Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1533/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Tərcüməçi (Jest dili): X2 İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7831/2022 saylı, 28 oktyabr 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və 2021-ci ildən hazırki vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1966-cı il təvəllüdlüdür və uşaqlıqdan üçüncü qrup əlildir. Lal-kar olduğu üçün əlillik ona ömürlük olaraq təyin edilmişdir. Hazırda əlilliyə görə əmək pensiyası alır. Əlillik dərəcəsini 15 noyabr 1984-cü ildə almışdır. X1 09 aprel 2021-ci ildə vəfat etmtişdir. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 mart 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq sənəd təqdim etmədiyinizdən Sizə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.” Həkim Ekspert Komissiyası tərəfindən 1984-cü ildə ona təqdim edilmiş arayışda göstərilir ki, o, uşaqlıqdan baş verən xəstəlik nəticəsində əlil olmuşdur. Bu o deməkdir ki, əlillik səbəbi uşaqlıqdan lal-kar olmağı ilə əlaqədardır. Lakin cavabdeh tərəf sənəddə göstərilən bu halı nəzərə almadan belə hesab edir ki, ona əlillik dərəcəsi 18 yaşından sonra verildiyi üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İddiaçı cavabdehin etirazını əsassız hesab edir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçının X1na xx.xx.1982-ci il tarixli 547 nömrəli qərar ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən İddiaçı mərhum anasının əmək pensiyasının ona ödənilməsini tələb etmişdir. İddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi xx.xx.1984-cü il tarixdən müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-195/2021 nömrəli xx.xx.2021-ci ıl tarixli və 2-1(102)-630/2021 nömrəli xx.xx.2021-ci il tarixli oxşar qərarlarında (18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslərə ailə başçısını itirməyə görə pensiya təyini) haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Belə ki, göstərilən qərarlarda qeyd olunur: “Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi-sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə” yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7831/2022 saylı, 28 oktyabr 2022-ci il il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona dair verilmiş etirazın dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi xx.xx.1984-cü il tarixdən müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-195/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: Nigar Rəsulbəyova) və 2-1(102)-630/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: İspəndiyar Şəfiyev) oxşar qərarlarında (18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslərə ailə başçısını itirməyə görə pensiya təyini) haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7831/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1966-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan SSR Sosial Təminat Nazirliyi Bakı şəhəri HƏEK-in xx.xx.1984-cü il tarixli 02 nömrəli qərarına (arayışına) əsasən İddiaçı uşaqlıqdan əlillik səbəbindən İİİ dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı xx.xx.1966-ci ildə Bakı şəhərində anadan olmuş, atası X6, X1dır. AZ-İİ 209426 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, iddiaçıya təyin edilmiş İİ dərəcə əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq davam etdirilməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 altsistemində onun əlilliyinin 18 yaşına çatanadək olması ilə bağlı hər hansı məlumat əks olunmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan: İddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən iddiaçı 2-ci dərəcə əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə pensiya növünə keçməyi xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla İddiaçı ailə başçısının itirməyə görə pensiya təyin olunmasından imtina edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı anadan gəlmə lal-karlıq diaqnozundan ümumi xəstəlik səbəbi ilə xx.xx.1984-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur; əməyə qadir deyil. Pensiyaçının 410989 nömrəli uçot vərəqəsinə əsasən İddiaçı ilkin olaraq xx.xx.1990cı ildən İİİ dərəcə əlilliyə görə pensiya təyin olunmuşdur. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının xahişini təmin etməmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili “Əmək pensiyaları haqqında” Qanununun 13 iyun 2008-ci il tarixdən qüvvəyə minmiş 14.1.1.2-ci maddəsinə istinad etməklə iddiaçının əlilliyinin 18 yaşı tamam olduqdan sonra müəyyən edildiyindən (xx.xx.1984-cü il tarixdən) ona şamil olunmamasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 2.3.-cü bəndinə əsasən, üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmin Əsasnamənin 2.5.-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən, əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. İş materiallarından müəyyən olunur ki, iddiaçı anadangəlmə lal-karlığı olan əlildir. Bu hal əlilliyi və əlilliyin səbəbini müəyyən edən orqan - tibbi-sosial ekspert komissiyalarının 1984-cü və 2022-ci illərdə qəbul olunmuş qərarlarında öz təsdiqini tapır. Yuxarıda qeyd olunan qanun normalarına əsasən, həyat fəaliyyətinin məhdudlaşdırlması halının yaranıb-yaranmadığına yalnız klinik, psixoloji, sosial- məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Həmin kompleks qiymətləndirməni aparmaq səlahiyyətinə malik olan inzibati orqan- məhz tibbi-sosial ekspert komissiyaları olduğu üçün, bu orqanların işdə olan iddiaçının əlilliyi barədə qərarları nəzərə alınmalıdır. Həmin (1984-cü və 2022-ci illərdə qəbul olunmuş tibbi-sosial ekspert komissiyaların) qərarların qanunsuz və ya etibarsız olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7831/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7831/2022 saylı, 28 oktyabr 2022-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1533/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1533/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver