Məhkəmə qərarları › İş №2-1(103)-1523/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1523/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1523/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işə cəlb olunmaqla istehsalat sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-1094/2021 saylı qərarından 3cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-1094/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhələdə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə İddiaçınə 443250 (dörd yüz qırx üç min iki yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə iddiaçıya 1.477.500 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən istehsalat sahəsi iddiaçının mülkiyyətində olmuşdur.İddiaçının sahibi X2 1994-cü ildən həmin ərazidə kiçik mebel sexi işlətmişdir.Ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 35 sot torpaq sahəsi 1707 saylı, 07.12.1994-cü il tarixli sərəncama əsasən və 98/307 saylı, 28.10.1998-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə verilmişdir. Qeyri-yaşayış sahəsi özəlləşdirildikdən sonra 17.02.2003-cü ildə İddiaçı MMC-yə “Mülkiyyət hüququ haqqında şəhadətnamə” və texniki pasport verilmişdir.2017-ci ilin may ayında 35 sot torpaq üzərində ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən iddiaçıya bildirilmişdir ki, obyekt söküldükdən sonra ən geci 1 ay müddətində iddiaçıya kompensasiya veriləcəkdir.Lakin həmin vaxtdan 3 ildən çox keçməsinə baxmayaraq kompensasiya ödənilməmişdir.İddiaçı hesab edir ki, ona məxsus qeyri-yaşayış sahəsi söküldüyündən bir kvadrat metr sahə üçün 1000 manat olmaqla ******* manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə iddiaçıya 443250 (dörd yüz qırx üç min iki yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Üçüncü şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaya etirazından aydın olur ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya iddiaçının tələb etdiyi obyektin yerləşdiyi ərazini qiymətləndirmək məqsədilə sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar “xxxx” MMCyə sorğu ilə müraciət etmiş və verilmiş sorğuya cavab olaraq 02/01 nömrəli, 22.02.2017-ci il tarixli məktubla həmin ərazinin yaxınlığında yerləşən qeyri-yaşayış sahələrinin Azərbaycan Respubliası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv metri üşün 20% əlavə hesablanmaqla birlikdə qeyri-yaşayış sahəsinin 1 kv metr qiyməti 300 manat müəyyən edilmişdir.İddiaçıya məxsus, ümumi sahəsi 1477.5 kv metr olan qeyri-yaşayış obyekti cəmi 443250 manat məbləğində qiymətləndirilmiş və hesablanmış kompensasiya məbləği üçün ilkin razılaşma aktı iddiaçı tərəfindən imzalanmışdır.”Ağ şəhər” layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar vəsait açılacağı təqdirdə ona hesablanmış kompensasiya məbləğinin ödəniləcəyi barədə iddiaçıya məlumat verildiyi qeyd olunur. Odur ki, qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi X2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və 3-cü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və digər 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin nizamnaməsinə əsasən iddiaçı 08.11.2002-ci ildə dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin verdiyi 000156 №li “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən istehsalat sahəsi İddiaçıxxxx“Müəssisə və obyektin texniki pasportu”na əsasən Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən 1477,5 kv metr qeyriyaşayış sahəsi iddiaçının faktiki istifadəsində olmuşdur, həmin sahədə sənaye fəaliyyəti növü ilə məşğul olunması göstərilmişdir. İddiaçının Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış 14.09.2017-ci il tarixli ərizəsinə, həmin İcra Hakimiyyətinin başçısı aparatının Apelyasiya şurasına ünvanlanmış 04.07.2018-ci il tarixl ərizəsinə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 01.06.2020-ci il tarixli, 27.03.2018-ci il tarixli, 12.10.2018-ci il tarixli, 08.02.2019-cu il tarixli, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 01.03.2018-ci il tarixli, 23.10.2018-ci il tarixli, 05.11.2018-ci il tarixli, 11.02.2019-cu il tarixli iddiaçının direktoruna ünvanlanmış məktublarına əsasən İddiaçı dəfələrlə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə, habelə digər səlahiyyətli dövlət orqanlarına müraciət edərək ona məxsus olan sökülmüş əmlaka görə kompensasiyanın verilməsini xahiş etmiş, lakin edilən müraciətlər hal-hazıra qədər təmin edilməmişlər. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının aparatının məhkəməyə ünvanlanmış 11.11.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış obyekti “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən 443250 manat məbləğində qiymətləndirilmiş və İddiaçı MMC-nin rəhbərliyinin razılığı və iştirakı ilə sökülmüşdür, “Ağ şəhər” layihəsi çərçivəsində yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi üçün vəsait açılacağı təqdirdə hesablanmış kompensasiya məbləği iddiaçının hesabına köçürüləcəkdir. Birinci instansiya məhkənəsinin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış obyekti İddiaçı mülkiyyətində olmuşdur, həmin obyekt “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən sökülmüşdür, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin bildirdiyinə görə iddiaçının söküntü ərazisində olan əmlakı 443250 manat qiymətləndirilmişdir, lakin vəsait açılmadığı üçün iddiaçıya ödənilməmişdir, eyni zamanda iddiaçının da cavabdehə ünvanlanmış müxtəlif tarixli müraciətlərindən göründüyü kimi iddiaçı sökülmüş əmlakına görə kompensasiyanın verilməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də müraciəti vəsaitin ayrılmaması əsası ilə təmin edilməmişdir.Hazırda iddiaçı mülkiyyətində olmuş ümumi sahəsi 1477,5 kv metr olan qeyriyaşayış sahəsinin bir kvadrat metrinə görə 1000 manat olmaqla cəmi 1.477.500 manat məbləğinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi aşağıdakı maddı hüquq normalara istinad etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli, 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nda Bakının təbii-iqlim, sanitar-gigiyenik və sağlamlıq şəraitinin yaxşılaşdırılmasını, həmçinin yaşıllıq sahələrinin tikinti üçün ayrılmasının qarşısının alınmasını təmin edən, Bakı şəhərinin Baş planına uyğun vahid landşaft-memarlıq planının hazırlanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da Bakı şəhərində rayon və qəsəbədaxili yolların, istirahət parklarının yenidən qurulması və yaşıllıq sahələrinin artırılması üzrə tədbirlər nəzərdə tutulmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan əmlak Bakı şəhərinin abadlaşdırılması məqsədilə icra edilən “Ağ şəhər” layihəsi çərçivəsində söküntüyə məruz qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolxxxxa dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının;248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının;248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. İşin faktiki hallarına əsasən iddiaçının Bakı şəhərinin Xətai rayon ərazisində mülkiyyətində olan 1477,5 kv metr olan qeyri-yaşayış sahəsi Bakı şəhərində “Ağ şəhər” layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparılması çərçivəsində sökülmüşdür və iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə İddiaçı həmin əmlaka görə kompensasiya almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-118/2020 №li, 21.01.2020-ci il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən Bakı şəhərinin Xətai rayonunda “Ağ şəhər” layihəsi çərçivəsində aparılan işlər ilə bağlı sökülmüş əmlakların dəyərinin 1 kvadrat metri 400 manatdan hesablanaraq kompensasiya ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddiası təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə iddiaçıya 443250 (dörd yüz qırx üç min iki yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-1094/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Mirzə Tağızadə Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar