Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1524/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili Vəkil, üçüncü şəxs X3, üçüncü şəxslər Y.Zeynallı və X6 vəkili X4 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2290/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər Y.Zeynallı, F.Zeynallı, “xxxxxxxxxxxxxx” MTK) məhkəməyə müraciət edərək, cavabdehin (Bakı Şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi) qeydiyyatı və aparılmış hərəkətlər qanunsuz hesab edilməklə, Y.Zeynallının adına verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriyalı 119893 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Qərarın əsaslarına görə, “Göründüyü kimi, qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş xx xxxx 1993-cü il tarixli, 018709 saylı order etibarsız hesab edildiyindən, X3 adına həmin mənzilə dair aparılmış qeydiyyat qüvvəsini itirmişdir və bunun əsasında verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilməlidir. Bununla bağlı hərəkətlərin aparılmaması barədə cavabdehin hərəkətləri qanunsuz olmuşdur.” Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh və üçüncü şəxslər ondan apellyasiya şikayətləri verərək, cavabdeh ləğv edilib, iddianın rədd olunmasını, üçüncü şəxslər ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişlər. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzil qanunvericiliyin tələblərinə uyğun şəkildə xx.xx.2002-ci il tarixdə X3 adına ilkin qeydiyyata alınmışdır. Bundan sonra, xx.xx.2007-ci il tarixli mənzilin bağışlama müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Qeyd olunanlardan göründüyü kimi, mənzilin hazırda F.Zeynallının mülkiyyətində olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2007-ci il tarixli mənzilin bağışlama müqaviləsinin və F.Zeynallının adına verilmiş xx.xx.2007-ci il tarixli reyestrdən çıxarışın ləğv edilib-edilməməsinə hər hansı münasibət bildirilməmişdir. Üçüncü şəxslərin apellyasiya şikayətinin dəlillərinə görə, ilkin iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin üzərinə Y.Zeynallının adına verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriya 119893 nömrəli qeydiyyat vəsiqəsinin və DƏDRX tərəfindən F.Zeynallının adına verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışın ləğv edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Qeydiyyat vəsiqəsinin ləğv edilməsi ilə bağlı hissəsində qeyd edilir ki, daşınmaz əmlak 2007-ci il tarixdə Y.Zeynallı tərəfindən öz həyat yoldaşı F.Zeynallıya bağışlandıqdan sonra qeyd edilən qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbləri əsassızdır. Çünki, artıq həmin sənəd ləğv edilmiş və daşınmaz əmlak üzərində yeni hüquqlar qeydə alınmışdır. Bu isə artıq tərəflər arasında mübahisənin olmadığını göstərən haldır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məcəllənin tələblərindən də görünür ki, məhkəmə inzibati mübahisələrə baxır, hazırda isə yuxarıda qeyd edilən hissədə mübahisə demək olar ki, yoxdur. İddia tələblərinin ikinci hissəsi olan DƏDRX tərəfindən F.Zeynallının adına verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışın ləğv edilməsi vəzifəsinin qoyulması ilə bağlı hissəsində isə qeyd edilir ki, çıxarış hüquqi akt olmaqla şəxsin mülkiyyət hüquqlarını müəyyənləşdirdiyi üçün inzibati akt hesab edilə bilməz. Bu səbəbdən də çıxarışın inzibati qaydada mübahisələndirilməsi düzgün olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs Y.Zeynallı və üçüncü şəxslərin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı və onun vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini İPM-in 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Şikayətlər mahiyyətcə əsassızdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, “xxxxxxxxxxxxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri Nərimanov rayonu Ak. Həsən Əliyev küçəsi 33, 8 mərtəbəli bina blok 1 mərtəbə 3, 4 nömrəli mənzil iddiaçının istifadə və sahibliyində olmaqla, hazırda həmin ünvanda yaşayır. Mənzilin yerləşdiyi 33 nömrəli bina auksion yolu ilə “Nehrəm” Holdinq Kompaniyası tərəfindən alınmış, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə “Nehrəm” Holdinq Kompaniyası arasında Bakı şəhəri İnqilab küçəsi 33 nömrəli yaşayış binasının alqı-satqısı haqqında 10693 nömrəli müqavilə imzalanmış, DƏK tərəfindən xx.xx.1998-ci il tarixdə “Nehrəm” Holdinq Kompaniyasına onun Bakı şəhəri İnqilab küçəsi 33 nömrəli yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmiş və bu barədə 23 nömrəli reyestr kitabının 7-ci səhifəsində müvafiq qeydiyyat aparılmışdır. Həmin mənzili “Nehrəm” Holdinq Kompaniyası payçısı və üzvü olan X1, sonuncuya bu barədə Bakı ŞİH Başçısının Aparatının xx.xx.2002-ci il tarixli 000903 nömrəli orderi verilmiş və o, mənzilə qeydiyyata düşmüşdür. T.Cəfərova “xxxxxxxxxxxxxx” MTK-nın xx.xx.2013-cü il tarixli 08 nömrəli protokoluna, xx.xx.2013-cü il tarixli 07 nömrəli orderinə və xx.xx.2013-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən mənzili X2. Sonradan N.Qasımov həmin mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qayınanası İddiaçı satmışdır. Sözügedən bina “xxxxxxxxxxxxxx” MTK-nın mülkiyyətinə keçməzdən əvvəl Bakı ŞİH başçısının xx.xx.1993-cü il tarixli 1264 nömrəli sərəncamına əsasən Bakı şəhəri İnqilab küçəsi 33 nömrəli evin 4 nömrəli mənzili 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə üçüncü şəxs Y.Zeynallıya verilmiş və həmin mənzilə dair onun adına orderin verilməsi Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə tapşırılmış, həmin göstərişə uyğun olaraq Binəqədi RİH tərəfindən Y.Zeynallının adına xx.xx.1993-cü il tarixli 018709 nömrəli order verilmişdir. Bakı ŞİH başçısının xx.xx.1994-cü il tarixli 1342 nömrəli sərəncamı ilə, Bakı Şəhər Prokurorluğunun protestinə baxılmasının nəticəsi olaraq, Bakı şəhəri İnqilab küçəsi 33 nömrəli binada vətəndaşlara mənzillərin verilməsinə dair Bakı ŞİH başçısının bir sıra sərəncamları, o cümlədən mübahisəli mənzilin Y.Zeynallıya verilməsinə dair xx.xx.1993-cü il tarixli 1264 nömrəli sərəncamı ləğv edilmiş və verilmiş orderlərin etibarsız sayılması barədə məhkəmələrdə iddia qaldırmaq müvafiq rayon icra hakimiyyətinin başçılarına tapşırılmışdır. AR Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1 mk- 6891/2005 nömrəli iş üzrə xx.xx.2005-ci il tarixli qətnaməsi ilə iddiaçı Binəqədi RİH-in cavabdeh Y.Zeynallıya qarşı iddiası təmin edilmiş, Binəqədi RİH tərəfindən Y.Zeynallıya 4 nəfər ailə tərkibi ilə verilmiş xx.xx.1993-cü il tarixli 018709 nömrəli order etibarsız hesab edilmiş və həmin qətnamə AR Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6k- 1240/06 nömrəli iş üzrə xx.xx.2006-cı il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış və bununla da qanuni qüvvəyə minmiş, qətnamədə orderin etibarsız hesab edilməsinə əsas olaraq “Nehrəm” Holdinq Kompaniyası Bakı şəhəri İnqilab küçəsi 33 nömrəli yaşayış binasını alarkən onun hər hansı bir vətəndaşın istifadəsinə, o cümlədən, mübahisəli 4 nömrəli mənzilin Y.Zeynallıya verilməsi barədə heç bir qeyd-şərt olmaması, mübahisəli mənzilə dair order verilərkən Bakı şəhəri İnqilab küçəsi 33 nömrəli yaşayış binasının tikintisinin başa çatmaması, Dövlət Komissiyası tərəfindən binanın təhvil-təslim aktı üzrə qəbul edilmədiyi və yaşayış üçün yararlı olmadığı göstərilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin üçüncü şəxs Y.Zeynallının adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.1993-cü il tarixli 018709 nömrəli order məhkəmə qərarı əsasında etibarsız hesab edilmişdir. AR Mülki Məcəlləsinin 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1993cü il tarixli 018709 nömrəli order məhkəmə qərarı əsasında etibarsız sayıldığından, həmin etibarsız hüquqi akta istinadən qəbul edilmiş mübahisəli xx.xx.2002-ci il tarixli ÖM 119893 nömrəli qeydiyyat vəsiqəsi də etibarsızdır. Çünki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə və F.Zeynallının adına verilmiş xx.xx.2007-ci il tarixli reyestrdən çıxarışın qanuniliyinə hər hansı münasibət bildirilə bilməzdi. Çünki, qeyd olunan məsələlər hazırkı mübahisə predmetinə daxil deyildi. Digər tərəfdən, xx.xx.2007-ci il tarixli reyestrdən çıxarış xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən verildiyindən, həmin çıxarışın mübahisələndirilməsinə mülki mühakimə icraatı qaydasında baxıla bilərdi (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı). Üçüncü şəxslərin də apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. Belə ki, iddiaçı xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışın ləğv edilməsini tələb etməmişdir. Mübahisəli qeydiyyat vəsiqəsinin daşınmaz əmlak 2007-ci il tarixdə Y.Zeynallı tərəfindən həyat yoldaşı F.Zeynallıya bağışlandıqdan sonra ləğv edilməsi isə iş materialları ilə təsdiq olunmur, üçüncü şəxslər də bu barədə Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Halbuki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin vaxtilə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin lehinə aparılan mübahisəli ilkin qeydiyyat formasında həyata keçirdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin qanuniliyini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin hərəkətləri iddiaçının hüquqlarını pozmuş, aparılan qeydiyyat mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2290/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin və üçüncü şəxslər X7 və X6 apellyasiya şikayətləri təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1524/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1524/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver