Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1533/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26-29 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Halhazırda “X5” MMC-də Boruyayma sexində sazlayıcı işləyir. xx.xx.2021-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Lakin, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********8 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. İmtina məktubunu o, xx.xx.2021-ci il tarixdə almışdır. Cavabdehin imtinası əsassızdır və ona 57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ödənilməlidir. Belə ki, təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi onun xx.xx.2006-cı il tarixədək təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla 26 il 5 ay 26 gün ümumi əmək stajı, 21 il 6 ay 14 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır: xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 49 saylı texniki peşə məktəbində təhsil almışdır; (xx.xx.1980-cı il tarixli 129296 saylı Diplom - 2 il 10 ay 22 gün) xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək "xxxx" ASC-nin (keçmiş Azərbaycan boruyayma zavodu) X7 sexində soyuq boru kəsicisi işləmişdir; (xx.xx.1980-ci il tarixli HT-İ ******* saylı əmək kitabçası - 0 il 2 ay 10 gün) xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur; (xx.xx.1980-ci il tarixli H3 ******* saylı hərbi bilet - 2 il 0 ay 20 gün) xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Boruyayma- 2 (keçmiş X7 sexi) sexində soyuq boru kəsicisi işləmişdir (22 il 10 ay 13 gün). Onun "xxxx" ASC-də işlədiyi soyuq boru kəsicisi peşəsi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 34 saylı arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının İİİ bölməsinin (Qara Metallurgiya istehsalatı) 4a yarımbölməsinin (Boru istehsalı) 2040400a - 17968 şifri ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Həmçinin, həmin arayışda qeyd olunur ki, o xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (1 il 6 ay 10 gün) ödənişsiz məzuniyyətdə olmuşdur. Buna baxmayaraq, cavabdeh onun iş stajını əmək kitabçası və arayışda yazılanlara baxmayaraq yalnız xx.xx.1977-ci tarixdən xx.xx.1998-ci il tarixədək olan iş stajını nəzərə almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim edilən 12 avqust 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 5 ay 6 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980xx.xx.1982-ci il və xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apelyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək (xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu dövrlər nəzərə alınmadan) 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: İİİ bölmə Metallurgiya istehsalatı (qara metallar) (********)- 4-cü yarımbölmə- Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri (********) boru və pəstahların kəsiciləri (2040400a—17968). Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik və 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə qeyd etmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 30 iyul 2021-ci il tarixli **********8 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 01 iyun 2021-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya ödəniləcək pensiya ona pensiya təyin olunmalı olan xx.xx.2018-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci təvəllüdlüdür. İş materiallarında olan Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən verilmiş 23 iyun 1980-ci il tarixli B seriyalı 129296 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Sumqayıt şəhər 49 saylı texniki peşə məktəbində tornaçı peşəsi üzrə orta təhsil almışdır. İş materiallarında olan НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1980-ci il tarixli ИТ-İ ******* №li əmək kitabçasının təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı Sumqayıt şəhər 49 №li Texniki peşə məktəbində xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi təhsil almışdır (129296 №li Diplom); xx.xx.1980-ci il tarixdə İstehsalat təcrübəsi dövrünə 1-ci dərəcə ilə Sumqayıt şəhər Boruyayma zavodunda X7 sexinə yivaçma şöbəsinə nasoskompressor boruları sahəsinə soyuq boruların kəsici vəzifəsinə qəbul edilmişdir (xx.xx.1980-ci il tarixli 160 №-li əmr); xx.xx.1980-ci ildə 49 saylı Texniki peşə məktəbini bitirdikdən sonra 2-ci dərəcə ilə X7 sexinə yivaçma şöbəsinə nasos-kompressor boruları sahəsinə soyuq boruların kəsici vəzifəsinə qəbul edilmişdir (xx.xx.1980-ci il tarixli 300 №-li əmr); xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq zavoddan çıxarılmışdır (xx.xx.1980-ci il tarixli 417 №-li əmr); xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixinə kimi hərbi xidmətdə olmuşdur (НЗ №-li 4275052); xx.xx.1983-cü ildə Sumqayıt şəhər Boruyayma zavodunda 3-cü dərəcə ilə X7 sexində soyuq boru kəsicisi qəbul edilmişdir (xx.xx.1983-cü il tarixli 70 №-li əmr); xx.xx.1983-cü ildə 3-cü dərəcə ilə nasoskompressor borularının soyuq boru kəsici (boru kəsici) vəzifəsinə köçürülmüşdür (xx.xx.1983-ci il tarixli 292 №-li əmr); xx.xx.1987-ci ildə X7 sexinin adı 2 saylı boru yayma sexinə dəyişdirilib (xx.xx.1987-ci il tarixli 66 №-li əmr); xx.xx.1990-cı ildə 4-cü dərəcə ilə boru kəsmə şöbəsinə soyuq boru kəsici (boru kəsici) vəzifəsinə keçirilmişdir (xx.xx.1990-ci il tarixli 478 №-li əmr); xx.xx.1993-cü ildə Azərboru zavodunun adı "xxxx" İstehsalat Birliyinə dəyişdirilmişdir (xx.xx.1993-ci il tarixli 1063 №-li əmr); xx.xx.1998-ci ildə "xxxx" İB-nin adı "xxxx" X6 Cəmiyyətinə dəyişdirilmişdir (xx.xx.1998-ci il tarixli 135 №-li əmr); xx.xx.2003-cü il tarixdə Boru yayma 2 sexinə yivaçma şöbəsi üzrə 4-cü dərəcə soyuq boru kəsici yivaçan keçirilmişdir (xx.xx.2003-cü il tarixli 66 №-li əmr); xx.xx.2008-ci ildə İstehsalat Departamentinin Boru yayma sexinin Yivaçma şöbəsinə boruya yivaçan vəzifəsinə keçirilmişdir (xx.xx.2008-ci il tarixli 06D №-li əmr); xx.xx.2011-ci il tarixdə İstehsalat Departamentinin Boruyayama sexinin yivaçma şöbəsinə avtomat xəttinin və aqreqat dəzgahlarının saxlayıcısı vəzifəsinə keçirilmişdir (xx.xx.2011-ci il tarixli 422 №-li əmr); xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir (xx.xx.2017-ci il tarixli 474 №-li əmr). İş materiallarında olan Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 34 saylı arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2017-ci il tarixədək X7 sexində Boruyayma № 2 sexində; Boruyayma sexində soyuq boru kəsicisi vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifri. Arayışda həmçinin İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 iyul 2021-ci il tarixli **********8 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Mərkəzi Filiala təqdim edilən 12 avqust 1980-ci il tarixli ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 5 ay 6 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Sumqayıt şəhər 49 saylı texniki peşə məktəbində tornaçı peşəsi üzrə orta təhsil almış (2 il 10 ay 22 gün), xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş (2 il 20 gün), əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdə İstehsalat təcrübəsi dövrünə 1-ci dərəcə ilə Sumqayıt şəhər Boruyayma zavodunda X7 sexinə yivaçma şöbəsinə nasos-kompressor boruları sahəsinə soyuq boruların kəsici vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə 49 saylı Texniki peşə məktəbini bitirdikdən sonra 2-ci dərəcə ilə X7 sexinə yivaçma şöbəsinə nasoskompressor boruları sahəsinə soyuq boruların kəsici vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq zavoddan çıxarılmış (işlədiyi vaxt təhsildə olduğu dövr nəzərə alınmadan 2 ay 29 gün), xx.xx.1983-cü ildən xx.xx.2017-ci il tarixədək Sumqayıt şəhər Boruyayma zavodunda soyuq boru kəsici vəzifəsində işləmişdir. xx.xx.1993-cü ildə Azərboru zavodunun adı "xxxx" İstehsalat Birliyinə dəyişdirilmiş, xx.xx.1998-ci ildə isə "xxxx" İB-nin adı "xxxx" X6 Cəmiyyətinə dəyişdirilmişdir (xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu dövrlər nəzərə alınmadan xx.xx.2006-cı il tarixədək 21 il 4 ay 4 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 26 il 6 ay 15 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2017-ci il tarixədək X7 sexində Boruyayma № 2 sexində; Boruyayma sexində soyuq boru kəsicisi vəzifəsində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifri ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. (işlədiyi vaxt təhsildə olduğu dövr və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu dövrlər nəzərə alınmadan xx.xx.2006-cı il tarixədək 21 il 7 ay 3 gün) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixədək 21 il 9 ay 28 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1533/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1533/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver