Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1522/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “şəhid ailəsi kimi təqaüdün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10708/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “şəhid ailəsi kimi təqaüdün ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etmişdir. Onun övladına şəhid statusu verilmişdir. Daha sonra övladına görə şəhid ailəsi kimi, ona 2021-ci il tarixindən Prezident təqaüdü ödənilmiş olsa da, əvvəlki illər üzrə ödənilməli olan məbləğ ödənilməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, övladı xx.xx.2021-ci il tarixindən şəhid statusu əldə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10708/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10708/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü onu almaq hüququ yarandığı gündən təyin edildiyindən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında təqaüdün onu almaq hüququn yarandığı gündən əvvəlki dövlər üzrə ödənilməsi nəzərdə tutulmadığından İddiaçı müvafig təqaüd oğlu B.İddiaçı şəhid statusunun verildiyi gündən təyin edilib ödənilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10708/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10708/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının övladının xx.xx.2000-ci il tarixdə vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”1.1-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1, 2, 7, 8-ci hissələrini, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci hissəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün xx.xx.2007-ci il tarixdən ödənilməmiş məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən Şəhid dedikdə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1-ci hissəsinə əsasən, bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Həmin Qaydaların 7-ci hissəsinə əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Həmin Qaydaların 8-ci hissəsinə əsasən, müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir müddəası ödənişlərin ödənilməsi üçün hüququn məhz şəhid ailəsi statusunun verilməsi müddətindən yarandığını özündə ehtiva etmir. Burada Azərbaycan Respublikasınının Prezidenti təqaüdünün ödənilməsi hüququn yarandığı tarixdən, yəni iddiaçının övladının şəhid olduğu vaxt nəzərə alınmaqla ödənilməlidir ki, işin faktiki hallarından da görünür ki, iddiaçının övladı B.Qasımov xx.xx.2021-ci il tarixdə yox, xx.xx.2020-ci il tarixdə xidməti vəzifələrini icra edərkən vəfat etmişdir. Qeyd olunan hal isə 2007-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarına uyğun olaraq ona təqaüdün ödənilməli olmasına əsas verir. Oxşar iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, analoji iş üzrə qeyd edilmişdir ki, “təqaüdün hansı tarixdən ödənilməli olduğuna münasibətdə qanunverici iki meyar müəyyən etmişdir – 1) müraciət anından asılı olmayaraq və 2) onu almaq hüququnun yarandığı andan təyin edilmə. Hazırkı halda, təqaüdü almaq hüququnun yaranma anı müəyyən edilməlidir. Bununla bağlı işin hallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi xx.xx.2018-ci il tarixli, 318 nömrəli arayışında iddiaçının oğlunun xx.xx.1997-ci il tarixdə vəzifəsini yerinə yetirərkən şəhid olmasının müəyyən olunduğunu bildirmişdir. Prezident təqaüdünün verilməsini müəyyən edən Fərman 19 dekabr 2006-cı il tarixdə, Nazirlər Kabinetinin qərarı isə 29 yanvar 2007-ci il tarixdə qəbul edilmiş və Qərarın 01 yanvar 2007-ci il tarixdən qüvvəyə mindiyi göstərilmişdir. Odur ki, iddiaçının sonrakı tarixdə müraciət etməsinə baxmayaraq onun oğlunun 1997-ci ildə vəfat etməklə şəhid statusu əldə etdiyi müəyyən edildiyindən 01 yanvar 2007-ci il tarixdən etibarən həmin təqaüdü almaq hüququ yaranmışdır. Ona görə də, təqaüdün yalnız 25 sentyabr 2018-ci il tarixdən sonrakı dövrlər üzrə ödənilməli olduğuna dair mövqe əsaslı deyildir. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Prezident təqaüdünü yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən almaq hüququna malikdir.” Ödəmənin birdəfəlik ödənilməli olmasına münasibətdə kollegiya qeyd edir ki, Pensiya qanunvericiliyindən fərqli olaraq əvvəlki dövrlər üçün ödənilməli olan təqaüdün hissə-hissə ödənilməli olması ilə bağlı qanunvericilikdə hər hansı bir müddəa mövcud olmamış, ödəmənin birdəfəlik qaydada həyata keçirilməsi isə məhdudlaşdırılmamışdır. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-882/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərardan da göründüyü kimi Məhkəmə pensiya qanunvericiliyinə mahiyyət etibarı ilə ən yaxın olan sosial müavinətlərlə bağlı ödənişin hissə-hissə yox birdəfəlik ödənilməsi ilə bağlı mövqe nümayiş etdirmişdir. Göründüyü kimi, istər təqaüd, istər müavinətin pensiyadan fərqli olaraq hissə-hissə ödənilməsi ilə bağlı hər hansı qayda nəzərdə tutulmamış, birdəfəlik ödəmənin aparılması ilə bağlı məhdudiyyət müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya ödəniş birdəfəlik qaydada edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10708/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1522/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1522/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver