Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1530/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Əliheydər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2447/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əliheydər oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni vəzifə maaşının 15 faizi həcmində vergilərdən azad olunan aylıq pul təminatı (xx xxxxxxx 2010-cu il tarixdən hesablanmaqla), hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiyanın yenidən hesablanıb xx.xx.2003-cü ildən hal-hazıra kimi yaranmış fərqin (ziyanın) birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1994-cü ilin iyul ayından 2000-ci ilin sentyabr ayına kimi Füzuli və Qubadlı qarnizonları Hərbi Məhkəməsinin hakimi vəzifəsində çalışmış, 2000-ci ilin sentyabr ayının 4-dən pensiya alır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25% miqdarında, apellyasiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20% miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15% miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin konkret işlər üzrə qərarları ilə xx.xx.2010-cu il tarixdən əmək haqqının artırılmasının sabiq hakimlərin pensiyasına daxil edilməsi qanuna uyğun hesab edilmiş və məhkəmənin ayrı-ayrı işlər üzrə çıxardığı onlarla belə qərarlar artıq icra edilmişdir. İddiaçı hərbi hakimlərin pensiyaları yenidən hesablanarkən onun pensiyasının düzgün hesablanmamasını, əmək haqqındakı sonrakı artımların nəzərə alınmadığı da qeyd etmişdir. İddiaçı “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt 2 aylıq vəzifə maaşı məbləğində müavinət verildiyini, lakin ona 2003-cü ildən bu əlavə məbləğdən pensiya hesablanmadığını, qeyd olunan Qanunun 109-cu maddəsinin tələblərinə əsasən hakimlərə müalicə olunmaları üçün onlara iki aylıq əmək haqqı məbləğində müavinət verildiyini, qeyd olunan əlavənin də pensiya yenidən hesablanarkən nəzərə alınmadığını qeyd etmişdir. Göstərilənlərə əsasən iddiaçı “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni vəzifə maaşının 15 faizi həcmində vergilərdən azad olunan aylıq pul təminatı (xx xxxxxxx 2010-cu il tarixdən hesablanmaqla), hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiyanın yenidən hesablanıb xx.xx.2003-cü ildən hal-hazıra kimi yaranmış fərqin (ziyanın) birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh DSMF-nin X4 idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçıya xx xxxxxx 2000-ci il tarixdə hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmiş, həmin tarixə iddiaçının ümumilikdə, 23 il 19 gün (8 il 4 ay 5 gün təqvim ili + 14 il 8 ay 14 gün güzəştli xidmət ili) iş stajı olmuşdur. İddiaçıya pensiya təyin edilən zaman onun 40 yaşı olmuş və ona təminat xərcliyinin 59 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən təyin edilmişdir. İddiaçıya 2000-ci ildə hakim kimi pensiya təyin edilməsi- əmək pensiyası yaşına çatmadığına görə obyektiv olaraq mümkün deyildir. Həmin norma hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçularla bağlı tənzimləməni ehtiva edir. Hakimlərə pensiya təyin edilməsi ilə bağlı müddəalar ƏPQnin 20.1.4-cü maddəsində öz əksini tapmışdır. Göründüyü kimi, ƏPQ-nın 20.7-ci maddəsi ümumiyyətlə iddiaçıya şamil edilə bilməz. Çünki həmin maddənin mətnində ƏPQ-nın 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərə şamil edildiyi açıq şəkildə göstərilmişdir. İddiaçı 20.1.4-cü maddənin təsiri altına düşmür. Çünki, 20.1.4-cü maddədə nəzərdə tutulmuş şəxslər dedikdə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər nəzərdə tutulmuşdur. İddiaçı hazırda belə hakimlər üçün tələb edilən pensiya yaşına çatmayıb. Ancaq tələbində 43 və 50 yaşının tamam olduğu tarixlərdən hakim kimi əlavələrin ona şamil edilməsini istəmişdir. Həmçinin, iddiaçıya görə, ƏPQ-nın 20.7 və 29.3-cü maddələri ona belə bir hüquqla çıxış etmək imkanı tanımışdır. Halbuki, 20.7-ci maddə, sabiq hakimlərin əmək pensiyasına əlavələrin hesablanması zamanı əmək haqqındakı sonrakı artımların diqqətə alınmalı olmasını təsbit etmişdir. MHQ-nın 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, İddiaçı Əliheydər oğlunun əmək pensiyasının xx.xx.2003-cü il tarixdən, həmçinin, birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatının xx.xx.2010-cu il tarixdən iddiaçıya təyin edilmiş pensiya miqdarına daxil edilməklə İddiaçı Əliheydər oğlunun pensiyasının yenidən hesablanması və qeyd edilən tarixlərdən yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia tələbinə dair verdiyi etiraza uyğun əsaslandırıb birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı hazırda belə hakimlər üçün tələb edilən pensiya yaşına çatmamışdır. İddiaçı işlədiyi dövrün sonuncu ilində yalnız aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı ala bilər. İddiaçının belə bir məzuniyyət haqqını almasını təsdiqləyən hər hansı sübut yoxdur. Alınmamış məbləğin iddiaçının pensiyasının hesablanması zamanı diqqətə alınmalı olmasına dair bir dəlil qəbul edilə bilməz. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı Əliheydər oğlu 1994-cü ilin iyul ayından 2000-ci ilin sentyabr ayına kimi Füzuli və Qubadlı qarnizonları Hərbi Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır. İddiaçıya 2000-ci ilin sentyabr ayının 4-dən pensiya təyin edilmişdir. İddiaçı Əliheydər oğlu pensiyanın yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********7 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatl ar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun X4 İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən x xxxxxx 2000-ci il tarixində mayor rütbəsi ilə Fizuli qarnizonu hərbi tribunal hakimi vəzifəsinə uyğun olaraq 23 il 19 gün xidmət müddətinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə görə hərbi qulluqçuların əmək pensiyasına əlavələr onların təminat xərcliyi əsas götürülməklə təyin edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası şəxsin ona pensiya təyin olunduqdan əvvəl aldığı və ya itirdiyi gəlirlərin kompensasiyası məqsədi daşıyır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində aşağıda qeyd olunan pul təminatları və müavinət təminat xərcliyinizin tərkibinə daxil edilmədiyindən iddiaçının əmək pensiyasının ümumi məbləğində nəzərə alınmasını qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir: səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşlarının 25 faizi (xx.xx.2019-cu il tarixinədək birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi) miqdarında vergidən azad olunan aylıq pul təminatı (Qanunun 106-cı maddəsinin 10-cu abzası); hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət (Qanunun 107-ci maddəsinin birinci abzasının ikinci cümləsi); hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində pul təminatı (Qanunun 109-cu maddəsinin dördüncü abzasının ikinci cümləsi). İddiaçı cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayaraq birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanuni olmadığı qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası dedikdə-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə (x xxxxxxxx 2000-ci ilədək) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 29.3-cü maddəsinin (xx xxxx 2017-ci ilədək qüvvədə olmuş) tətbiq edilməsini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.3-cü maddəsinə görə həmin qanunun 20.1.1, 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göründüyü kimi, həmin maddə əmək pensiyasının baza hissəsinin artırılması və ya sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlıdır. İddiaçı isə hazırkı tələblə əmək haqqının sonrakı artımının “baş verməsini” iddia etmişdir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.3-cü maddəsinin hazırkı mübahisə ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində özü ilə oxşar vəziyyətdə olan Vəkil iddiası üzrə baxılmış məhkəmə işinə istinad etmişdir. Həmin iş üzrə qanuni qüvvəyə minmiş x xxxxxx 2018-ci il tarixli məhkəmə qərarından (xx xxx 2019-cu il tarixdə Ali Məhkəmədə yekun qərar qəbul edilmişdir) görünür ki, 1992-ci ilin sentyabr ayından 2000ci ilin sentyabr ayına qədər Fizuli və Qubadlı qarnizonu hərbi tribunalının sədri işləmiş Vəkil 2000-ci ilin sentyabr ayında hərbi qulluqçu kimi pensiya təyin edilmiş, hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət və il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmindəki pul məbləği nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması inzibati orqana həvalə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən oxşar xarakterli digər işlərdə vaxtilə hərbi tribunalın sədri və hakimi işləmiş, 2000-ci ilin sentyabr ayında hərbi qulluqçu kimi pensiya təyin edilmiş şəxslərə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109cu maddələrində nəzərdə tutulan hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu, iki aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması pensiya təyin edən orqana həvalə edilmişdir. Lakin hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla məhkəmə özünün formalaşmış təcrübəsini dəyişmişdir. Plenum qərarında da qeyd edildiyi kimi, Plenum qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Hazırkı işə baxılan zaman iddiaçı barəsində olan məhkəmə qərarı qanuni qüvvəyə minməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarıləğv edilsin. İddiaçı Əliheydər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni vəzifə maaşının 15 faizi həcmində vergilərdən azad olunan aylıq pul təminatı (xx xxxxxxx 2010cu il tarixdən hesablanmaqla), hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiyanın yenidən hesablanıb xx.xx.2003-cü ildən hal-hazıra kimi yaranmış fərqin (ziyanın) birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1530/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1530/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver