Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1531/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X1 iştirakı ilə İddiaçı əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-609/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” AR Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının üzərinə 77 manat məbləğdə əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, iddiaçıya xx.xx.2016-cı ildən 2-ci qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə ömürlük əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillələrə: İ qrup əlillərə 110 manat, İİ qrup əlillərə 77 manat, İİİ qrup əlillərə 55 manat məbləğində əlavələr hesablanır. Qeyd edilən maddənin mətnindən də göründüyü kimi, həmin maddə yaşa görə əmək pensiyasına çıxmış şəxslərə şamil edilir. Lakin iddiaçı əmək pensiyasına əlilliyə görə çıxdığından ona digər əmək pensiyasının növü olan yaşa görə əmək pensiyasına aid olan əlavələr tətbiq edilə bilməz. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 11.3 və 12.2-ci maddələrində deyilir ki, hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və ya xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Lakin məhkəmənin qənaətinə görə iddiaçı yaşa görə əmək pensiyası alan müharibə əlili olmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin tələblərinin ona münasibətdə tətbiqi yolverilən deyil. Odur ki, cavabdehin imtinası (hərəkətləri) qanunazidd qimətləndirilə bilməz. Kollegiyanın nəzərinə çatdırır ki, o, 1993-cü il tarixdə döyüşdə yaralandığına görə əmək pensiyası alır. O zaman pensiyası “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununun 20-ci maddəsilə hesablanmışdır. Qanunda ona yaşa görə yox, müharibə əlilliyinə görə əlavə verilirdi. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubuna görə, “Əmək pensiyaları haqqında” Qanunun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: əmək pensiyasının sığorta hissəsinə əlavələr; qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Qanunun 20.16-cı maddəsinə uyğun olaraq əlilliyə görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələrini yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Qeyd olunanları nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilən hərbi qulluqçuların əmək pensiyasına həmin Qanunun 20-ci maddəsində qeyd olunan qulluq stajına görə əlavələr tətbiq edilir. Bununla əlaqədar olaraq əmək pensiyası qulluq stajına görə əlavələrlə birlikdə 506,48 manat təşkil edir. Əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin isə qulluq stajına görə əlavələri alan şəxslərə şamil edilməsi mümkün hesab edilmir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbilə xx.xx.2016-cıil tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin olunan iddiaçının hazırda əlilliyə görə əmək pensiyaçısı olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı hazırda əlilliyə görə əmək pensiyası aldığı halda, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin ona tətbiq olunaraq, pensiyasının yenidən hesablanmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə: 19.1.7.1. İ qrup əlillərə 110 manat məbləğində; 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində; 19.1.7.3. İİİ qrup əlillərə 55 manat məbləğində. Sözügedən normanın mənasına görə, iddiaçının tələb etdiyi əlavə yaşa görə əmək pensiyası alan müharibə əlillərinə hesablanır, iddiaçıya isə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bu da o deməkdir ki, iddiaçı yaşa görə əmək pensiyası almadığı (əlilliyə görə əmək pensiyası aldığı) üçün yaşa görə əmək pensiyası alan müharibə əlillərinin pensiyasına hesablanan əlavələri tənzimləyən qayda ona şamil oluna bilməz. Digər tərəfdən, iddiaçı hərbi qulluqşu statusuna malik şəxs kimi əlilliyə görə əmək pensiyasına çıxdığı üçün onun əmək pensiyasına əlavələr yalnız qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə uyğun olaraq hesablana bilər (20.16. Bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi; 20.16.2. İ qrup digər əlillərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlillərə) müvafiq təminat xərcliyinin - 60 faizi, İİ qrup əlillərə - 55 faizi, İİİ qrup əlillərə - 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Bütün qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, şikayətin dəlillərində də iddiaçı “ona yaşa görə yox, müharibə əlilliyinə görə əlavə verildiyini” bildirmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2019-cu il tarixli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-609/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1531/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1531/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver