Məhkəmə qərarları › İş №2-1(103)-1524/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1524/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1524/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7252/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq xəstəliyinə görə İİ dərəcə əlilliyin təyin olunması barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 7 il böyrək çatışmamazlığı diaqnozu üzrə əlilliyə görə pensiya almağına baxmayaraq, 2021-ci ilin aprel ayından sonra pensiya almaq hüququndan məhrum edilmişdir. Baxmayaraq ki, yenidən müayinədən keçib uyğun sənədləri müvafiq qaydada təqdim etmiş, səbəb kimi əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. 10 ildən çoxdur davam edən bu xəstəlik xroniki hall almış və onun bütün orqanlarının tədricən sıradan çıxmasına gətirib çıxarmışdır. 12 may 2014-cü ildə ilk dəfə İİ dərəcəli əlillik təyin olunarkən xəstəliyi xroniki böyrək çatışmamazlığının İİ fazasında idi. 2016-cı ildə təkrar müayinədən sonra 5 il müddətinə elektron qaydada əlillik dərəcəsi verilmişdir. Baxmayaraq ki, xəstəliyi bir qədər də daha inkişaf edərək İİİ fazaya keçmiş və xroniki obstruktiv pieionifrit diaqnozu qoyulmuşdur, 2021-ci ilin aprel ayında isə onu əlillikdən məhrum etdilər. Müayinə M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasında aparılmış və xəstəliyin daha ciddi olduğu bildirilmişdir. O, uzun müddət Tibb Universitetinin Tədris X1 Şöbəsində müalicə almış, xəstəliyin ağır vaxtlarında komaya düşmüş və məhz vicdanlı həkimlərin səyi nəticəsində həyatda qalmışdır. Səhiyyə Nazirliyi tərəfindən pulsuz dərmanla təmin olunmuş, lakin xəstəliyin xroniki hall alması intensiv müalicələrə baxmayaraq, onun inkişafına müsbət təsir etmiş və daha ağır mərhələyə keçmişdir. Hal-hazırda “Mediland” Hospitalının nefrologiya şöbəsində ixtisaslı həkimlər tərəfindən müalicə alır. Əmək qabiliyyətli deyil, çünki daim təyin olunmuş dərmanların vaxtlı vaxtında qəbulu, həkim nəzarəti və istirahət tələb olunur. O, fasiləsiz müalicə almalıdır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə” yə görə İİ və İİİ dərəcəli böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşən və böyrək çatışmamazlığının terminal mərhələsində xəstələr əlil sayılır. O, artıq bu xəstəliyin İİİ fazasındadır. M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasın müayinə aktının nəticələrinə görə YF-54 ml/dəq səviyyəsindədir. Onun həyatı daim risk altındadır və kəskinləşmə halları teztez olur və bacarıqlı, savadlı həkimlərin müalicəsi və qayğısı nəticəsində bunların qarşısı alınır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7252/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, iddiaçının tələbi tərəflərindən təmin olunduğundan və işin mahiyyəti üzrə artıq mübahisə olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatətə Tibbi-Sosial Ekspert Komissiyasının qərarı əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi hazırki halda inzibati orqanın qərarı ilə razı olduğunu və mübahisənin mövcud olmadığından icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasından nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, vəsatət təmin edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli müayinə aktı ilə yenidən əyani müayinəsi həyata keçirilərək qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə 5 il müddətinə əlillik təyin edilmişdir. Beləliklə, iddia tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar