Məhkəmə qərarları › İş №2-1(103)-1533/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1533/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1533/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5, X6 çingiz oğlkunun iştirakları ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı 08 fevral 2021- ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən vergilərin hesablanması barədə 29 aprel 2019-cu il tarixli **********755400 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı PTM vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi əsasında fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. 2018-ci ilin illik mənfəətdən vergi bəyannaməsi 28.03.2019 - cu il tarixdə vergi orqanına təqdim edilmişdir. 29 mart, 04 və 11 aprel 2019 - cu il tarixlərində mərkəzin elektron poçtuna Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında **********484800, **********631300 və **********353800 saylı məktubları daxil olmuşdur. 11 aprel 2019-cu il tarixli məktub əsasında vergilərin hesablanması barədə qərar qəbul olunmuşdur. 29 mart və 04 aprel 2019-cu il tarixlərdəki məktublara izahat məktubu yazıb vergi orqanına dəqiqləşdirilmiş bəyannamə göndərilməsinə baxmayaraq, vergi orqanı onların dəlillərinə əhəmiyyət verməmişdir. 11 aprel 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, 1. mənfəət vergisi bəyannaməsinin 239-cu (keçmiş illərin çıxılası zərəri) sətrindəki 238494,30 manat məbləği (uyğun olaraq 2015-ci il - 119993,42 manat, 2016-cı il 61604,47 manat, 2017-ci il 56896,41 manat) əvvəlki illərdə təqdim etdiyi bəyannamələr və ya səyyar vergi yoxlama aktlarının nəticələri (uyğun olaraq 2015 il,2016 il və 2017 il -0,00 manat) fərqli olduğu üçün. 2.Təqdim olunan bəyannamənin 200-203-cü sətirlərinin cəmi üzrə hesabat dövrü üçün 614900,0 manat məbləğində gəlir göstərilməsinə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 17721,88 manat artıq, yəni 632621,88 manat məbləğində dövriyyə məbləğləri əks edilməsinə baxmayaraq bəyannamənin 1 nömrəli əlavəsinin 1.4.2-ci sətrində (sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda əksinə 6000,0 manat azalmışdır. Bununla əlaqədar olaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi tələb edilmişdir. İddiaçı tərəfindən 16.04.2019-cu il tarixdə ətraflı izahat məktubu və müvafiq bəyannamələr vergi orqanına təqdim edilmişdir. Bütün bunlara vergi orqanı tərəfindən əhəmiyyət verilməmiş və 29 aprel 2019-cu il tarixdə Lokal Gəlirlər Departamenti tərəfindən vergilərin hesablanması barədə **********755400 saylı qərar qəbul edilmiş və mərkəzə əsassız olaraq 52.443,24 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanının qərarda göstərdiyi dəlilləri tam əsassızdır. Belə ki, vergi orqanına təqdim edilmiş bəyannamə məlumatları əsasında mərkəzin zərəri 01 yanvar 2015-ci il tarixə 73730,24 manat, 01 yanvar 2016-cı il tarixə 304185,73 manat, 01 yanvar 2017-ci il tarixə 264.276.35 manat, 01 yanvar 2018-ci il tarixə 181.597.89 manat təşkil etmişdir. 2016-cı ilin mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilən zaman 101513,85 manat mənfəət 73740,24 manatı 2014-cü il üzrə tam və 27773,61 manatı 2015-ci il üzrə bir hissəsi Vergi Məcəlləsinin 121-ci maddəsinin tələbinə əsasən kompensasiya edilmişdir. Həmin hesabat vergi orqanı tərəfindən qəbul edilmiş və kompensasiya edilmiş məbləğ nəzərə alındığından 01 yanvar 2017-ci il tarixə zərərin məbləği azalaraq 264276,35 manat təşkil etmişdir. Eyni proses 2017-ci ildə də baş vermişdir. Belə ki, 2017-ci ilin illik mənfəət vergisi bəyannaməsi üzrə mənfəət 82678,46 manat olmuş və həmin məbləğ Vergi Məcəlləsinin 121-ci maddəsinin tələbinə uyğun olaraq kompensasiya olunmuşdur. Buna baxmayaraq qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq kompensasiya olunmalı məbləğ heç bir əsas olmadan vergi orqanı tərəfindən nəzərə alınmamış və əsassız olaraq vergilərin hesablanması barədə qərar qəbul edilmiş və mərkəzin üzərinə 16535,69 manat əsassız vergi ödəmək öhdəliyi qoyulmuşdur. Vergi orqanı tərəfindən vergilərin hesablanması barədə qəbul edilmiş 14 may 2018-ci il tarixli **********198100 saylı qərarı əsassız olduğundan ləğv edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə mübahisələndirmə haqqında iddia verilmiş və iddia tələbi təmin edilərək 14 may 2018-ci il tarixli qərar ləğv edilmişdir. Eyni proses 2018-ci ildə də baş vermişdir. Belə ki, 2018-ci ilin illik mənfəətdən vergi bəyannaməsində mərkəzin mənfəəti 238.494.30 manat olmuşdur. Həmin mənfəətin bir hissəsi, yəni 01 yanvar 2018-ci il tarixə olan zərəri 181.597.89 manat məbləğində Vergi Məcəlləsinin 121ci maddəsinə uyğun olaraq mənfəət hesabına kompensasiyası qəbul edilməmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu qəbul edilmişdir. Həmin qanunla Vergi Məcəlləsinin 106.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “106.1.7. təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrin mənfəəti-mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla;” Belə bir dəyişikliklə əlaqədar təhsil müəssisələrinin əldə etdikləri mənfəət, mənfəət vergisindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Konstitusiya dəyərləri nəzərə alınmaqla, həmin qanunun qüvvəsi geriyə şamil edilməli və hesablanmış mənfəət vergisi üzrə çıxarılmış qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.7-ci maddəsinin tələbinə əsasən, vergi ödəyicisinin vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək hüquqları vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.9-cu maddəsinə əsasən, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinin tələbinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydadfa yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinin tələbinə əsasən, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 5-ci bəndinə əsasən, məhkəmənin hökmü olmadan kimsə, cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.6-cı maddəsinə əsasən, vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən yoxlamaları üzrə və 63.2-ci maddəsinə əsasən, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda məhkəməyə şikayət verə bilər. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 03.05.2019-cu il tarixdə 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamə üzrə 2015-ci, 2016-cı, 2017-ci illər üzrə zərər məbləğinin düzgün qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuş və bu barədə vergi ödəyicisinə 06.05.2019-cu il tarixli **********151700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş **********470800 nömrəli müraciətində 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 217-ci bəndində qeyd edilən 17721,88 manat məbləği 217-ci bəndən çıxarılaraq, bəyannamənin 200.2-ci bəndinə islərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir maddəsinə əlavə etməsini və ümumilikdə 200.2-ci bəndində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir maddəsində 632621,88 manat məbləğin qəbul edilməsini xahiş etmiş və 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim etmişdir. Vergi ödəyicisinin yuxarıda qeyd olunan müraciəti nəzərə alınmış, lakin zərər məbləğinin illər üzrə düzgün qeyd edilməməsi səbəbindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 238494,30 manat zərər məbləği azaldılmaqla hesablanmış 52443,24 manat əlavə vergi məbləğinin 4744,38 manat hissəsi azaldılmış və bu barədə vergi ödəyicisinə 21.06.2019-cu il tarixli **********491500 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Qərarda göstərilmişdir ki, iddiaçı tərəfindən 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 2015-ci il üzrə zərər məbləğinin qeyd edilərək cari ilin mənfəəti hesabına kompensasiya edilməsi qanuni deyildir, vergi qanunvericiliyinin tələblərinə birbaşa ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr” adlanan 10-cu fəslində yer almış 121.1-ci maddəsinin tələblərinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına vol verilən xərclərinin gəlirdən artığ olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Gəlir və mənfəət vergisi ödəyicilərindən fərqli olaraq vergi qanunvericiliyində sadələşdirilmiş vergi ödəyicisinə münasibətdə gəlirlərin əldə edilməsi ilə bağlı “xərc”, eyni zamanda “zərər” anlayışı nəzərdə tutulmamışdır. Vergi ödəyicisinin sadələşdirilmiş vergi öhdəliyi onun hesabat dövrü ərzində ümumi hasilatından heç bir xərc nəzərə alınmadan hesablanır. Beləliklə, vergitutma məqsədləri üçün sadələşdirilmiş vergi ödəyicilərinin xərcləri Vergi Məcəlləsinə əsasən nəzərə alınmadığından, bu növ vergi ödəyicilərində vergitutma baxımından zərərinin yaranması da qeyri mümkündür. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Həmçinin bildirilmişdir ki, 30 noyabr 2018-ci il tarixli 1356 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərini növbəti ilin gəlirləri hesabına kompensasiya etməsini birbaşa qadağan edən maddə əlavə edilmişdir. Vergi Məcəlləsinin 121.3-ci maddəsinə əsasən bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. Vergi ödəyicisi bəyannaməsində həmçinin 2016-cı və 2017-ci illərin zərərlərini də qeyd edərək, cari ilin mənfəəti hesabına kompensasiya etmişdir. İddiaçı 2016-cı və 2017-ci ildə mənfəət vergisi ödəyicisi olmasına baxmayaraq, həmin illərin zərərinin 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində qəbul edilməməsi, 2016-cı və 2017-ci illər üzrə təqdim edilmiş bəyannamələrdə həmin illərin zərərinin göstərilməməsi ilə bağlıdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı və 2017-ci ilin bəyannaməsinin 238-ci sətrində (zərər) heç bir məbləğ qeyd edilməmişdir, (bəyannamələr etiraza əlavə olunur). Yəni iddiaçının mənfəət vergisinin ödəyicisi olduğu 2016-cı və 2017-ci illərdə zərəri mövcud olduğu halda, bu bəyannamənin 238-ci sətrində öz əksini tapmalı idi. Belə ki, cari ilin zərəri bəyannamələrin qeyd edilən sətrində qeyd olunduğu halda, təsdiq oluna və növbəti illərin mənfəəti hesabına kompensasiya edilə bilər. Lakin iddiaçının özü tərəfindən təqdim edilən bəyannamələrdə zərərin qeyd edilməməsi həmin illərdə vergi ödəyicisinin zərəri olmadığı anlamına gəlir. Odur ki, iddiaçı bəyan etmədiyi, öz təsdiqini tapmayan, dolayısı ilə mövcud olmayan zərəri kompensasiya edə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində Vergi Məcəlləsinə edilmiş 30 noyabr 2018-ci il tarixli dəyişikliyə istinad edərək, qanunun qüvvəsinin geriyə şamil olunmalı olduğunu bildirmişdir. Qeyd edilən dəyişiklik ilə Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla) mənfəət vergisindən azaddır. İddiaçının qeyd edilən mövqeyi ilə bağlı bildiririk ki, qeyd edilən maddə dərc olunduğu gündən yəni, 22 dekabr 2018-ci il tarixdən qüvvəyə minir və qüvvəyə mindikdən sonrakı münasibətlərə şamil olunur. Lakin iddiaçının mənfəət vergisi üzrə öhdəliyi 2018-ci ili əhatə edir. Yəni qanun qüvvəyə minənədək iddiaçının vergi öhdəliyi artıq yaranmışdır. Digər tərəfdən vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə, daimi olaraq vergi qanunvericiliyinə vergi ödəyiciləri üçün güzəşt və azadolmalar nəzərdə tutan maddələr əlavə olunur. Lakin bu güzəştlərin hər bir halda geriyə şamil olunması vergi ödəyicilərində vergi öhdəliklərini yerinə yetirməmə tendensiyası yarada bilər. Bu hal da öz növbəsində arzuolunmaz inzibati praktikanın yaranmasına gətirib çıxara bilər. Halbuki qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin konstitusion vəzifəsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə görə sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDVnin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Qeyd olunanlara əsasən hesab edirlər ki, vergi orqanı tərəfindən hesablanmış əlavə vergi məbləği vergi qanunvericiliyinin tələblərinə uyğun hesablandığından iddia tələbi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı 08 fevral 2021- ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 21 iyun 2019-cu il tarixli **********491500 nömrəli vergilərin hesablanması barədə qərar 11379,28 manat hissə istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin etirazına uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ekspert rəyi əsaslı olmadığından və ziddiyyətli mövqelər əks etdirdiyindən mötəbər sübut kimi qəbul olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını ətraflı araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməli, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası hazırkı işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd edir ki, İddiaçı 03.03.2014-cü il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. Cavabdeh orqan tərəfindən vergi ödəyicisinə 06.05.2019-cu il tarixli **********151700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş və iddiaçı tərəfindən 16.04.2019-cu il tarixli məktub və müvafiq bəyannamə təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən kameral vergi yoxlaması ilə 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 238494,30 manat zərər məbləği azaldılmaqla hesablanmış 52443,24 manat əlavə vergi məbləğinin 4744,38 manat hissəsi azaldılmış və bu barədə vergi ödəyicisinə 21.06.2019-cu il tarixli **********491500 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2188/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyun 2019-cu il tarixli, **********491500 nömrəli qərarın ləğv edilməsinə dair” 2-1(82)-2188/2019 saylı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “1.təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyun 2019-cu il tarixli, **********491500 nömrəli qərarına əsasən İddiaçınə 2018- ci il üzrə mənfəət vergisi düzgün hesablanmışdırmı? 2. İddiaçı 2018-ci il üzrə mənfəət vergisindən yayınma halları mövcud olmuşdurmu, olmuşdursa verginin məbləği müəyyən edilsin” sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.02.2020-ci il tarixli 30550 nömrəli Ekspert Rəyində göstərilmişdir: “ 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstəridiyi kimi, təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin, sosial sığorta işsizlik sığortası haqlarının hesablanması barədə “21 iyun 2019-cu il tarixli **********491500 nömrəli qərarına əsasən İddiaçı PTM-nin 2018-ci il üzrə vergiyə cəlb edilməli olan mənfəətin məbləği 56.896.41 manat təşkil edir. Yəni, hazırki tədqiqatla 2018-ci il üzrə İddiaçınə 47.698.86 manat məbləğində mənfəətdən verginin düzgünlüyü müəyyən edilmir və hesablanmalı olan verginin məbləği 11379.28 (on bir min üç yüz yetmiş doqquz) manat məbləğində təşkil edir. 2-ci sual üzrə: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir məsələsi hüququn tətbiq edilməsi xarakteri daşıdığından və məhkəmənin səlahiyyətinə aid olduğundan ekspertiza qarşısında qoyulan 2-ci sualın cavabı “vergidən yayınma hissəsini” nəzərdə tutduğundan ekspert tərəfindən hazırkı sual üzrə nəticəyə gəlinmədi. İddia tələbində qeyd olunanların araşdırılması ilə əlaqədar olaraq qeyd edilir ki, Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən, təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti - mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azaddır. 2018-ci ilin mənfəətinin bir hissəsi, yəni 181.597.89 manatı müəssisə tərəfindən kompensasiya edilmiş, qalan 56896.41 manat məbləğində mənfəətdən isə dividend ödənilməmişdir.” Birinci instansiya məhkəməsi hesab etmisdir ki, mübahisələndirilən inzibati aktın aid olduğu dövr üzrə qanunvericilikdə yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsinə dair qadağanedici normaları mövcud olmadığından, iddiaçı tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində də keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməsi və vergi orqanı tərəfindən həmin bəyannamənin qəbul olunması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin ekspert rəyinə əsasən hazırki tədqiqatla 2018-ci il üzrə İddiaçınə 47.698.86 manat məbləğində mənfəətdən verginin düzgünlüyü müəyyən edilmədiyindən və hesablanmalı olan verginin məbləği 11379.28 (on bir min üç yüz yetmiş doqquz) manat məbləğində təşkil etməli olduğundan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən «ProfiResurs» peşə tədris mərkəzi barəsində qəbul edilmiş 21 iyun 2019-cu il tarixli **********491500 nömrəli vergilərin hesablanması barədə qərar 11379,28 manat hissə istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: AR Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi Məcəlləsinin 2018-ci ildə qüvvədə olan redaksiyasında vergi ödəyicisinin mənfəət vergisinin tədiyyəçisi olduğu tarixədək fəaliyyəti zamanı, yəni digər, o cümlədən sadələşdirilmiş vergi növünün tədiyyəçisi olan zaman yaranmış zərərinin cari ildə əldə etdiyi mənfəəti hesabına kompensasiya edilməsini qadağan edən hər hansı norma mövcud olmamışdır. Vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərini növbəti ilin gəlirləri hesabına kompensasiya etməsini birbaşa qadağan edən norma 30 noyabr 2018-ci il tarixli 1356 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və Qanun həmin hissədə 01.01.2019-cu il tarixdən qüvvəyə minmişdir. Belə ki, qeyd edilən Qanunla Vergi Məcəlləsinə yeni məzmunda 121.3-cü maddə əlavə edilmişdir və həmin maddəyə əsasən bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. İş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının sadələşdirilmiş verginin tədiyyəçisi olduğu zaman, yəni 2015-ci ildəki sahibkarlıq fəaliyyəti zamanı yaranmış zərərinin onun 2018-ci ilin mənfəəti hesabına kompensasiya edilməsini qeyriqanuni hesab etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh vergi orqanının iddiaçı tərəfindən təqdim edilmiş 2018-ci il üçün mənfəət vergisi bəyannaməsində göstərilmiş 2015-ci ilə aid zərər məbləğinin cari ilin mənfəəti hesabını kompensasiya edilməsinə dair dəlilləri əsassızdır. İş materiallarından müəyyən edildiyi kimi, hazırkı tərəflər arasında 2017-ci ilin mənfəət vergisi üzrə eyni mübahisə predmeti ilə bağlı məhkəmə çəkişməsi olmuş, İddiaçı tərəfindən təqdim edilmiş 2017-ci il üçün mənfəət vergisi bəyannaməsində göstərilmiş 2015-ci ilə aid zərər məbləğinin 2017-ci ilin mənfəəti hesabına kompensasiya edilməsi vergi orqanı tərəfindən qəbul edilməmiş və nəticədə vergi ödəyicisinə əlavə vergi hesablanması barədə inzibati akt qəbul edilmiş, eləcə də İddiaçı tərəfindən qeyd edilən hesablama məhkəmədə mübahisələndirilmişdir. Qeyd edilən məhkəmə mübahisəsi üzrə cavabdeh inzibati orqanın müvafiq qərarı ləğv edilmişdir. Həmin məhkəmə işi ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-1(102)-2996/2019 saylı qərarında qeyd edilmişdir ki, verginin digər (o cümlədən, sadələşdirilmiş) növü üzrə tədiyyəçisi olan vergi ödəyicisinin mənfəət vergisinin tədiyyəçisinə çevirildiyi halda, keçmiş dövr üzrə yaranmış zərərinin cari ildə əldə etdiyi mənfəəti hesabına kompensasiya edilməsini nəzərdə tutan hər hansı bir müddəa olmasa da, belə kompensasiyanın qadağan edilməsini nəzərdə tutan bir müddəa da mövcud deyildir. Göründüyü kimi 2017-ci ilin mənfəət vergisi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğu və həmin qərarda da keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməli olduğu bildirildiyi halda, vergi orqanı tərəfindən təkrar olaraq eyni məsələ üzrə əvvəlki praktikalara zidd şəkildə qərar qəbul edilməsi əsassız hesab olunmalıdır. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh orqan tərəfindən 2016-cı ilin mənfəət vergisi bəyannaməsində də keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilmişdir. Məhkəmə kollegiyası iddia tələbində və cavabdehin yazılı etirazında qeyd edilmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində 2016-cı və 2017-ci illər üzrə yaranmış zərərin məbləğinin düzgün qeyd edilməməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.02.2020-ci il tarixli 30550 nömrəli Ekspert Rəyinə əsasən 2018-ci il üzrə İddiaçınə 47.698.86 manat məbləğində mənfəətdən verginin düzgünlüyünün müəyyən edilmədiyi və hesablanmalı olan verginin məbləği 11379.28 manat məbləğində təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan ekspert rəyinin əsaslı olmadığından və ziddiyyətli mövqelər əks etdirdiyindən mötəbər sübut kimi qəbul olunmaması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı müvafiq ekspert rəyi digər sübutlarla birgə araşdırılmış və əsaslı olaraq mötəbər sübut kimi qiymətləndirilmişdir. Vergi ödəyicisinin 2018-ci il üzrə mənfəət vergisinin hesablanması və yayınma hallarının araşdırılması məqsədilə ekspertin məhkəmə iclasında iştirakını təmin etmişdir. X1 izahat verərək bildirmişdir ki, 2016-cı ilin mənfəətdən vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.10-cu sətrində xərclərin gəlirdən artıq olan məbləği (zərər) 304.185.73 (üç yüz dörd min yüz səksən beş) manat olmuş və həmin zərər məbləğləri illər üzrə kompensasiya edildiyindən 01 yanvar 2018-ci il tarixə bağlanmamış zərərin məbləği 181.597.89 (yüz səksən bir min beş yüz doxsan yeddi) manat təşkil etmişdir. 2018-ci ildə mərkəzin mənfəəti 238.494.30 (iki yüz otuz səkkiz min dörd yüz doxsan dörd) manat olmuş və həmin məbləğ 2015-ci ilin zərəri üzrə 119.993.42 (yüz on doqquz min doqquz yüz doxsan üç) manat məbləğində, 2016-cı ilin zərəri üzrə 61.604.47 (altmış bir min altı yüz dord) manat məbləğində və 2017-ci ilin zərəri üzrə 56.896.41 (əlli doqquz min səkkiz yüz doxsan altı) manat məbləğində mənfəətdən vergi bəyannaməsinin 239-cu sətrində kompensasiya edilmişdir. Mərkəz 2016-cı ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş və 2016-cı ilin 2-ci yarımilliyi üzrə isə mənfəətdən vergi ödəyicisi olduğundan, 2016-cı ilin illik mənfəətdən vergi bəyannaməsinin 1 nömrəli əlavəsində yaranmış zərər məbləğini 61.604.47 manat və kompensasiya olunmuş məbləği 101.513.85 manat məbləğlərində düzgün əks etdirilmişdir. 2017-ci ildə zərər olması faktı müəyyən edilməmişdir. 2018-ci il üzrə vergiyə cəlb edilməli olan mənfəətin məbləği 56.896.41 manat təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati aktın aid olduğu dövr üzrə qanunvericilikdə yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsinə dair qadağanedici normaları mövcud olmadığından, iddiaçı tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində də keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməsi və vergi orqanı tərəfindən həmin bəyannamənin qəbul olunması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin ekspert rəyinə (1-ci sual üzrə) əsasən hazırki tədqiqatla 2018-ci il üzrə İddiaçınə 47.698.86 manat məbləğində mənfəətdən verginin düzgünlüyü müəyyən edilmədiyindən və hesablanmalı olan verginin məbləği 11379.28 (on bir min üç yüz yetmiş doqquz) manat məbləğində təşkil etməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 21 iyun 2019-cu il tarixli **********491500 nömrəli vergilərin hesablanması barədə qərar (11379,28 manat hissə istisna olmaqla) haqlı olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı 08 fevral 2021- ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı, 08 fevral 2021- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar