Məhkəmə qərarları › İş №2-1(103)-1531/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1531/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1531/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Həsənov İlham Nəriman oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ona 57 yaşdan yəni, 25.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qızı) X2, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Həsənov İlham Nəriman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ona 25.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2020 saylı 01 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 21.11.1979-cu il tarixli hərbi biletdən görünür ki, İddiaçı 22 noyabr 1979-cu il tarixdən 27 noyabr 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT seriyalı ******* saylı 20 iyul 1982-ci il tarixli əmək kitabçasından görünür ki, 12.04.1982-ci ildən 18.09.1982-ci ilədək (5 ay 6 gün) Neftçala hidrogeoloji kəşfiyyat dəstəsinə beşinci dərəcəli yüsəklikdə montajçı, 16.04.1983-cü ildən 28.07.1983cü ilədək (3 ay 12 gün) “ZAVOSDTROY” Tikinti İdarəsində TQİ-16 ikinci dərəcə üzrə dülgər-betoncu, 16.08.1983-cü ildən 05.02.1984-cü ilədək (5 ay 19 gün) İqarsk meşə kəsilmə və daşıma kombinatında sezona meşə sexinə 2-ci dərəcəli nəqliyyatçı, 06.02.1984-cü ildən 23.09.1985-ci ilədək (1 il 7 ay 17 gün) meşə sexinə nəqliyyatçı və çeşidləyici, 18.02.1986-cı ildən 28.09.1986-cı ilədək (7 ay 10 gün) “Qlavtümennefteqaz” “Nijnevartovsknefteqaz” birliyi MMTX-nə neft və qaz quyuların istismar və kəşfiyyat qazmanın 3-cü dərəcəli qazmaçı köməkçi, 24.11.1986-cı ildən 09.04.1992-ci ilədək (5 il 4 ay 15 gün) “Minstroyavtodor” Neftçala ELU-3, 45 saylı yol-istismar sahəsinə 3-cü dərəcəli traktorçu (sonradan bu müəssisənin adı dəyişdirilərək 33 No-li yol sahəsi adlandırılmışdır), 11.09.1992-ci ildən 01.03.1994-cü ilədək (1 il 5 ay 20 gün) Xüsusi texnika sexində 5-ci dərəcə qaldırıcı maşinist, 01.03.1994-cü ildən 05.10.2009-cu ilədək (15 il 7 ay 4 gün) Anşad-petrol Müştərək Müəssisəsinin “Neftçalaneft” MQÇİ-dən köçürmə yolu ilə 5-ci dərəcəli qaldırıcı maşinist, xüsusi texnika şöbəsinə 5-ci dərəcəli qaldırıcı maşinist, 05.10.2009-cu ildən 06.06.2018-ci ilədək X4 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Nəqliyyat və Xüsusi texnika sexində 5-ci dərəcəli qaldırıcı maşinisti peşəsində çalışmışdır. X4 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 03-1/311 saylı 03.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 06.6.2018-ci il tarixədək X4 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialında nəqliyyat sexində qaldırıcının maşinisti peşəsində işləmişdir. Onun 05.10.2009-cu il tarixdən 01.04.2010-cu il tarixədək, 01.04.2010-cu il tarixdən 06.06.2018-ci il tarixədək cəmi iş stajı 8 il 8 ay 1 gün təşkil edir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasılatı a) fəhlələr: qaldırıcı maşinisləri peşəsinə uyğundur. Neftçala rayon Dövlət Arxivinin 118 saylı 05.11.2019-cu il tarixli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan Anşad-petrol Müştərək Müəssisəsinin əmr kitablarına əsasən İddiaçı 47/k saylı 11 sentyabr 1992-ci il tarixli əmrlə Xüsusi Texnika Sexinə 5-ci dərəcəli qaldırıcı-maşinist vəzifəsinə işə qəbul edilmişdir. Şəxsi ərizəsi və 11.03.1994-cü il tarixli 15/k saylı əmrə əsasən "xxxx" NQCİ-dən köçürmə yolu ilə X1 xüsusi texnika sexinə keçirilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X10 NÇPF-14/12 saylı 14.01.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 10.05.1978-ci il tarixindən 05.11.1979-cu il tarixədək Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsində işləmişdir. İddiaçı Həsənov İlham Nəriman oğlu ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh iddiaçıya ünvanlanmış **********8 saylı 21oktyabr 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı Həsənov İlham Nəriman oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ona 25.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 12.04.1982-ci il tarixdən 06.06.2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşgul olmuş, 01.01.2006-ci il tarixədək onun ümumi iş stajı 27 il təşkil edir. Bu stajın 14 ili zərərli sahələrə aiddir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etirazın məzmunu iddiaçıya ünvanlanmış imtina məztubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2020 saylı 01 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin **********8 saylı 21 oktyabr 2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, iddiaçı Həsənov İlham Nəriman oğluna 57 yaşı tamam olduğu 25.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı əsassızdır və ləğv edilməlidir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun ümumi stajı 25 ildən az təşkil edir. Ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2020 saylı 01 iyun 2020-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-649/2021 saylı 06 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (qızı) X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun ümumi stajının 25 ildən az təşkil etməsinə istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə, 01.01.2006-cı il tarixinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (2130200a-14012 qaldırıcıların maşinistləri) nəzərdə tutulan peşədə iş stajı 14 il, ümumi iş stajı (25 il 07 ay 19 gün olduğu üçün) 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o, 22.11.1979-cu il tarixdən 27.11.1981-ci il tarixədək (2 il 5 gün) hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus İT seriyalı ******* saylı 20 iyul 1982-ci il tarixli əmək kitabçasından görünür ki, 12.04.1982-ci ildən 18.09.1982-ci ilədək (5 ay 6 gün) Neftçala hidrogeoloji kəşfiyyat dəstəsinə beşinci dərəcəli yüsəklikdə montajçı, 16.04.1983-cü ildən 28.07.1983cü ilədək (3 ay 12 gün) “ZAVOSDTROY” Tikinti İdarəsində TQİ-16 ikinci dərəcə üzrə dülgər-betoncu, 16.08.1983-cü ildən 05.02.1984-cü ilədək (5 ay 19 gün) İqarsk meşə kəsilmə və daşıma kombinatında sezona meşə sexinə 2-ci dərəcəli nəqliyyatçı, 06.02.1984-cü ildən 23.09.1985-ci ilədək (1 il 7 ay 17 gün) meşə sexinə nəqliyyatçı və çeşidləyici, 18.02.1986-cı ildən 28.09.1986-cı ilədək (7 ay 10 gün) “Qlavtümennefteqaz” “Nijnevartovsknefteqaz” birliyi MMTX-nə neft və qaz quyuların istismar və kəşfiyyat qazmanın 3-cü dərəcəli qazmaçı köməkçi, 24.11.1986-cı ildən 09.04.1992-ci ilədək (5 il 4 ay 15 gün) “Minstroyavtodor” Neftçala ELU-3, 45 saylı yol-istismar sahəsinə 3-cü dərəcəli traktorçu (sonradan bu müəssisənin adı dəyişdirilərək 33 No-li yol sahəsi adlandırılmışdır), 11.09.1992-ci ildən 01.03.1994-cü ilədək (1 il 5 ay 20 gün) Xüsusi texnika sexində 5-ci dərəcə qaldırıcı maşinist, 01.03.1994-cü ildən 05.10.2009-cu ilədək (15 il 7 ay 4 gün) Anşad-petrol Müştərək Müəssisəsinin “Neftçalaneft” MQÇİ-dən köçürmə yolu ilə 5-ci dərəcəli qaldırıcı maşinist, xüsusi texnika şöbəsinə 5-ci dərəcəli qaldırıcı maşinist, 05.10.2009-cu ildən 06.06.2018-ci ilədək X4 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Nəqliyyat və Xüsusi texnika sexində 5-ci dərəcəli qaldırıcı maşinisti peşəsində çalışmışdır. İddiaçının 1982-1992-ci ilədək işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. İddiaçının 1992-ci ildən 2005-ci ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İşdən göründüyü kimi, iddiaçının 25 ildən artıq ümumi stajının tamam olması ilə bağlı istinad etdiyi hallardan biri də onun 10.05.1978-ci il tarixdən 05.11.1979-cu il tarixədək paçtalyon işləməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X10 NÇPF-14/12 saylı 14.01.2019-cu il tarixli arayışına əsasən İddiaçı 10.05.1978-ci il tarixindən 05.11.1979-cu il tarixədək (1 il 5 ay 25 gün) Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsində işləmişdir. Həmin müəssisədə iddiaçının işləməsi ilə bağlı təqdim olunan işə qəbul və işdən azad olma barədə əmrlər nəzərdən keçirilərkən həqiqətən də iddiaçının qeyd olunan dövrlərdə həmin müəssisədə işləməsi faktı bir daha öz təsdiqini tapır. O ki qaldı əmrlərin qeydiyyat jurnalı və həmin qeydiyyat jurnalında aparılan qeydlərin mötəbərlilik məsələsinə, iş üzrə kassasiya instansiya məhkəməsinin müvafiq qərarında verilmiş göstərişlər də nəzərə alınmaqla aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının 10.05.1978-ci il tarixində Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsinə işə qəbulu ilə bağlı verilmiş 78 saylı 10.05.1978-ci il tarixli əmr (iş.v.136-137) kassasiya instansiyası məhkəməsinə təqdim olunmuş əmrlərin qeydiyyatı jurnalının təsdiq olunmuş surətindəki (açılma tarixi 28.04.1978, bağlanma tarixi 21.11.1978) qeydlərə əsasən mövcud olmuşdur. İddiaçının işdən azad edilməsi ilə bağlı qəbul edilmiş 193 saylı 05.11.1979-cu il tarixli əmr (i.v. 96) də mövcud olub, bu barədə əmrlərin qeydiyyat jurnalında müvafiq qeyd də aparılmışdır (qeydiyyat jurnalından çıxarışda əmrin məzmunu səlis yazılmışdır). Həmin 05.11.1979-cu il tarixli əmrlə bağlı qeydin əmrlərin qeydiyyat jurnallarının üzlüyündə jurnalların açılma və bağlanma tarixləri ilə uzlaşmamasına gəldikdə isə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mübahisəyə iddiaçının məhz qeyd olunan dövrdə müəssisədə işləyib-işləməməsi faktının araşdırılması baxımından qiymət verilməli və nəzərə alınmalıdır ki, iddiaçının müvafiq dövrdə işləməsi faktını təsdiq edən əmrlərin mövcud olması, bu barədə əmrlərin qeydiyyat jurnallarında müvafiq qeydlərin aparılmasının da bu faktı inkar etmədiyi önəmlidir. Buna görə də müəssisə tərəfindən 05.11.1979-cu il tarixə olan qeydiyyat jurnalının üzlüyünün təqdim olunmaması hələ iddiaçının həmin dövrdə müəssisədə işləməməsi və bu barədə əmrlərin mövcud olmaması, təqdim olunan qeydlərin isə mötəbər olmaması kimi qiymətləndirilə bilməz. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, mübahisə iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan 25 il ümumi stajının tamam olub-olmaması ilə bağlıdır və iddiaçının iddia etdiyi 25 ildən artıq ümumi stajına daxil edilməli olan adı çəkilən müəssisədə paçtalyon vəzifəsində işləməsi faktı iş yerinin verdiyi arayış, əmrlər və əmrlərin qeydiyyat jurnalındakı qeydlərlə öz təsdiqini tapır, işdəki digər sübutlarla, izahatlarla birlikdə qiymətləndirilir. Odur ki, məhkəmə kollegiyası iddiaçının 05.11.1979-cu ildə işdən azad olunması barədə əmrini və bu əmrin qeydiyyat jurnalındakı qeydlərini mötəbər sübut kimi qəbul edir və sözügedən əmrin qeydiyyatının aparıldığı əmrlərin qeydiyyat jurnalından çıxarışların mövcud olduğu bir halda, həmin jurnalın açılma və bağlanma tarixləri görünən üzlüyünün də müəssisədən tələb olunmasını formal və məntiqsiz hesab edir, buna zərurətin olmadığını qeyd edir. Kollegiya hesab edir ki, məhz bu səbəblə iddiaçının hüquqlarının pozulması yolverilməzdir. Belə olan halda iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə hərbi xidmət dövrü (2 il 5 gün) və 10.05.1978-ci il tarixindən 05.11.1979-cu il tarixədək Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsində işlədiyi dövr (1 il 5 ay 25 gün) də nəzərə alınmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, hərbi xidmət dövrünün yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Beləliklə, iş üzrə iddiaçının hərbi xidmət dövrü (2 il 5 gün), 10.05.1978-ci il tarixdən 05.11.1979-cu il tarixədək paçtalyon vəzifəsində işlədiyi dövr (1 il 5 ay 25 gün) və əmək kitabçasındakı məlumatlara əsasən stajı (21 il 10 ay 9 gün) nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə ümumilikdə 25 il 2 ay 9 gün ümumi stajının olduğu müəyyən olunur. Nəzərə alınmalıdır ki, xüsusi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Buna baxmayaraq Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bu baxımdan apellyasiya baxışı zamanı məhkəmə tərəfindən İlham Həsənovun 11.09.1992-ci ildən 05.10.2009-cu ilə qədər “Neftçalaneft” NQÇİ-də işlədiyi qaldırıcı maşinist peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 2. Neft-qaz və qaz kondensatının hasilatı a) fəhlələr: “1100000a-14012 qaldırıcıların maşinistləri” peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi məqsədilə X4 LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına müvafiq sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq 15.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda göstərilmişdi ki, 11.09.1992-05.10.2009-cu illər ərzində İddiaçı ilə əlaqədar Əməliyyat Şirkətində məlumat mövcud deyil və “Neftçalaneft” NQÇİ-nin bütün arxiv sənədləri üzrə məlumatların sahibi SOCAR-dır. İlham Həəsnovun həmin dövrdə əmək kitabçasında vəzifəsi qaldırıcı maşinist kimi qeyd olunduğu halda, Neft-qaz sənayesində ümumi təcrübə olaraq qaldırıcı maşinist peşəsinin funksiyaları “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 2. Neft-qaz və qaz kondensatının hasilatı a) fəhlələr: “1100000a- 14012 qaldırıcıların maşinistləri” peşəsinin funksiyaları ilə eynilik təşkil etdiyi qəbul edilir. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 25.12.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. İddiaçının ötən illərin pensiya məbləğinin hesablanıb “birdəfəlik” ödənilməsi barədə tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının hazırki iş üzrə cavabdehə müraciəti 15.10.2019-cu il tarixdə olduğundan, ona pensiya isə 25.12.2017-ci il tarixdən təyin olunduğundan alınmamış pensiya məbləğinin ödənilməsi üçün qanunla müəyyən edilmiş 3 illik müddət keçmir. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi barədə düzgün nəticəyə gəldiyi üçün Kollegiya hesab edir ki, qərarda həmin məbləğin ödənişinin “birdəfəlik” aparılmasının göstərilməsi kobud pozuntu hesab edilmədiyi üçün qanuni və əsaslı olan məhkəmə qərarının bu əsasla ləğvi üçün də əsas yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya ödənilməli olan ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi hissəsində “birdəfəlik” ödəniş qaydası istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2020 saylı 01 iyun 2020-ci il tarixli qərarı iddiaçıya ödənilməli olan ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi hissəsində “birdəfəlik” ödəniş qaydası istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar