Məhkəmə qərarları › İş №2-1(103)-1520/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1520/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1520/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdehin nümayəndələri X2 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-812/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı X4sanitar hissəsinin tibb bacısı vəzifəsindən azad olunmağı barədə verilmiş ƏN Əmr N 485k xx.xx.2019 tarixli əmrin ləğv edilməsi və “Ədliyyə Orqanlarında Qulluqkeçmə haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinin (Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilmə əsasları) 41.0.2 (məhkəmənin qərarı) maddəsinə əsasən, əvvəlki vəzifəsinə bərpa olunmağı və boşdayanma müddətində üzrsüz səbəbdən hesablanmamış əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə müəsisəsinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci ildə Müalicə müəsisəsinin tibb xidmətinin tibb statistiki vəzifəsinə təyin olunmuşdur. xx.xx.2018-ci il tarixdən isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı X3 Sanitar Hissəsində tibb bacısı vəzifəsində çalışmışdır. Ona məlum olmayan səbəblərdən xx xxxxxxx 2019-cu il tarixdən işdən azad olunmağı barədə əmr verilmişdir. Əmək kitabçasını götürən zaman orda bu qeydlərin yazıldığını görmüşdür: “ədliyyə orqanlarında qulluqkeçmə haqqında Azərbaycan Respublikası Qanunun 10, 31.8 və 32.1-ci maddələri ilə “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları” rəhbər tutularaq vəzifələrin icrası zamanı kobud və mütəmadi olaraq yol verilmiş pozuntulara görə ədliyyə orqanlarından xaric edilsin. 12 ildə işlədiyi dövrdə heç bir intizam pozuntusu belə olmadığı halda heç bir əsas olmadan işdən azad olunmuşdur. İşin faktiki halları bundan ibarətdir ki: iddiaçı xx xxxxxxx 2018-ci il tarixində Müalicə müəssisəsindən tibbi statistik vəzifəsindən azad olunaraq 9 saylı cəzaçəkmə müəsisəsinə tibbi-sanitar hissəsinin tibb bacısı vəzifəsinə təyin olunmuşdur. Bir müddət işlədikdən sonra ona bildirmişlər ki, barəsində şikayət var. Güya o, məhkumların qohumları, tanışları ilə əlaqəsi var. Xidmətdən kənarda görüşür. Bununla da bağlı onun izahatı alınmış və araşdırılma aparılmışdır. O, araşdırma aparan Tibb Baş İdarəsinin rəis müavini tibb xidməti polkovniki İftixar Qurbanova yaxınlaşaraq bildirmişdir ki, işlədiyi kollektivdən soruşa bilər və istifadəsində olan telefonunu yoxlanılması üçün təqdim edə bilər. Barəsində şikayət ərizəsi ilə bağlı araşdırma aparılsa da şikayət öz təsdiqini tapmadı. Bundan başqa onun barəsində əmək kitabçasında qeyd edildiyi kimi kobud və mütəmadi olaraq heç bir pozuntu etməmişdir. O, işə qəbul edilən zaman onlara məhkumlarla heç bir bağlantı yaratmamağı, nəsə bir söz deyilərsə dərhal rəhbərliyə məruzə etməyi və işlərində çox ciddi olmağı, xəstələrə vaxtlı-vaxtında iynələrinin vurulmasına, dərmanların atdırılmasına diqqət etməyi və xüsusilə də belə vaxtlarda yalnız nəzarət altında, yəni nəzarətçilərlə məhkumlara yaxınlaşmağı tapşırmışdılar. Təbii ki, orda işləyən digər qadınlar kimi o da məhkumlarla yalnız səhhətləri ilə bağlı nəzarətçi ilə yaxınlaşır sorğu-sual edir, iynələrini vurub və dərhal otağına qayıdırdı. Şikayətdə göstərilən halların mövcud olmamasından arxayın olduğu üçün ciddi araşdırılma aparılmasını da tələb edirdi. xx xxxx 2018-ci il tarixdə evdə olanda müavin zəng edərək bildirmişdir ki, rəis göstəriş verib ki, sabah işə gəlməsin. Ona bildirilmişdir ki, könüllü olaraq ərizə yazıb bildirsin ki, məhbuslarla işləyə bilmir, işə gəlmək üçün yolu uzaqdır və bu səbəbdən də işdən azad olunmaq istəyir. İddiaçı isə bildirmişdir ki, o işindən narazı deyil. Xəstələr də ondan narazı deyillər. İşlə bağlı heç bir çətinliyi də yoxdur. O, bu danışıqdan sonra baş həkim Anar müəllimə zəng edərək məsələ barədə məlumat vermişdir. Daha sonra işə getdiyi zaman onu içəri buraxmamışlar. İdarədə bildirmişlər ki, əgər heçnə etməyibsə araşdıracaqlar. Bildirdi ki, bütün işi ilə bağlı tələblərə və təlimatlara ciddi riayət edir. Xəstələrin heç birinə nəzarətçi olmadan da iynə vurmamışdır. “Ədliyyə Orqanlarında Qulluqkeçmə haqqında Azərbaycan Respublikasının Qanununun 10, (Ədliyyə orqanları işçilərinin əsas vəzifələri) maddəsinin tələblərinin pozulması onun tərəfindən həyata keçirilməmişdir. Eləcə də barəsində işlədiyi dövrdə vəzifəsinin icrası zamanı kobud və mütəmadi olaraq yol verdiyi nöqsanları özündə göstərən təqrir və təqdimat araşdırılma üçün verilməmişdir. Barəsində yuxarıda qeyd etdiyi kimi yalnız bir şikayət ərizəsi əsasında araşdırma olub. Bu araşdırma Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini tibb xidməti polkoniki İftixar Qurbanovun icraatında olmuşdur. Araşdırma sübuta yetirilmədiyi üçün nəticəsiz olmuşdur. Bu araşdırma ilə bağlı barəsində heç bir intizam tədbiri də olmamışdır. O, xidməti işindən qeyri-qanuni olaraq çıxarılmışdır. Ədliyyə Orqanı işçilərinin X7 prinsiplərini, Ədliyyə işçilərinin xidməti davranış qaydalarını və xidmətdənkənar davranış qaydalarını pozmamışdır. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı münasibət təqdim etmişdir. Münasibətdə bildirilmişdir ki, İddiaçı Ədliyyə Nazirliyi üzrə əmrlə 2005-ci ilin dekabr ayında ədliyyə orqanlarına qulluğa qəbul edilərək Müalicə müəssisəsinin tibb xidmətinin tibb bacısı vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə xidməti fəaliyyətində buraxdığı nöqsanlara görə Tibb baş idarəsinin 50-k saylı, xx.xx.2018-ci il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb olunaraq ona töhmət verilmişdir. Gələcək fəaliyyətində dönüş yaratmaq və qulluğunu davam etdirmək üçün xx.xx.2018-ci il tarixdə iş yeri dəyişdirilərək o, 9 saylı X4-sanitar hissəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. İddiaçı barəsində araşdırma onun qeyd etdiyi kimi şikayət ərizəsi əsasında deyil, Penitensiar xidmətdən daxil olmuş məxfi məktubun icrası ilə bağlı aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı şəxsi maraqlarını xidməti mənafedən üstün tutaraq müəssisədə cəza çəkən bir qrup məhkum ilə xidmətdənkənar əlaqə yaratmaqla etik davranış qaydalarını kobud şəkildə pozmuşdur. O, həkim təyinatı və göstərişi olmadan məhkumları nəzarətçilərin iştirakından və müşayiətindən kənar qəbul edərək onlarla söhbət etmiş, hətta bu zaman öz xidməti otağında qapının arxadan bağlanılması hallarına yol vermişdir. Göstərilənləri İddiaçı təsdiq etməsə də, xx.xx.2019-cu il tarixli izahatında Tibb-sanitar hissəsinin iş kompüterində məhkum Elçin Quliyevin xahişi ilə anasının adından ölkə rəhbərliyinə ərizə yazmaqla vəzifə borclarına aid olmayan xidmət göstərdiyini yazılı etiraf etmişdir. Qeyd olunanlar və digər araşdırma materialları əsasında İddiaçı Azərbaycan Respublikasının Ədliyyə naziri İ dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun 485-k saylı, xx.xx.2019-cu il tarixli əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-812/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı iş materialları hərtərəfli araşdırılmadan, iş üzrə sübutlara düzgün qiymət verilmədən, iş üçün əhəmiyyəti olan və cavabdehdə saxlanan sübutlar tələb olunmadan maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşdən azad olunmağı barədə əmrdə qeyd edilmişdir ki, guya barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində aparılmış araşdırılma nəticəsində azad olunmuşdur. Belə olan halda Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə vəkil sorğusu ilə müraciət olunmuş və verilmiş cavab məktubu ilə onun barəsində İstintaq İdarəsində hər hansı bir qanun pozuntusu ilə bağlı araşdırılma aparılmadığı göstərilmişdir. Eyni məzmunlu sorğu ilə Tibb Baş İdarəsinə dəfələrlə sorğu göndərilsə də “məxfi material” olduğundan hər hansı bir məlumat verilməmişdir.Belə olan halda məhkəmə araşdırması dövründə vəsatəti əsasında məhkəmə tərəfindən onun ədliyyə orqanlarından xaric edilmə hallarının əsasını sübut edən sənədlərin surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir.Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 20/07-m-02 saylı məktubla sorğuya cavab verilmişdir. Artıq iş materiallarına onun hüquqlarının pozulması barədə cavabdeh tərəfindən təqdim edilmiş sorğunun cavabı məhkəmə tərəfindən onlara təqdim edilməsinə icazə verilməmişdir. Məhkəmə iddianın rədd olunması üçün həmin sorğunun cavabını əsas götürməklə hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iddia tələbini rədd edilməsi əsası olaraq “Ədliyyə orqanlarında quluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 31.1.8 və 32.1ci maddələri və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nı rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud və mütəmadi olaraq yol verilmiş pozuntular göstərilmişdir. Lakin məhkəmə olaraq 31.1.1-ci maddənin hallarından heç biri baş vermədən, heç bir əsas göstərilmədən 31.1.8-ci bəndlə niyə xitam verilməsi araşdırılmadan tələsik qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkiliapelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X6, X8pelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus ******* saylı xx.xx.2005-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”, ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.3, 16.4 və 16.5-ci bəndlərini rəhbər tutaraq Tibb Baş İdarəsinin yeni strukturunun və ştat bölgüsünün təsdiq olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.2007-ci ci il tarixdə müalicə müəssisəsi tibb xidmətinin tibb statistiki vəzifəsinə təyin olunmuş, xx.xx.2018-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq 9 saylı X9-sanitar hissəsinin tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 10, 31.1.8 və 32.1-ci maddələri və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nı rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud və mütəmadi olaraq yol verilmiş pozuntulara görə ədliyyə orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 485-K saylı, xx xxxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, 9 saylı X9-sanitar hissəsinin tibb bacısı tibb xidməti giziri İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 10, 31.1.8 və 32.1-ci maddələrinə və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”na əsasən vəzifəsinin icrası zamanı kobud və mütəmadi olaraq yol verilmiş pozuntulara görə xx.xx.2019-cu il tarixdə ədliyyə orqanlarından xaric edilmişdir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən araşdırması dövründə iddiaçının ədliyyə orqanlarından xaric edilmə hallarının əsasını sübut edən sənədlərin surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 20/07-m-02 saylı məktubla sorğuya cavab olaraq təqdim edilən raportda göstərilmişdir: “9 saylı X4-sanitar hissəsində tibb bacısı vəzifəsində işləyən tibb xidməti giziri İddiaçı şəxsi maraqlarını xidməti mənafedən üstün tutaraq müəssisədə cəza çəkən bir qrup məhkum və onların ailə üzvləri ilə xidmətdənkənar əlaqə yaratmaqla etik davranış qaydalarını pozması barədə Penitensiar Xidmətdən Tibb Baş İdarəsinə göndərilmiş məxfi məktub (xx.xx.2019-cu il tarixli 06/m-08 saylı) tərəfimizdən araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı həkim təyinatı və göstərişi olmadan məhkumları nəzarətçilərin iştirakından və müşayiətindən kənar qəbul edərək onlarla söhbət etmişdir. Bu zaman öz otağında məhkumu qəbul edərkən qapının arxadan bağlanılması hallarına təsadüf edilmişdir. Bununla yanaşı o, Tibb-sanitar hissəsinin iş kompüterində məhkum Elçin Quliyevin anasının adından ölkə rəhbərliyinə ərizə yazmaqla vəzifə borclarına aid olmayan xidmət göstərmişdir (bunu İddiaçı özü təsdiq edir). Araşdırma zamanı İddiaçı özünü qeyri-səmimi apararaq məhkumlarla xidmətdənkənar əlaqə saxlamadığını, etik davranış qaydalarını pozmadığını bildirərək bunu təsdiq edəcək nəzarətçilərin və məhkumların adlarını qeyd etmişdir. Lakin həmin şəxslər İddiaçı sözlərini təsdiq etməyərək, əksinə onun həqiqətən də məhkumlarla nəzarətdən kənar söhbət aparmasının şahidi olmuşlar. N.X1 tibb xidmətinin tibb bacısı vəzifəsində işləyərkən nöqsana yol verdiyinə, narkotik tərkibli dərman preparatlarının naməlum şəraitdə itməsinə zəmin yaratdığına, həmçinin araşdırma zamanı qeyri-səmimilik göstərdiyinə görə Tibb Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 50-k saylı əmri ilə intizam məsuliyyətinə cəlb olunaraq ona töhmət verilmişdir. Qulluğunu davam etdirmək üçün o, xx.xx.2018-ci il tarixdə 9 saylı X9-sanitar hissəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. Qeyd olunanları və məxfi əməliyyat məlumatlarının daxil olmasını nəzərə alaraq İddiaçı barəsində müvafiq cəza tədbirinin görülməsi üçün Nazirliyə müraciət (x/o: xx.xx.2019-cu il tarixli 20/07-m-09 saylı) edilmişdir.” Hazırda iddiaçı onun ədliyyə orqanlarından xaric edilmə barədə əmrin ləğv edilməsini tələb edərək, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə işə bərpa olunmasını xahiş edir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. Həmin Qanunun 10.0.11-ci maddəsinə əsasən etik davranış və intizam qaydalarına əməl etməlidirlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən intizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. Həmin Qanunun 31.5-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsasların olmadığı qənaətindədir. “9 saylı X4-sanitar hissəsində tibb bacısı vəzifəsində işləyən tibb xidməti giziri İddiaçı şəxsi maraqlarını xidməti mənafedən üstün tutaraq müəssisədə cəza çəkən bir qrup məhkum və onların ailə üzvləri ilə xidmətdənkənar əlaqə yaratmaqla etik davranış qaydalarını pozduğu, o cümlədən həkim təyinatı və göstərişi olmadan məhkumları nəzarətçilərin iştirakından və müşayiətindən kənar qəbul edərək onlarla söhbət etdiyi və sair bu kimidavranış qaydalarına zidd hərəkətlərə yol verdiyi, həmçinin işlədiyi müddət ərzində xidməti fəaliyyətində buraxdığı nöqsanlara görə Tibb baş idarəsinin 50-k saylı, xx.xx.2018-ci il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb olunaraq töhmət verildiyi işin mübahisəsiz halını təşkil edir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə bağlı əsaslar olmadığından iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-812/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-812/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar