Məhkəmə qərarları › İş №2-1(103)-152/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-152/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-152/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2465/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona əmək pensiyası hüququnun yarandığı xx xxxxxxxx 2019-cu il tarixdən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya 60 yaşı olmadan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün iddiaçı tələb edilən ümumi və güzəştli iş stajını xx.xx.2006-cı il tarixədək toplamış olmalıdır. İddiaçı isə həmin tarixədək müvafiq iş stajına malik olmamışdır. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının əmək kitabçasında xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlərində Salyan rayon 13 saylı tikinti quraşdırma idarəsində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Həmin idarə tərəfindən iddiaçıya verilmiş xx xxxxxxx 2019-cu il tarixli 431 nömrəli arayışda idarənin sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialına təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən də qeyd olunan dövrə aid əmək stajını dəqiqləşdirmək mümkün olmadığından, həmin dövr sosial sığorta stajına daxil edilmədiyi üçün iddiaçının xx xxxxxx 2006-cı il tarixədək iş stajı 25 ildən az təşkil edir. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. Belə ki, iddiaçı güzəştli stajını təsdiq edən arayış təqdim etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” Qanunun 30-cu maddəsi). Yalnız bu qaydada inzibati akt qəbul edildikdən sonra əmək pensiyası hüququnun realizəsi mümkün olur. İşdə olan, iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. NZ ******* nömrəli hərbi biletin notariat təsdiqli surətinə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus, surəti və tərcüməsi notariat qaydada təsdiq edilmiş xx.xx.1979cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən iddiaçı xx.xx.1979cu ildə “Başkolxozlararasıtikinti” Baş idarəsinin 3 nömrəli trestinin 13 nömrəli Tikinti Quraşdırma İdarəsində 1-ci dərəcli fəhlə işinə qəbul olunmuş, xx.xx.1980-ci ildə 2-ci dərəcəli bənnaçı işinə köçürülmüş, xx.xx.1980-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad olunmuş, xx.xx.1980-ci ildə “Başkolxozlararasıtikinti” Baş idarəsinin 3 nömrəli trestinin 13 nömrəli Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcli bənnaçı işinə qəbul olunmuş, xx.xx.1981-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad olunmuş, xx.xx.1983-cü ildə “Şirvanneft” Neft qazçıxarma idarəsində Neftin kompleks hazırlığı sexinə 3 (üçüncü) dərəcəli təmizləyici işinə qəbul olunmuş, xx.xx.1983-cü ildə həmin sahədə 3-cü dərəcəli əmtəə operatoru köçürülmüş, xx.xx.1987-ci ildə Neftin kompleks hazırlanması sexində 4cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator işinə köçürülmüş, xx.xx.1996-cı ildə “xxxx” MMC-nin fəaliyyət zonasının genişləndirilməsi ilə əlaqədar olaraq köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1996-cı ildə “xxxx” müştərək müəssisəsinin Mişovdağ sahəsinə 4-cü dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə işə qəbul edilmiş, xx.xx.1997-ci ildə həmin sahədə 5-ci dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə keçirilmiş, xx.xx.1999-cu ildə QƏ və YAT sexinə 5-ci dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə keçirilmiş, xx.xx.2000-ci ildə “xxxx” MM-in ləğvi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, “Karasu Əməliyyat Şirkəti”ndə xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək Əsaslı və yeraltı təmir sexində 5 (beşinci) dərəcəli YAT operator; xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək Əsaslı və yeraltı təmir sahəsində qazma ustası; xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Quyuların əsaslı və yeraltı təmir şöbəsində əsaslı təmir üzrə buruq ustası; xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək Quyuların əsaslı və yeraltı təmiri şöbəsində əsaslı təmir üzrə sahə ustası; xx.xx.2009-cu ildən xx.xx.2019-cu ilədək Quyuların əsaslı və yeraltı təmir sexində quyuların əsaslı təmiri üzrə usta vəzifələrində işləmişdir. xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “Şirvan Drillinq Limited” şirkətində Quyuların əsaslı və yeraltı təmir sexində quyuların əsaslı təmiri üzrə usta vəzifəsində çalışmışdır. SOCAR-ın xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00338 nömrəli arxiv arayışına (SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan sənədlərə) əsasən iddiaçı xx.xx.1983-cü ildə “Şirvanneft” NQÇİ-nin Neftin kompleks hazırlanması sexinə 3-cü dərəcəli təmizləyici peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə 3-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə 3 №li mədənə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə “xxxx” Müştərək Müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə “xxxx” MM-in Mişovdağ sahəsinə 4-cü dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1997-ci ildə 5-ci dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə keçirilmişdir. xx.xx.1999-cu ildə QƏ və YAT sexinə 5-ci dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə keçirilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin dekabr ayınadək əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmamışdır. ARDNŞ-nin xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildə “xxxx” Müştərək Müəssisəsi ləğv edilmiş və onun bazasında Karasu Əməliyyat Şirkəti yaradılmışdır. Karasu Əməliyyat Şirkəti tərəfindən verilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” xx xxxxxxx 2019-cu il tarixli arayışda göstərilmişdir ki, iddiaçı Karasu Əməliyyat Şirkətində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı təmiri üzrə usta vəzifəsində işləmişdir. İddiaçının neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı aşağıdakı kimi olmuşdur: 1) Əsaslı və yeraltı təmir sexi: 5 (beşinci) dərəcəli YAT-operator - xx.xx.2000xx.xx.2003-cü il; 2) Əsaslı və yeraltı təmir sahəsi: qazma ustası - xx.xx.2003-xx.xx.2008-ci il; 3) Quyuların əsaslı və yeraltı təmir şöbəsi: əsaslı təmiri üzrə buruq ustası xx.xx.2008-xx.xx.2009-cu il; 4) Quyuların əsaslı və yeraltı təmir şöbəsi: əsaslı təmiri üzrə sahə ustası xx.xx.2009-xx.xx.2009-cu il; 5) Quyuların əsaslı və yeraltı təmir sexi: quyuların əsaslı təmiri üzrə usta – xx.xx.2009-xx.xx.2019-cu il. Cəmi 18 il 8 ay. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə iddiaçı 18 il 8 ay imtiyazlı iş stajına malikdir: “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsinin, “Neft, qaz və qaz kondensatının hasilatı” adlanan 2-ci bəndinin a) yarımbəndində fəhlələr: quyuların yeraltı təmiri üzrə operatorlar, quyuların əsaslı təmirinin qazmaçıları; b) yarımbəndində rəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Hacıqabul Rayon İcra Hakmiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12 nömrəli arayışda göstərilmişdir ki, iddiaçının adı Hacıqabul rayon Dövlət Arxivində fond-40 qorunub saxlanılan SMU-13-n (Nəvahi 135 saylı səyyar mexanikləşdirilmiş dəstənin) 1979-1981-ci illərə aid əmr kitablarında aşağıda qeyd edildiyi kimi göstərilmişdir: 1) xx.xx.1979-cu il tarixdən əmr № 58-lə İ dərəcəli fəhlə qəbul edilsin; 2) xx.xx.1980-ci il tarixdən əmr №19-la İİ dərəcəli bənna keçirilsin; 3) xx.xx.1980-ci il tarixdən əmr № 94-lə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir; 4) xx.xx.1980-ci il tarixdən əmr № 104-lə İİ dərəcəli bənna qəbul edilmişdir; 5) xx.xx.1981-ci il tarixdən əmr № 22 ilə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli **********4 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda göstərilmişdir ki, İdarəyə təqdim olunmuş xx xxxxxxxx 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində Salyan rayon 13 saylı Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Həmin idarə tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 431 nömrəli arayışda İdarənin sənədlərinin Azərbaycan Respublikası Dövlət arxivinin Salyan filialına təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrə aid əmək stajını dəqiqləşdirmək mümkün olmadığından həmin dövr sosial sığorta stajına daxil edilmədiyi üçün x xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. “X2 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” xx.xx.2021-ci il tarixli 01 nömrəli arayışına görə, iddiaçı filialda xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək cəmi 12 il 5 ay 17 gün işləmişdir, onlardan xx.xx.1990-xx.xx.1996-cı il tarixədək (5 il 5 ay 3 gün) çalışdığı yeraltı quyuların operatoru vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən iş stajıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun: 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Göstərilən şərtlər iş üzrə yerinə yetirilir. Belə ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2006-ci il tarixədək işlədiyi neft quyularının yeraltı təmiri üzrə operatoru və qazma ustası vəzifələri, cəmi 12 il 6 aydan çox olmaqla, 2 nömrəli Siyahının “21300000 - Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı - 21302000 - 2. Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a - a) fəhlələr - 2130200a-11292 - quyuların əsaslı təmirinin qazmaçıları və 2130200a-15870 - quyuların yeraltı təmiri üzrə operatorlar, yəni 2130200a-11292 və 2130200a-15870 şifrlərində nəzərdə tutulmuşdur. Bununla da, iddiaçıya məxsus əmək kitabçası, hərbi bilet və iş yerindən güzəştli arayışlarla təsdiq olunur ki, o, hərbi xidmət də daxil olmaqla, xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası bu mənada cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, şikayətin iddiaçının xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlərdə iş stajının təsdiq olunmaması barədə dəlili iddiaçının əmək kitabçası və Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 12 nömrəli arayışı, iddiaçının güzəştli stajını təsdiq edən arayışları təqdim etməməsi haqqında dəlili isə SOCAR-ın, Karasu Əməliyyat Şirkətinin və “X2 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filiallarının arayışları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2465/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar