İsveçrə Konfedarasiyasının səlahiyyətli qurumu tərəfindən akkreditasiya olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X2 Nizamnaməsi”nin 2.2.2-ci yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın İ hissəsinə görə ali təhsil müəssisəsi ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Bildirilir ki, İsveçrə Akkreditasiya Şurasına işçi qaydada ünvanlanan müraciətə cavab olaraq sözügedən ali təhsil müəssisəsinin akkreditasiya olmaması öz əksini tapmışdır. Eyni zamanda İsveçrə Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunan universitetlərin siyahısı onun rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ali təhsil ixtisaslarının tanınması sahəsində işçi qaydada Avstriya Respublikası, Gürcüstan, Almaniya Federativ Respublikası, Böyük Britaniya və X7 xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınmasını həyata keçirən səlahiyyətli qurumlarına ünvanlanan sorğulara cavab olaraq qeyd edilmişdir ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin akkreditasiyasız fəaliyyət göstərməsi səbəbilə həmin müəssisədən məzun olmuş şəxslərin əldə etdikləri diplomlar üzrə kvalifikasiyaların tanınması qeyri-mümkün hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-03- 416/TKTA nömrəli məktubda məhkəməyə İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi dövlət akkreditasiyasına sahib olmaması səbəbilə həmin müəssisədən əldə edilən diplomlar üzrə ixtisasların tanınmasının mümkün olmaması və bir sıra dövlətlərdə analoji praktikanın mövcudluğu barədə bildirilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, Təhsildə X8 İddiaçı arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərt kimi onun təhsil aldığı təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyinə, bununla da həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş magistr diplomunun mötəbərliyinə şübhə edərsə, o, bununla bağlı tədbir görməli və zəruri sübutları toplamalı idi. Qeyd olunan məsələ ilə bağlı bildirirlər ki, Təhsildə Keyfiyyət Təminatı X4 və Beynəlxalq Münasibətlər Məktəbinin fəaliyyətinin qanuniliyini mübahisələndirməmiş, müvafiq səlahiyyətli qurum tərəfindən akkreditasiyadan keçməməsini bildirmişdir. Belə ki, Təhsildə X8 İsveçrə Konfederasiyasının müvafiq səlahiyyətli qurumu tərəfindən akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin siyahısının dərc edildiyi rəsmi internet səhifəyə keçidi öz rəsmi internet saytında yerləşdirmişdir ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi həmən siyahıda yer almamışdır. Məhkəmə qeyd edir ki, İsveçrənin səlahiyyətli orqanı tərəfindən iddiaçının magistr diplomuna apostil verməklə, həmin ölkədə diplomun qanuniliyini tanınmışdır. Halbuki 1961-ci il oktyabrın 5-də “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın 2-ci maddəsindən də göründüyü kimi, bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə sənəd sahibinə digər ölkədə hansı hüquqların verilməsi yox, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Belə ki, Təhsildə X8 İddiaçı təqdim etdiyi magistr diplomunun həqiqiliyini mübahisələndirmir, onun əldə etdiyi kvalifikasiyasının akademik və peşə tanınmasına dair həddləri müəyyən edir. Cavabdeh orqan ali təhsil müəssisəsinin İsveçrə Akkreditasiya və X2 tərəfindən akkreditasiya olunmamasını müəyyən etmişdir ki, bu da iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmamasına dair qərar qəbul edilməsi üçün əsas olmuşdur. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bektaşi sədrlik edən və məruzəçi, A.S.Hüseynov və A.Ə.Hüseyn) xx.xx.2022-ci il tarixli, 2- 1(103)- 1716/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2257/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-1716/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə kifayətlənmiş, imtinanın əsaslarına dair cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı tam və hərtərəfli araşdırma aparmamış, onlara münasibət bildirməmişdir. Cavabdeh təkrar olaraq bəyan edir ki, sözügedən təhsil müəssisəsi akkreditasiya olunmamışdır. İsveçrə Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunan universitetlərin siyahisı onun rəsmi internet səhifəsində də yerləşdirilmişdir ki, iddiaçının təhsil aldığı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi sözügedən təhsil müəssisələri arasında yer almamışdır. Başqa sözlə, cavabdeh imtinanın əsası kimi istinad etdiyi halı təsdiq edən sübutetmə vasitəsini bilavasitə göstərmişdir. Lakin həmin sübutetmə vasitəsi məhkəmə araşdırmasının predmeti olmamışdır. Həmçinin cavabdeh apellyasiya şikayətində iddiaçıya verilmiş diplomun qanuniliyinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə bağlı qeyd edir ki, Agentlik iddiaçının təqdim etdiyi diplomun həqiqiliyini mübahisələndirmir, onun əldə etdiyi kvalifikasiyanın akademik və peşə tanınmasına dair hədlərini müəyyən edir. Cavabdeh orqan ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiya olunmadığını müəyyən etmişdir ki, bu da iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmamasına dair qərar qəbul edilməsi üçün əsas olmuşdur. Cavabdehin apellyasiya şikayətində ifadə etdiyi həmin mövqenin və bunun mübahisənin düzgün həllinə təsir imkanlarının məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur. Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmişdir. Hazırkı işdə cavabdeh imtinanın əsası kimi istinad etdiyi hala dair sübutu (sübutun mənbəyini) bilavasitə göstərsə də, o, məhkəmə araşdırmasının predmeti olmamış, cavabdehin şikayətinin yuxarıda qeyd olunan dəlillərinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2- ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X2 Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə X8 (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Apellyasiya şikayətinin dəlilinə münasibət: İşin hallarından müəyyən edilir ki, iddiaçıya Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən “beynəlxalq münasibətlər” ixtisası üzrə 28 iyul 2020-ci il tarixli magistr diplomu verilmişdir. Diplom İsveçrənin səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək diplom üzrə ixtisasın tanınmasını və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin adı İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almamışdır. Bu səbəbdən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Odur ki, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyinə, bununla da həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş magistr diplomunun mötəbərliyinə şübhə edərsə, o bununla bağlı tədbir görməli və zəruri sübutları toplamalı idi. Cavabdeh ondan asılı olan heç bir hərəkəti yerinə yetirmədən, yalnız “sayt məlumatları” ilə kifayətlənməklə «İnzibati icraat haqqında» AR Qanununun 19.2-ci maddəsində müəyyən edilmiş sübutetmə yükünü daşımaqdan yayınmış və məsələnin əksinin sübuta yetirilməsinin iddiaçının üzərinə qoyulmasına cəhd göstərmişdir. Cavabdehin dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli, 2003-cü il 13 may tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, sonuncu dəfə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edən Ali Məhkəmə qərarında cavabdehin iddiaçının magistratura təhsili aldığı ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiya olunmaması ilə bağlı sübutu (sübutun mənbəyini) bilavasitə göstərsə də, onun işə baxmış məhkəmələr tərəfindən araşdırılmamasına istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məkəməsinin göstərişlərinə əsasən işin obyektiv araşdırılması məqsədilə Cenevrə Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinə sorğu ünvanlayaraq, Cenevrə Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinin akkreditasiya olunub-olunmaması barədə, əgər akkreditasiya edilmişdirsə, hansı dövrlər üzrə akkreditasiya edilməsi və bununla bağlı hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Həmçinin işin obyektiv araşdırılması məqsədi ilə eyni məzmunlu sorğu ilə İsveçrə Akkreditasiya Şurasına və Cenevrə Respublikası və Kantonu Xalq Təhsil şöbəsinin Xüsusi Təhsil Xidmətinə müraciətlər edilmişdir. Cenevrə Diplomatiya Məktəbinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İsveçrədə təhsilə görə məsuliyyət əsasən kantonların üzərinə düşür və yalnız məhdud dərəcədə federal hakimiyyət orqanlarının üzərinə düşür. Xüsusilə ali təhsil baxımından hər bir kanton muxtardır və öz ərazisindəki dövlət universitetləri və özəl təhsil müəssisələri üçün müstəsna olaraq səlahiyyətlidir. Qanunlara görə, şərtlər və prosedurlar universitetin və ya özəl qurumun yerləşdiyi kantondan asılıdır. Özəl müəssisələr (məsələn, Cenevrə Diplomatiya Məktəbi), eləcə də onların verdiyi diplomlar və ya dərəcələr Cenevrə Kantonu tərəfindən deyil, İsveçrə Konfederasiyası tərəfindən tanınmır. 2015-ci ilin yanvar ayından etibarən ali təhsillə bağlı qanunvericilik bazası milli səviyyədə dəyişdirildiyi üçün Cenevrədə ali təhsil sahəsində məktəb fəaliyyət göstərmək üçün icazə tələb olunmur. Universitet səviyyəsində ali təhsil fəaliyyəti 18 aprel 1999-cu il tarixli Federal Konstitusiyanın 27-ci maddəsi ilə təmin edilən iqtisadi azadlığın bir hissəsidir. Tələb olunan meyarlara cavab verən özəl ali təhsil müəssisələri üçün açıq olan institusional akkreditasiya ilə bağlı, akkreditasiya olunmuş ali təhsil məktəbləri İsveçrə Akkreditasiya Şurasının internet saytında İsveçrə Akkreditasiya Şurası/ Qərarları (akkreditierungsrat.ch) ilə tanış ola bilər. Proseduru yeni uğurla başa vurmuş qurumlar Şuranın ana səhifəsində qeyd olunur. İsveçrədə yerləşən və İsveçrə Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunmayan özəl qurumlar yalnız özəl dərəcələr verə bilər. Belə dərəcələr a) ümumiyyətlə, sahibinə İsveçrənin dövlət ali təhsil sektorunda daha yüksək səviyyəli təhsilə birbaşa çıxış əldə etmək hüququ vermir. b) ümumiyyətlə sahibi tərəfindən İsveçrədə tənzimlənən bir peşəni yerinə yetirmək üçün istifadə edilə bilməz. c) sahibi tərəfindən tənzimlənməyən bir peşəni yerinə yetirmək üçün istifadə edilə bilər, özəl dərəcələrin dəyərinin qiymətləndirilməsi işəgötürənlərə verilir. Həmçinin, İsveçrə Akkreditasiya Şurasının sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin akkreditasiya statusu ilə bağlı sorğunuza əsasən, biz bununla təsdiq edirik ki, 30 sentyabr 2011-ci il tarixli İsveçrə Ali Təhsil Sektorunun (HEdA) Maliyyələşdirilməsi və Koordinasiyası haqqında Federal Qanuna müvafiq olaraq qeyd olunmuş qurum İsveçrədə akkreditasiyadan keçməyib. HEdA-ya uyğun olaraq institusional akkreditasiya "universitet", "Tətbiqi Elmlər Universiteti" və "pedaqoji təhsil Universiteti" qorunan adlardan istifadə etmək istəyən bütün dövlət və özəl ali təhsil müəssisələri, habelə onların törəmələri və tərcümələri üçün məcburidir. Bu da dövlət qurumları vəziyyətində dövlət maliyyəsi üçün bir şərtdir. Cenevrə diplomatiya və beynəlxalq münasibətlər məktəbi qorunan adların heç birini istifadə etməyən özəl bir təhsil müəssisəsidir. Beləliklə, sözügedən məktəbin HEdAya uyğun olaraq akkreditasiyadan keçməsi tələb olunmur. Beləliklə, müəyyən edilir ki, İsveçrə Akkreditasiya və X8 sorğu olunan təhsil müəssisəsinin federal səviyyədə akkreditasiyası olmadığını bir daha təsdiq etmiş, cavab məktubunda bu qəbildən olan təhsil müəssisələrinin universitet statusu daşımadığı üçün akkreditasiyadan keçirilmədiyini qeyd etmişdir. Məhkəmə sorğusunun ünvanlandığı digər qurum olan İsveçrə Konfederasiyası Cenevrə Kantonu Təhsil Departamenti də müəssisənin federal səviyyədə akkreditasiyalı müəssisələr sırasına aid edilmədiyini bir daha qeyd etməklə bərabər, bu statusda olan müəssisələrdə əldə edilmiş dərəcələrin İsveçrə Konfederasiyasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermədiyini məktubun son abzasında göstərmişdir. Həmçinin işdən görünür ki, Təhsildə X8 tərəfindən də sözügedən məsələ ilə müstəqil şəkildə bir sıra dövlətlərin tanınma üzrə səlahiyyətli qurumlarına sorğular göndərmiş, sorğuya cavab olaraq Niderland Krallığı, Yeni Zelandiya və İsveçrə Konfederasiyasının tanınma üzrə Milli Məlumat Mərkəzləri (ENİC/NARİC) İddiaçı təhsil aldığı müəssisənin federal səviyyədə akkreditasiyaya malik olmadığını və müəssisənin verdiyi kvalifikasiyaların tanınmadığını qeyd etmişlər. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblər arasında qeyd olunmuş, habelə sözügedən Qaydaların 3.10.2-ci yarımbəndinə əsasən əhəmiyyətli fərqin (təhsilinin növbəti səviyyədə davam etdirilməsi və (və ya) ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərqlər) mövcudluğu tanınmadan imtina üçün əsas kimi qeyd edilmişdir. İddiaçının müraciətinə əsasən inzibati icraatın aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa) tanınma üzrə mənfi qərarın qəbul edilməsi üçün əsaslar arasında göstərilmişdir. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər sırasında müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tələbi mövcuddur. Kollegiya həmçinin apellyasiya şikayətinə qarşı iddiaçının etirazının əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının “X3 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “təhsil haqqında sənədin (diplomun) tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə” 29.9.2016-cı il tarixli, 2-1(102)-846/16 №-li qərarına istinadı ilə bağlı qeyd edir ki, istinad edilən Qərarın məzmunundan göründüyü kimi, X3 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “təhsil haqqında sənədin (diplomun) tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 27 fevral tarixli 2-1(82)-226/2015 saylı qərarı ilə təmin edilmiş, cavabdehin üzərinə Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi tərəfindən iddiaçıya verilmiş 2012-ci il 07 iyul tarixli diplom tanınaraq, müvafiq qaydada şəhadətnamənin verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən (Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23.6.2015-ci il tarixli, 2-1(103)- 939/2015 saylı qərarı), apellyasiya instansiyası məhkəməsinin qərarı isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 29.9.2016-cı il tarixli, 2- 1(102)-846/16 №-li qərarı). Həmin işdə iddianın təmin olunmasının səbəbi kimi, məhz cavabdeh tərəfindən imtinanın əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi çıxış etmişdir. Cavabdeh, həmçinin imtinanın əsası kimi Qaydaların 3.7-ci bəndində təsbit olunmuş üç haldan birincisinə, yəni “Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda” şərtinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi isə işin materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçının İsveçrədə magistratura təhsili tələb olunan minimum müddətdən az olmamışdır. Hazırkı işdə isə cavabdeh imtina əsası kimi İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin adının İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında olmamasına istinad etmiş və bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-4701/2021 saylı qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-4701/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Sabit Bəhrəmzadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1518/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1518/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver