Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1519/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6221/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26-29 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6221/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilərək iş üzrə icraata xitam verilmişdir. (hakim: O.Həsənov) Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2-1(112)-6221/2022 saylı iş üzrə qərardadının “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin” hissəsinin ləğv edilməsi və qərardadın qərara aldı hissəsinin birinci abzasına uyğun olaraq “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Bildirir ki, hazırkı halda nə iddiaçı tərəfindən iddiadan imtina edilmiş, nə də ki iddiaçı tərəfindən 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla iddianın geri götürülmüş sayılması halı olmuşdur. Odur ki, belə olan halda iş üzrə xitam verilə bilməzdi. Qərardadda qeyd edilən “hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışındanonun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir” qənaətinin əksinə olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizədə aydın şəkildə iradə ifadəsi olaraq qeyd edilmişdir ki, iddiaçı Gəncə şəhərində yaşadığına görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən Gəncə İnzibati Məhkəməsinə müraciət etməsi üçün inzibati iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ona geri qaytarılmasını xahiş edir. Göründüyü kimi iddiaçının eyni tələb üzrə yenidən məhkəməyə müraciət edərək iş üzrə icraatın Gəncə İnzibati Məhkəməsində davam etdirilməsində marağı mövcud olmuşdur. Məhkəmə isə qərardadda İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin qeyd etdikdən sonra “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılsın sözləri” əvəzinə “inzibati iş üzrə icraata xitam verilsin” qeyd etmişdir. İş üzrə xitam verilməsi isə, iddiaçının məhkəməyə müraciət etmək imkanını istisna edir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı cavabdehin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilən normaların məzmunundan görünür ki, iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İşdən görünür ki, iddiaçı 17.02.2022-ci il tarixli ərizə ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6221/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1519/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1519/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver