Məhkəmə qərarları › İş №2-1(103)-1526/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1526/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1526/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1526/2023 (Açar sözlər: “11.000,0 (on bir min) manat birdəfəlik ödəmənin verilməsi”) Bakı şəhəri 30 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə sübut qismində ******* nömrəli hərbi biletinin, 338087 nömrəli doğum haqqında şəhadətnamənin, 022949 nömrəli ölüm haqqında şəhadətnamənin, 002670 və 002671 nömrəli şəhid ailəsi üzvünün vəsiqələrinin, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 45 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 13 sentyabr 2022-ci il tarixli, **********4 nömrəli Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədrinə ünvanlanmış məktubunun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 13 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisinə ünvanlanmış məktubunun, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 07 oktyabr 2022-ci il tarixli, 06/02-144 nömrəli məktubunun, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli. xx/xx-6002/7 nömrəli məktubunun surətləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 mart 2022-ci il tarixli, **********1 nömrəli imtina məktubu və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 03 oktyabr 2022-ci il tarixli, 05/1971 nömrəli məktubu təqdim edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 03 oktyabr 2022-ci il tarixli, 05/1971 nömrəli məktbuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən mərhumun varisinə 03 aprel 2000-ci il tarixində Şirkət tərəfindən 5 500 000 manat yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 manat sığorta ödənişi ödənilmişdir. Bu səbəbdən X4 həlak olması ilə əlaqədar mərhumun varislərinə əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür.

3. İş materiallarından görünür ki, iddiaçı oğlu- şəhid X2 vərəsəsi kimi müəyyən edilmiş, ona 03 aprel 2000-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5 500 000 manat, yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 manat sığorta ödənişi ödənilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “iddiaçının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş oğlu X3 ailəsinə 11.000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir.

5. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının 1979-cu il təvəllüdlü oğlu X10 xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan qüllədən yaralanmış və atdığı qüllə yarasından həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında “AR Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı Qərarına əlavələr edilməsi barədə 5 mart 1999-cu il tarixli 35 saylı Qərarına əsasən, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 45 nömrəli xx.xx.2010-cu il tarixli Sərəncamı ilə X2 xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yarasından həlak olduğu üçün “Şəhid” hesab olunmuşdur. Ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. Dövlət tərəfindən “Şəhid ailəsi”nə müxtəlif imtiyazlar verilsədə 11.000 manat birdəfəlik müavinət bu günə kimi verilməmiş, cavabdehə müraciət etməsinə baxmayaraq, iddiaçı heç bir müsbət nəticə əldə edə bilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı oğlu X8 xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Mərhum şəhidin anası X9 xx.xx.2007-ci il tarixdə “şəhid ailəsi” kimi 002671 №-li, mərhum şəhidin atası İddiaçı 002670 №-li vəsiqə verilmişdir. İddiaçı Prezident təqaüdünün verilməsi ilə bağlı müraciətinə baxılmış və **********1 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. 11000 manat məbləğində sığorta ödənişi xx.xx.1997ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xx.xx.1997 - xx.xx.2022-ci illər ərzində Dövlət Sığorta Kommersiya Şirkəti və xx.xx.2022-ci il tarixdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sığortaolunanlara, habelə sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə ödənilməlidir. İddiaçı mərhum oğlu X6 xx.xx.2000-ci il tarixdə şəhid olduğundan onun vərəsəsinə 11000 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə müvafiq qurumlara lazımi sorğular ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2022-cı il tarixli xx/xx-6002/7 №lı cavab məktubunda X1 qalmış sığorta puluna dair atası İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2000-ci il tarixdə 2-B/11 reyestr nömrəsi ilə şəhadətnamənin verildiyi, həmçinin mərhum X2 digər vərəsələri anası X7 miras qalan paydan ərinin xeyrinə imtina ərizəsinin, miras qoyanın yetkinlik yaşına çatmamış bacılarının doğum haqqında şəhadətnamələrinin işə əlavə edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2022-ci ıl tarixli 06/02-144 №-lı cavab məktubunda Şirkətin elektron informasiya bazasının məlumatlarına əsasən mərhum X2 varisinə xx.xx.2002-ci il tarixdə ******* AZM manat sığorta ödənişinin ödənildiyi bildirilmişdir. Qeyd edilən məlumatlarla İddiaçı mərhum X2 vərəsəsi kimi müəyyən edildiyi, həmçinin ona sığorta ödənişinin ödənildiyi müəyyən edilir. Belə olan halda İddiaçı “şəhid hərbi qulluqçusu olmuş oğluna görə 11000 manat birdəfəlik ödəmənin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş oğlu X3 ailəsinə 9.900 manat sığorta ödənişinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, iddia qalan hissədə rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi quluqçudur. Yuxarıda qeyd olunmuş hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında qanun normalarına əsasən, iddiaçının həlak olmuş hərbi qulluqçunun vərəsəsi kimi qanunla müəyyən edilmiş qaydada və məbləğdə sığorta ödənişinin verilməsini tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, iddiaçı oğlu- şəhid X2 vərəsəsi kimi müəyyən edilmiş, ona 03 aprel 2000-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5 500 000 manat, yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 manat sığorta ödənişi ödənilmişdir. Lakin ödənilmiş məbləğ halhazırda qanunla müəyyən edilmiş sığorta ödənişi məbləğindən(11000 manat) azdır.Məhkəmə hesab edir ki cavabdeh tərəfindən iddiaçıya Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş sığorta ödənişi (1100 manat) nəzərə alınmaqla sığorta ödənişinin qalan hissəsi (11000-1100) 9900 manat məbləği ödənilməlidir.

9. Məhkəmə Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə, 4.1-ci maddəsinə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 620 nömrəli, 25 iyul 1997-ci il tarixli Fərmanının 2.5-ci bəndinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52; 68.1; 68.2; 34-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7728/2022 saylı, xx.xx.2022-ci il qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaya dair etirazının dəlilləri ilə oxşar məzmunda təsaslandırılmışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı qeyd etmişdir ki, o, oğlu-mərhum X2 varisi olaraq xx.xx.2002-ci il tarixdə ******* AZM manat sığorta ödənişinin ona ödənilmişdir. Dövlət tərəfindən “Şəhid ailəsi”nə müxtəlif imtiyazlar verilsədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci aprel tarixli Fərmanı ilə nəzərdə tutulmuş 11.000 manat birdəfəlik müavinət bu günə kimi verilməmiş, cavabdehə müraciət etməsinə baxmayaraq, iddiaçı heç bir müsbət nəticə əldə edə bilməmişdir.Əslində iddia ərizəsində də istəyi 11.000 manat birdəfəlik müavinət ödənilməsi olmuşdur.

14. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd etdiyi məzmunda iddia tələbinin dəqiqləşdirilməsini iddiaçıya təklif etmişdir.

15. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci tarixli Fərmanı ilə nəzərdə tutulmuş 11.000 manat birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi iddia tələbini dəqiqləşdirmişdir.Məhkəmə Kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iddia tələbini dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7728/2022 saylı, xx.xx.2022-ci il qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun (Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi) 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

19. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun xx.xx.1997ci il tarixdə qüvvədə olmuş redaksiyasının 4-cü maddəsində “Sığorta məbləğinin və sığorta haqqının” minumum miqdarı tənzimlənmişdir. Qeyd edilən maddənin birinci hissəsinə əsasən qanuna uyğun olaraq hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqının min misli məbləğində sığorta edilir.

20. 2 iyun 2008-ci il tarixli 618-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 4-cü maddəsinin birinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli” sözləri “on bir min manat” sözləri ilə əvəz edilmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28.01,2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir-etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır.Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Plenum Qərarına əsasən sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

22. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, № 1 Fərmanının: Preambulasında təsbit olunmuşdur ki, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir. Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Sözügedən Fərmanın:

1. Bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.

2. Bəndinə əsasən birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.....

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

28. İddia tələbinin mahiyyətinə gəlincə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun xx.xx.1997-ci il tarixdə qüvvədə olmuş redaksiyasının 4-cü maddəsində “Sığorta məbləğinin və sığorta haqqının” minumum miqdarı tənzimlənmişdir. Qeyd edilən maddənin birinci hissəsinə əsasən qanuna uyğun olaraq hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqının min misli məbləğində sığorta edilir.

29. 2 iyun 2008-ci il tarixli 618-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 4-cü maddəsinin birinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli” sözləri “on bir min manat” sözləri ilə əvəz edilmişdir.

30. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçının 1979-cu il təvəllüdlü oğlu X10 xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan qüllədən yaralanmış və aldığı güllə yarasından həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında “AR Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı Qərarına əlavələr edilməsi barədə 5 mart 1999-cu il tarixli 35 saylı Qərarına əsasən X2 xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yarasından həlak olduğu üçün “Şəhid” hesab olunmuşdur. Ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir.

31. Həmçinin, işin mübahisəsiz halıdır ki, İddiaçı mərhum X2 vərəsəsi kimi müəyyən edilmiş, həmçinin ona sığorta ödənişi ödənilmişdir.İddiaçı özü də məhkəmə Kollegiyasının iclasında mərhum X2 varisi olaraq xx.xx.2002-ci il tarixdə ******* AZM manat sığorta ödənişinin ona ödənildiyini bildirilmişdir.

32. Belə ki, xx.xx.2000-ci il tarixdə aylıq əməkhaqqının minumum məbləği 5.500 (beş min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Qanunun müvafiq maddəsinə əsasən isə şəhid statusu almış vətəndaşların ailə üzvlərinə ödəniləcək sığorta ödənişinin miqdarı minumum əməkhaqqının min misli məbləğində müəyyən edildiyindən ödənişin miqdarı həmin dövrə münasibətdə 5.500000 (5.500 x1000=5500000) manat təşkil etmişdir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28.01,2014-cü il tarixli Qərarında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsiretmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır.Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.”

34. Plenum Qərarına əsasən sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

35. Lakin qeyd edilməlidir ki, iddiaçının tələbi sığorta ödənişi ilə bağlı olmamışdır.

36. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçı qeyd etmişdir ki, o, oğlu-mərhum X2 varisi olaraq xx.xx.2002-ci il tarixdə ******* AZM manat sığorta ödənişinin ona ödənilmişdir. Dövlət tərəfindən “Şəhid ailəsi”nə müxtəlif imtiyazlar verilsədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci aprel tarixli Fərmanı ilə nəzərdə tutulmuş 11.000 manat birdəfəlik müavinət bu günə kimi verilməmiş, cavabdehə müraciət etməsinə baxmayaraq, iddiaçı heç bir müsbət nəticə əldə edə bilməmişdir.Əslində iddia ərizəsində də istəyi 11.000 manat birdəfəlik müavinət ödənilməsi olmuşdur.

37. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd etdiyi məzmunda iddia tələbinin dəqiqləşdirilməsini iddiaçıya təklif etmişdir.

38. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci tarixli Fərmanı ilə nəzərdə tutulmuş 11.000 manat birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi iddia tələbini dəqiqləşdirmişdir.Məhkəmə Kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iddia tələbini dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

39. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, № 1 Fərmanının Preambulasında təsbit olunmuşdur ki: “Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir. Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır.”

40. Sözügedən Fərmanın 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.

41. Göründüyü kimi, iddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, № 1 Fərmanında nəzərdə tutulan imtiyazların ona da aid edilməli olmasına istinad edərək iddiaçının 1979-cu il təvəllüdlü oğlu X10 xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllədən yaralanması və aldığı güllə yarasından həlak olması ilə bağlı “Şəhid ailəsi” olaraq 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsini tələb edir.

42. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, № 1 Fərmanı isə 2 avqust 1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə qərara alınmışdır.

43. Odur ki, iddia tələbinin təmin olunması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi rədd edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İddia tələbi rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar