Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1531/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6698/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır, 2 dekabr 1994-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar müddətsiz müharibə əlili olmuşdur. DSMF-nin müvafiq rayon şöbəsindən 1994-cü ilin dekabr ayından 2022-ci ili dekabr ayınadək əmək pensiyası almışdır. Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, DSMFnin müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 2023-cü ilin yanvar ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. İddiaçı cavabdehə 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üzrə pensiya məbləğinin ödənilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Hesab olunur ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, ona 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üzrə pensiya məbləği fərqinin (31 dekabr 2022-ci il tarixədək DSMF-nin müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 1 yanvar 2023-cü il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya məbləği arasındakı fərqin) hesablanaraq ödənilməsi qanunamüvafiqdir. Anoloji işlər üzrə Ali Məhkəmənin 2- 1(102)-1539/2021 saylı iş üzrə 13 oktyabr 2021-ci il tarixli, 2- 1(102)-430/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli, 2-1(102)-1040/2020 saylı iş üzrə 12 iyun 2020-ci il tarixli qərarlarına əsaslanaraq hesab olunur ki, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» 2006-cı il 28 noyabr tarixli Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 saylı Fərmanına əsasən Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksiyalar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002- ci il 31 avqust tarixli 781 saylı Fərmanı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə»nin 8.5ci bəndində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyaları maliyyələşdirilməsinin həyata keçrilməsi, 8.6.1-ci bəndində isə «Əmək pensiyaları haqqında» Qanuna müvafiq olaraq “əmək pensiyaları xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi“ Fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9.4-cü bəndində “məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetmənin, əmək pensiyalarının təyin edilməsini maliyyələşdirilməsini və ödənilməsini nəzarəti həyata keçirmək“ Fondun əsas funksiyalarından biri kimi göstərilmişdir. Bundan başqa «Əmək pensiyaları haqqında» Qanunun 37.7-ci maddəsində “keçmiş müddət üçün alınmış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi” göstərilmişdir. Həmin Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə – 80 faizi, İİİ qrup müharibə əlillərinə – 55 faizinin 2006-cı ilin yanvar ayından 2015-ci ilin aprel ayına qədər fərq məbləğinin tam şəkildə ona (iddiaçıya) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üçün pensiya məbləği üzrə fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia “29 dekabr 2019-cu il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üçün pensiya məbləği üzrə fərqin hesablanaraq ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmənin 2-1(112)-6698/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə isə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «1 yanvar 2006-cı il tarixdən 29 dekabr 2019-cu il tarixədək olan müddət üçün pensiya məbləği üzrə fərqin hesablanaraq ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 29 dekabr 2022-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ona 30 dekabr 2022-ci il tarixdə «Əmək pensiyaları haqqında» Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinizin (678,25 manat) 80 faizi – 542,60 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. İddiaçı 18 yanvar 2023-cü il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 1 yanvar 2006-cı tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr ücün pensiyanın yenidən hesablanmasını tələb etmişdir. Məhkəmə tərəfindən əmək pensiyasının ödənilməmiş fərq məbləğinin 29 dekabrdan 2019-cu il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövrə aid hissəsinin iddiaçıya qanuna müvafiq qaydada ödənilməsi barədə iddia qaldırılmamışdan əvvəl cavabdeh tərəfindən qərar qəbul edildiyi müəyyən edilmiş, bu səbəbdəndə həmin hissədə iddia mümkün sayılmamışdır. 1 yanvar 2006-cı tarixdən 29 dekabr 2019-cu il tarixədək olan hissə ilə bağlı isə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməli olduğu qənaətinə gəlmiş və bu qənaətini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadını əsas götürməklə əsaslandırmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 30.1-ci maddəsinə əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvədə olan (maddə həmin tarixdən əlavə olunmuşdur) 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunanları rəhbər tutaraq haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya pensiya hüququ yarandığı dövrdən pensiya təyinatı ilə bağlı müraciət etdiyi 29 dekabr 2022-ci il tarixədək əvvəlki dövrün yalnız son üç ili üzrə pensiya məbləğinin ödənilməsini təmin etməkdə haqlı olmuşdur. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6698/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1531/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1531/2024
19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver