Məhkəmə qərarları › İş №2-1(103)-1528/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1528/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1528/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1993-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax ray., X12 D., Gülövşə kəndində qeydiyyatdadır) Cavabdehnə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-381/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X1nun müharibə dövründə xəstəlikdən ölməsinə görə verilməli olan sığorta ödənişinin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx xxxxxx 1994-cü il tarixdə xəstəlik səbəbindən ölmüşdür. Atasının ölümünə görə ailəsinə sığorta ödənişi verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 5-ci maddəsinə müvafiq olaraq birdəfəlik sığorta ödənişini alacaq şəxslərin siyahısına onun ailəsinin adı daxil edilməmişdir. Bununla da ailəsinə qarşı ədalətsizlik edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1164/2019 saylı qərardadı ilə (hakim İ.Cabbarov) İddiaçı cavabdeh Cavabdehnə qarşı X3 müharibə dövründə xəstəlikdən ölməsinə görə verilməli olan sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-381/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-381/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim qəbul etdiyi qərarı əsaslandırmağa belə cəhd etmədən çoxlu sayda maddələri sadalamaqla kifayətlənmiş, iddia tələbindən imtinanı əsaslandıra bilməmiş və işin faktiki hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir.O, məhkəmənin xx.xx.2020-ci il tarixdə saat 10:30 təyin edilmiş iclasında şəxsən iştirak etmiş, cavabdehin nümayəndəsi X4 həmin məhkəmə iclasında məhkəməyə heç bir etiraz və ya mülahizə təqdim etməmiş və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mərhum atasının ölüm səbəbini təsdiq edən sənəd veriləcəyi təqdirdə cavabdeh tərəfindən sığorta pulunun veriləcəyinə hazır olduqlarını bildirmişdir. İşə baxan hakim ölüm faktını nəzərdə tutan məktuba əsaslanmadan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, xidməti işi ilə əlaqədar olaraq, məhkəmə iclasına gələ bilmədiyini və onun iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı verilmiş etiraz ərizəsi xx.xx.2020-ci il tarixli məktubla iddiaçının – ünvan 1i ünvanına göndərilmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: -iddiaçıya məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1993-cü il tarixdə doğulmuşdur. - xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 082453 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1993-cü ildə Yevlax rayonunun Gülövşə kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1994-cü ilin yanvar ayının 25-də 8 № ilə qeyd edilmişdir. X1, anası isə X6r. Qeyd edilən yer Yevlax rayonu Bucaq kənd İN-yi. -xx xxxxx 1994-cü ildə verilmiş İİ-ЖГ № 425925 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 1994-cü il tarixdə 30 yaşında Ağdam rayonunda ölmüşdür. Ölümün səbəbi – qarın, çanağın qapalı forması, sol bud sümüyünün orta, 1/3 qapalı sınığı, Azərbaycanın suverenliyi uğrunda. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1994-cü ilin aprel ayının 11-də 09 №-ilə qeyd edilən yer Bucaq İcra Hakimiyyəti. (dəqiq oxunması mümkün deyildir, surətdən imza görünmür) -Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 07-07-497 saylı xx xxx 2019-cu il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına dəyişiklik edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli Fərmanı imzalanmışdır. Fərmana əsasən 11.000 manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə verilməsinə icazə verilmişdir. Həmin məbləğin alınması üçün Cavabdehnə müraciət edilməsi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13/05-226-2629 saylı xx xxx 2019- cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədilə maliyyələşməni həyata keçirir və bu məsələ Nazirliyin səlahiyyətlərinə aid olmadığından Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə instansiyalarına müraciət etməsi tövsiyyə olunmuşdur - Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2370 saylı xx xxx 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018- ci il tarixli 1 №-li Fərmanına əsasən, 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, Müdafiə Nazirliyinin Ağdam rayonlararası Hərbi polis şöbəsinin xx.xx.1994- cü il tarixli 247 nömrəli arayışına əsasən, X5 xx xxxxxx 1994- cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən yol post-patrul xidməti növbəsində olan sərxoş sürücünün idarə etdiyi avtomaşınla vurulması nəticəsində həlak olmuşdur. Əlavə olaraq, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşikat-Səfərbərlik İdarəsi tərəfindən təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və cavuşların siyahısı”nda Xəqani Fərəcovun adı keçmədiyindən X3 adı bu Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməmişdir. - cavabdeh tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş xx.xx.2019-cu il tarixli, **********8 №-li vəsatətinə və Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş xx.xx.2019-cu il tarixli, **********2№-li vəsatətinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş şəhid hərbi qulluqçuların ümumi siyahısında X3 adı aşkar edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra-birdəfəlik ödəmə) verilsin. Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 4-cü bəndinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir. Fərmanın 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə müvafiq ödənişlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilmiş Siyahı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbinin təmin edilməsi üçün başlıca şərt iddiaçının vəfat etmiş atasının adının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş həlak olmuş hərbi qulluqçuların ümumi siyahısında olmasıdır. Bununla əlaqədar iddiaçı atasının adının Siyahıda olub-olmaması ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış məktubda hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib-etməməsi, müraciət etdiyi təqdirdə bunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İşin birinci instansiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh tərəfindən müraciətinə cavab verilmədiyi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmədiyini, ona bu formada izah edilsəydi Xidmətə müraciət edə biləcəyini bildirmiş və məhkəmədən atasının adının siyahıya daxil edilib-edilməməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərilməsini xahiş etmişdir. Eyni tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanaraq hazırkı işə baxılması ilə əlaqədar X3 (xx.xx.1994-cü ildə Ağdam rayonunda ölmüşdür) adının Fərmanda qeyd olunan siyahıya salınıb-salınmaması, salınmadığı təqdirdə hansı səbəbə görə salınmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə sorğuya cavab olaraq, ünvanlanmış xx.xx.2020-ci il tarixli, 2370 №-li cavab məktubuna əsasən Müdafiə Nazirliyinin Ağdam Rayonlararası Hərbi Polis Şöbəsinin xx.xx.1994-cü il tarixli 247 nömrəli arayışına əsasən X3 xx.xx.1994-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən yol postpatrul xidməti növbəsində olan sərxoş sürücünün idarə etdiyi avtomaşınla vurulması nəticəsində həlak olması, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda Xəqani Fərəcovun adının keçmədiyi, bu səbəbdən X3 adının bu Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi , iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməli və mərhum atasının adının Siyahıda olmamasını mübahisələndirdikdən sonra müvafiq ödəmənin həyata keçirilməsi üçün Cavabdehnə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində nəzərdə tutduğu qanunla qorunan hüquq və azadlıqlarının pozulması hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş inzibati orqanın səlahiyyətləri çərçivəsində olmamış, iddiaçının mərhum atasının adının müvafiq Siyahıda olmaması iddiaçının tələbinin təmin edilməsini qeyrimümkün etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-381/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edisin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-381/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Cavabdehnə qarşı “X3 müharibə dövründə xəstəlikdən ölməsinə görə verilməli olan sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar