Məhkəmə qərarları › İş №2-1(103)-1528/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1528/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1528/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3039/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3039/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim N.Abıyev) Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1694/2020 saylı 23.11.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3039/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qərarı ləğv edilmişdir. (V.Məmmədov, E.Nağıyeva, R.Qurbanova) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 578/2021 saylı 17.03.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1694/2020 saylı 23.11.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə) İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə doğulmuşdur, 01.09.1979-cu ildən 16.07.1980-cı ilə qədər peşə məktəbində təhsil almış, 30.07.1980-ci ildən 29.10.1980-ci ilə qədər Saatlı Neft kəşfiyyatı ekspedisiyasında 3-cü dərəcəli elektroqaynaqçısı vəzifəsində işləmişdir. 29.10.1980-ci ildən 25.11.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra yenə həmin müəssisədə 10.01.1983-cü ildən 01.03.1994-cü ilə qədər əvvəlcə 3-cü dərəcəli daha sonra isə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 01.03.1994-cü ildən 01.11.1997-cı ilə qədər qədər Saatlı rayonu müstəqil “Renta” kiçik müəssisəsində dəmirçi sexində qaynaqçı, 15.11.1997-ci ildən 01.10.2005-ci ilə qədər X2 İdarəsinin Haloven sahəsində su nizamlayıcısı vəzifəsində, 10.07.2013-cü ildən 07.01.2014-cü ilə qədər isə "xxxx" QSŞ-nin Muğan sahəsində 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li Siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajımı tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 0 ay 2 gün ümumi iş stajı, 15 il 0 ay 20 gün zərərli iş stajını tamamlamışdır. Ona 57 yaşı tamam olan tarixdən, yəni 21.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 27.11.2019-cu il tarixli **********3 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Hazırda qüvvədə olan Qaydalara əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Lakin, inzibati orqan əmək kitabçasında qeyd olunmuş 30.07.1980-ci ildən 29.10.1980-ci ilə qədər və 10.01.1983-cü ildən 01.03.1994-cü ilə qədər işlədiyi Saatlı Neft kəşfiyyatı ekspedisiyasının artıq ləğv edildiyini nəzərə almamışdır. Bu əsasdan orada işlədiyi sahələrin zərərli iş stajı olmasına dair arayışın tələb olunması əsassızdır, çünki o müəssisə mövcud deyil, mövcud olmayan müəssisədən arayış almağı mümkün deyil. Bundan əlavə işlədiyi “Elektrik qaynaqçısı” vəzifəsi Nazirlər Kabinetinin istər 320 №-li 21.06.1993-cü il tarixli 2 №-li Siyahısında, istərsə də 12 №-li 23.01.2007-ci il tarixli Siyahının “Ümumi peşələr” siyahısında qeyd olunmuşdur. 01.03.1994-cü ildən 01.11.1997-ci ildən işlədiyi Ukrayna kolxozunun nəzindəki “Renta” müəstəqil kiçik müəssisəsi özəl şirkət olsa da və sənədləri arxivə təhvil verilməsə də, bu onun, yəni işçinin günahı deyil. Bununla yanaşı, həmin müəssisənin həqiqətən də hüquqi şəxs kimi qeydiyyatdan keçməsinə dair sənədləri öz imkanı ilə əldə edib. Həmin sənədlərdən görünür ki, “Renta” KM 10.10.1990-cı il tarixdə təsis edilmiş və hüquqi şəxs kimi Saatlı rayon XDS İK-nın 12 №-li 18.09.1990-cı il tarixli qərarı ilə Nizamnaməsi təsdiq edilərək, qeydiyyata alınmışdır. Yəni, belə bir müəssisə mövcud olmuş və iddiaçı da həmin müəssisədə işləmişdir. Təhsil müddətinin ümumi iş stajına daxil edilməsi ilə bağlı isə yuxarıda sadalanan qanunvericilik normalarında istinad olunmuşdur. İş üzrə məhkəmələr yuxarıda göstərilən qərarları qəbul etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Dilarə Qurbanova izahatında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növ ündən başqa növ iinə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayış təqdim edilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən cavabdehin iddiaçıdan sözügedən arayışı tələb etmək hüququ olmuş, iddiaçı isə həmin arayışı cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdehə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Belə olan halda, işə baxan məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərinə qiymət verməli idi. Qeyd olunanlara əsasən, hesab edir ki, məhkəmə tərəfindən ilk növbədə iddianın mümkünlüyü məsələsinə qiymət verilməli və iddia mümkünsüz sayılmalı idi. Bundan əlavə, iddia mahiyyətcə də əsassızdır. İddiaçı 01.01.2006-cı il tarixədək ondan qanunla tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Bunun üçün onun həmin tarixədək işləmiş olduğu peşələr nəzərdən keçirilməlidir: iddiaçı 15.11.1997- 01.10.2005-ci il tarixlərdə su nizamlayıcısı olmuşdur ki. həmin peşə, ümumiyyətlə, müvafiq siyahılarda nəzərdə tutulmamışdır. Digər illərdə isə iddiaçı qaynaqçı və elektrik qaynaqçısı olmuşdur. Müvafiq siyahıda 23200000-19906 kodu altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları nəzərdə tutulmuş olsa da, iddiaçının elektrik qaynağını əllə aparmış olması iş materialları ilə öz təsdiqini tapmır. Müvafiq kod isə bütün elektrik qaynaqçılarına deyil, yalnız əl ilə qaynaq aparanlara aiddir. Bundan əlavə, iddiaçı 01.03.1994-01.11.1997-ci il tarixlərdə hətta heç elektrik qaynaqçısı da deyil, sadəcə qaynaqçı olmuşdur ki, həmin peşənin də güzəştli pensiya hüququ verən peşə hesab edilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdə olan, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının notariat təsdiqli surətindən müəyyən edilir ki, o, 30.07.1980-ci ildən 29.10.1980-ci ilə qədər Saatlı Neft kəşfiyyatı ekspedisiyasında 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmiş, 29.10.1980-cı ildən 25.11.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 10.01.1983-cü ildən 01.03.1994-cü ilə qədər Saatlı Neft kəşfiyyatı ekspedisiyasında 3-cü dərəcəli, daha sonra 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifələrində işləmişdir. 01.03.1994cü ildən 01.11.1997-cı ilə qədər Saatlı rayonu müstəqil “Renta” kiçik müəssisəsində dəmirçi sexində qaynaqçı, 15.11.1997-ci ildən 01.10.2005-ci ilə qədər X2 İdarəsinin Haloven sahəsində su nizamlayıcısı vəzifəsində, 10.07.2013-cü ildən 07.01.2014-cü ilə qədər "xxxx" QSC-nin Muğan sahəsində 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. İddiaçının hazırkı tələblə cavabdehə etdiyi müraciətə cavab olaraq sonuncunun 27.11.2019-cu il tarixli **********3 nömrəli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə əmək pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərini tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. SOCAR Baş ofis Mərkəzi arxivi Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verdiyi 30.10.2020-ci il tarixli SOCAR**********30020123X00061 nömrəli cavab məktubunda göstərmişdir ki, Saatlı Neft kəşfiyyatı ekspedisiyası 1993-cü ildə ləğv edilmiş, sənədləri Mərkəzi arxivə təhvil verilmişdir, iddiaçının güzəştli iş stajı barədə qeydin göstərilməsi imkan xaricindədir. İddiaçının güzəştli iş stajının müəyyən edilməsi üçün Məhkəmənin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 12 nömrəli Siyahıya istinad edilməsi məqsədə müvafiqdir. Məktuba əlavə olunan arxiv arayışı əmək kitabçasının məlumatlarını təkrar etmişdir. 17.07.1980-ci il tarixli 2026 nömrəli attestatın notarial təsdiqli surətinə əsasən, iddiaçı 01.09.1979-cu ildən 16.07.1980-ci ilədək Azərbaycan SSR Bakı şəhəri 20 nömrəli Texniki Məktəbində elektrik-qaynaqçı peşəsi üzrə tam kursu bitirmişdir. NZ ******* nömrəli hərbi biletin notarial təsdiqli surətinə görə, iddiaçı 29.10.1980- ci il tarixdən 25.11.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətinə əsasən, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun: 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsaəsn, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il yarım olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, aldığı təhsil üzrə ixtisasca elektrik qaynaqçısı olan iddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir, iddiaçının 01.01.2006-cı il tarixədək 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il yarım, təhsil və hərbi xidmət müddəti də daxil edilməklə ümumi iş stajının minimum 25 il olması onun əmək kitabçası və SOCAR-ın arxiv arayışı ilə təsdiq olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, ixtisasca məhz elektrik qaynaqçısı olan iddiaçının əmək kitabçasında və arxiv arayışında işlədiyi qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır, cavabdeh də Məhkəməyə bu barədə və ya təcrübədə ixtisasca elektrik qaynaqçısı olan şəxslərin əslində əl ilə qaynaq aparan elektrik qaynaqçıları olmamasına dair yaxud ümumiyyətlə faktın əksini sübut edəcək heç bir mötəbər dəlil təqdim etməmişdir, onun bununla bağlı heç bir araşdırma aparmadan, tədbir görmədən ərizənin icrasından imtina etməsi inzibati icraatın “Formal tələblərdən suiistifadənin qadağan olunması”, “Mütənasiblik prinsipi” və “Mötəbərlik prezumpsiyası” kimi ümumi prinsipləri ilə uzlaşmır. İddiaçının cavabdehə güzəştli arayışı təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərdən irəli gəlməsi isə SOCAR-in 30.10.2020-ci il tarixli məktubu ilə təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sübut olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3039/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3039/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar