Məhkəmə qərarları › İş №2-1(103)-1520/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1520/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1520/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İdidaçı İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-203/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) “Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaqayırmaya dair 30 dekabr 2000-ci il tarixdə qəbul olunmuş sərəncamın bu gün “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən ləğv olunması Azərbaycan Respublikası Konstitutsiyasının 149 maddəsinin 7-ci bəndinə tamamilə ziddir. Belə kı, iddiaçıya torpaq sahəsi ayrılan vaxtı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu ümumiyyətlə mövcud olmamış, həmin qanun ölkədə 01 yanvar 2011ci il tarixdən qüvvəyə minmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 14 may 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmiş, lakin iddiaçının xahişi təmin olunmadığı üçün həmin tələblə 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinə müraciət olunmuş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Lakın hal-hazıradək həmin məhkəmə qərarı mübahisələndiıildiyindən iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsiinin tələbləri pozulmamışdır. Belə ki, vətəndaş tərəfindən ayrılmış torpaq sahəsində çoxsaylı meyvə ağacları əkilib qulluq edilmiş, ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən yaşıl bağ salılnmış, bir mərtəbəli yaşayış evi, həmçinin müxtəlif təyinatlı tikililər tikilmiş, eyni zamanda İ Həsənov həmin evdə yaşamaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən 23.02.2018-ci il tarixdən pasport qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə çağırılan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materaiallarında olan: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 30.12.2000-ci il tarixli, 2204 saylı sərəncamından arxiv çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, 31.12.2000-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın 3.4cü bəndinə əsasən obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılması, 3.5-ci bəndinə əsasən torpaq sahəsindən ayrılmış məqsədi üçün istifadə edilməsi, torpaq sahəsi üzərində hüququnu torpaq şöbəsi tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilməsi və dövlət reyestrində qeydiyyatdan keçirməsi qərara alınmışdır. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyti tərəfindən Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 02/12-11-31/1096 nömrəli, 20 iyun 2018-ci il tarixli məktubdan görünür ki, həmin məktubla bildirilmişdir ki qeyd olunan ünvanda vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsi yerləşmə cizgisinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi mövcud vəziyyətdə istifadə olunur. İşdə olan 95 saylı Mənzil KommunalJstismarı İdarəsi tərəfindən verilmiş 216 nömrəli, 02.04.2019-cu il tarixli arayışdan görünXjr ki, İddiaçı 23.02.2018-ci ildən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən mübahisəli sərəncamın qəbul edilməsi ilə əlaqədar aparılmış inzibati icraat materiallarının surətindən müəyyən edilir ki: - Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi Binəqədi rayon İcra Hakimiyyəti başçısına Bgn-19/267 nömrəli, 05.07.2019-cu il tarixli məktubla müraciət edərək Binəqədi rayon İcra hakimiyyəti başçısının 30.12.2000-ci il tarixli, 2204 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evi üçün ayrımş torpaq sahəsi "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağına düşdüyünü nəzərə alaraq sərəncamın ləğv edilməsini xahiş etmişdir. - Binəqədi rayon İcra Hakimiyyəti tərəfidnən İddiaçı araşdırmada iştirak edilməsi haqqında məktub göndərilərək bildirilmişdir ki, əmlakının məhv edilməsi və əmlakından məhrum olunması ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən ona vurulmuş ******* (bir milyon) manat real zərərin əvəzinin ödənilməsi barədə 02.07.2019-cu il tarixli, H-135-150 saylı məktubla daxil olmuş müraciəti üzrə Binəqədi rayon İcra Hakimiyyətində araşdırma aparılır. Şikayət ərizəsinin araşdırılması ilə əlaqədar onun 22.07.2019-cu il tarixdə, saat 16:00-da Binəqədi rayon İcra Hakimiyyətinə gəlməsi xahiş olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, ərizəsində qeyd etdiyi xüsusatları təsdiq edən sənədlərin surətləri və əlavə təqdim etmək istədikləri sənədlərin surətləri təqdim edilməlidir. Aparılacaq araşdırma zamanı iştirak edəcək nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətini təsdiq edən etibarnamə (notariat qaydasında təsdiq olunmuş) ərizənin araşdırılmasında onun iştirakını təmin etmək məqsədilə təqdim edilməlidir. Dəvətə əsasən gəlmədiyi təqdirdə şikayətinə iştirakları olmadan baxılacaqdır. - 06.09.2019-cu il tarixli bildirişə əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamı İddiaçı nümayəndəsi X2 tərəfindən 06.09.2019-cu il tarixdə təhvil alınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsində ümumi istifadə üçün istirahət parkı salınmış, bununla əlaqədar olaraq İddiaçı tərəfindən yuxarı instansiya orqanlarına müraciətlər ünvanlanmış, İddiaçı müraciəti, eyni zamanda Binəqədi rayon Enerji Təchizatı və Satış İdarəsinin məktubu, həmçinin Binəqədi rayonu, M.Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, Binəqədi rayon İcra Hakimiyyətində inzibati icraat başlanılmışdır. 22.07.2019-cu il tarixdə inzibati araşdırmada iştirak edilməsi haqqında İddiaçı məktub ünvanlanmış, həmin məktubda İddiaçı araşdırmada iştirakının zəruriliyi bildirilmiş, dəvətə gəlmədiyi təqdirdə, şikayətinə iştirakı olmadan baxılacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, İddiaçı 22.07.2019-cu il tarixdə müzakirədə iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də, İddiaçı iştirakı olmadan araşdırmanın aparılması qərara alınmışdır. Araşdırmanın nəticələrinə əsasən müəyyən edilmişdir ki, bir sıra vətəndaşların müraciətləri əsasında Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamı ilə, o cümlədən İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həsənov X1 rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmasına baxmayaraq, hal-hazırkı dövrədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kol-kosla hasarlamış və nəticədə ərazi baxımsız vəziyyətdə məişət tullantıları ilə dolmuşdur. Belə ki, 30.12.2000-ci il tarixli Sərəncamın 3.2-ci bəndinə əsasən yerin sanitar vəziyyətinin qorunmasına nəzarət olunması vətəndaş İddiaçı həvalə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: - qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə fiziki şəxslərin hüquqlarına xitam verilməsinə əsas olur. Binəqədi rayonu, Mir Cəlal küçəsi 41,43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətləri ilə əlaqədar qeyd edilməlidir ki, 2000-ci ildə sərəncam imzalanarkən ümumi istifadədə olan, ərazidə yaşayan sakinlərin hüquqları pozulmuşdur. Belə ki, 2000-ci ildə 8 sayda 9 mərtəbəli hər biri 4 blokdan ibarət binalarda yaşayan sakinlərin ümumi istifadəsində olan həyətyanı ərazinin tam ortasında ictimaiyyətin rəyi nəzərə alınmadan fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999- cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 6 iyun 2012-ci il tarixədək qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3- cü bəndinə əsasən yerlərdə qərarlar qəbul edərkən ictimai rəyin nəzərə alınması nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: - ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. Qanunvericiliyin müddəalarından göründüyü kimi, ictimai və yaşayış torpaq sahələri anlayışı ayrılmışdır. Qeyd olunanlardan əlavə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41,43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların çox saylı sakinlərin müraciətləri əsasında “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmaqdadır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmla ka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin müddəalarından göründüyü kimi, verilmiş torpaq sahəsindən 19 il ərzində üzürlü səbəb olmadan istifadə edilməmiş,çoxmənzilli yaşayış evlərinin,habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olmalı və torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Sənədlərin araşdırması zamanı 2204 saylı, 30.12.2000ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Hazırda iddiaççı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti trəfindən qəbul edilmiş inzibati aktın - 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamın ləğvini tələb edir. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İşin yuxarıda qeyd edilən hallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı inzibati aktın qəbulu və formal tərtibi qaydalarını tənzimlənəyən qanunvericilik normalarının tələblərinin pozulması halı müəyyən edilmir. Mübahisələndirilən aktın qəbul edilmə əsaslarına gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən İddiaçı torpaq sahəsinin verilməsinə dair 30.12.2000-ci il tarixli sərəncamın iddiaçıya aid hissədə qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi müəyyən olunduğundan, mübahisələndirilən sərəncam 2000-ci il tarixli sərəncamın ona münasibətdə ləğvi məqsədilə qəbul edilmişdir. Mübahisələndirilən sərəncamın iş materiallarında olan surətindən də göründüyü kimi, 30.12.2000-ci il tarixli sərəncamın iddiaçıya münasibətdə ləğv edilməsinin bir sıra əsasları göstərilmişdir. Belə ki, sərəncamda qeyd edilmişdir ki, çoxmənzilli yaşayış evlərinin tərkib hissəsi olan torpaq sahələri həmin evlərin tərkib hissələrinin mülkiyyətçilərinə məxsus olmasına baxmayaraq, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. AR Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Həmçinin, işdən görünür ki, çoxmənzilli yaşayış evlərinin mülkiyyətçiləri, çoxmənzilli yaşayış evlərinin tərkib hissəsi olan sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmasına etiraz edərək, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamın ləğv edilməsini xahiş etmişlər və həmin binaların sakinlərinin müraciətləri əsasında “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmışdır. İşdə olan Bakı şəhəri, Binəqədi rayon 9-cu mkr, M.Cəlal 41, 43, 45, 47, 49, 51, 53, 55 saylı binaların sakinləri Binəqədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, bildirmişlər ki, Rayon ərazisində, o cümlədən də, onların yaşadıqları 9 a mikrorayonda yerləşən çoxmənzilli yaşayış binalarında aparılan əsaslı təmir, abadlıq və quruculuq işlərinə görə öz təşəkkürlərini bildirirlər. Əfsuslar olsun ki, hazırda aparılan bu cür abadlılq və səliqə səhman işlərinə, vaxtilə çoxmərtəbəli binalarının həyətində 600 kv.m sahədə tikinti işlərinin həyata keçirilməsi üçün Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 2000-ci il tarixli sərəncamın qüvvədə olması maneəçilik yaradır. Qeyd olunanları, göstərilən həyətyanı sahənin çoxmərtəbəli binalarda yaşayan sakinlərin istifadəsində olmasını nəzərə alaraq, ünvan 4 ünvanında 600 kv.m sahənin İddiaçı fərdi ev tikintisi məqsədilə verilmiş 2000-ci il tarixli sərəncamın ləğv edilməsini xahiş etmişlər. Digər tərəfdən sözügedən sərəncam iddiaçıya ayrılmış torpaq sahəsindən təyinatına uyğun istifadə edilməməsi ilə əsaslandırılmışdır. İddiaçı apelyasiya şikayətində ayrılmış torpaq sahəsində çoxsaylı meyvə ağacları əkilib qulluq edilmiş, ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən yaşıl bağ salılnmış, bir mərtəbəli yaşayış evi, həmçinin müxtəlif təyinatlı tikililər tikildiyini bildirsə də, bu halları sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmiş, apelyasiya şikayətinə də əlavə etməmişdir. Bunun əksinə, iş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, hazırda mübahisəli ərazidə ümumi istifadə üçün istirahət parkı salınmışdır. Park salınmamışdan öncə, həmin ərazidə yalnız, müxtəlif bitkilər və primitiv üsulla, taxta şitlərdən əl damı tikilmişdir. AR Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin Maddənin 1-ci bəndin əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir - qeyri-kkənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə fiziki şxəslərin hüquqlarına xitam verilməsinə əsas olur. Eyni zamanda, 30.12.2000-ci il tarixli sərəncamın iddiaçıya münasibətdə ləğv edilməsinə əsas olaraq həmin sərəncamla üzərinə qoyumuş diigər öhdəliklərin yerinə yetirilməməsi göstərilmişdir. Belə ki, 30.12.2000-ci il tarixli sərəncamın 3.4-cü bəndində göstərilmişdir ki, obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılsın. Həmin sərəncamın 3.5-ci bəndində göstərilmişdir ki, torpaq sahəsindən ayrılmış məqsəd üçün istifadə etsin, torpaq sahəsi üzərində hüququnu torpaq şöbəsi tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirsin və dövlət reyestrində qeydiyyatdan keçirsin. Lakin, iddiaçı tərəfindən sərəncamın müvafiq bəndlərində göstərilmiş tələblərə əməl edilməmiş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları ümumiyyətlə qeydiyyata alınmamış, sərəncamın müvafiq tələbinə (obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılsın) riayət edilməklə fərdi yaşayış evinin tikintisi belə həyata keçirilməmişdir. İddiaçı apelyasiya şikayətində torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 14 may 2018-ci il tarixdə müraciət etdiyini, xahişi təmin edilmədiyindən hazırda mübahisəyə məhkəmə qaydasında baxıldığınından torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasının mümkün olmamasını qeyd etmişdir. Göründüyü kimi, iddiaçı 2000-ci ildə istifadəsinə ayrılmış torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin müəyyən edilməsinə baxmayaraq, yalnız 2018-ci ildə dövlət qeydiyyatı üçün müraciət etmişdir. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən - Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmçinin iş materiallarında olan Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi Binəqədi rayon İcra Hakimiyyəti başçısına Bgn-19/267 nömrəli, 05.07.2019-cu il tarixli məktubdan görünür ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının 30.12.2000-ci il tarixli, 2204 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evi üçün ayrımş torpaq sahəsi "xxxx" ASCyə aid 769 saylı TM mühafizə zolağına düşdüyü nəzərə alınaraq sərəncamın ləğv edilməsi xahiş edilmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Beləliklə, iş üzrə mübahisəli inzibati aktın - 02.08.2019-cu il tarixli sərəncamın qanuniliyi məhkəmə araşdırması zamanı yoxlanılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmiş və bununla bağlı məhkəməyə təqdim edilmiş dəlilləri də, əsaslı olmuşdur. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsassız olmaqla, əksini sübut edən hər hansı dəlil şikayətə əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Apelyasiya baxışı nəticəsində birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğvi üçün əsas müyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar