Məhkəmə qərarları › İş №2-1(103)-1532/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1532/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1532/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9399/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ RİH-ə qarşı «iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçıya Bakı şəhəri Qaradağ RİH başçısının 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikili mövcuddur. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi ilə əlaqədar aidiyyəti quruma müraciət etmiş və ona müvafiq sənədlərin, o cümlədən Qaradağ RİH-in arxiv fondu üzrə 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamının təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Arxivdən alınmış cavabda isə qeyd olunmuşdur ki, sərəncam arxivdə mövcuddur, lakin həmin sənəddə iddiaçı barədə məlumat yoxdur. Göstərilənlərə və İPM-in 2.2, 33-cü maddələrinə əsaslanaraq, 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamın verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. İddiaçıya Qaradağ RİH başçısının 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır.Həmin torpaq sahəsində tikili mövcuddur.Bütün kommunal xidmətlərdən istifadə edir. İcra ahkimiyyətinin səhlənkarlığı ucbatından torpaq sahəsinə çıxarış ala bilmir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ RİH-in 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı ilə torpaq ayrılmış şəxslərin sırasında olduğunu bildirərək, həmin sərəncamın ona təqdim olunması ilə bağlı həmin quruma müraciət etmişdir. Lakin cavabdeh həmin sərəncamın qəbulundan 5 ildən artıq vaxt keçməsi ilə əlaqədar onun arxiv qurumuna təhvil verildiyini bildirməklə məsələnin həllini təmin etməmişdir. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir: respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün – 15 il; rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün – 5 il; yerli özünüidarəetmə orqanlarının sənədləri üçün – 5 il; elmi-texniki sənədlər üçün – 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə; kino, foto, fono sənədlər və videoyazılar üçün – 3 il; vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri üçün – 75 il; 2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər üçün – 75 il; 2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri üçün – 75 il; digər işçi heyət üzrə sənədlər üçün – 35 il. Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı AR Milli Arxiv İdarəsinin Bakı Filialına sorğu ünvanlanaraq ünvan 4əqdim edilməsi xahiş olunmuş, sorğuya cavab olaraq qeyd olunan sərəncamın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Qaradağ RİH-in 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamına baxış keçirilərkən torpaq ayrılmış şəxslərin arasında hazırkı İddiaçı adı aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə Bakı şəhəri Qaradağ RİH-in 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı hazırda həmin qurumda (RİH-də) saxlanmadığından və sərəncam iddiaçı barəsində qəbul olunmadığından, yəni iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam mövcud olmadığından, onun cavabdeh Bakı şəhəri Qaradağ RİH-ə qarşı sərəncamın surətinin verilməsi tələbi üzrə iddiasına inzibati məhkəmə icraatında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9399/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar