Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1519/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5064/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia (İPM.m.34.1) ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2012-ci ildən Qarabağ müharibəsinin 2-ci qrup əlili kimi dörd nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsi siyahısında Xətai rayon sakini kimi nəzərə alınaraq Hövsan qəsəbəsi, Yeni massivdə mənzillə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırımışdır “...Birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Birinci Qarabağ müharibəsi zamanı aldığı xəsarətlərdən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. 2012-ci ildə Zəngilan Rayon icra Hakimiyyətində 2-ci qrup müharibə əlili kimi mənzil növbəsi siyahısında 136-cı sırada olmuşdur. Həmin siyahı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, lakin bu günədək mənzillə təmin olunmamışdır. Mənzillə təmin olunması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir...” Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə etirazında iddia ərizəsinin əsassız olduğunu bildirərək, İPM-in 35-ci maddəsinə istinadən müvafiq müraciətinin olmadığın əsas gətirərək hesab etmişdir ki, iddia mümkünsüz hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5064/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmədiyindən (işin mübahisəsiz halıdır), onun Xətai rayon sakini kimi nəzərə alınmaqla Bakı şəhərində mənzillə təmin edilməsi üçün əsas yoxdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmənin gəldiyi nəticə əsasızdır. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, kifayət qədər sübutlar təqdim etsə də onun qazsız və qəzalı vəziyyətdə olan binada yaşadığını nəzərə almamışdır. 2012-ci il tarixdən Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən siyahıya alınmadan sonra onun 2-ci qrup Qarabağ əlili kimi mənzil almaq hüququ yaranmış olur. Bu səbəbdən də onun mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilməlidir. İşin mübahisəli halları ondan ibarətdir ki, 2-ci qrup Qarabağ əlili statusuna malik olmaqla, Qarabağ əlili olmaqla mənzilə ehtiyacı olan şəxs kimi uçota alındığından, Qarabağ əlili kimi mənzillə təmin edilmədiyini, kirayədə yaşadığını əsas götürərək, belə bir iddia tələbini irəli sürmüş, cavabdeh inzibati orqan isə iddia tələbinə etiraz edərək, etirazın əsası kimi məcburi köçkün statusu olan və Qarabağ Əlili olan şəxslərin mənzillə təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi onların deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olması halına istinad etmişdir. Ancaq cavabdeh təşkilatın nizamnaməsində də öz əksini tapmışdır. Bu məslə bir başa onların səlahiyyətindədir. Onun mənzillə təmin edilməsi cavabdehin müstəsna səlahiyyətndədir. Məhkəmə əsassız olaraq mənzillə təmin olumamasının hüquqi əsası kimi “Azərbaycan Respublikasinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağli bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamını əsas gətirir. Ancaq nəzərə almaq lazımdır ki, o, 2012-ci il tarixdən mənzil növbəsinə götürülmüşdür. Onun Xətai rayon icra hakimiyyətində mənzil növbəsində qeydiyyata alınmadığını əsas gətirməklə məhkəmə əsassız nəticəyə gəlmişdir. Agentlik istənilən yerdə onu mənzillə təmin edə bilərdi. İstərsə Zəngilan rayonun Ağalı kəndində təmin edə bilərdi və buna etiraz edə bilməzdi. Lakin məhkəmə ümmumiyyətlə, onun mənzillə təmin olunmasına qarşı çıxmış və qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ona cavabdeh tərəfindən mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Məhkəmə əsassız nəticəyə gəlmişdir ona görə ki, iddiaçı ərizə ilə düzgün ünvana müraciət etmiş, faktiki şərtlərin mövcudluğunu sübut etmiş və mənzil növbəsində olduğuna dair sənədləri məhkəməyə təqdim etmişdir. Bu səndlər hazırda məhkəmə iş materiallarında vardır. Cavabdeh tərəfindən onun iddiasını əsassız hesab edən hər hansı bir sübut təqdim edilməmişdir. Belə bir sübut da təqdim edilə bilməz. Çünki Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan dəfələrlə sərəncamlar imzalamışdır. İddiaçı tərəfindən Zəngilan rayon icra hakimiyyətinin 3-cü şəxs qismində cəlb edilməsini və işin onların iştirakı ilə araşdırılmasını arzu etmiş və məhkəmə tərəfindən bu istəyi də təmin olunmamışdır. Məhkəmə sanki 2-ci qrup Qarabağ Əlilinin evlə təmin olunmasına qərəzli mövqe bildirmişdir...” İşin hazırkı apellyasiya mərhəlsində məhkəmə iclaslarında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) və əlavə sənədlər təqdim edərək, apellyasiya şikayətinə uyğun izahat vermiş və Bakı şəhəri ərazisində 5 nəfər ailə tərkibində mənzillə təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri Y.F.Qüdrətli və G.Ş.Əkbərova iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, onun mənzillə təmin olunması üçün əsaslar mövcud olmadığında israrlı olaraq, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının dəqiqləşdirilmiş tələbi nəzərə alınmaqla iddia təmin olunmalıdır. Birincisi, cavabdehin iddia ərizəsinə etirazında iddiaçının hazırkı tələbi ilə bağlı Agentliyə ilkin müraciətinin mövcüd olmadığını bildirən dəlilləri əsassızdır. Çünki, iş materiallarının 64-cü və 53-54-cü vərəqlərindən görünür ki, iddiaçı 2 mart 2022-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək, 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 2012-ci ildən mənzil növbəsi və sosial rifahının aşağı səvəiyyədə olduğu nəzərə alınaraq, 5 nəfər ailə üzvləri ilə birlikdə ona Hövsan qəsəbəsi yeni massivdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş mənzillərdən ayrılmasını xahiş etmiş, lakin sonuncu ona ünvanladığı 17 may 2022-ci il tarixli **********0 saylı cavab məktubunda onun sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələnin nazirliyin sərahiyyətləri xaricində olduğunu bildirərək ona aidiyyəti üzrə müraciət etməsini tövsiyyə etməklə, dolayısı ilə onun ərizəsinin təmin olunmasından imtina etmişdir. İşin konkret hallarına gəldikdə, iddiaçının cavabdehə qarşı dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 2012-ci il tarixdən mənzil növbəsi nəzərə alınaraq, 5 nəfər ailə tərkibində onun Bakı şəhəri ərazisində mənzillə təmin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materiallarına (Müdafiə Nazirliyi tərəfindən ona verilmiş 00107 No-li xx.xx.1997ci il və xx.xx.2022-ci il 089808 No-li müharibə veteranı vəsiqələrinə, ƏƏSMN TSEK məlumatına (elektron çıxarışa və s.) müəyyən olunur ki, iddiaçı 1-ci və 2-ci Qarabağ müharibəsinin iştiakçısı olmuş, 1-ci Qarabağ müharibəsi zamanı aldığı xəsarət nəticəsində ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə xx.xx.2008-ci il tarixdən müddətsiz əlillik dərəcəsi verilmişdir. Eyni zamanda, işin 39-cu və 56-59-cu vərəqlərindən, habelə, hazırkı apellyasiya mərhələsində məhkəmə sorğusu əsasında Zəngilan rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim olunmuş 17 aprel 2024-cü il tarixli 5-83/2-241/2024 nömrəli məktubuna və həmin məktubla birlikdə təqdim olunmuş digər sənədlərə (cavabdehə ünvanlanmış məktublara və rayon üzrə mənzil növbəsinədə olan şəxsəlrin yenilənmiş siyahısı) əsasən müəyyən olunur ki, iddiaçı 2-ci qrup Qarabağ müharibəsi veteranı kimi Zəngilan rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş, İcra hakmiyyəti tərəfindən tərtib olunmuş “Zəngilan rayonunda olan Qarabağ müharibəsi əlillərinin Siyahısı”nda Xətai rayonu Əhmədli yolu (şossesi) 15 ünvanda yaşayan İddiaçı adı 136-cı sırada təsbit olunmuş, həmin Siyahı Zəngilan rayon İcra hakimiyyəti başçısının 2 aprel 2014-cü il tarixli 214 No-li və məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Zəngilan rayon İcra hakimiyyəti başçısının qeyd olunan 2 aprel 2014-cü il tarixli 214 No-li məktubunda isə göstərilir ki, “Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi İnkişaf Proqramı”na, Mənzil Məcəlləsinin və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Zəngilan rayonu üzrə əlil olmuş şəxslərin və şəhid ailələrinin məskunlaşmış rayonları üzrə Siyahı tələbinizə əsasən Sizə göndərilir.” Qeyd olunmalıdır ki, Zəngilan rayon İcra hakimiyyəti başçısı tərəfindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinin 27 yanar 2014-cü il tarixli 11/30-188 nömrəli məktubuna cavab olaraq göndərilmiş 31 oktyabr 2017-ci il tarixli 814 No-li ikinci bir məktubunda da təkrarən bildirmişdir ki, sözügedən Zəngilan rayonu üzrə əlil olmuş şəxslərin və şəhid ailələrinin məskunlaşmış rayonları üzrə Siyahı nazirliyə göndərilmiş, həmçinin, əlavələr olunmuş yenilənmiş Siyahısı da 01 noyabr 2017-ci il tarixinə nazirliyə təqdim edilir ki, həmin Siyahada da iddiaçı 354-cü sırada 5 nəfər ailə tərkibində mənzil növəsində duran şəxslər sırasında qalmaqda davam edir. İş materiallarından, o cümlədən, hazırkı mərhələdə Xətai rayon İH Xətai rayon MKTB-nin 66 saylı MKİS tərəfindən, Bakı Apellyasia məhkəməsinə təqdim olunması üçün iddiaçıya verilmiş 953 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, iddiaçı həqiqətən də Xətai rayonunda Əhmədli şossesi 15 ünvanında beş nəfər ailə tərkibində (İddiaçı, L.M.Məmdova, H.T Məmmədli,, Y.İddiaçı , N.Z.Hacıyeva) qeydiyyatsız yaşayır. Eyni zamanda, işin 81-ci vərəqində olan Daşınmaz Əmlakın Dövlət Resyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Zəngilan rayon İcra Hakimiyətinə təqdim olunması üçün verilmiş **********33 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən müəyyən olunur ki, iddiaçının danıa daşınmaz əmlak üzərinə mülkiyyət və digər əşya hüquqlarının reyestrdə dövlət qeydiyyatına alınması ilə bağlı milli qeydiyyat sistemində məlumat yoxdur. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən olunan hallarla, Bakı şəhəri Xətai rayonunda qeyd olunan ünvanda qeydiyyatsız yaşayan iddiaçının, Zəngilan rayon İH tərəfindən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alınıb Siyahıya salındığı və onun adının da təsbit olunduğu həmin Siyahı(lar)nın, on(lar)da göstərilən şəxslərin mənzillə təmin olunması üçün Əmək və Əhalinin Sosial müdafiəsi Naziriyininə göndərildiyi sübuta yetirilir və cavabdeh tərəfin bunun əksini sübuta yetirə bilən heç bir dəlili-sübutu mövcud deyildir. Belə olan halda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli sərəncamı ilə qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatı əsasında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Eyni zamanda, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı isə nəzərdə ttur ki:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; ...;
2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin...” Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndi nəzərədə tutur ki, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinə məsələnin nazirliyin sərahiyyətləri xaricində olduğu bildirilməklə, dolayısı ilə onun ərizəsinin təmin olunmasından imtina etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasız olduğunu, qərarın maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlillərinin əsaslı olduğu öz təsdiqini tapır. Ümumiyyətlə, iş materiallarına münasibətdə məhkəmə İPM-in 12.1, 13, 48 və 68-ci maddələrinin tələbləri qaydasında işin obyektiv və əhəmiyyət kəsb edən hallarının müəyyən edilməsi və onlara hüquqi qiymət verilməsi istqamətində heç bir araşdırma aparmmış, iddianın rədd olunması barədə əsassız nəticəyə gəlmişdir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı mərəhələdə məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi (vəsatəti) nəzərə alınmaqla, iddia tələbi təmin olunmalı, iddiaçının 5 nəfər ailə tərkibində Bakı şəhəri ərazisində mənzillə təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə yeni qərarı çıxarılmalıdır (Oxşar işlər üzrə məhkəmə qərarları işə əlavə olunmuşur). Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5064/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edillsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 5 nəfər ailə tərkibində Bakı şəhəri ərazisində mənzillə təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.