Məhkəmə qərarları › İş №2-1(103)-1523/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1523/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1523/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8847/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüddür. NZ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli hərbi biletin surətindən görünür ki, o, xx.xx.1979-xx.xx.1981-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İN-İ seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009cu il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 17 iyun 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirmişlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri, maşinist köməkçiləri və lokomotiv briqadaların təlimatçıları (maşinistlər) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 21 fevral 1981-ci il tarixli İT-İ seriyalı ******* saylı əmək kitabçasında xx.xx.1990xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Ağır Elektroqaynaq Avadanlıqları” zavodunda teplovoz maşinisti vəzifəsində, xx.xx.2004- xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “X9” MMC-nin Nəqliyyat sahəsində lokomotiv sürücüsü vəzifəsində və xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində isə adıçəkilən müəssisənin Yükdaşımalar və təmir sexində lokomotiv maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahələr dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə ki, Qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, o, əmək fəaliyyətinə 1981ci ildən başlamış, xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilə qədər Bakı Ağırelektroqaynaq Avadanlıqları zavodunda teplovoz maşinisti vəzifəsində çalışmış, xx.xx.1997-ci ildə “Azər- Türk” TAPET BM-nə pompaçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 63-cü maddəsinin 1-ci bəndinə əsasən köçürmə yolu “Şukoil- Azərbaycan” QTSC-nə keçirilmişdir. xx.xx.2008-ci ildə Poladəritmə sexi şixta sahəsinə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildən xx.xx.2009-cu il tarixə qədər nəqliyyat sahəsində lokomativ sürücü vəzifəsində çalışmışdır. xx.xx.2009-cu il tarixdən bu günə qədər Yükdaşımalar və təmin sahəsinə lokamativ maşinisti vəzifəsində işləyir. O, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X3 müraciət etmiş, lakin cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin tələbləri təhrif edilmiş və onun ərizəsində yazılanlara heç bir münasibət bildirilmədən onun qanuni tələbləri təmin edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarıxinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri, maşinist köməkçiləri və lokomotiv briqadaların təlimatçıları (maşinistlər) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının, Mərkəzi Filiala təqdim etdiyi 21 fevral 1981 -ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Ağır Elektroqaynaq Avadanlıqları” zavodunda teplovoz maşinisti vəzifəsində, xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "X9' MMC-nin Nəqliyyat sahəsində lokomotiv sürücüsü vəzifəsində və xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində isə adıçəkilən müəssisənin yükdaşımalar və təmir sexində lokomotiv maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi sahələr dəmiryol nəqliyyatına aid deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8847/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 17 iyun 2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə 27 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı” üzrə 60 yaşdan pensiya təyin edilməsini tələb edir. Bu barədə o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının 25 ildən az olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 ildən, xüsusi is stajının isə 12 il 06 aydan çox olmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, arxiv arayışlarını və iş yerindən güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının xx.xx.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə iş stajının 25 ildən artıq olduğu müəyyən olunur və bu staj cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. Belə ki, iddiaçının xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Ağır Elektroqaynaq Avadanlıqları” zavodunda teplovoz maşinisti vəzifəsində, xx.xx.2004xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “X9” MMC-nin Nəqliyyat sahəsində lokomotiv sürücüsü vəzifəsində və xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Yükdaşımalar və təmir sexində lokomotiv maşinisti vəzifəsində işlədiyi müddət cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi qəbul edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 155 saylı 15 mart 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən “Azərelektroterm” İ.B-nin Bakı Ağır Elektroqaynaq Avadanlıqları zavodunda işləmişdir və aşağıdakı əmək kitabçasındakı qeydləri təsdiq edirlər: xx.xx.1990-ci il tarixindən satış şöbəsinə teplovoz maşinisti qəbul edilib, xx.xx.1997-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. “Azərelektroterm” İ.B-nin Bakı Ağır Elektroqaynaq Avadanlıqları zavodu Azərabycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.1998-ci il tarixli, 1158 saylı əmrinə əsasən "xxxx" ASC adalandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gösəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı, Dəmiryol Lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarım bölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri kimi öz əksini tapmışdır. “X9” MMC-nin 03/L saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 01 sentyabr 2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək Yükdaşımalar və təmir sexində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində işləmiş, qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri kimi öz əksini tapmışdır. “X9” MMC-nin 218/A saylı xx.xx.2021-ci il tarixli araşdırıcı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən 17 iyun 2004-cü il tarixədək Poladəritmə sexi şixtə sahəsində isti və zərərli iş şəraitində fəhlə, 17 iyun 2004-cü il tarixdən 01 sentyabr 2009cu il tarixədək Nəqliyyat sahəsində isti və zərərli iş şəraitində lokomativ sürücüsü peşəsində çalışmışdır. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri kimi öz əksini tapmışdır. “X9” MMC-nin 22/L saylı xx.xx.2021-ci il tarixli araşdırıcı arayışından görünür ki, İddiaçı həqiqətən 01 sentyabr 2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək Yükdaşımalar və təmir sexində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində, xx.xx.2016-cı il tarixindən hal-hazıradək Nəqliyyat Şöbəsində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri kimi öz əksini tapmışdır. Qeyd olaraq göstərilmişdir ki, işçi lokomativ maşinisti kimi eyni şöbədə çalışmışdır. Şöbələrin adları Şirkətin idaretmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə dəyişdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmasına əsas verən- işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar mövcud olsa da, cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində iddiaçıya verilmiş imtinada olduğu kimi iddiaçının işlədiyi peşələrin zərərli sahəyə aid olması məsələsi mübahisələndirilmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajının kifayət qədər olubolmaması faktı yenidən araşdırılmış və məhkəmə kollegiyası tərəfindən İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi teplovoz maşinisti, xx.xx.2004cü il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi lokomotiv sürücüsü, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi lokomotiv maşinisti peşələrinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan 21.Nəqliyyat bölməsinin 21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri yarımbölməsində qeyd olunan peşələrin funksiyaları ilə eynilik təşkil edibetməməsi, eynilik təşkil etmədiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı “X9” MMC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə “X9” MMC-dən məhkəməyə daxil olmuş məktubdan görünür ki, İddiaçı həqiqətən 01 sentyabr 2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək Yükdaşımalar və təmir sexində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində, xx.xx.2016-cı il tarixindən hal-hazıradək Nəqliyyat Şöbəsində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində çalışır. İşçi lokomativ maşinisti kimi eyni şöbədə çalışmışdır. Şirkətin idaretmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə şöbələrin adları dəyişdirilmişdir. “X9” MMC-də mövcud olan lokomotiv maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşəsinə uyğundur. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının müxtəlif dövrlərdə işlədiyi müəssisələr tərəfindən verilmiş və işdə olan arayışların məzmunundan aydın oldu ki, iddiaçının güzəştli iş stajı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək teplovoz maşinisti, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək lokomotiv sürücüsü, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək lokomotiv maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu sahədə onun xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir. Məhkəmə kollegiyası iddiaçının işlədiyi peşələrin dəmiryol nəqliyyatı sahəsinə aid olmaması barədə cavabdeh inzibati orqanın dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının teplovoz maşinisti, lokomotiv sürücüsü və lokomotiv maşinisti peşələri üzrə icra etdiyi funksiyalar, iddiaçının əmək müqaviləsinə əlavə olunmuş “lokomotiv maşinisti” peşəsinin icrası ilə bağlı gördüyü işlər Dəmiryol lokomativ briqadalarında lokomotiv və teplovoz maşinistinin gördüyü işlər və yerinə yetirdiyi funksiyalarla eynilik təşkil edir. Odur ki, iddiaçının həmin işlərdə çalışdığı müddət düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən zərərli iş stajı kimi qəbul edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqda xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 21366.73 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan kapitalı 54742.42 manat olmaqla, cəmi 76109.15 manat təşkil edir. İddiaçı xx.xx.2006-cı ilədək olan 26 il 3 ay 10 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 21366.73 manat müəyyən edilmişdir ki, adıçəkilən şəxsin həmin tarixdən sonrakı dövr üzrə fərdi hesabında 54742.42 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisələr (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8847/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8847/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar