Məhkəmə qərarları › İş №2-1(103)-1520/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1520/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1520/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X4 olmaqla “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış 08.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyatın ləğv edilməsi və onun hüquqi nəticələrinin iddiaçının istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüdudlarına aid hissədə etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-414/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış 08.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyatın ləğv edilməsi və onun hüquqi nəticələrinin iddiaçının istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüdudlarına aid hissədə etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildən etibarən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. X1 istifadəsində olan torpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahəsi arasında 1976-cı ildə daş hasar çəkilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi, daş hasar çəkilərkən, kiçik bir qapı qoyulmuşdur ki, onlar qohum olduqları üçün bir-birilərinin evlərinə rahat gedib-gələ bilsinlər. 2018-ci ildə iddiaçı qapının yerini daşla hördürərək evinin həyətindən qonşuya gedən piyada yolunu bağlamışdır. Bundan sonra iddiaçının qonşusu X9 tərəfindən ona qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarma və həyətdən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 05.01.2017-ci il tarixli iclasında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin vaxt torpaq sahəsi üzərində mülkiyyət hüququna dair reyestrdən çıxarış və texniki pasport olmamışdır. İddiaçıya məxsus torpaq sahəsinə hazırda iddia edən qonşusu yaşadığı evin 1976-cı ilin oktyabr ayında Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş evlər idarəsi üzrə texniki inventarizasiya kartoçkası, texniki inventarizasiya və qiymətləndirməyə dair pasportu var idi ki, həmin sənədlər 2016-cı ildə vəfat etmiş X8 adına rəsmiləşdirilmişdir. Binəqədi Rayon Məhkəməsinin 05.01.2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra qonşuluğunda yerləşən ev və torpaq sahəsi Səmayə Allahyarovanın adına rəsmiləşdirilərək ona 08.11.2017-ci il tarixli, ******* nömrəli çıxarış və **********57-10301 nömrəli texniki pasport verilmişdir. Müvafiq sənədləşmə aparıldıqdan sonra Səmayə Allahyarova tərəfindən Binəqədi Rayon Məhkəməsində “mülkiyyətində olan zəbt edilmiş 80 kv metr torpaq sahəsinin boşaldılması”na dair qaldırılmış iddia tələbi Məhkəmənin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən sənədləşdirmə işləri aparılarkən torpaq sahəsinin ölçüsü, koordinatları və sərhədləri yanlış göstərilmişdir. Texniki pasporta görə 40 ildən çoxdur ki, daş hasarla ayrılmış və iddiaçının istifadəsində olan torpaq sahəsi S.Allahyarovanın mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə hazırda iddia edən X10nin yaşadığı evin 1976-cı ilin oktyabr ayında Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş evlər idarəsi üzrə texniki inventarizasiya kartoçkası, texniki inventarizasiya və qiymətləndirməyə dair pasportu var idi ki, həmin sənədlər 2016-cı ildə vəfat etmiş X8 adına olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 05.01.2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra qonşuluğunda yerləşən ev və torpaq sahəsi Səmayə Allahyarovanın adına rəsmiləşdirilmiş, ona 08.11.2017-ci il tarixli, ******* nömrəli çıxarış və **********57- 10301 nömrəli texniki pasport verilmişdir. Lakin sənədləşdirilmə işləri aparılarkən torpaq sahəsinin ölçüsü, koordinatları və sərhədləri yanlış göstərilmişdir. Belə ki, texniki pasporta görə 40 ildən çoxdur ki, daş hasarla ayrılmış və iddiaçının istifadəsində olan torpaq sahəsi S.Allahyarovanın mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, araşdırma aparılan zamanı müəyyən edilmişdir ki, iddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə 22.10.2019-cu il tarixli müraciəti zamanı X3 verilmiş 08.11.2017-ci il tarixli, ******* nömrəli çıxarış və **********57-10301 nömrəli texniki pasport qanunsuz əlverişsiz inzibati akt olduğundan onun ləğv edilməsi barədə qərar (inzibati akt) qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti ilə iddia tələbi üst-üstə düşmür. Bundan əlavə, müvafiq qanunvericiliyə əsasən daşınmaz əmlakla bağlı mübahisələr məhkəmə qaydasında həll olunur və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında qeydiyyat aparılır. Bu səbəbdən ərizənin icrasından imtina edilmiş və bu barədə iddiaçıya 08.11.2019-cu il tarixli, **********37 saylı cavab məktubu ünvanlanmışdır. ünvan 2 hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Həmid Sultanov küçəsi, ev 115 X2 adına 08.11.2017-ci il tarixdə qeydiyyata alınmış və ********** saylı çıxarış verilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-414/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və həmçinin qeyd olunmuşdur ki, iddiaçıya məxsus daşınmaz əmlakla bağlı məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə, iddiaçıya məxsus torpaq sahəsi ilə bağlı Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surəti, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışının və Xocasən bələdiyyəsinin məktubunun surəti, iddiaçının qonşuları tərəfindən tərtib olunmuş aktın surəti və fotoşəkillərdən görünür ki, 40 ilə yaxındır ki, atasından miras qalmış mülkdə yaşayan İddiaçı mülkiyyətinə qanunsuz müdaxilə edilmişdir, yəni yaşadığı evin yolu ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş qanunsuz çıxarışla iddiaçı evin yolundan məhrum olmaq təhlükəsi ilə üzləşmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, yəni onun verdiyi reyestrdən çıxarışla S.Allahyarova iddiaçının 1984-cü ildən etibarən tikdiyi, sahiblik etdiyi, fasiləsiz olaraq istifadəsində olan evinin yolunu bağlamaqla öz torpaq sahəsini genişləndirməsinə şərait yaradılmışdır. Bundan başqa, məhkəmə sözügedən qərardadda iddiaçının iddia tələbinin ikinci hissəsi ilə bağlı hər hansı münasibət bildirməmişdir. İddiaçı iddia tələbinin ikinci hissəsində məhkəmədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 3 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-414/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun mövcud olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Beləliklə mübahisəli əmlaka dair hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində olan qediyyatının cavabdeh tərəfindən ləğv edilməməsi ilə iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya baxışı zamanı təqdim edilmiş iddiaçı X2 cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan zəbt edilmiş 80 m2 torpaq sahəsində tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-889/2019 saylı iş üzrə təyin edilmiş ekspertiza əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2019-cu il ekspert rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən iddiaçı X2 mülkiyyətində olan texniki pasport üzrə “İİİ” literi kimi nəzərdə tutulmuş qapının yerləşdiyi mübahisəli sahənin ilkin ölçülərindən fərqli olaraq az təşkil etdiyi və həmin sahənin bir hissəsinin mişar daşı ilə hasara alınaraq cavabdeh İddiaçı faktiki istifadəsində olan həyətyanı sahənin daxilində olduğu müəyyən edilir. Kollegiya qeyd edir ki, nə qədər ki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2019-cu il ekspert rəyi ilə ünvan 4 ünvanda yerləşən X2 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin hazırkı iş üzrə İddiaçı faktiki istifadəsində olan həyətyanı sahənin daxilində olduğu müəyyən edilmişdir, birinci instansiya məhkəməsinin hazırkı iddia tələbini iddiaçının subyektiv hüququn olmaması əsası ilə mümkünsüz sayması barədə gəldiyi nəticə düzgün olmamışdır. Bundan başqa, iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə sözügedən qərardadda iddiaçının iddia tələbinin ikinci hissəsi ilə bağlı hər hansı münasibət bildirməmişdir. İddiaçı iddia tələbinin ikinci hissəsində məhkəmədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 3 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadda tələbi “08.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyatın ləğv edilməsi və onun hüquqi nəticələrinin iddiaçının istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüdudlarına aid hissədə etibarsız hesab edilməsi” kimi göstərsə də iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul etməsi iş materialları ilə müəyyən edilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, yenidən baxılarkən birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlərin də dəqiqləşdirilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-414/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar