Məhkəmə qərarları › İş №2-1(103)-1532/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1532/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1532/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 17.08.1973-cü ildə Bakı şəhəri X1 35 saylı mağazada böyük satıcı kimi başlamış, 02.12.2002-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Onun 11.11.1992-ci ildən 02.12.2002-ci il tarixədək işlədiyi dövrdə 10 il 20 gün əmək stajına daxil edilməklə əmək kitabçasında qeyd edilmişdir. Qeyd edilən sənədi və əmək kitabçasını DSMF-nin Sabunçu rayon şöbəsinə təqdim etməsinə baxmayaraq, həmin orqan 03.07.2019-cu il tarixli məktubla təqdim etdiyi kitabçasında qeyd olunan 11.11.1992-ci il tarixdən 02.12.2002-ci il tarixədək olan əmək stajını yoxlamaq mümkün olmadığından həmin dövrün sığorta stajına daxil edilmədiyini, yoxlanıldıqdan sonra əmək pensiya hüququna yenidən baxılacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 01.01.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan 11.11.1992-ci il tarixdən 02.12.2002-ci il tarixədək olan əmək stajını yoxlamaq mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırıb iddiaçının 11.11.1992-ci ildən 02.12.2002-ci il tarixədək olan əmək stajının heç bir sənəd və ya sübut növü ilə təsdiq edilmədiyini bildirmiş və məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1477/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, iddiaçının cavabdehə qarşı yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 2-1(102)-500/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1477/2020 saylı, 7 oktyabr 2020-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 28.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 02.04.2019-cu il tarixdən 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı 02.04.2019-cu il tarixdən bu günədək ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə 28.09.2021-ci il tarixli 2-1(103)- 1532/2021 saylı qərardadla icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə 17.03.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçı 2 aprel 1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun 64 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya məxsus 25 avqust 1973-cü il tarixli əmək kitabçasının tərcümə olunmuş və notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, 17.08.1973-cü ildən müəyyən fasilələrlə 2002-ci ilin dekabr ayınadək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən 11 noyabr 1992-ci ilə qədər olan sığorta stajı barədə mübahisə açmamışdır. Cavabdehə görə 11.11.1992-ci il tarixdən 02.12.2002-ci il tarixədək olan dövr sığorta stajına daxil edilə bilməz. İlk öncə qeyd edilməlidir ki, əmək kitabçasında olan məlumatlara əsasən iddiaçı 15.12.1982-ci il tarixdə Abşeron rayonu X2 Sahə ticarət birliyinə maddi məsuliyyətli əvəzedici satıcı vəzifəsinə qəbul edilmiş, 15.01.1984-cü il tarixdə 35 saylı mağazaya maddi məsuliyyətli satıcı keçirilmiş, 25.07.1986-cı il tarixdə Tarif-ixtisas komissiyasının protokoluna əsasən baş satıcı adı verilmiş, 20.12.1991-ci il tarixdə 35 saylı mağazanın baş satıcısı – mağaza satıcısı vəzifəsinə keçirilmiş, 11.11.1992-ci il tarixdə 35 saylı mağazaya baş satıcı vəzifəsinə keçirilmiş, 12.12.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasında olan məlumatlara görə iddiaçı 1984-cü ildən 11 noyabr 1992-ci ilə qədər 35 saylı mağazada işləmiş, 11 noyabr 1992-ci ildən 2002-ci ilin dekabr ayına qədər elə həmin mağazada, bu dəfə mağaza satıcısı vəzifəsində deyil, baş satıcı vəzifəsində işləmişdir. Cavabdeh 11 noyabr 1992-ci ildən 2002-ci ilin dekabr ayında başqa müəssisədə deyil, 11 noyabr 1992-ci ilə qədər işlədiyi yerdə işləmiş, lakin bu dəfə vəzifəsi dəyişmişdir. Apellyasiya məhkəməsi iddiaçının əmək kitabçasında qeyd edilən eyni iş yeri üzrə bir dövrün (1982-oktyabr 1992-ci illər) sığorta stajına sayılması, başqa bir dövrün (noyabr 1992-2002-ci illər) sığorta stajına daxil edilməməsinin səbəbləri barədə cavabdehin mövqeyini öyrənməmiş, özü də bu barədə gəldiyi nəticəni əsaslandırmamış, mübahisə olunan dövrlə bağlı əmək kitabçasında müəssisənin möhürlərində “Azərittifaq” X5 Kooperativi” adı qeyd edilmiş, “Azərittifaq”a və “Azərittifaq” X5 Kooperativi”nə sorğular edərək belə müəssisənin mövcudluğu, iddiaçının həmin müəssisədə işləməsi barədə araşdırma aparmamış, işləmişsə, işə girmə, iş yerinin dəyişdirilməsi, işdən çıxma barədə əmrləri, əmr kitablarını tələb edib iddiaçının həqiqətən 1992-2002-ci illərdə işləməsini yoxlamamışdır. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 17.08.1973-cü ildən 25.01.1974-cü ilədək Maştağa Südçülük-tərəvəzçilik sovxozuna müvəqqəti olaraq fəhlə (Əmr № 12 14.08.73-cü il; Əmr № 13 25.01.1974-cü il); 20.06.1974-cü ildən 21.09.1974-cü ilədək Maştağa Südçülük-tərəvəzçilik sovxozunda fəhlə (Əmr № 69 19.06.74-cü il; Əmr № 100 21.09.1974-cü il); 20.01.1975-ci il tarixdə Zavod Bakqazaparatda sahəyə sazlayıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 9k, 17.01.1975ci il), 01.03.1975-ci il tarixdə 1-ci dərəcəli sazlayıcı verilmiş (Əmr № 44k, 14.03.1975-ci il), 20.05.1975-ci il tarixdə Sovet Ordusunun sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş (Əmr № 81k, 20.05.1975-ci il), Lenin RHK tərəfindən verilmiş H3 89966 saylı hərbi biletə əsasən 22.05.1975-ci il tarixdən 14.05.1977-ci il tarixə qədər orduda hərbi xidmət çəkmiş, 10.04.1978-ci il tarixdə Abşeron rayonu X2 Sahə ticarət birliyinə 44 saylı mağazaya kiçik satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 38, 10.04.1978-ci il), 01.08.1979cu il tarixdə 15 saylı mağazaya keçirilmiş (Əmr № 178, 01.08.1979-cu il), 23.10.1980-cı il tarixdə Univermağın ayaqqabı şöbəsinə müdir vəzifəsinə keçirilmiş (Əmr № k-0094, 23.10.1980-ci il), 28.09.1982-ci il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir (Əmr № 118, 28.09.1982-ci il). 15.12.1982-ci il tarixdə Abşeron rayonu X2 Sahə ticarət birliyinə maddi məsuliyyətli əvəzedici satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № k-164, 15.12.1982-ci il), 15.01.1984-cü il tarixdə 35 saylı mağazaya maddi məsuliyyətli satıcı keçirilmiş (Əmr № k08, 16.01.1984-cü il), 25.07.1986-cı il tarixdə Tarif-ixtisas komissiyasının protokoluna əsasən baş satıcı adı verilmiş (Əmr № k-134, 25.07.1986-cı il), 20.12.1991-ci il tarixdə 35 saylı mağazanın baş satıcısı – mağaza satıcısı vəzifəsinə keçirilmiş (Əmr № P-132k, 20.12.1990-cı il), 11.11.1992-ci il tarixdə 35 saylı mağazaya baş satıcı vəzifəsinə keçirilmiş (Əmr № 248-k, 11.11.1992-ci il), 12.02.2002-ci il tarixdə Azərbaycan Respublikası ƏQMnin 37-ci maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Sərəncam № 12-k, 02.12.2002-ci il). İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03.07.2019-cu il tarixli məktubda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 01.01.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu, pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş əmək kitabçasında qeyd edilən 11.11.1992-ci il tarixdən 02.12.2002-ci il tarixədək olan əmək stajının yoxlanılması mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmiş, yoxlanıldıqdan sonra əmək pensiya hüququna yenidən baxılacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçıya məxsus 25 avqust 1973-cü il tarixli əmək kitabçasının tərcümə olunmuş və notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, 17.08.1973-cü ildən müəyyən fasilələrlə 2002-ci ilin dekabr ayınadək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən 11 noyabr 1992-ci ilə qədər olan sığorta stajı barədə mübahisə açmamışdır. Cavabdehə görə 11.11.1992-ci il tarixdən 02.12.2002-ci il tarixədək olan dövr sığorta stajına daxil edilə bilməz. Əmək kitabçasında olan məlumatlara əsasən iddiaçı 15.12.1982-ci il tarixdə Abşeron rayonu X2 Sahə ticarət birliyinə maddi məsuliyyətli əvəzedici satıcı vəzifəsinə qəbul edilmiş, 15.01.1984-cü il tarixdə 35 saylı mağazaya maddi məsuliyyətli satıcı keçirilmiş, 25.07.1986-cı il tarixdə Tarif-ixtisas komissiyasının protokoluna əsasən baş satıcı adı verilmiş, 20.12.1991-ci il tarixdə 35 saylı mağazanın baş satıcısı – mağaza satıcısı vəzifəsinə keçirilmiş, 11.11.1992-ci il tarixdə 35 saylı mağazaya baş satıcı vəzifəsinə keçirilmiş, 12.12.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasında olan məlumatlara görə iddiaçı 1984-cü ildən 11 noyabr 1992-ci ilə qədər 35 saylı mağazada işləmiş, 11 noyabr 1992-ci ildən 2002-ci ilin dekabr ayına qədər elə həmin mağazada, bu dəfə mağaza satıcısı vəzifəsində deyil, baş satıcı vəzifəsində işləmişdir. İddiaçı 11 noyabr 1992-ci ildən 2002-ci ilin dekabr ayında başqa müəssisədə deyil, 11 noyabr 1992-ci ilə qədər işlədiyi yerdə işləmiş, lakin bu dəfə vəzifəsi dəyişmişdir. Cavabdeh imtinanın əsası kimi qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmamasına istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyridövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. AR ƏƏSMN Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən 01.01.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə kollegiya qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, cavabdeh iddiaçıya məxsus əmək kitabçasında göstərilən 11.11.1992-ci il tarixdən 02.12.2002-ci il tarixədək əmək fəaliyyətini şübhə altına aldığı üçün buna dair sübutlar verməlidir. Öz növbəsində məhkəmənin də cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Bu mənada, hazırkı işdə məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmaqla səlahiyyətli dövlət orqanlarından əldə edilmiş sənədlər əsasında iddiaçıya məxsus əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi öz təsdiqini tapmışdır. Bundan başqa, apellyasiya baxışı zamanı İddiaçı Abşeron rayon X2 Sahə Ticarət Birliyinin hər hansı mağazasında və X5 Kooperativi”ndə işləyib-işləməməsi barədə məlumatın, “Azərittifaq”a və “Azərittifaq” X5 Kooperativi”nə sorğular ünvanlanmış, “Azərittifaq” İdarə Heyəti tərəfindən verilmiş cavab məktubunda xx.xx.1955-ci il təvəllüdlü İddiaçı X5 Kooperativində işləyib-işləməməsi barədə məlumat üçün həmin təşkilata müraciət edilməsi xahiş edilmiş, “Azərittifaq” X5 Kooperativi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli cavab məktubunda İddiaçı həqiqətən 04.10.1978-ci il tarixdə 38 saylı əmrlə Abşeron Rayon Sovxoz Fəhlə ticarət birliyində işə qəbul edildiyi, 15.12.1982-ci il tarixli K-164 saylı əmrlə X5 Kooperativində 35 nömrəli mağazaya köçürülmə qaydasında baş satıcı vəzifəsinə təyin edildiyi, Maştağa SFK-nın 02.12.2002-ci il tarixli 12K sərəncamına əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı xx xxxxx 1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun 64 yaşdan pensiya hüququ yaranmışdır. Odur ki, iddiaçıya 64 yaşının tamam olduğu 02 aprel 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 64 yaşının tamam olduğu 02 aprel 2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 27 (iyirmi yeddi) il, 5 (beş) ay 6 (altı) gün iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından pensiya kapitalının müəyyən edilməsinə zərurət yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 64 yaşının tamam olduğu tarixdən, yəni 02.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 64 yaşının tamam olduğu tarixdən, yəni 02.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cahangir Yusifov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar