Məhkəmə qərarları › İş №2-1(103)-1525/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1525/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1525/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2470/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq, cavabdeh əsassız olaraq ona pensiyanın təyinini həyata keçirməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 57 yaşı tamam olduğu vaxtdan, yəni 14 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Son olaraq iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 57 yaşdan, yəni 14 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin isə 29 iyun 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müraciətinə müvafiq sənədlər əlavə etmədiyindən iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Məktubda iddiaçı tərəfindən əlavə sənəd (sənədlər) təqdim ediləcəyi halda inzibati orqanın müraciətə yenidən baxaraq araşdırılacağı qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən müvafiq sənədlər Filiala təqdim edilməmişdir. Belə olan halda cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubla iddiaçının hüquqları pozulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2470/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərarı ilə (O.Həsənov) iddia tələbi təmin edilmiş və İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı tələbi üzrə ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; xx.xx.2006-cı il tarixədək 02 nömrəli siyahı üzrə 12 il 06 ay güzəştli iş stajı. İş materiallarına əsasən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli xx/xx-2023 nömrəli məktubunda İddiaçı xx.xx.1983-cü ildə Bakı Qənnadı Kombinatında (Əmr № 100K) Kompressor-soyuducu şöbəsində 3-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edildiyi, xx.xx.1985-ci ildə (Əmr № 76K) eyni şöbədə 4-cü dərəcəli maşinist vəzifəsinə keçirildiyi, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinin ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti vəzifəsinə uyğun olaraq zərərli peşə sayılır) xx.xx.1990-cı ildə (Əmr № 19) quraşdırıcı çilingər vəzifəsinə keçirildiyi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinin, avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri vəzifəsinə uyğun olaraq zərərli peşə sayılır), lakin həmin dövrdə də faktiki gördüyü iş maşinist (ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist) olduğu və xx.xx.2002-ci il tarixdə işdən azad edildiyi qeyd edilmişdir. Sözügedən məktubda İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurqu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) işlədiyi nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Belə ki, Siyahıda peşə və vəzifələr məhz müəyyən sahələr üzrə təsnifləşdirilmişdir. Bu isə o deməkdir ki, peşənin zərərli hesab olunması onun aid olduğu sahədəki fəaliyyətin xüsusiyyətləri ilə müəyyən edilir və hansısa peşə məhz istehsalatın konkret müəyyən olunmuş sahəsində zərərli əmək şəraitinə aid edilə bilər. Məsələn, kimya istehsalında zərərli iş kimi nəzərdə tutulmuş peşə, digər bütün sahələrdə də (tikinitdə və ya yüngül sənayedə) zərərli hesab oluna bilməz. Eyni zamanda, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli güzəştli arayışdan görünür ki, iddiaçının işlədiyi peşənin xüsusilə zərərli iş şəraiti kimi nəzərə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının müvafiq bəndlərinə istinad edilmişdir. Lakin iddiaçının tələbi ona Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 02 nömrəli siyahı üzrə 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçıya məxsus güzəştli arayış əsasında onun tələbi üzrə faktiki şərtlərin mövcudluğu sübut olunmur. Göstərilənlər nəzərə alınaraq İddiaçı qanunvericiliyin tələblərinə əsasən güzəştli iş stajı olmadığından ona tələbi üzrə 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Diplomun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika Kolleci tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 23 avqust 1977-ci il tarixində Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuş və 06 mart 1981-ci il tarixində “Soyuducu kompressorlu maşın və qurğular” ixtisası üzrə əyani şöbədə tam kursu bitirmişdir. - Hərbi biletə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakportxolodilnikdə maşinist; xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək meyvətərəvəz soyuducu bazasında maşinist; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək meyvə-tərəvəz soyuducu bazasında maşinist, çilingər; xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) maşinist, çlingər; xx.xx.2002-ci il tarixdən xx.xx.2004- cü il tarixədək “McDermott X5” Şirkətində quraşdırıcı; xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək həmin Şirkətdə quraşdırıcı vəzifəsində; xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də istehsalat sahəsində qablaşdırıcı vəzifəsində işləmişdir. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Azəryeyintisənaye Dövlət Şirkətinin Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexlərinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.1997-ci il tarixli, 149 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Bakı Qənnadı Kombinatında (Əmr № 100K) Kompressor-soyuducu şöbəsində 3-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildə (Əmr № 76K) eyni şöbədə 4-cü dərəcəli maşinist vəzifəsinə keçirilmiş, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinin ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti vəzifəsinə uyğun olaraq zərərli peşə sayılır) xx.xx.1990-cı ildə (Əmr № 19) quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş, lakin həmin dövrdə də faktiki gördüyü iş maşinist (ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist) olmuşdur. Vəzifə adının niyə quraşdırıcı çilingər yazıldığı məlum deyil. Hesab olunur ki, ştat məsələləri ilə əlaqədar belə yazılmışdır. xx.xx.2002-ci il tarixdə (Əmr № 17K) öz xahişi ilə işdən azad edilmişdir. - X1 pensiya işindən görünür ki, həmin şəxs 06 may 2002-ci il tarixdən 13 avqust 2007-ci il tarixədək Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən MakDermott X5 Şirkətində işləmiş, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən həmin şəxsə güzəştli arayış (quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsində (kod ******* a-14612) altında nəzərdə tutulması) verilmişdir, bununla da onun pensiyası güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Kollegiya həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. Məhkəmə kollegiyası iddiaçının təhsil aldığı dövrlə bağlı bildirir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarında olan diplomun və arayışın surətindən görünür ki, İddiaçı 23 avqust 1977-ci il tarixində Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuş və 06 mart 1981-ci il tarixində “Soyuducu kompressorlu maşın və qurğular” ixtisası üzrə əyani şöbədə tam kursu bitirmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1977-xx.xx.1981-ci il tarixədək (03 il 06 ay 14 gün) aldığı təhsil müddətinin iş stajına daxil edilməli olduğu qənaətinə gəlməklə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (05 ay 01 gün) hərbi xidmətdə olmuşdur. Eyni zamanda iş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakportxolodilnikdə maşinist; (01 il 08 ay) -xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək meyvə-tərəvəz soyuducu bazasında maşinist; (17 gün) -xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək meyvə-tərəvəz soyuducu bazasında maşinist, çilingər; (01 il 06 ay 07 gün) -xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) maşinist, çlingər; (19 il 02 ay 12 gün) -xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Mkdermott X5” Şirkətində quraşdırıcı; (02 il 01 ay 26 gün) -xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “McDermott X5” Şirkətində quraşdırıcı; (02 il 09 ay 01 gün) -xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də istehsalat sahəsində qablaşdırıcı vəzifəsində işləmişdir. (03 il 03 ay 20 gün) Məhkəmə kollegiyası iddiaçının işlədiyi dövrlər ilə bağlı bildirir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakportxolodilnikdə maşinist işlədiyi müddət onun təhsil aldığı müddət ilə üst-üstə düşür. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən iddiaçının razılığı əsasında onun təhsil müddətini tam, Bakportxolodilnikdə maşinist vəzifəsində işlədiyi müddəti isə xx.xx.1981xx.xx.1981-ci il kimi nəzərə alır. Göründüyü kimi iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu müddəti işlədiyi müddət ilə birgə nəzərə aldıqda müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (xx.xx.1977-xx.xx.1981; xx.xx.1981-xx.xx.1981; xx.xx.1981-xx.xx.1981; xx.xx.1981-xx.xx.1983; xx.xx.1983- xx.xx.2002; xx.xx.2002-xx.xx.2004; xx.xx.2004xx.xx.2006 = 28 il 01 ay 13 gün) çox təşkil edir ki, bu da öz növbəliyində ümumi iş stajı ilə bağlı şərtin ödənildiyini göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin imtinasının, eyni zamanda apellyasiya şikayətinin dəlili iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının - Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) və “McDermott X5” Şirkətində işlədiyi müddət mübahisələndirilir. İddiaçının Bakı Karamel Fabrikində (Bakı Qənnadı Kombinatında) işlədiyi müddətlə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) maşinist, çilingər vəzifələrində işləmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi həmin vəzifələrin güzəştli olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, müəssisənin mövcudluğu, özəlləşdirilib-özəlləşdirilməməsi ilə bağlı araşdırma apararaq aidiyyəti orqanalara sorğular vermişdir. Sorğulara cavab məktublarından məlum olmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Azəryeyintisənaye Dövlət Şirkətinin Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexlərinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.1997-ci il tarixli, 149 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi Bakı Karamel Fabriki (Bakı Qənnadı Kombinatında) özəlləşdirilmiş və "xxxx" ASC yaradılmışdır. Məhkəmə tərəfindən iddiaçının həmin dövrlərdə işlədiyi həmin vəzifələrin güzəştli olub-olmaması ilə bağlı aidiyyəti olaraq "xxxx" ASC-yə sorğu ünvanlanmış və məlum olmuşdur ki, həmin vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aiddir. Belə ki, "xxxx" ASC İddiaçı xx.xx.1983-cü ildə Bakı Qənnadı Kombinatında (Əmr № 100K) Kompressor-soyuducu şöbəsində 3-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edildiyini, xx.xx.1985-ci ildə (Əmr № 76K) eyni şöbədə 4-cü dərəcəli maşinist vəzifəsinə keçirildiyini, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinin ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti vəzifəsinə uyğun olaraq zərərli peşə sayılır) xx.xx.1990-cı ildə (Əmr № 19) quraşdırıcı çilingər vəzifəsinə keçirildiyini, lakin həmin dövrdə də faktiki gördüyü iş maşinist (ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist) olduğunu təsdiq etmişdir. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə Bakı Qənnadı Kombinatı hal-hazırda mövcud olmasa da, iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, daha sonra özəlləşdirilməsi və səhmlərin özəlləşdirilərək "xxxx" ASC olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC tərəfindən təqdim olunmuş sorğuya cavab məktubu iddiaçının güzəştli vəzifələrdə işlədiyini təsdiq edir. Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, əmək kitabçasında iddiaçının xx.xx.1990-ci il tarixdən quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunsa da, həmin dövrdə də onun məhz maşinistin əmək funksiyalarının icra etməsi "xxxx" ASC tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—14341 kod altında nəzərdə tutulan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri peşəsi güzəştli pensiya hüququ verən peşəyə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndində “Ümumi peşələr” bölməsində göstərilən ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsi güzəştli pensiya hüququ verən peşəyə aiddir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Karamel Fabrikində (Bakı Qənnadı Kombinatı) işlədiyi müddət güzəşti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası iddiaçının “McDermott X5” Şirkətində işlədiyi müddətə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan əmək kitabçasının surətindən də göründüyü kimi iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “McDermott X5” Şirkətində quraşdırıcı vəzifəsində işləmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının həmin vəzifədə işlədiyi müddətin güzəştli olub-olmaması ilə bağlı araşdırılma aparılmış, müəssisənin mövcud olmadığına görə "xxxx" MMC, “Azfen” BM və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna sorğular verilmişdir. "xxxx" MMC və “Azfen” BM iddiaçının həmin müəssisələrdə işləmədiyini əsas gətirərək quraşdırıcı vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olubolmamasının müəyyən edilməsini onların səlahiyyətlərində olmadığını bildirmişdirlər. Lakin işin birinci instansiya icraatı zamanı məhkəmə iddiaçı ilə yanaşı “McDermott X5” Şirkətində “quraşdırıcı” vəzifəsində işləmiş hər hansı şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağı ilə bağlı araşdırma aparmış, X1 pensiya işini tələb etmişdir. Vətəndaşın pensiya işinə daxil olan sənədlərdən müəyyən olunmuşdur ki, həmin şəxs 06 may 2002-ci il tarixdən 13 avqust 2007-ci il tarixədək Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən MakDermott X5 Şirkətində işləmiş, Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən həmin şəxsə güzəştli arayış (quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsində (kod ******* a-14612) altında nəzərdə tutulması) verilmişdir, bununla da onun pensiyası güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilmişdir. Göründüyü kimi iddiaçı ilə eyni vəzifədə işləyən “MakDermott X5” Şirkətinin əməkdaşına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir ki, bu zaman Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu “quraşdırıcı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsində (kod ******* a-14612) altında nəzərdə tutulan vəzifə olduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının işlədiyi “MakDermott X5” Şirkətinin mövcud olmaması və ya Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən “quraşdırıcı” vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına əsas olan vəzifəyə aid olub-olmaması ilə bağlı məhkəmə sorğusuna cavab verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan bir haldır və ona əlavə məsuliyyət yaratmamalıdır. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin formalaşmış mövqeyini də nəzərə alaraq hesab edir ki, iddiaçı ilə eyni vəzifədə işləyən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən və onun həmin vəzifədə işlədiyi dövrün güzəştli olmasını təsdiq edən güzəştli arayış mövcud olduğundan, iddiaçıya güzəştli arayışın olmaması əsası ilə həmin dövrün sığorta stajına daxil edilməsindən imtina edilməsi bərabərlik məfhumu baxımından əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək “McDermott X5” Şirkətində quraşdırıcı vəzifəsində işlədiyi müddət də güzəştli iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 06 aydan çox (xx.xx.1983-xx.xx.2002; xx.xx.2002-xx.xx.2006 = 22 il 06 ay 08 gün) təşkil edir ki, bu da güzəştli iş stajının ödənildiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı ilə bağlı şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 29 iyun 2019-cu il tarixdə (etirazda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-cu il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2470/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar