Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1532/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya pensiya hüququ yaranan vaxtdan əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9650/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququ yaranan vaxtdan əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9650/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya hüququ yaranan vaxtdan əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9650/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-9650/2022 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubuna əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin məzmununa əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 61 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdə çatmışdır, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır:
1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2. azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçının mübahisələndirilən sığorta stajı onun təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASCdə işlədiyini iddia etdiyi 27 il 1 ay 29 gün təşkil edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati orqanda şübhə yaradan hallar İddiaçı məxsus xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında aşkar edilmiş aşağıdakı hallardır: Əmək kitabçasının 1-ci səhifəsində qaralamanın olması aşkar şəkildə görünür; İddiaçı xx.xx.1978-ci il tarixdən "xxxx" ASC-də işlədiyini iddia edir, lakin müvafiq əmək kitabçası xx.xx.1985-ci il tarixdə, yəni işə daxil olduğunu iddia etdiyi tarixdən sonra doldurulmuşdur. Belə ki, əmək kitabçasının sonradan doldurulmasına əsas olan sənədlər mövcud deyildir; İddiaçının xx.xx.2005-ci il tarixdə işdən azad olması barədə əmrin nömrəsi 6-dır. Belə ki, İddiaçı dekabr ayında işdən azad edilməsinə baxmayaraq, müvafiq əmrin nömrəsinin 6 olması qeyri-mümkündür. Həmçinin iddiaçının inzibati orqana təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayış mötəbər sübut hesab edilmir. Belə ki, həmin arayşın verilməsinə əsas olan sənədlər mövcud deyildir. Yuxarıda qeyd olunan məlumatlar əmək kitabçasındakı müvafiq qeydlərin mötəbərliyinə dair ciddi şübhə doğurur. Bu səbəbdən əmək kitabçasındakı sözügedən dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək və həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının işlədiyini iddia etdiyi illərə dair məlumatların həqiqiliyini müəyyən etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli 4/1505 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Zeytun" ASCnin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli H498 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Zeytun" ASC-nin arxiv sənədləri Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli **********596800 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Zeytun" ASC (VÖEN: **********) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 774 nömrəli sərəncamına əsasən “X4" İcarə Müəssisəsinin bazasında yaradılmışdır və onu hüquqi varisidir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə D-2763 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət səhmdarlarının xx.xx.2015-ci il tarixli protokoluna əsasən təşkilati hüquqi formasını dəyişdirərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli **********62 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq keçmiş Dövlət Əmlakı Komitəsinin xx.xx.1998-ci il tarixli, 774 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X4 İcarə Müəssisəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi özəlləşdirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı işlədiyini iddia etdiyi müəssisə onun işlədiyi dövrdən sonra dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyyətlər iddiaçının həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9650/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, iddiaçıya pensiya hüququ yaranan vaxtdan - xx.xx.2020-ci il tarixdən (61 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26 aprel 2022-ci il tarixli, **********2 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubda qeyd olunur: xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı tərəfindən təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, qanunla nəzərdə tutulan sığorta stajı (25 il) olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Zeytun emalı üzrə Bakı Konserv Zavodunda Konserv sexinə fəhlə qəbul edilmiş, xx.xx.1987-ci ildə operator vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixli əmrlə Zeytun emalı üzrə Bakı Konserv Zavodu "xxxx" aqrofirma adlandırılmış, xx.xx.1988-ci il tarixdə 4-cü dərəcəli bişirici vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixli əmrlə Aqrofirma "xxxx" Zeytun Emalı üzrə Bakı Zavodu adlandırılmış, X5 ləğv edilib "xxxx" ATSC yaradılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı arxiv məlumatlarına əsasən 1978-ci il tarixdən 2005-ci il tarixə kimi Zeytun emalı üzrə Bakı Konserv zavodunda və onun hüquqi varisi "xxxx" ASC-də operator vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Komitəsinin xx.xx.1998-ci il tarixli, 774 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X4 İcarə Müəssisəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" ATSC Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 774 nömrəli sərəncamına əsasən “X4” İcarə Müəssisəsinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə D-2763 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət səhmdarlarının xx.xx.2015-ci il tarixli protokoluna əsasən təşkilati-hüquqi forması dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyəti xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Komitəsinin xx.xx.1998-ci il tarixli, 774 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X4 İcarə Müəssisəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektində, əsas iş yeri Maştağa X1 işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. xx.xx.1978-ci ildən xx.xx.2005-ci ilədək "xxxx" ASC-də işləmişdir, 27 il 1 ay 29 gün ümumi iş stajına malikdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2020-ci il tarixdən (61 il 6 ay), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər - əmək kitabçasının 1-ci səhifəsində qaralamanın olması, əmək kitabçasının xx.xx.1985-ci ildə, yəni işə daxil olduğu tarixdən sonra doldurulması, iddiaçının dekabr ayında işdən azad edilməsinə baxmayaraq, müvafiq əmrin nömrəsinin 6 olması iddiaçının əmək fəaliyyəti və onun müddəti ilə əlaqədar əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün əsas hesab edilə bilməz. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı 1978-ci il tarixdən 2005-ci il tarixə kimi Zeytun emalı üzrə Bakı Konserv zavodunda və onun hüquqi varisi "xxxx" ASC-də operator vəzifəsində işləmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Komitəsinin xx.xx.1998-ci il tarixli, 774 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X4 İcarə Müəssisəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir və Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektində, əsas iş yeri Maştağa X1 işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Qeyd olunan sənədlərin də mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçının xx.xx.2020-ci il tarixdən (61 il 6 ay) əmək pensiyası hüququ yaranmış və həmin tarixədək iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, iddiaçıya pensiya hüququ yaranan vaxtdan - xx.xx.2020-ci il tarixdən (61 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9650/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı, İddiaçı pensiya hüququ yaranan vaxtdan - xx.xx.2020-ci il tarixdən (61 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.