Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1529/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(112)-11269/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 yanvar 1975-ci ildə Ukraynada doğulmuşdur. Əslən Azərbaycanlıdır. Bakı şəhəri 175 saylı tam orta məktəbində təhsil almış və 1993-1994-cü illərdə Bərdə rayonunda hərbi xidmətdə olmuşdur. AR CM-nin 334cü maddəsi ilə məhkum olunmuşdur. 1996-cı ildə əfv olunmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Məhkum olduğundan şəxsiyyət vəsiqəsi cəzaçəkmə müəssisəsində qalmışdır. Şəxsiyyət vəsiqəsinin alınmasında problem yaşadığına görə sonradan vətəndaşlıq mənsubiyyətinin tanınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Bir neçə dəfə Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, onların heç birinə cavab verilməmişdir. Dövlət Miqrasiya Xidmətinin onun işinə qarşı saymazyana yanaşması səbəbindən aylardır ki, vətəndaşlıq mənsubiyyətini ala bilmir, ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(112)-11269/2022 saylı qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkünlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd – Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Lakin Azərbaycan Respublikasının ərzisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul oluna bilər. İddiaçının şəxsiyyətini müəyyən etməsi mümkün edən sənədin hər hansı dövlət orqanında, tədris müəssisəsində, və s. təşkilat, idarə, müəssisədə olması barədə məhkəməyə məlumat verilməmişdir. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq verilmiş məlumatlardan da görünür ki, iddiaçının hərbi xidmət keçməsi barəsində avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Məhkəmə iddia ərizəsinə əsasən müəyyən etdi ki, iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil. İddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından cavabdehin üzərinə onun vətəndaşlıq mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması mümkün deyil. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Məhkəmə iş üzrə tam araşdırma aparmamışdır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri 175 saylı tam orta məktəbdə təhsil almışdır. 1993-1994-cü illərdə Bərdə rayonunda hərbi xidmət keçmişdir. AR-nın CM-nin 334-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir və barəsində məhkəmə işi aparılmışdır. Müvafiq olaraq bu iş üzrə hər bir halda polisdə iş materialları olmuşdur. Lakin məhkəməyə kifayət qədər araşdıra biləcəyi məlumatlar təqdim edilsə də, heç bir əsaslı araşdırma aparılmamışdır. Məhkəmə o halda hazırki qərardadı çıxara bilərdi ki, iddiaçının təhsil aldığı orta məktəbə, hərbi xidmət üzrə qeydiyyatda olduğu səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin müvafiq idarəsinə, hərbi xidmətini çəkdiyi hərbi hissəyə, barəsində ibtidai araşdırma aparmış polis və ya prokurorluq orqanına, barəsində ittiham hökmü çıxarmış məhkəməyə və cəzaçəkmə müəssisəsinə sorğu göndərsəydi. Lakin məhkəmə tərəfindən qeyd olunanlardan yalnız biri - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə sorğu vermiş, idarənin 12 yanvar 2022-ci il tarixli 74 nömrəli məktubu ilə iddiaçı X1 xx.xx.1996-cı ildə keçmiş Sovet Ordusuna həqiqi hərbi xidmətə çağırıldığı, əlavə məlumatın olmadığı bildirilmişdir. Məktubdan da görünür ki, iddiaçının şəxsiyyətini təsdiq edən müvafiq sənəd olmuşdur ki, hərbi xidmət üzrə qeydiyyata alınmış və xidmətə çağırılmışdır. Əgər müvafiq sənədi olmasaydı qeydiyyata alına və ya xidmətə çağırıla bilərdimi? Həmçinin, sorğunun cavabında qeyd edilmişdir ki, əlavə məlumat yoxdur. Əlavə məlumatın olmaması iddiaçının səhvidirmi? Qeyd olunanlardan da görünür ki, məhkəmənin qərardadı tamamilə əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. Cavabdeh iddiаyа dаir etirazını onunla əsaslandırmışdır ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş) müvafiq sorğu vərəqi ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməmişdir. Sözügedən şəxs elektron qaydada DMX-ya müraciət edərək vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciəti edəcəyi zamanı doğum haqqında şəhadətnamənin əslinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Şəxsin müraciətinə baxılmış və müraciət təmin edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.5-ci bəndinə əsasən sənədlərin surətlərinin həmin sənədlərin əsli və ya onların notariat qaydasında, yaxud ona bərabər tutulan qaydada təsdiq olunmuş surətləri ilə tutuşdurulması nəzərdə tutulduğundan həmin sənədin əsli əlavə olunmadığından icraatın aparılması mümkün deyildir. Bu səbəbdən iddia ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını birinci instansiya məhkəməsindən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı – özünü İddiaçı kimi təqdim edən şəxs) və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunmasına baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli sorğusuna əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 74 nömrəli məktubunda bildirilmişdir ki, 1975-ci il təvəllüdlü X3 xx.xx.1996-cı ildə keçmiş Sovet Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. X3 barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsində əlavə məlumat yoxdur. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən, Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Baki şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixdə məktubunda bildirmişdir ki, 1975-ci il təvəllüdlü İddiaçı barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, heç bir məlumat aşkar edilməmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə verilmiş sorğuya əsasən İdarədən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubuna görə 1975-ci il təvəlldlü X1 xx.xx.1996-cı il tarixdə həqiqi hərbi xidmətə çağırılmasına əsas verən əlifba qeydiyyat kitabından çıxarışdan görünür ki, sonuncunun adı həmin kitabda mövcuddur (28-ci sırada). Həmçinin, işə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı nə vaxt, hansı hərbi hissədə xidmət keçməsi və s. hərbi xidməti barədə vacib məlumatlar göstərilmədiyi üçün, yalnız sorğuda qeyd olunan şəxsin soyadı, adı, atasının adı göstərilməklə natamam məlumatlar əsasında tərəfimizdən Hərbi Prokurorluğun struktur qurumlarına məktublar göndərilmiş və alınmış cavablara əsasən İddiaçıla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir: “1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər (25.0.): fiziki və ya hüquqi şəxslər (25.0.1); dövlət orqanları və ya bələdiyyələr (25.0.2.) Həmin Məcəllənin 26-ci maddəsində göstərilmişdir: “26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində göstərilmişdir: “4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0-cü maddəsinə əsasən, bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd – Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərzisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul oluna bilər. İddiaçının şəxsiyyətini müəyyən etməsi mümkün edən sənədin hər hansı dövlət orqanında, tədris müəssisəsində, və s. təşkilat, idarə, müəssisədə olması barədə məhkəməyə məlumat verilməmişdir. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq verilmiş məlumatlardan da görünür ki, iddiaçının hərbi xidmət keçməsi və barəsində avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil. İddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından cavabdehin üzərinə onun vətəndaşlıq mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması mümkün deyildir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(112)-11269/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1529/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1529/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver