Məhkəmə qərarları › İş №2-1(103)-1523/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1523/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1523/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1523/2023 (Açar sözlər: sabiq hakimə təyin edilmiş pensiyanın yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Bakı şəhəri 07 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Səid Şahniyar oğlu İbrahimlinin katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 və mütəxəssis qismində X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6653/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. DSMF-nin Salyan rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 11 yanvar 2008-ci il tarixli qərarına əsasən, iddiaçıya ilkin olaraq sabiq prokurorluq işçisi kimi 1 yanvar 2008-ci il tarixdən yaşa görə 483,78 manat məbləğində əmək pensiyası təyin edilmiş, 15 oktyabr 2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə 1070,37 manat məbləğində pensiya təyin edilmiş, 11 yanvar 2018-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyası artırılaraq 2201,21 manat, 1 mart 2018-ci il tarixdən 2429,80 manat, 1 sentyabr 2019-cu il tarixdən 2507,00 manat hesablanmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək 1yanvar 2019-cu il tarixdən Tərtər Hərbi Məhkəməsinin hakiminin əmək haqqındakı artımlara uyğun olaraq ona pensiya artımlarını hesablanıb ödənilməsini xahiş etmişdir. Cavabdehin 6 may 2020-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçının həmin idarəyə daxil olmuş ərizəsi baxılması üçün DSMF-nin Salyan rayon şöbəsinə göndərilmişdir.

3. DSMF-nin Salyan rayon şöbəsinin iddiaçının müraciətinə baxılaraq ünvanladığı 13 yanvar 2020-ci il tarixli **********5 nömrəli məktubla bildirilmişdir ki, müxtəlif məhkəmələrdə 16 il 11 ay hakim vəzifəsində işləməyi, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği və əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasına əlavələr hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən 1 sentyabr 2019-cu il tarixdən vəzifə maaşı 1.584,00 manat müəyyənləşdirilmişdir. Müvafiq olaraq pensiyanın artım məbləği (1.584,00 manat aylıq vəzifə maaşı + 712,80 manat qulluq stajına görə 45% əlavə + 237,60 manat təmsilçilik xərclərinə görə 15% əlavə) x 24 ay + (4.593,60 manat məzuniyyətə çıxarkən vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət + 4.593,60 manat müalicə məqsədilə vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət) x 2 il) – 79.200 : 24 ay = 3.300,00 manat – 3.037,50 manat (artıma qədər orta aylıq əmək haqqı) = 262,50 x 55,75% (15 ilə 50% + 5,75% (15 ildən artıq hər ilə görə 3% (il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)) = 146,35 manat təşkil edir. Belə ki, 1 sentyabr 2019-cu il tarixdən pensiyanın ümumi məbləği 2.507,00 manat (2.360,65 manat + 146,35 manat) təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 sentyabr 2019-cu il tarixdən 5.685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci ildən 2000-ci ilin sentyabr ayına kimi 25 ildən artıq Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, 02 sentyabr 2000-ci ildən 28 iyul 2007-ci ilədək Salyan rayon məhkəməsinin hakimi, 27 iyul 2007-ci ildən 13 dekabr 2010-cu ilə kimi Ağdam Hərbi Məhkəməsinin hakimi, 13 dekabr 2010-cu ildən 27 iyul 2017-ci ilə kimi (faktiki 31 oktyabr 2017-ci ilə kimi) Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 16 il 11 ay (faktiki 17 il 1 ay) hakim vəzifəsində işləmiş, 27 iyul 2017-ci ildən hakim səlahiyyətlərinə xitam verilmişdir. 2018-ci ilin yanvar ayından ona Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən pensiya hesablanmışdır.

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına görə, 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə pensiya həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmalı olduğundan DSMF-nin Salyan şöbəsi tərəfindən həmin vaxt ona pensiya 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmışdır.

7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa edilən son dəyişikliklərlə hakimlərin əmək haqları 01 sentyabr 2019-cu ildən etibarən 2 dəfədən də çox artırılmışdır. Bu dəyişiklikdən sonra 01 sentyabr 2019-cu ildən etibarən ona hesablanan pensiyanın da məbləği 2 dəfədən də çox artırılmalı idi. xx.xx.2005-ci ilə kimi qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə görə əmək haqqı artımındakı sonrakı dəyişikliklər birmənalı şəkildə tam həcmdə pensiya məbləğinə şamil edilir. Lakin Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin tələbləri pozularaq iddiaçının pensiyası yenidən düzgün hesablanmamış, əmək haqqındakı bu artımlar pensiyasına daxil edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6653/2021 nömrəli qərarı ilə (hakim M.C.Qarayeva) iddia rədd edilmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına istinadən hesab etmişdir ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2- 1(103)-567/2022 nömrəli qərarı ilə (hakimlər: A.S.Hüseynov - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1699/2022 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2- 1(103)-567/2022 nömrəli qərarı ləğv edilərək iş baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1699/2022 saylı Qərarında hüquqi mövqeyi belə olmuşdur ki, “..... iddiaçı iddia ərizəsində sonuncu əmək haqqı artımları nəzərə alınmaqla ona 5685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarına istinad edərək onun pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmasını arzulayır.Eyni yanaşma iddiaçının yazılı izahat və şikayətlərində də ifadə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə: 1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş 109-cu maddəsinin beşinci hissəsinin tələbinə görə, səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.Həmin normanın tələbinin təmin olunmaması, öz növbəsində işin hallarının araşdırılması prinsipinin tələblərinin də pozulmasına səbəb olmuşdur. Belə ki, işin faktiki halları məhz aydın şəkildə ifadə olunan tələb üzrə araşdırılmalı, cavabdehin də həmin tələb üzrə və hansı həcmdə öhdəlik daşıyıbdaşımadığı müəyyən edilməlidir.Bu zaman, həmçinin iddiaçıya əmək pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun təyin edildiyi (əmək haqqı artımındakı sonrakı dəyişiklik nəzərə alınmaqla yenidən hesablandığı) də yoxlanılmalıdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü tələblə məhz hansı nəticəyə nail olmaq istədiyini dəqiq müəyyən etməmiş və bununla da İPM-in 13cü maddəsinin tələbini pozaraq yardım etmə funksiyasını yerinə yetirmədən düzgün istiqamətdə araşdırma aparmamışdır.”

a) Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti əvvəlki apellyasiya baxışındakı şikayətin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ç) Prosses iştirakçılarının izahatları

18. Yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1699/2022 saylı Qərarındakı hüquqi göstərişlər nəzərə alınaraq İPM-in 13-cü maddəsinin tələbinə əsasən yardım etmə funksiyası yerinə yetirilərək iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif olunmuş və məhkəmə iclasları təxirə salınaraq iddiaçıya prosessual imkan yaradılmışdır.İddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirmiş, lakin sonuncu olaraq xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarına istinad edilərək onun pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun” 109-cu maddəsinin müddəaları tətbiq edilməklə, xx.xx.2019-cu il tarixdən sonrakı bütün əməkhaqqı artımları, bütün əməkhaqqı növləri, o cümlədən hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə pensiyanın məbləğinə daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilə kimi olan dövr üçün düzgün -5685,60 (beş min altı yüz səksən beş manat altmış qəpik) manat pensiya hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirmişdir.

19. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmiş və mümkün iddia hesab edilmişdir.

20. Dəqiqləşdirilmiş iddianın mahiyyəti ilə bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraza xx.xx.2023-cü il tarixli izah təqdim edilmiş, həmçinin, məhkəmə Kollegiyasının təşəbbüsü ilə mütəxəssis dəvət olunaraq dinlənilmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.İddiaçı məhkəmə Kollegiyasının sualına cavabında bildirmişdir ki, hal-hazırda 4563,59 manat pensiya alır.

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi E.Həşimova apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

23. Mütəxəssis qismində X4 dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə qeyd etmişdir ki,vətəndaş İddiaçı 17 oktyabr 2017-ci il tarixdən sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası hesablanarkən 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmuşdur. İddiaçı qulluq stajı 16 il 10 ay 20 gün təşkil etmişdir. Həmin dövrdə qüvvədə olan qanuna əsasən 5 il qulluq stajı mövcuddursa əmək pensiyasının məbləği 80 faizlə hesablana bilər. Əgər həmin qanuna istinad edilməsəydi bu zaman pensiya məbləği 80 faiz deyil, 55 faiz miqdarında hesablanmalı idi, bu hal da təbii ki, İddiaçı xeyrinə deyil, zərərinə olardı. 01 sentyabr 2019-cu il tarixdən vaxtilə işlədiyi vəzifə maaşı 1584,00 manat hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1022,40 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 568,00 manat, digər növ əlavələr 658,88 manat, orta aylıq əmək haqqı 3152,16 manat təşkil etmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 01 iyul 2022-ci il tarixdən vaxtilə işlədiyi vəzifə maaşı 2272,00 manat hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 396,00 manat, digər növ əlavələr 459,36 manat, orta aylıq əmək haqqı 4521,28 manat təşkil etmişdir.Məhkəmə Kollegiyasının və iddiaçının sualına cavabında mütəxəssis X4 bildirmişdir ki, 01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrlə bağlı artımlar olarkən məbləğlərdə yalnız vəzifə maaşına münasibətdə hesablanma faizi fərqli olur, qalan mükafatlar və s. əvvəlki qaydada müəyyən olunmuş faizlərlə hesablanır.Vəzifə maaşı 2272,00 manat olarkən hakimlik stajına görə vəzifə maaşının məbləği 45 faizi miqdarına uyğun hesablanır.01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqı artımı ilə bağlı bildirmişdir ki, bu halda fəaliyyətdə olan və ya olmayan hakimlərə əlavə haqqın ödənilməsi nəzərə alınmalıdır. Əgər hakim həmin dövrdə hakim olaraq fəaliyyətdə olardısa həmin hakimə əmək haqqının bir misli qədər əlavə şamil oluna bilərdi. Lakin İddiaçı 1 sentyabr 2019-cu il tarixdə hakim kimi fəaliyyət göstərməmişdir.80 faiz, yəni Ali Məhkəmənin sədrinin vəzifə maaşı əsas tutulmaqla “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyasının məbləği hesablanır.Vəzifə maaşına bütün artımlar, yəni səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər və s. nəzərə alınaraq pensiya məbləği hesablanmışdır.Bütün əmək haqqı növləri dedikdə bu hal dövlət qulluqçuları və hakimlərə münasibətdə fərqli olur.Hakimlərə aid olan bütün əmək haqqı növləri dedikdə vəzifə maaşı, hakimlik stajına görə vəzifə maaşına qulluq əlavəsi, yəni 45 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər, mükafatlar nəzərdə tutulur. 1 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqı artımların fəaliyyətdə olmayan hakimlərə şamil olunmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində öz əksini tapmışdır. 1 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqının 100 faizi məbləği qədər əlavə fəaliyyətdə olan hakimlərin əmək haqqlarına artımlar hesab olunur.İddiaçının ümumi pensiya məbləği hal hazırda 4521,28 manat təşkil edir ki, bu da 2022-ci il Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq hesablanmışdır.İddiaçıya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla pensiya təyin edilmişdir.

Tətbiq edilən hüquq

24. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununa əsasən: maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

25. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: - 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə:

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş 109-cu maddəsinin beşinci hissəsinin tələbinə görə, səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir.

27. «Hakimlərin Statusuna dair Avropa Xartiyasının»: 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir.

28. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədək: - (iddiaçının işlədiyi dövrdə) qüvvədə olan redaksiyasına əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

34. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, yeni apellyasiya baxışı zamanı iddiaçı iddia tələbini “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarına istinad edilərək onun pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun” 109-cu maddəsinin müddəaları tətbiq edilməklə, xx.xx.2019-cu il tarixdən sonrakı bütün əməkhaqqı artımları, bütün əməkhaqqı növləri, o cümlədən hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə pensiyanın məbləğinə daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilə kimi olan dövr üçün düzgün - 5685,60 (beş min altı yüz səksən beş manat altmış qəpik) manat pensiya hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirmişdir.

35. Məhkəmə Kollegiyası iddia tələbi üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, İddiaçı 17 oktyabr 2017-ci il tarixdən sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası hesablanarkən onun iddia etdiyi kimi 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmuşdur.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə:1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş 109-cu maddəsinin beşinci hissəsinin tələbinə görə, səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir.

37. İddiaçı qulluq stajı 16 il 10 ay 20 gün təşkil etmişdir.

38. Məhkəmə Kollegiyası qeyd edir ki, əgər 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmadan iddiaçıya pensiya təyin olunmuş olsaydı pensiya məbləği 80 faiz deyil, 55 faiz miqdarında hesablanmalı idi, bu hal isə İddiaçı xeyrinə deyil, zərərinə olardı.İddiaçının hazırda aldığı pensiya məbləinə uyğun olmazdı. 39.Müəyyən olunduğu kimi, 01 sentyabr 2019-cu il tarixdən (12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri əlavə edilmişdir.)iddiaçının vaxtilə işlədiyi vəzifə maaşı 1584,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1022,40 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 568,00 manat, digər növ əlavələr 658,88 manat, orta aylıq əmək haqqı 3152,16 manat təşkil etmişdir.

40. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə maaşı 2272,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 396,00 manat, digər növ əlavələr 459,36 manat, orta aylıq əmək haqqı 4521,28 manat təşkil etmişdir.

41. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, 01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrlə bağlı artımlar olarkən məbləğlərdə yalnız vəzifə maaşına münasibətdə hesablanma faizi fərqli olur, qalan mükafatlar və s. əvvəlki qaydada müəyyən olunmuş faizlərlə hesablanır.Məsələn, Vəzifə maaşı artıb 2272,00 manat olarkən müvafiq olaraq hakimlik stajına görə vəzifə maaşının məbləği 45 faizi miqdarına, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarına uyğun hesablanır, qalan mükafatlar, ixtisas dərəcəsinə görə əlavənin məbləği və s. əvvəlki qaydada müəyyən olunmuş faizlərlə hesablanır.

42. Həmçinin, 01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqı artımı ilə bağlı qeyd olunmalıdır ki, bu halda fəaliyyətdə olan və ya fəaliyyətdə olmayan hakimlərə əlavə haqqın ödənilməsi nəzərə alınmalıdır.

43. Beləliklə, qeyd olunmalıdır ki, əgər iddiaçı 01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə hakim olaraq fəaliyyətdə olardısa, bu halda ona həmin hakimə əmək haqqının bir misli qədər əlavə şamil oluna bilərdi. Lakin İddiaçı 01 sentyabr 2019-cu il tarixdə hakim kimi fəaliyyət göstərməmişdir.

44. Tətbiq olunan hüquq normalarına əsasən Ali Məhkəmənin sədrinin vəzifə maaşı əsas tutulmaqla “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyasının məbləği hesablanır.Odur ki, cavabdeh tərəfindən haqlı olaraq vəzifə maaşına bütün artımlar, yəni hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə, digər növ əlavələr nəzərə alınaraq pensiya məbləği hesablanmışdır.

45. Beləliklə, iddiaçının “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarına istinad edilərək onun pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun” 109-cu maddəsinin müddəaları tətbiq edilməklə, xx.xx.2019-cu il tarixdən sonrakı bütün əməkhaqqı artımları, bütün əməkhaqqı növləri pensiyanın məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması hissədə iddia tələbinin əsaslı olması iş materialları ilə təsdiqini tapmamışdır.

46. İddia tələbinin hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin pensiyanın məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması barədə iddia tələbinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, 01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin fəaliyyətdə olmayan hakimlərə şamil olunmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində öz əksini tapmışdır. (Qanunun 20.1. –ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:.....20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; )

47. Belə ki, 01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqının 100 faizi məbləği qədər əlavə yalnız fəaliyyətdə olan hakimlərin əmək haqqlarına artımlar hesab olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı 17 oktyabr 2017-ci il tarixdən sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir və iddiaçıya əmək pensiyası hesablanarkən onun iddia etdiyi kimi 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmuşdur.

48. Beləliklə, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarına istinad edilərək onun pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun” 109-cu maddəsinin müddəaları tətbiq edilməklə cavabdeh tərəfindən vəzifə maaşına bütün artımlar, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə, digər növ əlavələr (ixtisas dərəcəsi, mükafat və.sair) nəzərə alınaraq pensiya məbləği hesablanıb hazırda da iddiaçıya ödənilməsi həyata keçirildiyindən iddiaçının “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarına istinad edilərək onun pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun” 109-cu maddəsinin müddəaları tətbiq edilməklə, xx.xx.2019-cu il tarixdən sonrakı bütün əməkhaqqı artımları, bütün əməkhaqqı növləri pensiyanın məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması barədə iddia tələbi əsassızdır və təmin olunmamalıdır.

49. 01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqının 100 faizi məbləği qədər əlavə yalnız fəaliyyətdə olan hakimlərin əmək haqqlarına artımlar hesab olunduğundan, İddiaçı isə 17 oktyabr 2017-ci il tarixdən sabiq hakim kimi əmək pensiyası təyin edildiyindən (həmçinin iddiaçıya əmək pensiyası hesablanarkən onun iddia etdiyi kimi 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmüşdür) yəni iddiaçı 01 sentyabr 2019-cu il tarixdən sonrakı dövrdə də fəaliyyətdə olmayan hakim olduğundan, beləliklə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ona şamil olunmadığından iddia tələbi hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin pensiyanın məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması barədə iddia tələbi də əsassızdır və təmin olunmamalıdır.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 6653/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6653/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar