Məhkəmə qərarları › İş №2-1(103)-1528/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1528/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1528/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5974/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşı tamam olduğu vaxtdan (xx.xx.2019-cu il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5974/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu vaxtdan (xx.xx.2019-cu il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5974/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 25 iyul 1992-ci il tarixli A3E ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 42-43-cü səhifələrinin müvafiq olaraq 01-02-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəzyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş sürəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 25 iyul 1992-ci il tarixli AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanın 42-43-cü səhifələrinin müvafiq olaraq 01-02-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan ******* nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 sentyabr 1990-cu il tarixində Laçın 127 №-li Orta texniki peşə məktəbinə daxil olmuş, 26 iyun 1991-ci ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmiş və ona 3-cü dərəcəli elektrik qaz qaynaqçısı ixtisası verilmişdir. İş materiallarında olan MN seriyalı 037088 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan AA seriyalı, 361194 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 10 №-li Mənzil-İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 108 nömrəli arayışına əsasən İddiaçı Laçın rayonundan gələn məcburi köçkündür. ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır və 1992-ci ildən həmin ünvanda yaşayır. İş materiallarında olan SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş 12 iyun 2020-ci il tarixli arxiv arayışa əsasən Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1997-ci ildə “Qum adası” NQÇİ-nin Tikinti quraşdırma sexinin yaşayış evi tikən briqadasına müvəqqəti olaraq beton qarışdıran qurğunun 4-cü dərəcəli motorçusu peşəsinə işə qəbul edilmişdir. xx.xx.2001-ci ildə həmin sexdə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2004-cü ildə həmin sexin hidrotexniki qurğuların təmiri qrupuna 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2004-cü ildə təmir tikinti quraşdırma briqadasına 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə İAT və K sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsinə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keşirilmişdir. xx.xx.2008-ci ildə Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmiri sexinə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təqdiq edilmiş Azərbaycan Respublikası DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğun hesab edilir. İş materiallarında olan “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən verilmiş BE/78 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı “BEOCL” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi Dəniz neftmədən hidrotexniki qurğuların istismar təmir sexində elektrik qazqaynaqçısı, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixinə kimi Tikinti departamentinin mexaniki təmir və tikinti şöbəsinə elektrik qazqaynaqçısı və xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Tikinti Departamentinin neft-qazmədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinin bahar sahəsində elektrik qazqaynaqçısı və xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsində elektrik qazqaynaqçısı peşəsinə işləyib. xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilib. İddiaçı tam iş günü ərzində bu peşədə dəniz şəraitində işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş 10.2 bəndinin “a” yarımbəndinə əsasən onun güzəştli iş stajı xx.xx.2021-ci il tarixə kimi 10 il 11 ay 06 gün təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etməyi məqsədəuyğun hesab edilir. İş materiallarında olan SOCAR “Azneft” İB-nin 04 oktyabr 2022-ci il tarixli məktubuna əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsinin Tikinti Quraşdırma sexində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək beton qarışdıran qurğunun motorçusu, xx.xx.2001-ci tarixdən xx.xx.2008-ci il tarixədək həmin sexdə elektrik qazqaynaqçısı, İstismar avadanlıqlarının təmiri və kirayə sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsində xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixdək elektrik qazqaynaqçısı, Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexində xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək elektrik qazqaynaqçısı peşəsində işləmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək (09 il 05 ay 11 gün) işlədiyi elektrik qazqaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü “Ümumi peşələr” bölməsində 23200000-19756 kodu ilə qeyd edilmiş “kəsməkdə və əl ilə qaynaq işlərində məşğul olan elektrik qaz qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, №137 saylı arayışda qeyd olunur ki, verilir 1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən ona xx.xx.2000-ci il tarixdə 037088 saylı Müharibə Veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmət tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 1976-1992-ci illərdə X1 əmək fəaliyyəti barədə məlumatların və sənədlərin təqdim edilməsi barədə məhkəmənin sorğusuna baxılmış, 1992-ci ildə Laçın rayonunun işğalçı Ermənistan tərəfindən işğal olunması sözügedən sənədlərin gətirilməməsi ilə nəticələnmişdir, odur ki, İddiaçı əmək fəaliyyəti barədə Xidmətin arxivində heç bir sənəd mövcud deyildir. İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******* nömrəli xx.xx.1992-ci ildə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1976-cı ildə Laçın meşə Təsərrüfatında traktorçu qəbul edilmiş, xx.xx.1992-ci ildə Laçın rayonunun işğal olunması ilə əlaqədar olaraq öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1997-ci ildə “Qum adası” Neftqazçıxarma idarəsində tikinti quraşdırma sexinə müvəqqəti olaraq 4-cü dərəcəli beton qarışdıran qurğunun motorçusu qəbul edilmiş, xx.xx.2001-ci ildə həmin sexdə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı işinə keçirilmiş, xx.xx.2004-cü ildə həmin sexin təmir-tikinti quraşdırma briqadasına keçirilmiş, xx.xx.2008-ci ildə İstismar avadanlıqlarının təmiri və kirayə sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsinə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2008-ci ildə Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexinə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2010-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən “Bahar Energi Limited” şirkəti ilə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2010-cu ildə “BEOCL” şirkətinin Azərbaycan Nümayəndəliyində Dəniz neft mədən hidrotexniki qurğuların istismar təmir sexinə elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü ildə Tikinti departamentinin mexaniki təmir və tikinti şöbəsinə elektrik qaz qaynaqçısı keçirilmiş, xx.xx.2016-cı ildə həmin departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinə keçirilmiş, xx.xx.2020-ci ildə əməliyyat departamentinin neft-qazmədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinə keçirilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsi xx.xx.1976-cı ildən xx.xx.1992-ci ilədək Laçın meşə Təsərrüfatında traktorçu işləməsi ilə bağlı iddiaçının əmək kitabçasında aparılmış qeydi qəbul etmiş və həmin dövrü iddiaçının ümumi iş stajına hesablamışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçası xx.xx.1992-ci ildə (Laçın rayonunun işğalından sonrakı tarix) tərtib edilmişdir və həmin qeyd də həmin tarixdən sonra yazılmışdır. Həmin qeydin yazılmasının əsasları müəyyən edilməmişdir və bununla əlaqədar sənədlər və məlumatların arxiv çıxarışları mövcud deyildir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmət tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, 1992-ci ildə Laçın rayonunun işğal olunması sözügedən sənədlərin gətirilməməsi ilə nəticələnmişdir, ona görə də İddiaçı əmək fəaliyyəti barədə Xidmətin arxivində heç bir sənəd mövcud deyildir. Bu səbəbdən də həmin dövr iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı dövr (xx.xx.1990-xx.xx.1991) daxil olmaqla iddiaçı xx.xx.2021-ci ilədək (xx.xx.1997-xx.xx.2021) 25 ildən çox ümumi staja malikdir (25 il 05 ay 19 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2010-cu ilədək və xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək elektrik qazqaynaqçısı işləmişdir (cəmi 20 il 04 ay 17 gün). İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur (35. Ümumi peşələr; əl ilə qaynaq aparan elektrik qaynaqçıları). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının xx.xx.2021-ci ilədək 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5974/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar