Məhkəmə qərarları › İş №2-1(103)-152/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-152/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-152/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2022 nömrəli 14 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlığı tərəfindən ayrılmış “3” saylı bağ sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 3 saylı baş plana əsasən “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına uyğun olaraq şərti bölgü sxeminin tərtib olunması və həmin üzvlərin siyahısına uyğun gələn bağ sahəsinə dair İddiaçı adına çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-2349/2022 nömrəli 14 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 3 saylı plana əsasən “Qafqazenerjiquraşdırma” trestinin (“Zarya”) bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına uyğun olaraq şərti bölgü sxeminin tərtib olunması və həmin üzvlərin siyahısına uyğun gələn bağ sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “3” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmir. Bununla yanaşı, təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərüffatının üzvlük kitabçasında bağın sənəd üzrə sahəsi əks olunmamış və kitabçada düzəlişlər edilmişdir. Bundan əlavə, “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair bölgü sxemi olmadığı üçün sahənin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Əlavə olaraq, eyni bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində 3 nömrəli bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair digər şəxsin (X5) müraciəti daxil olmuşdur, lakin başqa ərazi göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, qeyd olunan hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 bildirmişdir ki, 3 saylı baş plan torpağın nömrəsi deyil, vaxtilə bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmış ümumi sahənin nömrəsidir, bağların üzvlər arasında təsdiqlənmiş bölgü sxemi yoxdur, vaxtilə həmin trestdə bir yerdə işləyiblər, o, İddiaçı torpaq sahəsinə iddialı deyil, aralarında mübahisə yoxdur, İddiaçı da onun kimi bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvüdür, bağçılıqyoldaşlıq cəmiyyətinin arxiv qovluğundakı siyahıda onun, yəni X2 adı 36-cı sırada var, ona da həmin sahədə torpaq ayrılmışdır. İddiaçı adı həmin siyahıya X7 əvəzinə salınmışdır. Ona aid üzvlük kitabçasında müvafiq düzəliş edilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən X5 əlavə olaraq bildirmişdir ki, o, iddiaçını tanıyır, “Qafqazenerjiquraşdırma” trestində bir yerdə işləmişlər. O, mühəndis, iddiaçı isə mühasibatlıqda işləmişdir. 18 avqust 1989-cu il tarixdə X1 bağ sahəsi ayrılmışdır. O, X4 yaranan vaxtdan üzv olmuşdur. İddiaçı onlardan bir qədər sonra X3 üzv olmuşdur. Hər kəsə özünün sahəsini təsdiqləyib təhvil vermişlər. İddiaçıya hazırda ayrılmış torpaq sahəsi Qasımov Vaqifə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X9 bildirmişdir ki, 3 saylı baş plan torpağın nömrəsi deyil, vaxtilə bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmış ümumi sahənin nömrəsidir, bağların üzvlər arasında təsdiqlənmiş bölgü sxemi yoxdur, vaxtilə həmin trestdə bir yerdə işləyiblər, İddiaçı da onun kimi bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvüdür, bağçılıq-yoldaşlıq cəmiyyətinin arxiv qovluğundakı siyahıda onun, yəni X6 adı 16cı sırada var, ona da həmin sahədə torpaq ayrılmışdır. İddiaçı adı həmin siyahıya X7 əvəzinə salınmışdır. Ona aid üzvlük kitabçasında müvafiq düzəliş edilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən X9 əlavə olaraq bildirmişdir ki, Bağçılıq Yoldaşlığı təsərrüfatı yığıncaqları olub. Bütün prosedurlarda şəxsən iştirak etməmişdir. Hasar tikmək üçün pul da yığmışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubda bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 3 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmışdır. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Zarya” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən ərazidə heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı mövcud deyil. Həmçinin, təqdim edilən bağçılıq-yoldaşlığın kitabçasında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır və kitabçada düzəlişlər edilmişdir. Bundan başqa, eyni bağçılıq-yoldaşlığın nəzdində 3 nömrəli bağ sahəsinə dair digər şəxsin müraciəti olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər XDS İKnin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarının arxiv çıxarışından görünür ki, 45 üzvdən ibarət “Qafqazenerjiquraşdırma” trestinə Əzizbəyov (hazırda Xəzər) rayonu, Türkan qəsəbəsində Türkan üzümçülük sovxozunun keçmiş ərazisində torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan “Qafqazenerjiquraşdırça” trestinin “Zarya” X4 üzvlərinin 16 saylı 18 avqust 1989-cu il tarixli protokoldan çıxarışından görünür ki, İddiaçı ərizəsinə əsasən “Zarya” X4 üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri Türkan bağ massivində sahəsi 1200,0 kv.m olan 3 saylı bağ sahəsinin ona təhkim edilməsi qərara alınmışdır. İş materiallarında olan torpaq sahəsinin sxemindən görünür ki, icarədar İddiaçı iştirakı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları (İ.Vəliyev, İ.Mustafayev, C.Orucəliyev) tərəfindən xx.xx.2012-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən sahəsi 1200 kv.m olan 3 saylı bağ sahəsinin sxemi tərtib olunmuşdur. İş materiallarında olan İddiaçı adına “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin üzvlük bileti (baş plana əsasən 3 saylı sahədə) tərtib olunmuşdur, həmin üzvlük biletinin əsli məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq olunmuş, üzvlük biletinin üzərində X7 adı pozularaq İddiaçı adı yazılmış və “düzəlişə inanılsın” qeydi yazılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “Qafqazenerjiquraşdırma” trestinin arxiv qovluğu məhkəməyə təqdim edilmiş, arxiv qovluğuna əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 5-ci sırada X7 adı qeyd olunmuşdur. Sözügedən bağçılıq yoldaşlıq birliyinə dair bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Qovluğa əsasən müəyyən olunur ki, “Qafqazenerjiquraşdırma” trestinin bağçılıq-yoldaşlıq cəmiyyəti yaradılmış və həmin cəmiyyətə ayrılmış 2,91 ha torpaq sahəsinin cizgizi və sərhədləri dəqiqləşdirilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən 45 üzvdən ibarət “Qafqazenerjiquraşdırma” trestinə Əzizbəyov (hazırda Xəzər) rayonu, Türkan qəsəbəsində Türkan üzümçülük sovxozunun keçmiş ərazisində torpaq sahəsi ayrılmışdır. Qanunun tələbinə uyğun olaraq iddiaçının adına bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş üzvlük kitabçası mövcuddur. Apellyasiya baxışı zamanı tərəflərin iştirakı ilə üzvlük kitabçasının əsli tədqiq edilərək müəyyən edildi ki, kitabçada X7 adı pozularaq (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında 5-cı sırada adı qeyd edilmişdir) İddiaçı adı yazılmışdır və düzəliş təsdiq edilmişdir. Qeyd edilən hal siyahıda bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi qeyd edilmiş X6 (siyahıda adı 16-cı sırada qeyd edilib) və X2 (siyahıda adı 36-cı sırada qeyd edilib) ifadələri ilə təsdiqlənmişdir. Həmin üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının qanuni istifadəsindədir. Bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmış torpaq sahəsinin hüdudları bəlli olduğundan (bununla bağlı ayrıc aktı və miqyaslı plan arxiv qovluğunda mövcuddur) şəxsin həmin bağçılıq-yoldaşlıq cəmiyyətinin həqiqi üzvü olduğu müəyyən edildiyi təqdirdə, üzvlər arasında bölgü sxemi olmaması əsası ilə hüququnun qeydə alınmasından imtina qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında bağçılıq-yoldaşlıq cəmiyyətinin ona ayrılmış hüdudları çərçivəsində üzvlərinin şərti bölgü sxemi əsasında şəxslərin hüquqlarını təmin edə bilər. Bağ sahəsinin heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşməməsi və “Zarya” bağçılıqyoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair bölgü sxemi olmadığı üçün sahənin yerləşməsinin araşdırılmasının mümkün olmaması hallarına görə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bundan başqa, cavabdeh inzibati orqan göstərilən əraziyə digər fiziki şəxsin - X2 müraciətinin olmasını göstərsə də, həmin şəxs məhkəmə iclasında şahid qismində dindirilmiş və İddiaçı torpaq sahəsinə iddialı olmadığını, aralarında mübahisə olmadığını, İddiaçı da onun kimi bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü olduğunu təsdiq etmişdir. Bundan başqa, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-2275/2022 saylı qərarından görünür ki, iddiaçı X2 iddiası təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 3 saylı plana əsasən “Qafqazenerjiquraşdırma” trestinin (“Zarya”) bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına uyğun olaraq şərti bölgü sxeminin tərtib olunması və həmin üzvlərin siyahısına uyğun gələn bağ sahəsinə dair iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-2150/2022 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2275/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(012)-778/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)- 2150/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə imtina məktubunun dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2022 nömrəli 14 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar