Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1532/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Sultanhəmid oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə hüququnun qeydə alınıb çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov ünvanındakı yaşayış binasının 1-ci mərtəbə, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. (İPM m.34.1). İddianın əsaslarına görə iddiaçı 11 oktyabr 2010-cu il tarixində İddiaçı "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov ünvanındakı yaşayış binasının 1-ci mərtəbə, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin pay haqqını tam ödəyərək, adına keçirilməsini xahiş etmişdir. "xxxx" MTK-nın üzvlərinin qərarı ilə pay haqqını tam ödədiyi üçün yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 90 kv.m qeyriyaşayış sahəsinin onun adına keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 10, 11-ci maddələrinə uyğun olaraq cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixində bildirişində qeydiyyatdan imtina edərək göstərmişdir ki, qeyri-yaşayış sahəsinə dair Memarlıq Baş İdarəsilə razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya (yenidənqurma) işləri aparılmışdır. İddiaçı cavabdehin imtinasını qanunamüvafiq hesab etmir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında da iddiaçıya ünvanladığı bildirişində qeyd olunan əsaslara görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov ünvanındakı yaşayış binasının 1-ci mərtəbədə yerləşən, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində (mülkiyyət hüququ üzrə) qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj kooperativinin və başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. İş materiallarına əsasən işin aşağıda sadalanan halları müəyyən edilir: "xxxx" MTK üzvlərinin iclasının xx.xx.2010-cu il tarixli, 3 saylı protokolundan çıxarışda İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və MTK-nın Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov ünvandakı yaşayış binasının 1-ci mərtəbə, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsi və pay onun adına keçirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov küçəsi, "xxxx" MTKya məxsus kooperativ yaşayış binası, 1-ci mərtəbə, ümumi sahəsi 90 kv.m qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. Çoxmənzilli yaşayış binası kompleksinin 236 nömrəli, xx.xx.2019-cu il tarixli istismarına “İcazə“ sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov küçəsi, 5 girişli, zirzəmili, 9 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. İşdən həmçinin görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən aşağıdakı məlumatlar da əldə olunmuşdur: - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli, XO-03--2021-02073 nömrəli məktubu ilə qovluqda - "xxxx" MTK-ya məxsus yaşayış binasına dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq təsdiq olunmuş baş planı (surəti) məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********43 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş məlumata əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, 10 saylı binadan 3 mənzil və 8 qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir. - Eyni zamanda, 1 saylı Bakı Ərazi İdarəsinin **********0 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsi çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Layihəyə əsasən qonşu sahələrlə ara bağlanmışdır və daxilində 1 ədəd sanitar qovşağı tikilmişdir. Obyektin daxilində rekonstruksiya (yenidən qurma) işlərinin aparılması aşkar edilməmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallara görə cavabdehin apellyasiya şikayətinin bütün dəlilləri təkzib olunur. Belə ki, mübahisəli ünvanda yerləşən çoxmənzilli yaşayış binasının tikinti layihəsi müvfaiq qaydada razılaşdırılmış, bina tikildikdən sonra istsmarına icazə verilmiş, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin içərisində heç bir rekonstruksiya (yenidənqurma) işləri aparılmamışdır. Qeyri-yaşayış sahəsinin pay haqqı iddiaçı tərəfindən tam ödənilmiş və həmin sahənin onun mülkiyyətinə verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı mövcuddur ki, bu hallar cavabdeh tərəfindən müöahisələndirilmir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.1.1.6-cı və «Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni Əsasnaməsinin 3.0.6-cı bəninə əsasən hüquqları dövlət qeydiyyatına almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlrinə daxildir (Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Xidmətin tərkibinə onun apparatı və tabeliyində olan yerli qürumlar daxildir). İşin sübutlarla müəyyən olunan faktiki halları və qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən tələb etməsi qanuni və əsasllıdır. Əks halda, onun qanunla qorunan hüquqları pozulmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbində isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Tədqiq olunan sübutlardan həmçinin göründüyü kimi, həmin binadan 8 qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdeh tərəfindən qeydiyyata alındığı halda, iddiaçıya ona məxsus qeyri-yaşayış sahəsini qeydiyyyata almaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə ilə iddianın təmin edilməsi işin sübutlarla müəyyən edilən hallarına və qanunvericiliyin tələblərinə uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6364/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1532/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1532/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver