Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1526/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə qarşı “onların, həmçinin, 2003-cü il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “onların, həmçinin, 2003-cü il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1336/2020 saylı 13 mart 2020-ci il tarixli qərarından 3-cü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1 xx.xx.1969-cu il, İddiaçı2 xx.xx.1988-ci il və İddiaçı3 xx.xx.1999-cu il təvəlldülüdür. AZ-İİ seriyalı 277648 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X9 arasında 13.11.2018-ci ildə nikah bağlanmışdır. 2065 saylı 22.10.2007-ci il tarixli “Mənzilin alqı-satqısı haqqında” müqaviləyə əsasən “xxxx” MMC Bakı şəhərində, Sabunçu rayonu, ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdirdiyi 4 saylı binanın, 1-ci blok, 43 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 110,57 kv.metr olan mənzili “alıcı” İddiaçı1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 5589 saylı 25.01.2011-ci il tarixli maliyyə arayışından görünür ki, sözügedən mənzilin dəyəri olaraq 46505.74 manat məbləği İddiaçı1 tərəfindən tam olaraq ödənilmiş və onun heç bir borcu yoxdur. “xxxx” MMC-nin Mənzil Təhvil Komissiyası tərəfindən tərtib edilmiş 25.01.2011-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, bina 4, 5-ci mərtəbədə yerləşən 110,57 kv.metr ümumi sahəsi olan 43/45 saylı mənzilin sahibi İddiaçı1dur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 6, 44 saylı mənzilə pasport qeydiyyatına düşmələri və yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilmələri ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onların tələblərinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış 073-15734A-3219 saylı 29.05.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanına qeydiyyata alınma üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X1 təqdim olunması vacibdir. Lakin, yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq, 2 saylı İnzibati İqtisad məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdiir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onların, həmçinin, 2003-cü il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən 45 saylı mənzil payçı hüququ ilə iddiaçı İddiaçı1 məxsusdur. Mənzilə dair kooperativə olan borc ödənilməklə sözügedən mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ vardır. Lakin mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmamışdır. İddiaçı1, həyat yoldaşı İddiaçı2 və oğlu, İddiaçı3 mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etsələr də, sonuncu tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1336/2020 saylı 13 mart 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X8 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tələsik, qərəzli, ədalətsiz və tərəflərin qanun qarşısında bərabərlik pirinsipini pozmaqla qərar qəbul etmişdir. Həmin məhkəmə barədə ona bir dəfə də xəbərdarlıq edilməmiş, məlumat verilməmiş və iştirakı təmin edilmədən əsassız və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, iddiaçılar heç vaxt həmin mənzildə yaşamamış və hazırda da yaşamırlar. İddiaçılar Ağdam rayonunda yaşayır. Eyni zamanda Sabunçu rayon Məhkəməsinin qətnaməsindən də göründüyü kimi, həmin mənzil onun sahiblik, istifadə və sərəncamındadır. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1355/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-43/2021 saylı 10 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1355/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı1 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, İddiaçı1 artıq sözügedən mənzilə dair adına mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Buna görə də hesab edir ki, İddiaçı1 hazırda nikahda olan arvadı və uşaqları ilə sözügedən mənzilə qeydiyyata düşmək hüququ vardır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında digər iddiaçılar İddiaçı2, İddiaçı3 və 3-cü şəxs X8 lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 25.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını bildirmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə digər iddiaçıların, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin nümayəndəsinin və 3-cü şəxs X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş materiallarında olan **********00043 saylı 22.10.2007-ci il tarixli “Mənzilin alqı-satqısı haqqında” müqavilənin surətindən görünür ki, “xxxx” MMC Bakı şəhərində, Sabunçu rayonu, ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdirdiyi 4 saylı binanın, 1-ci blok, 43 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 110,57 kv.metr olan mənzili “alıcı” İddiaçı1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 5589 saylı 25 yanvar 2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 4 - bina, 1 – blok, 5-ci mərtəbədə, 110,57 kv.metr ümumi sahəsi olan 43 saylı mənzilinin ümumi dəyəri 46505.74 manat məbləği olaraq İddiaçı1 tərəfindən tam ödənilmiş və onun heç bir borcu yoxdur. Həmçinin “xxxx” MMC-nin Mənzil Təhvil Komissiyası tərəfindən tərtib edilmiş 43 saylı yeni nömrə ilə (45 saylıköhnə nömrə) 25.01.2011-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən, bina 4, 43/45 saylı mənzil 2065 saylı 13.02.2007-ci il tarixli müqavilənin 3.1.2.3-cü maddəsinə əsasən alıcı İddiaçı1 təhvil almışdır. Sonradan iddiaçılar (İddiaçı1, hazırki həyat yoldaşı və oğlu) sözügedən mənzilə özlərinin və iki oğlunun qeydiyyata düşmələri ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsələr də, onların müracətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtinadan narazı qalan iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onların iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Qeyd olunan məhkəmə qərarından narazı qalan üçüncü şəxs (iddiaçının keçmiş həyat yoldaşı) Aynur Abdunovanın verdiyi apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və buna görə də 13.03.2020-ci il tarixli məhkəmə qərarının ləğv edilərək iddiaçıların iddiasının qeyri-mümkün sayılması qərara alınmışdır. Lakin iddianın qeyri-mümkünlüyü ilə bağlı çıxarılmış 02.09.2020-ci il tarixli qərardad kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 43/2021 saylı 10 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, sözügedən yaşayış sahəsinə 3-cü şəxs X8 qeydiyyata alınarkən də yaşayış sahəsinin hüquqi statusu məhz üzərində mülkiyyət hüququ qeydiyyata alınmamış yaşayış sahəsi idi və bu vəziyyətdə onun orada qeydiyyata alınması hüququ məhkəmə tərəfindən tanınmışdı. Hazırki iddia ərizəsi verilərkən də iddiaçıya münasibətdə eyni hüquqi və faktiki vəziyyət idi. İddiaçı da həmin yaşayış sahəsinin titul sahibi idi. Ona görə də məhkəmə, Vaqif Abdunovun iddia predmetinə münasibətdə 3-cü şəxslə bərabər mənafelərə malik subyekt kimi qəbul etməməsini əsaslandırmamış, nəticədə apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxılarkən müəyyən olundu ki, iş kassasiya instansiyasının icraatında olarkən iddiaçıların pasport qeydiyyatına düşmələrini tələb etdikləri mənzil üzərində artıq İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə müvafiq çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəy-yən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Hazırki işdə iddiaçıların sözügedən mənzilə qeydiyyata alınmalarını istisna edən, yəni bu hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan əsaslar mövcud deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Digər tərəfdən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar həm özlərinin, həm də yetkinlik yaşına çatmayan uşaqlarının sözügedən mənzilə qeydiyyata alınmaları barədə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar və birinci instansiya məhkəməsi tərəfindən onların bu iddiası əsaslı olduğundan düzgün olaraq təmin edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, bu barədə qeyd olunmalıdır ki, apelyant hazırki işə birinci instansiya qaydasında baxılarkən onun 3-cü şəxs qismində işə cəlb olunmasından və keçirilən məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar olunmuşdu. Bu fakt iş materialları ilə də tam təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyantın şikayətində göstərdiyi dəlillər formal xarakter daşımaqla, qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəsxin apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1336/2020 saylı 13 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1336/2020 saylı 13 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1526/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1526/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver