Məhkəmə qərarları › İş №2-1(103)-1526/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1526/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1526/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın və ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi" tələbinə dair iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı məsələsinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) yazılı məhkəmə icraatı qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, **********299200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın və **********2 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə dair vəsatət təqdim edərək, iddia ərizəsinə dəqiqləşmə aparılmasını, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh kimi iştirakına xitam verilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdehlər sırasından çıxarılmışdır. Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********299200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın və **********2 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi barədə iddia tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13486/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, **********299200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın və **********2 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” tələbinə dair 2-1(112)-13486/2024 saylı işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı iş üzrə aidiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığı məsələsinə məhkəmə tərəfindən yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı inzibati işə Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından görünür ki, İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, hazırki mübahisəyə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilərək, iddiaçının faktiki yaşayış yerinin məhkəməsi tərəfindən, yəni, Cəlilabad rayonunun ərazi yurisdiksiyasına daxil olduğu Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 18.5-ci bəndinə əsasən Cəlilabad rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32- ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İPM-in 9.1.3-cü maddəsinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda aidiyyət üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 2.2.7, 8.1.4 və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın və ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar