Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1527/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı X1 (xx.xx.1953-cü il tarixdə Naftalan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3089/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X4 05.02.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı:Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təqaüdə çıxdığı 01.04.2018-ci il tarixdən etibarən hesablanan əmək pensiyasının, hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı-01.04.2018-ci il tarixdən 01.09.2019-cu il tarixədək və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı - 01.09.2019-cu il tarixdən nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan məlum olmuşdur ki, iddiaçıya pensiya təyin edilərkən, 22.06.1987-ci ildən 28.08.2000-ci ilədək Bakı şəhəri Kirov (Binəqədi) Rayon Məhkəməsinin hakimi və sədri, 28.08.2000-ci ildən 01.09.2007-ci ilədək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri vəzifəsində çalışmağı nəzərə alınmamış, son iş yeri olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi iddiaçıya pensiya hesablanmışdır. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29.07.1992-ci il tarixdə qəbul edilmiş və 30.11.2011-ci il tarixədək qüvvədə olan Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş və “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. 04.11.1992-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində haqq verilməsi qərara alınmışdır. Həmin qərarın 2-ci bəndinə əsasən İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. “Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 21 may 1996-cı il tarixli 80-İQR Qərarı ilə İddiaçı (Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsinin sədri kimi) 3-cü ixtisas dərəcəsi verilmişdir. İddiaçı X4 08.09.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 20 il məhkəmə sədri vəzifəsində çalışmağı nəzərə alınmaqla, bugünə olan məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə,o cümlədən hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin, 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqqın nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3089/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə) və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni 01.04.2018-ci il tarixdən 01.09.2019-cu il tarixədək səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 15 faizi miqdarında, 01.09.2019-cu il tarixdən isə 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və hal-hazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-1(112)-3089/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin hakimlərin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı həcmində əlavə və 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç mişli məbləğində haqqı işlədiyi dövrdə almadığı üçün bu əlavələr pensiya hesablanması zamanı nəzərə alına bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-598/2021 saylı, 26.01.2021-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva,A .Hüseyn) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-1(112)-3089/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 664/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev, R.Nəbizadə, İ.Şəfiyev) cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021ci il tarixli, 2-1(103)-598/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun əmək pensiyasının yenidən hesablanması zamanı, məhkəmə sədri və hakimi kimi çalışdığı 2006-2010-cu illər daxil olmaqla 60 ay müddətin baza kimi götürülməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-1(112)- 3089/2020 saylı qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - X1 müraciətinə baxılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 15.01.2020-ci il tarixli, **********3 saylı məktubda qeyd olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən iddiaçıya 01 aprel 2018-ci il tarixdən hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə uyğun olaraq 30 il 09 ay hakim kimi iş stajına görə sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının (2.786,90 manat) 80 faizi – 2.229,52 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikası hakimlərinin vəzifə maaşlarının artımı ilə əlaqədar 01 may 2018-ci il tarixindən etibarən sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının 3.070,85 manata artırılması ilə əlaqədar əmək pensiyası yuxarıda qeyd edilən maddənin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi – 2.456,68 manat məbləğində müəyyən edilərək iddiaçıya ödənilmişdir. 1 sentyabr 2019cu il tarixdən etibarən Azərbaycan Respublikası hakimlərinin vəzifə maaşlarının artımı ilə əlaqədar sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının 3.334,49 manata artırılması ilə əlaqədar əmək pensiyası yuxarıda qeyd edilən maddənin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi – 2.667,59 manat məbləğinə hesablanaraq müvafiq kart hesabına köçürülür. - Azərbaycan Respublikası Milli Məclisinin Aparatı Milli Məclisin, Komitələrin və X5 Şöbəsinin 03-04 saylı, 17 iyun 2020-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Milli Məclisi Arxiv fondunun sənədlərinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 21 may tarixli 80-İ QR nömrəli Qərarında, Bakı şəhəri, Binəqədi rayon xalq məhkəməsinin sədri X2 3-cü ixtisas dərəcəsinin verilməsi qeyd olunmuşdur - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26 avqust 2020-ci il tarixli, 8/664 saylı arayışından görünür ki, X1 01.09.2019-cu il tarixdən Bakı Ağır Cinayətlər məhkəmə hakiminin vəzifə maaşı 1.584 manat təşkil edir. Eyni zaman arayışda göstərilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30 %-ni, 15 ilinə görə 45 % -i həcmində əlavə haqq ödənilir. Həmin qanunun 106-cı maddəsinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonraki dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar 01.09.2019-cu il tarixdən vəzifə maaşının 25 %-i həcmində aylıq pul təminatı verilir. Həmçinin, 01.09.2019-cu il tarixdən hakimlərə hər ay bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 28 avqust 2020-ci il tarixli, 06/24-575 saylı arayışından görünür ki, X3 22.06.1987-02.09.2000-ci il tarixlərdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin, 02.09.2000-05.09.2005-ci il tarixlərdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri olmuş, 05.09.2005-28.07.2007-ci il tarixlərində isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri vəzifəsini icra etmişdir. 28.07.2007-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş və 01.04.2018-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verilmişdir. - 702093 nömrəli pensiya işindən görünür ki, iddiaçı X2 01 aprel 2018-ci il tarixdən yaşa görə 2.229,52 manat məbləğində pensiya təyin olunmuş, 01 may 2018-ci il tarixdən pensiya məbləği 2.456,88 manata, 01 sentyabr 2019-cu il tarixdən isə 2.667,59 manatadək artırılmışdır. Pensiya işində mövcud olmuş sənədlərdən görünür ki, iddiaçıya pensiya məbləği təyin olunarkən onun 30.07.2007-ci ildən 10.07.2018-ci ilədək Bakı Ağır Cinayətlər məhkəməsində hakim vəzifəsində işləməsi və onun 01.06.2013-cü ildən 01.07.2018-ci ilədək əmək haqqının 157.221,72 manat təşkil etdiyi nəzərə alınmışdır. Lakin, pensiya işində olan sənədlərdən məlum olmuşdur ki, cavabdeh tərəfindən prosessual hərəkətlərin pozuntusuna yol verilərək iddiaçının ərizəsi olmadan pensiya təyin edilmişdir. Vətəndaşın ərizəsi olmadan pensiyanın təyin edilməsi isə, hazırkı iş üzrə pensiyanın düzgün hesablanmamasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, hakimlərin, sabiq hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun: -106-cı maddəsinə görə, digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlər hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. - 2019-cu il sentyabr ayının 1-dək qüvvədə olmuş 106-cı maddəsinin üçüncü hissəsinə görə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. - 01 sentyabr 2019-cu il tarixdən qüvvədə olmuş 106-cı maddəsinin üçüncü hissəsinə görə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. -107-ci maddəsinin birinci hissəsinin 21 oktyabr 2010-cu ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət verilir. -Həmin normanın 21 oktyabr 2010-cu ildən başlayaraq 25 iyul 2019-cu ilə qədərki redaksiyasına görə hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. -109-cu maddəsinin dördüncü hissəsinə əsasən, hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci və 20.7.2-ci maddələrinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındaki sonraki artımlar da nəzərə alınmaqla müəyyən edilir: 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındaki fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 2017-ci ilin iyul ayının 1-dək qüvvədə olmuş 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Şərh olunan maddələrin normalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçı X2 yaşa görə əmək pensiyası təyin edilərkən, onun hakim vəzifəsindəki fəaliyyətinin istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının, məhz onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi 01.06.2013-cü ildən – 01.07.2018-ci ilədək əmək haqqları nəzərə alınmışdır. Halbuki, iddiaçıya pensiya təyin edilərkən, iddiaçının öz şəxsi iradəsi ilə istənilən ardıcıl qələn 60 ayı ərzindəki əmək haqqlarının, onun məhkəmə sədri və ya məhkəmə hakimi kimi işlədiyi dövrlərin seçilməsinə yönəlməli idi. Nəzərə alsaq ki, məhkəmə hakimi kimi iddiaçının fəaliyyət göstərdiyi zaman onun əmək haqqısı 1.142 -1.325 manat təşkil etdiyindən, həmin əməkhaqqı rayon (şəhər) məhkəmələrin sədrlərinin əmək haqları ilə müqayisədə nisbətən aşağıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin arayışından görünür ki, 01.09.2019-cu il tarixdən rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı 1.733 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 22.06.1987-28.07.2007-ci ilə qədər müvafiq məhkəmələrdə məhkəmə sədri kimi işlədiyi dövrlər üzrə orta əmək haqqı ilə bağlı arayış təqdim edə bilməsə də, qüvvədə olan qanunvericiliyin tələblərindən görünür ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı maddəsinin tələblərinə görə: 01.09.2004-cü il tarixədək məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 75 faizi həcmində; 27 dekabr 2013-cü il tarixədək 60 faizi həcmində, həmin tarixdən hazırkı günədək isə 70 faiz həcmində, lakin bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının hazırda pensiya məbləğinin yenidən hesablanması və pensiya təyin olunduqdan sonra pensiya məbləğinin məhz onun məhkəmə sədri kimi fəaliyyət göstərdiyi istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği əsasında hesablanmasını tələb etmək hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci və 31.2ci maddələrinə əsasən, Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.1-ci maddəsinə əsasən, Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi göstərişlərindən biri o, olmuşdur ki, “Göründüyü kimi, iddiaçının istər ilkin iddiasında, istərsə də iddianın dəqiqləşdirilməsi barədə ərizəsində əmək pensiyasının yenidən hesablanarkən baza kimi götürüləcək əsas olan müddətin hansı dövrü konkret şəkildə əhatə etdiyi ümumiyyətlə göstərilməmişdir. Lakin buna baxmayaraq birinci instansiyası məhkəməsi İPM-nin 13-cü maddəsinin tələblərindən istifadə etməyərək, yəni həmin məsələdə iddiaçıya yardım göstərilməyərək, iş üzrə qəbul etdiyi 08.09.2020-ci il tarixli qərarın nəticəvi hissəsində yazır ki, “ İddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə) ... yenidən hesablanıb... odənilməsi vəzifəsi cavabdehə həvalə edilsin”. Beləliklə birinci instansiya məhkəməsi iddiaçının iddiasının dəqiqləşdirilməsi barədə ərizəsinin “xahiş edirəm” hissəsində “60 ay” sözü ümumiyyətlə olmadığı halda, 08.09.2020-ci il tarixli qərarının nəticə hissəsində həmin qeyri-müəyyənliyi davam etdirərək yuxarıda göstərilmiş 60 ay müddəti konkret olmayan şəkildə qeyd edir. Beləliklə birinci instansiya məhkəməsi belə qeyri-müəyyən qərar qəbul etməklə faktiki olaraq “....istənilən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının...” müəyyən edilməsini cavabdehin ixtiyarına buraxır ki, bu da birinci instansiya məhkəməsinin sözügedən 08.09.2020-ci il tarixli qərarının nəticə hissəsində məhkəmənin özünün göstərdiyi (“öz arzusu ilə”) sözlərinə ziddir. Belə ki, həmin məsələ məhkəmə icraatı zamanı həll edilməli və məhkəmənin qərarında konkret şəkildə öz əksini tapmalıdır. Beləliklə istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi iddiaçıya münasibətdə “öz arzusu ilə” kəlməsini işlətsə də, nəzərə almamışdır ki, iddiaçı nə ilkin iddia ərizəsində, nə iddianın dəqiqləşdirilməsi barədə ərizəsində, nə də ki, DSMF-nin Yasamal rayon şöbəsinə yazdığı 16.07.2018-ci il tarixli ərizəsində pensiyanın tam hesablanması zamanı hansı müddət kəsiyinin götürülməsinin istədiyini ümumiyyətlə ifadə etməmiş, hətta əsas üçün 24 və 60 ay müddətinin götürülməsini belə qeyd etməmişdir ki, bu da sözügedən məsələnin iddiaçının “öz arzusu ilə” həll olunması qənaəti yanlışdır, yəni işin mühüm əhəmiyyət kəsb edən həmin halı araşdırılmamışdır” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin qeyd edilən göstərişi nəzərə alınmış və iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun əmək pensiyasının yenidən hesablanması zamanı, məhkəmə sədri və hakimi kimi çalışdığı 2006-2010-cu illər daxil olmaqla 60 ay müddətin baza kimi götürülməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, iddiaçının məhkəmə sədri və hakim kimi çalışdığı 2006-2010-cu illər daxil olmaqla, 60 ay müddətin baza kimi götürülməsi və bugünə olan məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə,o cümlədən hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin, 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqqın nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya bidəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-3089/2020 nömrəli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3089/2020 nömrəli qərarı dəyişdirilsin. İddiaçı X1 məhkəmə sədri kimi işlədiyi 2006-2010-cu illər daxil olmaqla 60 ay müddətin baza kimi götürülərək, əməkhaqqının orta aylıq məbləği və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni 01.04.2018-ci il tarixdən 01.09.2019-cu il tarixədək səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 15 faizi miqdarında, 01.09.2019-cu il tarixdən isə 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və halhazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1527/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1527/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver