Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1527/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Heydər Əliyev adına Bakı X14 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: X6) “iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, ünvan 3ndən keçən hissəsində neft boru kəmərlərinin mühafizə zonasında yerləşən sahəsi 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinin X3 ayrılmasına dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının ləğv olması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10833/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, ünvan 3ndən keçən hissəsində neft boru kəmərlərinin mühafizə zonasında yerləşən sahəsi 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinin X3 ayrılmasına dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X15 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına NEZ-ə məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, ünvan 3ndən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə, vətəndaş tərəfindən köhnədən hasara alınmış həyətyanı sahədə 7X10 metr ölçülərdə 18 mişar daşı hündürlüyündə tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bu fakt aşkar olunduqdan sonra əməkdaşlar tərəfindən akt tərtib edilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olması barədə vətəndaşa rəsmi qaydada xəbərdarlıq edilmişdir. Cavabdehə tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunsuz olaraq tikintini davam etdirmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X4 tikinti apardığı Bakı şəhəri, ünvan 3ndə yerləşən torpaq sahəsi Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən X3 ayrılmış, sözügedən ünvanda yerləşən sənəd üzrə sahəsi (hektarla) 0.06 ha, faktiki sahə (hektarla) 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinə dair X1 adına xx.xx.2021-ci il tarixli, A№ 643779 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və həmin torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair **********23 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin X1 mülkiyyətində olması faktı həmin şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən istifadəsində olan torpaq sahəsinin SOCARın daimi istifadəsində olan ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində olub-olmadığı barədə ona rəsmi arayış verilməsini xahiş etdikdən sonra müəyyən olunmuşdur. X1 xx.xx.2022-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubunda göstərilmişdir ki, ərizəyə əlavə olunmuş torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, **********23 reyestr nömrəli plan və ölçü sənədində (A№643779) qeyd olunmuş koordinatlar əsasında müvafiq araşdırma aparılmış və həmin koordinatların yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi SOCAR-ın Heydər Əliyev adına X14 istismarında olan neft stansiyasının 8 metrliyində, neft kəmərlərinin isə 11 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin X6 tərəfindən qanunsuz olaraq özgəninkiləşdirilməsi və hazırda həmin torpaq sahəsində X7 tərəfindən tikinti işlərinin aparılması həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. X1 adına verilmiş **********23 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin şəxsə ayrılmış torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu göstərilmişdir. Sözügedən torpaq sahəsi Heydər Əliyev adına X8 neft boru kəmərlərinin mühafizə zonasında yerləşdiyindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən fiziki şəxslərə ayrıla bilməzdi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli Sərəncamı ilə İİİ şəxsin uzun illər istifadəsində olan torpaq sahəsinə fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sərəncamın verildiyi müddətdən uzun illər keçdikdən sonra iddiaçı 2022-ci ildə həmin ərazinin onların mühafizə ərazisinə düşdüyünü xatırlayaraq məhkəməyə müraciət etmiş və bununla da ciddi qanun pozuntusuna yol verilmişdir. Münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəlləsinin 73, 77 və 78-ci maddələrində təsbit olunmuşdur ki, hüquqları pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının və s. ictimai təşkilatların biri-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ qələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Qeyd edilən sərəncam ləğv edilərsə gələcəkdə həmin şəxslərin göstərilən məntəqəyə mülkiyyətlərini təsdiq edən sənədlərin alınması məhdudlaşdırıla bilər və həmin sərəncam təsdiq olunan zaman mövcud məntəqənin fəaliyyəti barədə iddiaçı təşkilatda kifayət qədər məlumatlar olmuşdur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən NEZ Azərbaycan Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərildiyini bildirsə də Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş mübahisələndirilən sərəncam 1999-cu ilin sentiyabr ayında qəbul olunmuşdur. İddiaçı qismində çıxıs edən H.Əliyev adına NEZ-du vətəndaşlara xidmət etməli olduğu halda, əksinə onların mülkiyyət və istifadə hüquqlarını məhdudlaşdırmaq mövqeyində durmuşlar. Bu da ona əsas verir ki, iddiaçı NE7. tutduqları mövqedən sui-istifadə edirlər. Qeyd olunanları nəzərə alaraq, cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir. Üçüncü şəxs X6 təqdim etdiyi etirazında göstərmişdir ki, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri ünvan 3ndə yerləşən torpaq sahəsi X3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi 0,0511 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almış, ərazi hüdudları müəyyənləşdirilmişdir. 2000-ci ildə sözügedən torpaq sahəsində yaşayış evi inşa edilmiş və bugünədək daşınmaz əmlaka dair hər-hansı mübahisə olmamışdır. NEZ-in mübahisəli ünvanda yerləşən ərazi qurumu isə 2005-ci ildən sonra təşkil edilmiş, boru kəmərləri, o cümlədən anbarlar 2008-ci ildə tikilməyə başlanılmışdır. İş materiallarından görünür ki, NEZ ölkə başçısının 2003-cü il tarixli, 844 saylı fərmanına əsasən hüquqi şəxs kimi fəaliyyət göstərməyə başlamışdır. Mübahisəli ərazidə 3-cü şəxs F.X.Ağayevdən savayı vətəndaşlar tərəfindən xeyli yaşayış binası, məktəb və digər tikintilər tikilmişdir. Bu tikintilər Zakir Yusifov küçəsində yaradılmış NEZ-ə məxsus anbarlardan, boru kəmərlərindən əvvəl layihələndirilmişdir. Hazırda yüzlərlə tikintiyə deyil, yalnız bizə qarşı belə bir iddia ilə müraciət edilməsinin görünür başqa səbəbləri vardır. NEZ-ə məxsus Z.Yusifov küçəsinin yaxınlığında yerləşən müvafiq qurum hələ təşkil olunmamışdır. NEZ-ə məxsus Z.Yusifov küçəsinin yaxınlığında yerləşən müvafiq qurum dörd bir tərəfdən hündür daş hasarlarla hörülmüş, hətta üzərində tikanlı məftillər də çəkilmişdir. 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin ətrafında hər hansı boru kəməri müşahidə olunmur. Bundan başqa SOCAR-ın müvafiq qurumu ilə 3-cü şəxsin evi arasında asfalt yol keçir. Bundan başqa tikintinin NEZ-ə məxsus sexin fəaliyyətinə necə maneçilik törətməsi qeyd edilməmiş, magistral boru kəmərinin oradan həqiqətən də keçib-keçməməsinə sənəd, sübut təqdim edilməmiş, NEZ-ə məxsus sexin adı çəkilməmiş, ona aid hüquq müəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Sonuncu tikinti zamanı 3-cü şəxs tərəfindən hər-hansı qanunazidd hərəkətlərə yol verilməmişdir, tikintiyə başlamazdan qabaq rayon icra hakimiyyətinə rəsmi müraciət etmiş, AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq 1 ay müddət gözlənilmiş, müvafiq icra hakimiyyəti tərəfindən heç bir etiraz daxil olmadığı üçün 3-cü şəxs tərəfindən tikinti işləri aparılmışdır. Bu səbəbdən 3-cü şəxs hesab edir ki, onun qanunsuz tikinti aparmağı barədə dedikləri həqiqətdən və hüquqdan kənardır. İddiaçı ötən 23 il ərzində daşınmaz əmlaka dair hər hansı iddia qaldırmamışdır. Üçüncü şəxs göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10833/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında nümayəndəsi vasitəsilə məhkəmənin diqqətinə çatdırmağa çalışmışdır ki, 3-cü şəxs X6 tərəfindən NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işləri aparılması ilə bağlı neft boru kəmərlərinin mühafizəsini həyata keçirən SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən NEZə məlumat daxil olduqdan sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamından NEZ-in məlumatı olmuş və bu faktı təsdiq edən sənədlər də birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bildiririk ki, NEZ-lə SOCAR-ın Təhlükəsizlik İdarəsi arasında bağlanmış podrat müqaviləsi, eləcə də SOCARın Təhlükəsizlik İdarəsi ilə Obyektlərin mühafizəsini həyata keçirən Mühafizə Polisi arasında bağlanmış subpodrat müqaviləsi əsasında neft məhsulları nəql olunan boru xəttlərinin mühafizəsi həyata keçirilir və SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mütəmadi olaraq mühafizə zonasında aparılan qanunsuz tikililərlə bağlı NEZ-ə yazılı məlumat daxil olur. SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə daxil olmuş məlumata əsasən Bakı şəhəri, ünvan 3ndə yerləşən ərazidə mühafizə zonasında X7 tərəfindən qanunsuz tikinti işləri aparıldığı və həmin torpaq sahəsinin müvafiq çıxarışa əsasən X1 aid olduğu göstərilmişdir. Sözügedən Bakı şəhəri, ünvan 3ndə yerləşən faktiki sahəsi (hektarla) 0.0511 ha olan torpaq sahəsinin X1 mülkiyyətində olması faktı həmin şəxs xx.xx.2022- ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən istifadəsində olan torpaq sahəsinin SOCARın daimi istifadəsində olan ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində olub-olmadığı barədə ona rəsmi arayış verilməsini xahiş etdikdən sonra müəyyən olunmuşdur. Hazırki iddia tələbi ilə isə xx.xx.2022-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddət ötürülmədən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bildiririlir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi əsasında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xəttlərinin mühafizəsini həyata keçirən SOCAR-ın Təhlükəsizlik idarəsi mühafizə zonasında hər hansı qanunsuz hərəkətlər (qanunsuz tikinti işlərinin aparılması və s) həyata keçirildiyi təqdirdə həmin hərəkətlərin qarşısını almaq və həmin qanunsuz hərəkətlər barədə NEZ-ə məlumat vermək öhdəliyi daşıyır. Yəni 3-cü şəxs X6 tərəfindən sözügedən torpaq sahəsində tikinti işləri aparanadək həmin torpaq sahəsinə dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının mövcud olmasından nə SOCAR-ın Təhlükəsizlik İdarəsinin, nə də NEZ-in xəbəri olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin hazırki iddia tələbi ilə vaxtında məhkəməyə müraciət olunmaması barədə dəlillər əsassızdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının istinad etdiyi ona məxsus Dş 250 mm-lik daxili nafta xətti 2011-ci ildə çəkilmişdir. Mübahisələndirilən inzibati akt isə xx.xx.1999-cu il tarixlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi tarixdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964- cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR-nın MPM-nin müddəaları əsasında həll olunurdu. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24- 1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. İş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 410/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10833/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1527/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1527/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver