Məhkəmə qərarları › İş №2-1(103)-1528/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1528/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1528/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7020/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan isə iddia tələbini dəqiqləşdirərək, məhkəmədən ona, 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvələ xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbulməsini xahiş etmişdir (İPM m.33.1) İddianın faktiki hallarına görə iddiaçı xx.xx.1959-cu ildə Şəki şəhərində doğulmuş, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bakı Rabitə Elektrotexnikumunda təhsil almış, xx.xx.1979-cu ildən X4 telefonçu işinə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış, xx.xx.1996-cı ildə köçürülmə yolu ilə X1 keçirilmiş, daha sonra xx.xx.2007-ci il tarixdən şəhərlərarası danışıq komutatoruna 6-cı dərəcəli telefonçu keçirilmiş və xx.xx.2009-cu ildə işdən azad edilmişdir. Ümumilikdə, 28 ildən çox iş stajı vardır ki, onun da 18 ilini zərərli sahədə işləmişdir. Güzəştli şərtlərlə pensiya almaq hüququ 52 yaşı tam olduğu vaxtdan, yəni xx.xx.2011-cı ildən yaranmışdır. Ona görə də müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu, 09 fevral 2021-ci il tarixli cavab məktubunda sənədlərin əslini tələb etmiş, o, əmək kitabçasının əslini təqdim etdikdən sonra isə xx.xx.2021-ci il tarixi məktubla pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, işlədiyi “telefonçu” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.ona görə də güzəştli stajı yoxdür. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7020/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti “Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd xx.xx.1979-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində X4 Şəhərlərarası Danışıq Komutatoru”nda işlədiyi “telefonçu” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərədə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin imtina məktubuna, iddia ərizəsinə etirazına və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1979-xx.xx.2009-cu illərdə “X4 Şəhərlərarası Danışıq Komututoru”nda işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur, 52 yaşından pensiya təyin olunması mümkün deyil. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri tamamilə əsassızdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, hazırkı mübahisənin qanuni əsasını xx.xx.2006-cı il tarixinə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsi təşkil edir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, orta ixtisas və ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikaıın Nazirlə Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş qərarı ilə təsdiq edilmiş “Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının iş materiallarına əlavə olunmuş «İT-İ №0321569 əmək kitabçasının və BT №594796 saylı Diplomunun surətinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: -xx.xx.1977-xx.xx.1979: Bakı Rabitə Elektrotexnikumunda təhsil ( 1 il 9 ay 27 gün); -xx.xx.1979-xx.xx.2009: X4 Şəhərlərarası Danışıq Kamutatoruna “telefonçu” ( xx.xx.2006-cı ilədək: 26 il 04 ay). Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixinə qədər 27 il 1 ay 27 gün sığorta stajı toplanır. İşə əlavə olunmuş, iddiaçının çalışdığı "xxxx" MMC-nin X2 Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 22 iyun 2021-ci il tarixli, 271 nömrəli məhkəməyə ünvanlanmış məktubuna (arayışına) əsasən müəyyən olunur ki, “xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Şəhərlərarası danışıq kommutatorunda gecə-gündüz telefonçu kimi fəaliyyət göstərmişdir. Bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİX bölməsinin 23100000-19093 saylı kodu ilə uyğunluq təşkil edir.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısı”nın “XXİX. Rabitə” bölməsinin “23100000- 19093” kodunda isə “şəhərlərarası, sifariş, sorğu komutatorlarda və kecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları” peşəsi güzəştli pensiya hüququ verən göstəricilərə aid edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1979-xx.xx.2006-cı illərdə Şəhərlərarası danışıq kommutatorunda gecə-gündüz fəaliyyət göstərdiyi “telefonçu” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur. Hazırkı mübahisəli hüququ münasibətlərinin qanuni əsasının “Əmək pensiyaları haqqında “ Qanunun 9.8-ci maddəmsinin tələbi baxımından Vətəndaşların pensiya təiminatı haqqında “ Qanunun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndi təşkil etdiyi halda, həmin normaya müvafiq olaraq da həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısı”na əsasən iddiaçının güzəştli staja malik olduğu müəyyən edilmlidir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin iddiaçının xx.xx.1979xx.xx.2009-cu illərdə işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından onun güzəştli stajının olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də cavabdeh əsassız olaraq qanunla üzərinə düşən öhdəliyini icra etməmiş, iddiaçıya 52 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarında da görünür ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmiş iddianın təmin olunması barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7020/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7020/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar