Məhkəmə qərarları › İş №2-1(103)-153/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-153/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-153/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı əmək fəaliyyətinə xx.xx.1979-cu ildən keçmiş Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı vəzifəsindən başlamışdır. Daha sonra xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra yenə də “Kommunist” nəşriyyatında (1991-ci ildə adı dəyişdirilərək “Azərbaycan” nəşriyyatı adlandırılmışdır) əmək fəaliyyətini davam etdirərək, maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək yığım sahəsində 3-cü dərəcəli maşınla yığıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək yığım sahəsində 4-cü dərəcəli linotipist (maşınla yığıcı), xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixinədək yığım sahəsində yığmasətirtökən maşınında 4-cü dərəcəli yığıcı vəzifəsində işləmişdir. Uzun müddət (12 il 6 aydan da artıq) nəşriyyatda işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunan (2270000a-14807) yığma-sətirtökən maşınların yığıcıları peşə (vəzifəsinə) uyğundur. Tutduğu vəzifə ona güzəştli şərtlərlə əmək pensiyası hüququ versə də, bu hüququnu həyata keçirməmişdir. Onun güzəştli iş stajı 12 il 6 aydan artıq olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, müraciətçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda xx xxxxxx 2006cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərbaycan nəşriyyatı” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışına, Ucar rayonu “Yeni söz” qəzetinin redaksiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa, X4 filialının xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında, indiki “Azərbaycan” nəşriyyatında maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək yığım sahəsində 3-cü dərəcəli maşınla yığıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək yığım sahəsində 4-cü dərəcəli linotipist (maşınla yığıcı), xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixinədək yığım sahəsində yığma-sətirtökən maşınında 4-cü dərəcəli yığıcı vəzifəsində işləmişdir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin imtina məktubunda irəli sürülən məsələ də həqiqətə uyğun deyil. Onun əmək fəaliyyətində uzun müddətli fasilə heç vaxt olmamış, hətta hazırki vaxtadək əmək fəaliyyətini davam etdirir. İşlədiyi müddətdə mütamadi olaraq, ona əmək haqqı hesablanmış, ondan isə müvafiq sosial ayırmalar həyata keçirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdehin iddiaya dair yazılı etirazının məzmunu iddiaçının tələbinin təmin olunmasından imtina barədə verilmiş məktubun məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixində, yəni xx.xx.2017-ci il tarixindən sonra tamam olduğundan, ona 9.8-ci maddəyə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün xx.xx.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. İddiaçı isə həmin tarixədək ondan tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Bundan əlavə, güzəştli şərtlərlə pensiya təyin olunması üçün qeyd edilən maddə kişilərlə əlaqədar üç tələb müəyyənləşdirir: 60 yaşına çatma (yaş); azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olma (staj); fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (pensiya kapitalı). Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni, qeyd olunan maddə, imkan yaradır ki, yuxarıda sadalanmış üç tələbdən birinci və ikinci tələblə bağlı əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilsin. Qeyd olunan maddə 3-cü tələbə münasibətdə, xx.xx.2006-cı ilə qədərki qanunvericiliyin tətbiqinə imkan yaratmır. Yəni, qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunmasını istisna etmir. İddiaçıya münasibətdə yaş və staj tələbləri xx.xx.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər (pensiyaların hesablanma qaydasına (2010-cu ildəki dəyişikliklərin nəzərə alınıb-alınmaması baxımından) münasibətdə Ali Məhkəməsinin də mövqeyi eynən belə olmuşdur) isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə dair verilmiş etirazın məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı onun 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrdə işləməsi ilə bağlı xüsusi stajının olmasına əsaslanaraq, bu əsasla ona 57 yaşdan pensiya təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş yerindən arayışlar, həmçinin arxiv arayışlarını təqdim etmişdir: xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş; əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1979-cu ildə “Kommunist” Nəşriyyatına maşında çap sahəsinə 2-ci dərəcəli maşın mürəttibi (maşınla yığıcı) vəzifəsinə qəbul olunmuş, xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək tarixədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə “Kommunist” Nəşriyyatına çap sexinə çap maşınlarında 3-cü dərəcəli mürəttib (maşınla yığıcı) vəzifəsinə qəbul olunmuş, xx.xx.1983-cü ildə işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə Ucar rayon 122 saylı Texniki Məktəbinə “traktor, avtomobil və digər kənd təsərrüfatı maşınlarının çilingəri” qrupuna qəbul edilmiş, xx.xx.1984-cü ildə Dövlət imtahanlarının verilməsi ilə əlaqədar olaraq qrupdan azad edilmişdir. xx.xx.1984-cü ildə Ucar metal məmulatları və bostan alətləri zavodunda 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə Ucar “Yeni söz” qəzeti mətbəəsinə 3-cü dərəcəli linotipçi (maşınla yığıcı) təyin olunmuş, xx.xx.1985ci ildən 4-cü dərəcəli linotipçiyə keçirilmiş, xx.xx.1985-ci ildən Ucar “Yeni söz” qəzeti redaksiyasının tabeçiliyindən azad edilərək, Göyçay mətbəəsinə keçirilmiş, xx.xx.1985-ci ildə Göyçay mətbəəsinin Ucar şöbəsinin 4-cü dərəcəli sətryığan vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə “Kommunist” nəşriyyatına çap sexinə 4-cü dərəcəli linotipçi (maşınla yığıcı) vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə fotoyığım üzrə FMP-1000 operatorunun ixtisaslı işçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu ildə FMP1000 4-cü dərəcəli operator-proqramçı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə çap sexinə 4-cü dərəcəli sətrtökən maşın mürəttibi vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə “Kommunist” nəşriyyatı “Azərbaycan” nəşriyyatı adlandırılmışdır. xx.xx.1997-ci ildə ofset çap sexinə çapçı köməkçisi keçirilir. xx.xx.1999-cu ildə ofset çap sexi ilə yüksək çap sexi birləşdirilərək, çap mərkəzi yaradılmışdır. xx.xx.2001-ci ildə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə “Kraton-M” firmasına “poliqrafiya şöbəsinə” çapçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir. xx.xx.2013-cü ildə “xxxx” MMC-yə çapçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi siyasi sənədlər arxivi tərəfindən verilmiş 155 saylı xx xxxx 2019-cu il tarixli arxiv arayışında İddiaçı Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında linotipçi vəzifəsinə qəbul edildiyi, həqiqi hərbi xidmətə çağırıldığı üçün tutduğu vəzifədən (maşınla yığma sahəsinin yığıcısı vəzifəsindən) azad edildiyi, x xxxxxx 1982-ci il tarixli 477 saylı əmrinə əsasən yığma sexinə 3-cü dərəcəli maşınla yığıcı vəzifəsinə qəbul edildiyi, iş şəraitinin zərərli olması, xx xxxxxx 1983-cü il tarixli 465 saylı əmrinə əsasən tutduğu vəzifədən azad edildiyi, xx xxxxxx 1985-ci il tarixli 381 saylı əmrinə əsasən 4-cü dərəcəli linotipçi vəzifəsinə qəbul edildiyi və iş şəraitinin zərərli olması göstərilmişdir. “Azərbaycan” Nəşriyyatı tərəfindən verilmiş 3/06 saylı xx.xx.2019-cu il tarixli arayışda İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək yığım sahəsində 3-cü dərəcəli maşınla yığıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək yığım sexində 4-cü dərəcəli linotipist (maşınla yığıcı), xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək yığım sexində yığmasətirtökən maşınında 4-cü dərəcəli yığıcı vəzifəsində işləməsi, “Kommunist” nəşriyyatı hal-hazırda “Azərbaycan” nəşriyyatı adlandırıldığı, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 saylı siyahısında qeyd olunan (2270000a- 14807) yığma-sətirtökən maşınların yığıcıları peşəsinin İddiaçı işlədiyi peşəyə uyğun olduğu göstərilmişdir. Həmçinin “Yeni söz” qəzeti redaksiyası tərəfindən verilmiş 5 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışında İddiaçı xx xxxxxx 1984-cü il tarixdə “Yeni söz” qəzeti mətbəəsinə linotipçi (sətirtökən-iş şəraiti zərərli) təyin edildiyi və xx xxxxxx 1985-ci il tarixdə işdən azad edildiyi göstərilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı 2007-ci ilə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən XXV fəsil Poliqrafiya, kinosurətlər istehsalı bölməsində fəhlələr (kod 2270000a) yığma-sətrtökən maşınların yığıcıları (kod 2270000a-14807) və əl ilə yığıcılar (kod 2270000a—14792) peşəsində 12 il 6 aydan ildən çox işləmiş və onun ümumi iş stajı 25 ildən çoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində “iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yranması üçün tələb olunan iş stajına malik olmamasına və pensiya kapitalının yaranmamasına” istinad edir. Lakin göründüyü kimi, iddiaçının 2006-cı ilin 1 yanvar tarixinədək 25 il ümumi sığorta stajı, o cümlədən 12 il 6 aydan ildən artıq “xüsusilə zərərli və ağır” sayılan işdə stajı toplanmış olur. Cavabdehin “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2006-cı ilədək yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilini əsassız sayır və onu qəbul etmir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir və bu nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin **********1 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün, eyni zamanda qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmadığından birinci instansiya məhkəməsinin qərarı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar