Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1526/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5181/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11052 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Əliyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, X2 400.000 X4 (ödəniş gününə həmin valyutanın manata olan məzənnəsi ilə manatla), hüquqi xidmət göstərilməsinə görə 200 (iki yüz) manat pul və ödənilmiş 30 manat (otuz manat) dövlət rüsumunun əvəzinin tutularaq tələbkar İddiaçı ödənilməsinin təmin edilməsi, icra vərəqəsi üzrə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərinin keçirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada aidiyyəti orqanlara sorğular göndərilməsi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1 və 82.3-cü maddələrinə uyğun olaraq, borclunun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi öhdəliyinin icrasının Suraxanı rayon İcra və probasiya şöbəsindən (icra məmuru Vüsal Əliyev) tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,onun cavabdeh X3 qarşı borc məbləğinin ödənilməsi tələbinə dair işə Suraxanı Rayon Məhkəməsində baxılmışdır və həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-3868/2018 Saylı qətnaməsi ilə (hakim:Ramil Həsənov) İddiaçı cavabdeh X3 qarşı borc məbləğinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11052/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X2 400.000 (dörd yüz min) X4 dirhəmi (ödəniş gününə həmin valyutanın manata olan məzənnəsi ilə manatla), hüquqi xidmət göstərilməsinə görə 200 (iki yüz) manat pul və ödənilmiş 30 manat (otuz manat) dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1052/2018 saylı qətnaməsindən şikayət verilməmiş və həmin qətnamə qanuni qüvvəyə mindiyindən xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1052/2018 saylı icra vərəqəsi icra olunması üçün Suraxanı rayon icra və probasiya şöbəsinə göndərilmiş və hazırda icra işi həmin şöbənin icra məmuru Vüsal Əliyevin icraatındadır. Lakin Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən 1 il 7 ay müddətin keçməsinə baxmayaraq Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev tərəfindən heç bir icra hərəkətələri həyata keçirilməmiş və borcluya qarşı hər hansı məcburi icra tədbirləri tətbiq edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5181/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən hər hansı bir məbləğ ödənilməmiş, icra məmuru Vüsal Əliyev tərəfindən qətnamənin icrası istiqamətində məcburi icra hərəkətləri həyata keçirilməmişdir. Məhkəmənin həmin qərardadı Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.2ci maddəsinin və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli Qərarının formalaşdırdığı hüquqi mövqeyinə uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini və iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5181/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 borc məbləğinin ödənilməsi tələbinə dair iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və iş üzrə çəkilən xərclər iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11052/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3868/2018 saylı iş üzrə yeni qətnamə qəbul edilmişdir, iddia qismən təmin edilmiş, cavabdeh X1 400.000 X4 (ödəniş gününə həmin valyutanın manata olan məzənnəsi ilə manatla), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 200(iki yüz) manat pul və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2046/2020 saylı, x xxxx 2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Suraxanı rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyindən tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılması qərara alınmışdır. Odur ki, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlüyü ilə bağlı şərtlərinə iddiaçı tərəfindən əməl edilməməsini əsas kimi gətirərək iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçı icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə şikayət verməmiş, bunun əvəzinə inzibati qaydada müstəqil iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228- 232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyil. Bundan başqa, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, habelə hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dairnormalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilmiş icra məmurunun hərəkətsizliyi məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır. Odur ki, İcra şöbəsinin həmin hərəkətsizliyindən verilmiş şikayətlərə məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir və məhkəmənin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5181/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1526/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1526/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver