Məhkəmə qərarları › İş №2-1(103)-1520/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1520/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1520/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərov və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı dair əmək kitabçasının surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə 52 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən 284 nömrəli aptekdə yarım ştat qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdə 17 saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən 423 saylı xəstəxanalararası aptekdə provizor köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1996-cı il tarixdə 53-k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 186 №-li xx.xx.1995-ci il tarixli əmri ilə 423 №-li aptekin ŞMX-nin tabeliyinə keçməsi ilə əlaqədar olaraq ştatın ixtisara düşməsini nəzərə alaraq həmin aptekdə əczaçı vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə 16-k saylı xx.xx.2010cu il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir.

2. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş 15 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı aptek-əczaçı kimi işləmişdir. Sosial sığorta (əmək) stajı 13 il 10 ay 5 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri benzol, menfolik, kükürd tərkibli birləşmələr, fekol olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş siyahının 18.1 və 18.8-ci bəndinə uyğundur.

3. ЖТ seriyalı 027783 saylı xx.xx.1983-cü il tarixli diplomdan görünür ki, X6 1983-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Əliyev P.K adına Bakı Əczaçılıq məktəbində əczaçılıq ixtisası üzrə tam kursu bitirmişdir.

4. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18-1-35/2-1022/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Şirvan şəhər X2 Zahirə Gülbala qızının tutduğu vəzifənin funksiyalarına əsasən dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı ilə məşğul olub-olmaması barədə heç bir məlumat yoxdur.

5. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18-1-35/2-929/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasında əczaçı vəzifəsində işləyən İddiaçı əczaçı vəzifəsi üzrə vəzifə təlimatı təqdim edilmişdir. Həmin Təlimatda qeyd edilir: “Əmək funksiyası. Həkimlərin reseptlərini və müalicə profilaktika müəssisələrinin tələbnamələrini qəbul edir və onlara uyğun olaraq dərmanların və tibb təyinatlı məmulatların buraxılışını təmin edir. Dərmanları hazırlayır və onların keyfiyyətini ən sadə aptekdaxili nəzarət metodları ilə yoxlayır. Malların qəbulunda, onların saxlanılma yerlərinə bölüşdürülməsində iştirak edir. Dərman maddələrinin və tibb təyinatlı məmulatların mövcud qaydalara və onların fiziki-kimyəvi xassələrinə uyğun olaraq saxlanılmasını təmin edir, onların tətbiqi və ev şəraitində saxlanılması barədə əhali arasında sanitariya maarifi işini aparır. Göstərdiyi xidmətin və yerinə yetirdiyi işin keyfiyyətinə görə məsuliyyət daşıyır. Əmək funksiyalarının icrası ilə əlaqədar aidiyyəti istehsalat məsələlərini həll edir. Avadanlıqdan, mexanizasiya vasitələrindən səmərəli istifadə edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edir. Bilməlidir: əczaçılıq işinin əsaslarını; əczaçılıq xidmətinin təşkilini və iqtisadi fəaliyyət prinsiplərini; əczaçılıq üzrə normativ sənədləri; dərman maddələrinin və tibb təyinatlı məmulatların nomenklaturasını, həkiməqədər ilk tibbi yardımın göstərilmə qaydalarını; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri: müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.”

6. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18-1-35/2-1022/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Şirvan şəhər X2 Zahirə Gülbala qızının tutduğu vəzifənin funksiyalarına əsasən dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı ilə məşğul olub-olmaması barədə heç bir məlumat yoxdur.

7. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "X4" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-28-1/2-30197/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, qeyd olunan tarixlərdə (xx.xx.1996 – xx.xx.2010) "xxxx" MMC və "xxxx" ASC tərəfindən dərman vasitələri istehsal olunmuşdur.

8. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "X4" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-28-1/2-13289/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin aptekinin dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı sahəsinə aid olub-olmaması barədə Mərkəzdə məlumat mövcud deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı vaxtdan, yəni 02 avqust 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 avqust 1964-cü il Şirvan (Əli - Bayramlı) şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.1981 xx.xx.1983-cü illərdə Bakı Əczaçılıq məktəbində əyani təhsil almışdır. Təhsil müddəti l il 10 ay 5 gün təşkil edir. xx.xx.1984 - xx.xx.1989-cu illərdə Şirvan şəhər 284 nömrəli Aptekdə Qablaşdırıcı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta əmək stajı müddəti 5 il 4 ay 17 gün təşkil edir. xx.xx.1989-xx.xx.1996-cı illərdə Şirvan şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan 423 nömrəli Aptekdə Əczaçı köməkçisi vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta əmək stajı müddəti 6 il 4 ay 1 gün təşkil edir. xx.xx.1996-xx.xx.2010-cu illərdə Şirvan şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan 423 nömrəli Aptekdə Əczaçı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta əmək stajı müddəti 13 il 10 ay 5 gün təşkil edir. xx.xx.1996-xx.xx.2010cu illərdə Şirvan şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan 423 nömrəli Aptekdə Əczaçı-farmaseft (yəni benzol, morfolin, kükürd tərkibli birləşmələr, fenol və digər zərərli dərmanlar hazırlamışdır) işləmişdir. Bu barədə əmək kitabçasında qeydləri də vardır. Həmçinin bu qeyd etdikləri Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli, 15 nömrəli güzəştli arayışı ilə də öz təsdiqini tapır. İşlədiyi vəzifə üzrə ümumi sosial sığorta əmək stajı müddəti 27 il 4 ay 26 gün, güzəştli iş stajı isə 13 il 10 ay 5 gün təşkil edir. İşlədiyi sonuncu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun 02 avqust 2016-cı ildə 52 yaşı tamam olmuşdur. Cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

11. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Mərkəzi filiala xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, güzəştli iş stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 1- 131665/2023 nömrəli məktub). Cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X5 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı bölməsi (18) nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş Şirvan Şəhər Mərkəzi Xəstəxanasının iddiaçıya dair xx.xx.2023-cü il tarixli 15 nömrəli arayışında onun xx.xx.1996xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin xəstəxanada aptekçi-əczaçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan dərman, tibbi və bioloji preparatların və materialların istehsalatı sahəsinə aid deyil. Həmçinin iddiaçının işlədiyi vəzifə də sözügedən bölmədə nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi xx.xx.1996- xx.xx.2010-cu il tarixlərdə yalnız "xxxx" MMC və "xxxx" ASC tərəfindən dərman vasitələri istehsal olunmuşdur. “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin aptekinin dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı ilə məşğul olması müəyyən edilməmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən 18-1-35/2-1022/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Şirvan şəhər X2 Zahirə Gülbala qızının tutduğu vəzifənin funksiyalarına əsasən dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı ilə məşğul olubolmaması barədə heç bir məlumat yoxdur.

15. Məhkəmə iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin ödəndiyini müəyyən etmir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1633/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarından göründüyü kimi işlədiyi vəzifə üzrə sosial sığorta əmək stajı 13 il 10 ay 5 gündür.Onun 52 yaşı 2016 - cı ildə tamam olub.İş materialından göründüyü kimi TƏBİB - in " Şirvan Şəhər Mərkəzi Xəstəxanası " Publik huquqi şəxs tərəfindən təqdim edilmiş 11 May 2023 - cü il tarixli arayışda qeyd olunub ki,onun işlədiyi vəzifə güzəştli əmək pensiya huququna əsas olan xüsusiyyətləri Benzol, Morfolin , Kükürd tərkibli birləşmələr , Fenol olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 .01. 2007- ci il tarixli 12 N - li qərarı ilə təsdiq edilmiş siyahının 18.1 və 18.8 - ci bəndinə uyğundur. Məhkəmənin TƏBİB - in " Şirvan Şəhər Mərkəzi Xəstəxanası" publik huquqi şəxsə ünvanladığı sorğusuna verdiyi 18 - 1 - 35 / 2 - 929 / 2023 saylı məktub və xx.xx.1996 - cı il tarixindən xx.xx.2010 - cu il tarixinədək işlədiyi vəzifənin Vəzifə təlimatlarında qeyd edilib ki, Əmək funksiyası həkimlərin reseptləri və müalicə profiloktika müəssisələrinin tələbnamələrini qəbul edir və onlara uyğun olaraq dərmanların və tibbi təyinatlı məmulatların buraxılmasını təmin edir.Dərmanları hazırlayır və onların keyfiyyətini ən sadə aptek daxili nəzarət metodları ilə yoxlayır. Məhkəmə TƏBİB - in Şirvan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 18 - 1- 35/2- 10 22/ 2024 saylı sorğunu qərarında şərh edərkən yazıb ki, sorğuda İddiaçı tutduğu vəzifə funksiyalarında dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı ilə məşğul olub olmaması barədə heç bir barədə məlumat yoxdur. Bu tamamilə səhvdir, doğru deyil. Məhkəmənin 4-cü səhifəsində son abzasda qeyd edilən sorğunun cavabını qeyd edib və abzasda " dərmanları hazırlayır " sözünü yazsa da, sonrakı səhifədə öz yazdığını təkzib edir.TƏBİB tərəfindən Məhkəmənin verdiyi sorğuya cavabda aydın yazılıb ki, o, işlədiyi müddətdə dərmanların hazırlanması ilə məşğul olmuşdur.Onun işlədiyi vəzifədə işləyən zamankı " Vəzifə təlimatları " məhkəməyə təqdim olunub TƏBİB tərəfindən. Həmin təlimatda da " Dərmanları hazırlamaq onun vəzifə təlimatlarımın bir hissəsi olduğu göstərilir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatlar

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır

22. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

23. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir): 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

24. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

30. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

31. Məhkəmə Kollegiyası hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

32. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

33. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı)

34. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır.

35. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar).

36. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

37. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir

38. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

39. Tətbiq olunan normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

40. xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

41. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

42. 10.03.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

44. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

45. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək ən azı 20 il olması mübahisələndirilmir.

46. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı bölməsi (18) nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş Şirvan Şəhər Mərkəzi Xəstəxanasının iddiaçıya dair xx.xx.2023-cü il tarixli 15 nömrəli arayışında onun xx.xx.1996xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin xəstəxanada aptek-əczaçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan dərman, tibbi və bioloji preparatların və materialların istehsalatı sahəsinə aid deyil. Həmçinin iddiaçının işlədiyi vəzifə də sözügedən bölmədə nəzərdə tutulmayıb.

47. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi xx.xx.1996xx.xx.2010-cu il tarixlərdə yalnız "xxxx" MMC və "xxxx" ASC tərəfindən dərman vasitələri istehsal olunmuşdur. “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin aptekinin dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı ilə məşğul olması müəyyən edilməmişdir.

48. Məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün onun xx.xx.2017-ci il tarixədək azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 iini yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) işləməlidir.

49. Məhkəmə Kollegiyası razılaşır ki, iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin olması müəyyən edilmir.

50. X8 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ).

51. -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ).

52. -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X1rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il).

53. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin).

54. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, şikayət iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.

55. Daha sonra apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı bölməsi (18) nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş Şirvan Şəhər Mərkəzi Xəstəxanasının iddiaçıya dair arayışında onun xx.xx.1996-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin xəstəxanada aptekçi-əczaçı vəzifəsində işlədiyi və dərman hazırlaması qeyd olunsa da, göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan dərman, tibbi və bioloji preparatların və materialların istehsalatı sahəsinə aid deyil və iddiaçının yerinə yetirmiş olduğu funksiya siyahıda nəzərdə tutulan dərman, tibbi və bioloji preparatların və materialların istehsalatı zamanı görülmüş işlə oxşarlıq təşkil etməsi təsdiq olunmur.

56. Xüsusən, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "X4" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna təqdim edilmiş cavablardan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi xx.xx.1996- xx.xx.2010-cu il tarixlərdə yalnız "xxxx" MMC və "xxxx" ASC tərəfindən dərman vasitələri istehsal olunmuşdur. “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin aptekinin dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı ilə məşğul olması müəyyən edilməmişdir.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

58. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar