Məhkəmə qərarları › İş №2-1(103)-153/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-153/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-153/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “növbədənkənar dövlət hesabına mənzil ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2314/2021 saylı 05.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 nəfər ailə üzvü ilə birlikdə növbədənkənar dövlət hesabına mənzil ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 4 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, tarzən Həci Məmmədov küçəsi, 9-da polisin inzibati binasında qeydiyyatdadır. Faktiki yaşadığı ünvanda kirayənişin yaşayır, aya 400 manat kirayə haqqı verir. Bunun 100 manatını hər ay mənzil növbəsinə qeydiyyata alındığı Cavabdeh ödəyir. İddiaçı 1-ci qrup əlildir. 02.07.1992-ci il tarixdən Nərimanov RİH-də mənzil növbəsində növbəyə durmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq hələ də mənzillə təmin edilməmişdir. Cavabdehin 31.10.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının mənzillə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. Həmin nazirlik isə iddiaçının müraciətinə 30 yanvar 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, imtiyazlı kateqoriyadan olan şəxslərin, o cümlədən ümumi xəstəlik səbəbinə əlil olmuş vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması nazirliyin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə qeydiyyatda olduğu Cavabdehə müraciət etmək tövsiyə edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2314/2021 saylı 05.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, 1-ci qrup əlildir. 02.07.1992-ci il tarixdən Nərimanov RİH-də mənzil növbəsində növbəyə durmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq hələ də mənzillə təmin edilməmişdir. Gah ona deyirlər ki, mənzil fondumuz yoxdur, gah da qeyd edirlər ki, sənə mənzili biz verməməliyik. Axırıncı dəfə Cavabdehdən ona 31.10.2019-cu il tarixdə belə bir cavab veriblər ki, onun mənzillə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. O, bundan sonra qeyd edilən nazirliyə də müraciət etmişdir. Həmin nazirlik isə ona 30.01.2019-cu il tarixli məktubla bildirib ki, bu bizim səlahiyyətimizə aid deyil. Həmin məktubun sonuncu abzasında qeyd edilib ki, imtiyazlı kateqoriyadan olan digər şəxslərin, o cümlədən ümumi xəstəlik səbəbilə əlil olmuş vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyətləri xaricində olduğundan Sizə aidiyyəti üzrə qeydiyyatda olduğunuz Cavabdehə müraciət etməyiniz tövsiyə olunur. O, vəsatətlə məhkəməyə müraciət etmişdir. Təəssüflər olsun ki, məhkəmə vəsatətində qoyulmyş suallara cavab almadan onun iddia tələbini rədd etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun 4 nəfər ailə üzvü ilə birlikdə növbədənkənar dövlət hesabına mənzil ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1992-ci ildən 1-ci dərəcəli əlil kimi güzəştli mənzil növbəsinə daxil edilmişdir, hal-hazırda həmin siyahıda 785dir, cavabdehə müraciət edərək mənzillə təmin edilməsini tələb etsə də müraciəti təmin olunmadığı üçün məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Hazırda iddiaçı inzibati icraatı zamanı cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni cavabdehin mənzil fondunun olduğu halda onun mənzillə təmin edilməməsi, ondan sonra mənzil növbəsində olan şəxslərin mənzillə təmin edilmələri barədə dəlilləri bildirməmiş, belə bir hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 239 nömrəli, 20.04.2007-ci il tarixli sərəncamına əsasən, İddiaçı ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu, qızı) növbədənkənar mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçıya Cavabdeh tərəfindən verilmiş 312 nömrəli, 31.10.2019-cü il tarixli arayışına əsasən, X2 Cavabdeh başçısının 02.07.1992-ci il sərəncamı ilə 1-ci qrup ümumi səbəbdən əlil kimi Nərimanov RİH-də mənzil növbəsinə götürülmüşdür. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və bu kateqiriyadan olan mənzil növbəsinə götürülmüş şəxslərin yaşayış sahələri ilə təmin edilməsi vəzifəsi bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və ümumi növbəlik siyahısında daxil edilmiş şəxslərin yaşayış sahələri ilə (mənzillərlə) təmin edilməsi isə Azərbaycan Respublikası Mənzil qanunvericiliyinin tələbləri qaydasında növbəlik prinsipi əsasında həyata keçirilir. Halhazırda Nərimanov RİH-nin mənzil fondu olmadığından və müvafiq təyinatı yaşayış sahələri ayrılmadığından yaşayış sahəsi ilə (mənzillə) təmin edilməsi imkanlar və səlahiyyətlər xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin iddiaçıya ünvanlanmış 30.01.2015-ci il tarixli, 03/99 nömrəli məktubunda göstərilmişdir: ”Sizin Azərbaycan Respublikası Milli Məclisindən daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014- 2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İmtiyazlı kateqoriyadan olan digər şəxslərin, o cümlədən ümumi xəstəlik səbəbi ilə əlil olmuş vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyətləri xaricində olduğundan, Sizə aidiyyəti üzrə qeydiyyat olduğunuz Cavabdehə müraciət etməyiniz tövsiyə olunur”. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Cavabdehə ünvanlanmış 03.10.2018-ci il tarixli məktubunda göstərilmişdir: “ Sizin İddiaçı mənzil şəraitinin yaxşılaşdırıması ilə bağlı məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014- 2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu sərəncamla əhatə olunmadığından vətəndaş İddiaçı mənzil – məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətləri xaricindədir.” İş materiallarında olan Bakı şəhəri Cavabdehin iddiaçıya ünvanlanmış 08.01.2018-ci il tarixli məktubunda göstərilmişdir: ”Siz 02.07.1992-ci il tarixli sərəncamına əsasən 1-ci qrup əlil kimi yaşayış yeri üzrə mənzil növbəsindəsiniz. Nərimanov rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış Qarabağ müharibəsi əlillərinin və Şəhid ailələrinin yaşayış sahəsi ilə təmin olunmaları haqqında növbəlik siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş və həmin ailələr, Siz də daxil olmaqla nazirlik tərəfindən növbəlik qaydasında mənzillə təmin olunacaqlar.” İş materiallarında olan Bakı şəhər Cavabdeh 18.02.2021-ci il tarixli, 1/122 nömrəli məktubu ilə məhkəməyə təqdim etdiyi məlumata əsasən, Bəylərov X1 RİH başçısının 20.04.2007-ci il tarixli 239 nömrəli sərəncamı ilə 1-ci dərəcəli əlil kimi güzəştli siyahıya daxil edilmiş və Nərimanov RİH üzrə həmin siyahıda 785-ci şəxsdir. İş materiallarında olan Bakı şəhər Cavabdehin 09.04.2021-ci il tarixli, 1/270 nömrəli məktubu ilə məhkəməyə təqdim etdiyi məlumata əsasən, Bəylərov X1 RİH başçısının 20.04.2007-ci il tarixli 239 nömrəli sərəncamı ilə ümumi əsaslarla olan mənzil növbəliyindən çıxarılmış və növbədənkənar siyahıya (güzəştli) keçirilmişdir. İddiaçı adı gözdən əlillər üçün nəzərdə tutulan siyahıda yoxdur və onun bu barədə hər hansı müraciəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.(48.1,48.2) Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir.(56.1) Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir.( 56.3). “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçı Bəylərov X1 RİH başçısının 20.04.2007-ci il tarixli 239 nömrəli sərəncamı ilə 1-ci dərəcəli əlil kimi güzəştli siyahıya daxil edilmiş və Nərimanov RİH üzrə həmin siyahıda 785-ci şəxsdir. Nərimanov rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış Qarabağ müharibəsi əlillərinin və Şəhid ailələrinin yaşayış sahəsi ilə təmin olunmaları haqqında növbəlik siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş və həmin ailələr, iddiaçı da daxil olmaqla nazirlik tərəfindən növbəlik qaydasında mənzillə təmin olunacaqlar.” Bakı şəhər Cavabdehin 09.04.2021-ci il tarixli, 1/270 nömrəli məktubundan da görünür ki, iddiaçının adı gözdən əlillər üçün nəzərdə tutulan siyahıda yoxdur və onun bu barədə hər hansı müraciəti olmamışdır. İddiaçı isə hazırda onun 4 nəfər ailə üzvü ilə birlikdə növbədənkənar dövlət hesabına mənzil ilə təmin olunmasını xahiş edir. Halbuki, Mənzil Məcəlləsinin tələbinə görə o, və ailə üzvləri 56.2-ci maddədə nəzərdə tutulan növbədənkənar yaşayış sahəsi verilməli olan şəxslər kateqoriyasına aid deyillər. Hazırki işdə isə cavabdeh tərəfindən növbəlilik pozulmaqla digər şəxslərə mənzil verilməsi barədə hər hansı bir məlumat mövcud deyildir və iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2314/2021 saylı 05.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar