Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1533/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2585/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxxxx 2019-cu il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində doğulmuş və hazırda Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 68- də yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra xx xxxxxxxx 1983-ci ildə 177 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx xxxx 1986-cı ildə elektrik qaz qaynaqçısı" peşəsi üzrə tam kursu bitirmişdir. xx xxxxxxx 1986 - xx xxxxxx 1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx xxxx 1990-cı ildə Nəriman Nərimanov adına X9 İdarəsində Prokat-Təmir Sexində elektrik montyoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O vaxtdan hal-hazıradək idarə daxilində işlədiyi sexin müəyyən vaxtlarda müxtəlif cür adlandırılması nəzərə alınmaqla eyni vəzifədə əmək fəaliyyətini davam etdirməkdədir. Əmək fəaliyyəti dövründə üst-üstə 35 ildən çox ümumi, 21 ildən çox güzəştli iş stajı olmaqla, bu stajın xx xxxxxx 2006-cı ilə qədər olan dövründə 21 ilə yaxın ümumi, 15 il 09 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajıdır. Güzəştli əmək stajı xx xxxx 1990 - xx xxxxxx 2006-cı il tarixlərində Nəriman Nərimanov adına X9 İdarəsində elektrik montyoru vəzifəsində topladığı iş stajıdır. xx xxxxxx 2006-cı ilə qədər o, ümumilikdə 21 il ümumi, 15 il 09 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə pensiya təyin edilməsi üçün tələb olunan 52 yaşa çatdıqda, güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd edilən 1 Saylı Siyahıda 10.2-ci bölməsində onun işlədiyi vəzifənin şifrəsi 1100000a— 19861-dir. Lakin cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi əsassız olaraq onun xx xxxxxx 2006-cı il tarixinə kimi əldə etdiyi pensiya hüququnu pozmuşdur. Cavabdeh hansı səbəblə onun ümumi iş stajının toplanmadığını izah etmədiyi üçün, o, belə hesab edir ki, cavabdeh onun xx xxxxxxxx 1983-ci ildə 177 nömrəli orta texniki peşə məktəbində təhsil almağı ümumi iş stajına daxil etməmişdir. Ona görə belə hesab edir ki, xx xxxxxx 2006-cı ilə qədər onun təhsil müddəti hesablanmadıqda, ümumi iş stajı (hərbi xidmət dövrü nəzərə alınmaqla) 19 il 11 ay 24 gün təşkil edir. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2585/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx xxxxxx 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFnin X7 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddaçının iddia tələbi qismən təmin edilsə də, iddiaçı qərardan apellyasiya şikayəti verməmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2585/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya hüququnun xx xxxxxx 2006-cı ilədək yaranmadığı aşkardır. Çünki, xx xxxxxx 2006-cı ilədək iddiaçının pensiya yaşı hələ tamam olmamışdır. Deməli sığorta hadisəsi də reallaşmamışdır. ƏPQnin 9.8-ci maddəsi pensiya hüququ xx xxxxxx 2006-cı ilədək yaranmış şəxslərə münasibətdə tətbiq edilə bilməz. Ona görə ki, bu halda “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müvafiq müddəaları tətbiq edilir. ƏPQ-nin 9.8-ci maddəsi ümumi və güzəştli stajı xx xxxxxx 2006-cı ilədək toplamış, lakin yaşı xx xxxxxx 2006-cı ildən sonra tamam olmuş şəxslərə şamil edilə bilər. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 52 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 52 yaşının tamam olduğu xx xxxxxx 2019-cu ildə 64 il 6 ay olmuşdur. Eyni zamanda iddiaçıya aid fərdi hesabdakı məbləği 294 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəmənin dəftərxanası vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2585/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus 614823 saylı diplomun notarial qaydada ( Şirvan şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X5, xx.xx.2020-ci il tarixdə 1S-37 reyestr qeydi ilə qeyd edilmişdir) təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək 177 №-li orta texniki peşə məktəbində təhsil almışdır. -İddiaçı məxsus NZ ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı oktyabr 1986-cı ildən xx xxxxxx 1989-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus İT ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər ET və EAKT sexində 3-cü dərəcəli elektrik montyoru, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilə qədər həmin sexdə 4-cü dərəcəli elektrik montyoru vəzifələrində, xx.xx.2007-ci ildən hal-hazıradək Elektrik Təchizatı və Elektrik Avadanlıqları sahəsində 5-ci dərəcəli elektrik montyoru işləyir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 10-61 №-li, xx.xx.2019-cu il tarixli arayışıdan görünür ki, iddiaçı həqiqətəndə xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək N.Nərimanov adına NQÇİnin Elektrik Təchizatı və X4 Təmir sexində Neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşqul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyib və hal-hazırda həmin peşədə işləyir. İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a19861. Güzəştli staj ixtisasa əsasən 15 il 09 ay 26 gün. Arayışa əsasən xx.xx.2006-cı il tarixinə güzəştli əmək stajı 15 il 09 ay 26 gün təşkil edir. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır.AR NK-nin 12/Vİ-93-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı kartoçka və əmrlər əsasında verilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********6 №-li məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ümümi iş stajının 20 ildən az təşkil etməklə yanaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi “elektrik montyoru” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının X Bölməsinin 2-ci bəndinin 1100000a-19861 şifrinə - bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı olduğundan ona 52 yaşının tamam olduğu xx xxxxxx 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2585/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2585/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1533/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1533/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver