Məhkəmə qərarları › İş №2-1(103)-1530/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1530/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1530/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9914/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2021-ci il tarixli **********202300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, həmin qərar əsasında hesablanmış vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi, eləcə də cavabdehin onu vergi ödəyicisi kimi qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə onun vergi ödəyicisi kimi uçotdan çıxarılması və ona verilmiş VÖEN şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, metal qırıntılarının toplanması ilə məşğul olur. Həmin metal qırıntıları müxtəlif metal qəbulu məntəqələrinə akt əsasında təhvil verilmişdir. Daha sonra, ona məlum olmuşdur ki, vergi orqanı onun fərdi sahibkar kimi məcburi olaraq heç bir ərizə olmadan qeydiyyata almışdır. Eyni zamanda qərar əsasında gəlir vergisi hesablamışdır. İddiaçı hesab edir ki, onun müraciəti olmadan fərdi sahibkar kimi qeydiyyata alınması və qərarın qəbul edilməsi qanunsuz və əsassızdır. Belə ki, həmin qeydiyyata alınma iddiaçı tərəfindən ərizə verildiyi təqdirdə mümkün idi. Lakin ərizə verilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, metal qırıntılarının təhvil verilməsi ilə məşğul olan şəxslərin vergi ödəyicisi kimi qeydiyyata durmaq öhdəliyi yoxdur. Həmin şəxslərdən gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur və verginin tutulması və büdcəyə ödənilməsində məsul şəxs həmin metal qırıntıları qəbul edən vergi ödəyicisi hesab edilir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 29 iyul 2021-ci il tarixli **********202300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9914/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, vergi orqanında mövcud olan uçotbaza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində tərtib edilmiş 8 ədəd elektron alış aktları üzrə 627306,83 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixli **********912300 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilmişdir. İddiaçı tərəfindən 5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə ilə müraciət edilmədiyindən, xx.xx.2021-ci il tarixdən məcburi qaydada vergi orqanında uçota alınmışdır. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 627306,83 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********287600 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci il ərzində vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir nəzərə alınaraq kameral vergi yoxlaması ilə 2020-ci il üçün gəlir vergisi üzrə 20910,23 manat ((627306,83/6)x20%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********202300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçı hər nə qədər vergi uçotuna alınmış olsa da, reallıqda əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Məhkəmənin mövqeyinin əksinə bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi ödəyicisinin böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmiş, toplanmış metal tullantılarının qısa müddətdə əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan yığılması mümkün deyildir. Bununla bağlı əlavə təsdiqedici sənədlər də təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq fiziki şəxsin metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirmiş, habelə metal tullantıların qəbulunun “İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununda sahibkarlıq subyektlərinin həyata keçirə bilməsi qeyd olunmuşdur ki, alış aktları ilə iri həcmdə mal partiyası şəklində təqdim olunmuş metal qırıntılarına görə fiziki şəxs Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli idi. İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 12-2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2021ci il tarixli **********202300 nömrəli qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində 2020-ci il üzrə gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 20910,23 manat vergi borcu hesablanmışdır. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti göstərsə də uçotda olmamış, 2020-ci il ərzində mallar (xidmətlər) təqdim edilməsinə baxmayaraq gəlir vergisi bəyannaməsi təqdim etmədiyindən kənarlaşma yaranmışdır. İddiaçıdan məktubla təsdiqedici sənədlərin, izahat məktubunun, gəlir vergisi bəyannaməsinin təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb edilmiş, lakin sənədlər təqdim edilmədiyindən vergi hesablanmışdır. Hazırda iddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2021-ci il tarixli **********202300 nömrəli qərarı mübahisələndirərək, onun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərarın mübahisə edilməsi əsası qismində iddiaçı metal qırıntılarının toplanmasından ibarət olan fəaliyyətinin sahibkarlıq fəaliyyəti olmamasını qeyd edir. Cavabdeh isə əksinə, iddiaçının fəaliyyətini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirir və onun gəlir vergisinin ödəyicisi qismində görərək vergi hesablanmalı olmasına istinad edir. Eyni zamanda iddiaçının sahibkarlıq fəaliyyətinin uçotda durmadan iddiaçının həyata keçirdiyin qeyd edir. Göründüyü kimi, halhazırda qərarın qanuniliyinin müəyyən edilməsi ilə bağlı iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının aydınlaşdırılması zərurəti vardır ki, məhkəmə hesab etmişdir ki, metal qırıntılarının toplanması ilə bağlı iddiaçının fəaliyyəti aşağıda qeyd olunanlar da nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Halbuki, cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, metal qırıntılarının toplanması barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Bu zaman, iddiaçının fərdi sahibkar kimi vergi uçotunda olmasını da məhkəmə hesab etmişdir ki, iddiaçının vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçının metal qırıntılarını toplaması əsası ilə vergi uçotuna alınması vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir ki, məhkəmə hər nə qədər iddia tələbində ayrıca göstərilməsə belə, qərarın ləğvi ilə bağlı iddia tələbinin mahiyyətinə, eləcə də işin digər faktiki hallarına da nəzər yetirdikdə müəyyən eymişdir ki, hazırkı qərarın qəbulu şəxsin vergi uçotunda olması ilə birbaşa bağlıdır. Belə ki, şəxsin vergi uçotuna alınması onun metal qırıntı toplamaq fəaliyyəti ilə əlaqədar olmuşdur ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərib-göstərməməsi, eləcə də hazırkı qərarın ləğv edilib-edilməməsi onun vergi uçotuna düzgün alınıb-alınmaması ilə bağlıdır. Başqa sözlə, necə ki, inzibati məhkəmə icraatı zamanı formalaşmış praktika qərarların ləğvi ilə bağlı işlərdə həmin qərarın qəbulu zamanı vergi və digər aidiyyəti qanunvericilik aktlarının pozulmasına (məsələn: sahibkarlıq fəaliyyəti üzrə yoxlamalarla bağlı reyestrdə məlumatın daxil edilməməsi, yoxlamaların keçirilməsinə dair qərarın qəbulunun əsassız olması, ekspertizanın təyini, aparılması ilə bağlı qaydaların pozulması və s), əsassız qərarların qəbul edilməsinə işin mahiyyəti üzrə həllini həyata keçirmək üçün münasibət bildirə bilirsə, məhkəmə hesab etmişdir ki, analoji hal tətbiq edilərək hazırkı mübahisələndirən qərarın qəbulu üçün mühüm əhəmiyyət daşıyan, iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının müəyyən edilməsi üçün də onun vergi uçotuna düzgün alınıb-alınmamasının yoxlanılması da məhkəmə baxışının predmetini təşkil edir. Cavabdehin etirazda qeyd etdiyi kimi vergi uçotuna düzgün alınıbalınmaması barədə ilkin olaraq müraciət edilməli, daha sonra iddia tələbi irəli sürülməlidi kimi, iddianın mümkünsüzlüyünə yönəlmiş mövqe isə məhkəmə hesab etmişdir ki, prosessual qənaət prinsipinə uyğun deyil. Belə ki, iddiaçının marağı aşkardır. O, qərarın ləğvini istəyir ki, iddiaçının ilkin olaraq vergi uçotundan çıxarılması barədə tələb irəli sürməsi, həmin işə baxılması, daha sonra iddia verərək qərarın ləğvini istəməsi iddia müddətinin ötürülməsi deməkdir. Halbuki, qərarın ləğvində iddia müddətinin tətbiqinin zəruriliyi aşkar səbəblərlə bağlıdır. Hüquqi marağın tez bir zamanda reallaşdırılması, qərarın ləğvinin düzgün olub-olmamasının müəyyən edilməsi üçün vaxt itkisinin qarşısının alınması. Eyni zamanda, nəzərə alınmalıdır ki, vergi uçotunda olmanın qanuni sayılması, özündə onu da ehtiva edir ki, iddiaçı vergi öhdəliyinin müəyyən edilməsi ilə bağlı bəyannamə təqdim etməlidir ki, halbuki, uçot səhv aparılmışdırsa, deməli bəyannamənin təqdim edilməsi ilə bağlı öhdəlik də yoxdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş qərarın qəbulu zamanı iddiaçının vergi uçotuna alınması ayrıca iddia tələbi kimi də verilə bilsə də, vergi orqanının qərarının ləğvi ilə bağlı iddia tələbinin qiymətləndirilməsi zamanı da məhkəmə baxışının predmetini təşkil edə bilər. Bu zaman vergi orqanının uçota alınma ilə bağlı hərəkətlərinin qanunsuzluğu aşkardırsa, subsidiar xarakter daşımayan mübahisələndirmə barədə tələbin həmin tələbin ayrıca qaldırılmasından asılı edilməsi yol verilməzdir. Bu səbəbdəndir ki, məhkəmə iddiaçının sahibkar olub-olmaması, qərarın düzgün olubolmamasının müəyyənləşdirilməsi üçün onun barədə vergi uçotu ilə bağlı hərəkətlərin qiymətləndirməsini zəruri hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 33-cü maddəsinin müddəalarına əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyrirezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır (33.1-ci maddə). Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır (33.3-cü maddə). Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyrikommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir (33.4-cü maddə). Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir (33.5-ci maddə). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər... Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Normaların tələblərindən göründüyü kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Cavabdeh iddiaçının ona vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19 may 2015-ci il tarixli **********003100 nömrəli qərarı ilə (xx.xx.2016-cı il tarixli **********005500 nömrəli, xx.xx.2017-ci il tarixli **********002400 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən, vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında fiziki şəxslərin uçota alınması ilə bağlı tələblər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinin 34.1-ci maddəsinin 7-ci bəndinə əsasən forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” (bundan sonra - “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) verilir. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir (1.4-cü bənd). Bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda (bu Qaydaların 1 №-li əlavəsi), vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş müvafiq jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir (1.5-ci bənd). Qaydalarda vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun aparılması əksini tapmışdır. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində isə fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Lakin cavabdeh vergi məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şübhələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarınından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət, eləcə də cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin 29 iyul 2021-ci il tarixli **********202300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9914/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar