Məhkəmə qərarları › İş №2-1(103)-1530/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1530/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1530/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” barədə ərizəsi əsasında Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(112)- 5174/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardaddan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəmə müraciət edərək sözügedən qərarın düzgün icra edilmədiyini bildirərək cavabdehin cərimə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən İİİ qrup əlillik pensiyası aylıq olaraq alınmışdır. Lakin xx.xx.2024-cü il tarixli bildiriş məktubu cavabdeh orqan tərəfindən ona ünvanlanaraq xx.xx.2018-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi qeyd edilmişdir. Ləğv edilmənin əsası kimi isə onun heç bir məlumatının olmadığı xx.xx.2023-cü il tarixində keçirilmiş əyani yoxlamada iştirak etməməyi qeyd edilmişdir. Sözügedən əyani yoxlanış barədə bu zamana qədər hər hansı bir məlumatı olmamışdır. Həmin məlumat ona rəsmi qaydada təqdim edilsə idi, həmin yoxlanışda iştirakı təmin edilərdi. Qeyd edilənlərdən də aydın olur ki,cavabdeh tərəfindən hər hansı bir əsas olmadan, boş kimi dəyərləndiriləcək səbəblərdən ötrü onun əlilliyi ləğv edilmişdir. Həmçinin aydın olur ki, cavabdeh orqan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın icrasını qərəzli şəkildə icra etməkdən boyun qaçırır. Halbuki, məkhəmə qərarlarına nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, mənə İİİ qrup əlillik miiddətsiz olaraq təyin edilmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdeh orqanın bu kimi hərəkətləri qanunsuz hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5174/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 3289/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5174/2022 nömrəli qərardadı ləğv edilmiş, iş mateialları iddiaçının ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə iddiaçının “cavabdehin cərimə edilməsi” barədə ərizəsi qismən təmin edilərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 500 (beş yüz) manat miqdarında cərimə olunması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının sözü ilə işi lazımi qaydada araşdırmayaraq onun əyani müayinəyə cəlb edilmədiyini və inzibati icraatın düzgün aparılmadığını qeyd etmişdir. Halbuki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyi tərəfindən iddiaçı X2 3-17-4/2-M-31122/2023 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək şəxs əyani müayinəyə dəvət olunmuş, gəlməyəcəyi təqdirdə müvafiq inzibati aktın tərtib ediləcəyi bildirilmişdir. Poçt qəbzini isə xx.xx.2023-cü il tarixində imza etməklə İsgəndərova soyadlı şəxs qəbul etmişdir. İddiaçı bu formada guya onun əyani müayinəyə dəvətdən xəbərinin olmaması halı ilə artıq dəfələrlə, hüquqdan suiistifadə edərək inzibati icraatdan yayınır və məhkəmə proseslərində isə bildirişlərin kimin aldığından xəbərinin olmamasını bildirir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respblikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5174/2022 nörməli qərarı ilə, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2710/2022 saylı qərarı ilə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5174/2022 nörməli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-540/2023 nömrəli qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2710/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixli məktubla icra edilməsi üçün aidiyyəti üzrə cavabdehə göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı inzibati Məhkəməsinin 2-1(112)-5174/2022 nörməli, xx.xx.2022-ci il tarixli qərarı icra edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin edilmiş üçüncü dərəcəli əlillik xx.xx.2018-ci il tarixdən bərpa olunmuşdur. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəmə müraciət edərək sözügedən qərarın düzgün icra edilmədiyini bildirərək cavabdehin cərimə edilməsini xahiş etmiş, ərizə qismən təmin edilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, “....cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə sorğu ünvanlanaraq məhkəmənin qərarı icra edildikdən, yəni əlillik bərpa edildikdən sonra əlilliyin ləğv edilməsi ilə bağlı yeni inzibati araşdırma aparılmışdırsa inzibati araşdırma materialına daxil olan bütün sənədlərin (inzibati araşdırma zamanı iddiaçının inzibati icraatda iştirakının təmin edilib-edilməməsi, əyani müayinəsinin aparılıb-aparılmaması və s.) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəməyə heç bir sübut və ya məlumat təqdim edilməmişdir” Məhkəmə hesab etmişdir ki, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırılmadığından və ilkin tədbir kimi təyin olunması nəzərə alındıqda cavabdehin minimal həddə, yəni 500 (beş yüz) manat miqdarında cərimə olunması məqsədəuyğundur. Cavabdeh apelyasiya şikayətində iddiaçının əyani müayinəyə dəvət olunduğunu, inzibati icraatın tam və düzgün aparıldığını qeyd etsə də, iş materiallarından görünür ki, iddiaçı faktiki olaraq əyani müayinə cəlb olunmamış, inzibati icraat məhkəmə qərarlarında qeyd edildiyi kimi qanunvericiliyə uyğun həyata keçirilməmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməməsinə istinad etsə də, vətəndaşın əyani müayinəyə dəvət olunması hələ onun faktiki olaraq əyani müayinə olunması, inzibati icraatın qanunvericiliyə uyğun aparılması mənasına gəlmir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. İnzibati Prosessual Məcəllənin: - 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses ştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. - 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar