Məhkəmə qərarları › İş №2-1(103)-1521/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1521/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1521/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki müddət üçün sosial müavinətin ödənilməsi tələbinə dair“ inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8650/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 14 saylı Regional Ərazi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birinci Qarabağ müharibəsi iştirakçısı kimi vəsiqənin verildiyi 05 fevral 2009-cu il tarixdən ötən 9 il 2 ay müddət üçün ödənilməmiş qalan müavinətlərin hesablanaraq ödənilməsinin cavabdehə tapşırılası barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçıya xx.xx.2019-cu il tarixindən Qarabağ müharibəsi veteranı kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına müvafiq olaraq prezident təqaüdü təyin edilmiş, lakin ona müharibə veteranı vəsiqəsi, xx.xx.2009-ci il tarixdə verilmiş, keçmiş 9 il 2 ay üçün sosial müavinət ödənilməmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etsə də sonuncu 25 aprel 2021-ci il tarixli məktubu ilə ona imtina edərək bildirmişdir ki, qeyd edilən tarixdən sonra müharibə veteranı və vəsiqəsi almış şəxslərə müavinət yox, 80 manat məbləğində prezident təqaüdü verilməyə başlandığını “Sosial müavinət haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. İddiaçı cavabdehin həmin imtinası ilə razılaşmayaraq xx.xx.2021-ci il tarixində öhdəliyin icrası haqqıda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinin tələbindən də görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8650/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2018-cı ildən xx.xx.2019-cu ilədək fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol vermişdüzgün olmayan qərar qəbul etmişdir. Daha sonra, cavabdeh “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il tarixli 613 No-li və 2019-cu il 15 aprel tarixli 641 N-li fərmanına istinadən mübahisələndirir ki, xx.xx.2021-ci il tarixindən Prezident təqaüdü tətbiq edildiyindən əvvəlki üç il üçün ödənilmə qaydası nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının əvvəlki üç ilə üçün sosial müavinət almaq hüququ istisna edilir. Bundan əlavə iddiaçının təqdim etdiyi “AA*******” nömrəli şəxsiyyət vəsiqəsində ata adının “Msayib” kimi 078138 nömrəli veteran vəsiqəsində “Müsayib” kimi və SHXÇDX İsmayıllı rayon şöbəsi tərəfindən verilən arayışda isə “Müsayib” kimi qeyd edilmişdir. Hüquqi faktlar məhkəmə qaydasında müəyyən edilir. İddia tələbi qanunsuz və əsassızdır. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndi ilə xx.xx.2019-cu il tarixindən 80 manat aylıq məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir (Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir). İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi (N:078138) İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2009-ci il tarixdə verilmiş, lakin o, cavabdəhə sosial müavinət almaq üçün xx.xx.2021-ci il tarixində müraciət etmiş və sonuncu tərəfindən ona xx.xx.2021-ci il tarixli qərarı ilə AR Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına müvafiq olaraq xx.xx.2019-cu il tarixindən ödənilməklə 80 manat məbləğində aylıq Prezident təqaüdü təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi və həmin kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə müharibə veteranı statusu almış şəxslərə sözügedən sosial müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilsə də, əvvəlki üç il üçün ödənilməsi qərara alınırdı. Belə ki, həmin Prezident təqaüdü təsis edilənə qədər “Sosial müavinətlər haqqında” Qanunu ilə aşağıdakılar nəzərdə tutulurdu: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. 9.1. ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: ...9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Qanunun 9.1-ci maddəsinin qeyd olunan tələbi nəzərə alındıqda, xx.xx.2009-ci il tarixində müharibə veteranı adı və vəsiqəsi almış iddiaçının sosial müavinət ödənilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixindən əvvəlki üç ilin son iki ili Prezident təqüdünün təsis edildiyi dövrə, birinci ili yəni, xx.xx.2018-ci il tarixindən 2019-cu ilin aprel ayına qədər olan dövrü isə Qanunun 9.1-ci maddəsinin təsiri altına düşmüş olur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, faktiki halları eyni olan işlər üzrə artıq məhkəmə təcrübəsi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar iş üzrə 2-1(102)- 1699/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir.” Ali Məhkəmə həmin qərarında müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdündən istifadə hüququndan xx.xx.2019-cu il tarixdən sonra istifadə edən şəxslərə ödənişin həyata keçirilməsinə münasibətdə hesab etmişdir ki, həmin növ iddialar qismən təmin edilməli, iddiaçı hər nə qədər xx.xx.2019-cu il tarixdən sonra təqaüdun ödənilməsi barədə müraciət etmiş olsa da, onun müharibə veteranı statusunun həmin tarixdən əvvəl alması nəzərə alınmalıdır (Həmin qərarda, cavabdehin üzərinə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətə görə hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması onunla əsaslandırılmışdır ki, iddiaçı tələblə cavabdehə xx.xx.2020-ci il tarixdə müraciət etdiyindən, ona müavinətin ödənilməsi müddəti 3 il əvvəldən, yəni xx.xx.2017-ci ildən başlanmaqla xx.xx.2019-cu il tarixi ilə məhdudlaşmalıdır. Həmin qərar isə kassasiya instansiya məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır.) Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarında da məhz, qeyd olunan məhkəmə təcrübəsindən çıxış edərək göstəridlmişdir ki, “...hər nə qədər təqaüd 2021-ci il tarixdə təyin edilmiş olsa da, ödənişlər iş materiallarından da görünür ki, xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanılmışdır. Yəni, iddiaçı xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək almalı olduğu ödənişləri artıq almışdır. Almalı olduğu lakin almadığı müavinət isə xx.xx.2021-ci il tarixdən əvvəlki üç ildən, yəni xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2019-cu ilədək olan ödənişlərdir. Bu səbəbdən də iddiaçı yalnız həmin hissədə təmin edilməlidir...” Beləliklə də, qeyd olunanlar onu demyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçıya xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2019-cu ilədək olan dövr üzrə sosial müavinət ödənilməsi öhdəliyinin qoyulmasının qaununsuz olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Onun apellyasiya şikayətinin, iddiaçının şəxsiyyət vəsiqəsində ata adının “Msayib”, müharibə veteranı vəsiqəsində isə “Müsayib” olmasını mübahisələndirməsinə gəldikdə isə birincisi, özü tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən prezident təqaüdü təyin edilərkən bu halı ümumiyyətlə mübahisələndirməmiş, ikincisi isə, iddiaçının doğum haqqında akt qeydində və müharibə veteranı vəsiqəsinin verildiyi 2009-cu il tarixdə etibarlı olan şəxsiyyət vəsiqəsində (AZE 870824) ata adı “Msayib” kimi göstərilmişdir. Odur ki, bütün bunları nəzərə alan məhkəmə kollegiyası cavabdehin sözügedən dəlillərini iş üçün əhəmiyət kəsb etməyən formal xarakterli dəlilillər kimi qiymətləndirir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarını maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız və qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8650/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8650/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar